Vokalçıların yarışı başa çatdı

 

Bülbül adına V Beynəlxalq Müsabiqənin "Qran-Pri"sini Qazaxıstan təmsilçisi qazandı

 

Bakıda keçirilən Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsinin "Qran-Pri"sini Qazaxıstan təmsilçisi Azamat Celtirquzov qazanıb. APA-nın məlumatına görə, noyabrın 16-da başlayan müsabiqənin nəticələri noyabrın 21-də Azərbaycan Dövlət Filarmoniyasında açıqlanıb.

Müsabiqədə I yeri Ukrayna təmsilçisi Aleksandr Çuvpilo və özbəkistanlı Ramiz Usmanov, II yeri rusiyalı Aleksey Tyuxin və özbəkistanlı Cenisbek Riyazov, III yeri azərbaycanlı Jalə İsmayılova və gürcüstanlı Mariya Kublaşvili, IV yeri azərbaycanlı Azər Rzazadə tutub.

"Azərbaycan bəstəkarlarının mahnılarının ən yaxşı ifaçısı" kimi Özbəkistan təmsilçisi Rahim Mirzəmalov, "Xalq mahnılarının ən yaxşı ifasına görə" isə çinli musiqiçi Du Fanionq mükafatlandırılıblar.

Qapanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu müsabiqəyə bu cür marağın olmasından razılığını dilə gətirib.

Münsiflər heyətinin sədri Yevgeni Nesterenko bu müddət ərzində Bakını çox sevdiyini və şəhərdən bu tezliklə getmək istəmədiyini söyləyib.

Qeyd edək ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

 

Bu gün Şopen İlinə yekun vurulur

 

Frederik Şopenin 200 illiyi ilə bağlı Azərbaycanda keçirilən Şopen İlinin yekununa həsr olunmuş konsert bu gün Muğam Mərkəzində keçiriləcək.

Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir səfirlik və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.

Konsertdə Azərbaycan və Polşa musiqiçilərinin çıxışı dinləniləcək. Tanınmış muğam ustası Alim Qasımov, onun qızı Fərqanə Qasımova, pianoçu Nərgiz Aliyarova ilə yanaşı, Polşadan gəlmiş Prusinovski Triosunun üzvləri çıxış edəcəklər.

Bu arada Polşanın Belostok şəhərində dahi bəstəkarın 200 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib. Polşanın Mədəniyyət Nazirliyi, Podlaziya Opera Teatrı və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilən konsertdə Arturo Toskanini adına dirijorların IX Beynəlxalq müsabiqəsinin "Qran-Pri" mükafatçısı, gənc dirijor Əyyub Quliyev də çıxış edib.

Ə.Quliyevin APA-ya verdiyi məlumata görə, konsert Polşada dövlət səviyyəsində qeyd olunan "Şopen ili" çərçivəsində gerçəkləşib. Əyyub Quliyev dahi bəstəkarın doğma vətəni Polşada keçirilən 200 illik yubiley konsertlərində iştirak edən yeganə azərbaycanlı dirijordur. Həmin gecə onun dirijorluğu ilə Podlyaziya Filarmonik Orkestri Aleksandr Skryabinin IV simfoniyası -"Ekstaz poeması"nı (Belostokda ilk ifa) və Rixard Vaqnerin "Tristan və İzolda" operasından "Giriş" və "İzoldanın ölümü" hissələrini ifa edib. Həmçinin, konsertdə dünya şöhrətli musiqiçi, Brüsseldə keçirilən Kraliça Yelizaveta adına pianoçuların beynəlxalq müsabiqəsinin qalibi Ceffri Suvonun (Ceffry Swann) ifasında F.Şopenin fortepiano və simfonik orkestr üçün 1 saylı konserti səslənib.

Konsertdən sonra Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxış edərək son illər ərzində Polşada gerçəkləşən konsertlərdə azərbaycanlı musiqiçilərin iştirakı barədə danışıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bu tədbirlərin rolunu qeyd edib.

 

 

Ekspress.- 2010.- 23 noyabr.- S. 14.