"Vətənə yol: Azərbaycandan çığırlar"

 

Vaşinqtonda azərbaycanlı rəssam Şahin Şıxəliyevin sərgisi açılıb

 

ABŞ-ın paytaxtı Vaşinqtonda azərbaycanlı rəssam Şahin Şıxəliyevin "Vətənə yol: Azərbaycandan çığırlar" adlı sərgisi açılıb. Sərgiyə ABŞ-ın Qarabağ Fondu sponsorluq edir.

Şahin Şıxəliyev "Amerikanın səsi"nə deyib ki, sərgidə onun son illər yaratdığı rəsmlər toplanıb nümayiş etdirilir.

Rəssam yağlı boya ilə çəkdiyi bu əsərlərdə müxtəlif rəng kombinasiyalarından istifadə edərək milli koloriti saxlamağa nail olub.

Vaşinqtonun "Blank Space" sənət qalereyasında təşkil edilən sərgi iki həftə davam edəcək.

Ş.Şıxəliyev artıq 10 ildir Birləşmiş Ştatlarda yaşayır. Onun Vaşinqtonda dəfələrlə sərgiləri təşkil edilib.

Rəssam Smitson Assosiasiyası və "Spektrum" İncəsənət studiyasında təsviri incəsənətdən dərs deyir.

Şahin Şıxəliyev 1988-ci ildə Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1989-cu ildən sərgilərini nümayiş etdirməyə başlayıb. Rəssamın Avropa və Yaxın Şərq ölkələrində sərgiləri təşkil edilib.

 

 

Ekspress.- 2010.- 24 noyabr.- S. 23.