Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış lider

 

Prezident İlham Əliyev təkcə milli-mənəvi dəyərlərin deyil, həm də insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır

 

Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən, onu dünya miqyasında tanıdaraq layiqli mövqelərə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə hazırlayıb həyata keçirdikləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Ötən əsrdə xalqın yetirdiyi belə nadir şəxsiyyətlərdən biri olan ulu öndər Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlər müqabilində reallaşdırmağa qadir, yüksək istedadlı, praqmatikrasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi lider yetişdirmişdir.

Ulu öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram" deyərək layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük na-iliyyətlər Azərbaycan xalqının öz seçimində yanılmadığını göstərir. 2003-cü ilin prezident seçkilərindən ötən 7 il müddətində Azərbaycan Prezidenti İlham Əliyev böyük öndərin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, yüksək idarəçilik və liderlik keyfiyyətləri ilə ictimai inamı doğrultmuşdur. Cənab İlham Əliyevin fə-aliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Azərbaycan Prezidenti xalq qarşısında verdiyi hər bir vədə sadiqlik nümayiş etdirərək ictimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılmasını təmin etmişdir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün bir sıra reallıqları ilə şərtlənir. Şübhəsiz, hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Cənab İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Cənab İlham Əliyevin bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fə-aliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği, qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Dövlət başçısı İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Prezident İlham Əliyev ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Cənab İlham Əliyev son 7 ildə mədəniyyət və incəsənət işçilərinin - rəssamların, heykəltəraşların, eləcə də yazıçı və şairlərin problemlərini xüsusi diqqət mərkəzində saxlaması, onların iş şəraitini yaxşılaşdırması, yaradıcılıq emalatxanalarının inşasına göstəriş verməsi da xüsusi vurğulanmalıdır. Bu təbəqədən olan insanların dövlət səviyyəsində təntənəli yubiley mərasimlərinin keçirilməsi, onların sosial durumunun yaxşılaşdırılması istiqamətində konkret addımların atılması, o cümlədən mədəniyyət və incəsənət xadimlərinə fərdi Prezident təqaüdlərinin təsis edilməsi bu siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.

Xüsusi vurğulamaq lazımdır ki, ölkədə klassik irs və milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində həyata keçirilən tədbirlərdə ictimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun də müstəsna payı var. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun, milli-mənəvi irsin qorunması məqsədidir.

Azərbaycan xalqının tarixən oturuşmuş milli-mənəvi dəyərləri, dünyagörüşü respublikamızın demokratik, sivil inkişaf yolu ilə irəliləməsinə, sürətlə müasirləşməsinə, tolerant ölkə kimi tanınmasına da geniş imkanlar yaratmışdır. Eyni zamanda ölkənin sürətli iqtisadi inkişafı cənab İlham Əliyevə demokratikləşmə kursunu uğurla davam etdirməklə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı təmini sahəsində kompleks tədbirləri uğurla gerçəkləşdirmək imkanı yaratmışdır.

Tarixi təcrübə də sübut edir ki, demokratikləşmə prosesinin sürətlənməsi təkcə iqtisadi inkişafla deyil, həm də cəmiyyətdə sabitliyin, hüquq qaydalarının, qanunçuluğun möhkəmləndirilməsi, bir sözlə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönəlmiş islahatların dərinləşdirilməsi ilə şərtlənir. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından, hamının qanun və məhkəmə qarşısında bərabərliyindən asılıdır.

Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamış, məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum da xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə, ilk növbədə, cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndəin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür. Səsvermə prosesinin yekun nəticələri eyni zamanda ictimaiyyətin hüquqi və demokatik yeniliklərə, insan hüquqlarının genişləndirilməsi məsələlərinə həssas münasibətini nümayiş etdirmişdir.

Bu gün əminliklə deyə bilərik ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son illərdə yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri daim ön plana çəkilmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin maddi-texniki bazasının, iş şəraitin yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılması yüksək dinamizlə reallaşdırılan hüquq islahatlarının əsas qayəsini təşkil etmişdir. Vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi, iqtisadi-siyasi islahatların davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətində müşahidə olunan bəzi çatışmazlıqların və bununla əlaqədar ictimai narazılıqların tamamilə aradan qaldırılması mühüm vəzifələrdən biri kimi nəzərdən keçirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.

Ötən illərdə ölkədə ədliyyə və məhkəmə orqanlarında aparılan islahatlar tam mahiyyəti ilə ölkədə qanunçuluğun, demokratik norma və prinsiplərin yüksək səviyyədə təminatına xidmət edir. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə ədalət mühakiməsinin səmərəliliyini artırmağa, tam obyektivliyini təmin etməyə çalışır və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Xüsusi vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması istiqamətində də mühüm addımlar atılır. 2009-cu il ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin ən müasir standartlara cavab verən yeni binasının tikilib istifadəyə verilməsi də buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Ümumilikdə, 2008-ci ilin 15 oktyabrında xalqın iradəsi ilə ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev ötən müddətdə hüquqa və ədalətə söykənən məhkəmə-hüquq islahatlarını uğurla davam etdirmiş, vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi dəyərlərin qorunması istiqamətində inamlı addımlar atmışdır. Bütün bunların fonunda əminliklə demək olar ki, müdrik və uzaqgörən Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli seçimi də obyektiv reallıqla şərtlənmiş, ölkə vətəndaşları hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqiyə zəmin formalaşdıran, insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər.

 

 

Baba TAĞIYEV,

Milli Məclisin deputatı

 

Ekspress.- 2010.- 28 oktyabr.- S. 5.