Bir millət altı dövlət...

 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı

 

Sentyabrın 16-da İstanbulun "Çırağan" sarayında Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısı keçirilib. Sammitdə Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstanın keçid dövrünün prezidenti Roza Otunbayeva, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov iştirak ediblər.

Ənənəsinə sadiq qalaraq Özbəkistan prezidenti İslam Kərimov Türk forumuna qatılmayıb. Maraqlıdır ki, Türk sammitində İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Rəhimi də iştirak edib. Çox əcaibdir ki, İranın təxribatçı "Səhər" telekanalının sentyabrın 15-də Azərbaycan dilində gedən verilişində prezident İlham Əliyevin Türkiyəyə səfəri titrlərdə belə təqdim olunub: "Az R. prezidenti "üzdəniraq" türkdilli ölkə başçılarının iclasında iştirak üçün Ankaraya (?-red.) səfər edib"...

Qeyd edək ki, bir gün əvvəl sammit çərçivəsində Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu, Rəşid Meredov, Kanat Saudabayev və Ruslan Kazakbayev iclas keçirərək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Baş Katibliyinin yaradılması haqqında qərar layihəsini təqdir etmişdilər. "Bu qurum təhsil, mədəniyyət və sosial sahələrdə mühüm proqramlar həyata keçirəcək",- deyə Davudoğlu demişdi.

Dünən Türk Zirvəsini açan prezident Abdulla Gül də bildirib ki, sammitin keçirilməsində məqsəd türk dilində danışan xalqların ortaq problemlərini həll etmək, onların ortaq kökə söykənən tarixini gələcək nəsillər üçün qorumaqdır.

"Trt.net.tr" saytının məlumatına görə, Gül deyib ki, Türk dövlətlərinin rəhbərləri ilə görüşlər onun üçün xüsusi əhəmiyyət və məna daşıyır":Qardaş xalqlarımız və ölkələrimiz arasındakı ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan bağlar çox güclüdür, bu təməl üzərində qurulan əlaqələrimiz də təbii olaraq genişdir. Ona görə qardaş ölkələrin prezidentləri ilə nə qədər sıx görüşsək də, münasibətlərimizin daha irəliyə daşınması istiqamətində mövzular hər zaman gündəliyimizin üst sıralarında yer alır".

Sammitin gündəliyində çox məsələnin olduğunu deyən Türkiyə prezidenti keçən il Naxçıvanda imzalanan Əməkdaşlıq Şurasının yaradılması haqda qərarı icra edəcəklərini bildirib": Əməkdaşlıq Şurasının babalarımızdan miras aldığımız ortaq dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından önəmli rol oynayacağına inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq bağlarının artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik".

Gül Türk dövlətlərinin bölüşdüyü coğrafiyanın geniş əməkdaşlıq imkanları ilə yanaşı, problemlərlə qarşı-qarşıya olduğunu, bu baxımdan regional əməkdaşlıq və həmrəyliyin mühüm olduğunu vurğulayıb. Sammitə Özbəkistan qatılmasa da və türkdilli liderlər bir-biriləri ilə tərcüməçi, tərcümə cihazları vasitəsilə ünsiyyət qursalar da, Türkiyə prezidenti deyib":Artıq bir millət altı dövlətik. Bu, Şuranın yaradılması ilə "Əməldə birlik" şüarı reallaşacaq. Bütün türk dövlətləri bu quruma sahiblənməlidir. Burada məqsəd bürokratik bir qurum yaratmaq deyil. Məqsəd xalqların təşəbbüskar ruhunu və potensialını hərəkətə keçirməkdir".

Daha sonra sammit bağlı qapılar arxasında davam edib.

Zirvə toplantısından sonra keçirilən birgə mətbuat konfransında Türkiyə prezidenti bildirib ki, liderlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TƏŞ) yaradılması haqqında qərar qəbul ediblər. Türkdilli ölkələrin Koordinasiya Şurasının katibliyi İstanbulda yerləşəcək və bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Katibliyə Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Akınçı rəhbərlik edəcək.

TƏŞ beş bölmədən ibarət olacaq:Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Əməkdar Məmurlar Komitəsi, Ağsaqqallar Şurası və Katiblik.

XI Zirvə Toplantısı 2011-ci ildə Qazaxıstanda keçiriləcək. Dövlət başçıları XII sammitin isə 2012-ci ildə Qırğızıstanda keçirilməsini qərara alıblar.

Sammitin yekun bəyannaməsində TƏŞ-lə yanaşı, Astananın 2012-ci ildə Mədəniyyət Paytaxtı elan edilməsi, təhsildə əməkdaşlıq və Bakıda Türk Mədəni İrsini Müdafiə Fondunun qurulması kimi qərarlar da qəbul edilib. 3 oktyabr isə bundan sonra Türkdilli Ölkələrin İşbirliyi Günü kimi qeyd olunacaq.

Gül qeyd edib ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin və Azərbaycanın Sovet İttifaqı dağıldıqdan sonra əldə olunmuş müstəqilliyinin 2011-ci ildə 20-ci ildönümünü birgə qeyd etmək barədə qərar qəbul edilib. Bundan başqa, Türkmənistanda iri türk mədəniyyəti festivalı keçirilməsi planlaşdırılıb.

Xatırladaq ki, Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, 2009-cu ildə isə Naxçıvanda olub.

Xatırladaq ki, sentyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında "yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə" imzalayıblar. Bundan sonra keçirilən birgə mətbuat konfransında iki ölkə arasındakı viza probleminə də toxunulub. "Biz tərəfdən heç bir problem yoxdur, amma qardaşım da bu işi ən qısa zamanda həll edər, inşallah. Heç narahat olmayın",-deyə Ərdoğan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov isə "Azadlıq" radiosuna deyib ki, daxili proseduralar hələ başa çatmayıb deyə, vizanın ləğv edilməsi İstanbulda müzakirə olunmayıb: "Bu məsələ ilə əlaqədar Azərbaycanda daxili proseduralara uyğun olaraq yazışmalar, razılaşmalar həyata keçirilir. Vizanın ləğv edilməsində yalnız Xarici İşlər Nazirliyi deyil, başqa dövlət qurumları da iştirak edir. Bu proseduranın tam başa çatması bir müddət vaxt tələb edir".

  

                                                                                                                   

A.Xəlil

 

Ekspress.- 2010.- 17 sentyabr.- S. 3.