"Artıq dayanmaq istəyirəm..."

 

Alim Qasımov: "Deyəsən, yorulmuşam. Hiss edirəm ki, içimdəki mübarizlik sönür"

 

Hər dəfə söhbət düşəndə, deyir ki, xanəndəliyə təsadüfən, pula olan ehtiyacdan gəlib... Lakin təbii ki, bu, Alim Qasımov kimi nəhəng sənətkarın böyük ürəyinin diqtə etdiyi təvazökarlıqdır. Çünki təsadüfdən belə bir reallığın doğulmasına adamın inanmağı gəlmir. Vaxtilə onu çox incitdilər, üzünə "sən əjdaha oxuyansan" deyənlər sonradan efirə çıxıb "Alim muğam oxumur, farmazonluq edir" söylədilər. Alimsə bədxahlarına dünyanı öz ifası ilə sehrləməklə cavab verdi. Bu günlərdə Alim Qasımovun ABŞ-ın milli radiosu tərəfindən yüzilliyin 50 möhtəşəm səs sahibi olan sənətçilərin siyahısına salınması barədə yayılan xəbərlər onun hansı zirvədə olmasından xəbər verir. Və təbii ki, Alimin ötənilki uğurları bununla bitmir. Qalanlarını özündən eşidin.

 

"Keçmişimə qayıdıb  hamı necə oxuyursa,  elə oxumaq istəyirəm"

 

- Alim müəllim, 2009-cu ili necə başa vurdunuz?

- Xəstəlik göz açmağa imkan verdi ki? Elə xəstə-xəstə gedib konsertləri yola verirdim. Yüngülvari türkəçarə ilə birtəhər əmələ gəlirdim, 2 gün keçməmiş görürdüm yenə soyuqlamışam. Bu şoğərib xəstəlik heç sağalmaq bilmir. Adam dilxor olur, iş-güclə məşğul olmaq olmur. Kimdən soruşuram, hamı deyir ki, 2-ci-3-cü dəfədir, xəstələnib.

- Sonuncu səfəriniz hara idi?

- Sonuncu dəfə İsveçrədə keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirak etdik. İki konsertimiz oldu.

- Sizi həmişə qıvraq, yüksək əhval-ruhiyyədə gördüyümüzdən, xüsusən bu yaşda artıq xəstəlikdən danışmağınız qəribə gəlir. 52 yaş nədir ki?

- Sən köhnə kişilərlə bizi bir tutma. İndiki dövrün cavanları köhnə kişilərdən tez qocalırlar. 52 yaşım var, doğrudur, amma onlarla müqayisədə elə bil, 72 yaşım var. Həm zəmanənin gərginliyi, həm də hər gün aldığımız yeni-yeni məlumatlar bizi qocalmağa məcbur edir.

- Tarixin sürətlə dəyişməsinə alışa bilirsinizmi?

- Doğrudan da zaman sürətlə gedir. Baxmayaraq ki, insanlar zamanın sürətini azaltmaq üçün əllərindən gələni edirlər. Misal üçün, əvvəllər insanların atla, araba ilə 3 günə getdiyi yolu indi 10 dəqiqəyə başa vurmaq olur. Amma indi 10 dəqiqə ərzində insanların əldə etdiyi məlumatları, yenilikləri o dövrün adamları bəzən 50 ilə əldə edirdilər... Bu məni çox düşündürür. Hərdən özümə qapılıb düşünürəm ki, bəlkə artıq bəsdir. Artıq dayanmaq istəyirəm...

- Oxumaqdan yəni bu qədər usanmısınız?

- Yox, oxumaqdan bezməmişəm. Amma muğam elə bir dəryadır ki, dərinə getdikcə gedirsən. Qorxuram ki, lap dərinə getdikcə nəsə baş versin. Ona görə də, keçmişimə qayıdıb, hamı necə oxuyursa, elə oxumaq istəyirəm. Yəni, çətin bir şeyi bacarmaq üçün təzə-təzə şeylər, kitabların arasına girib bir qəzəldən ötrü 3 gün axtarmaqdan əl çəkmək istəyirəm.

- Yorulmusunuz deyəsən?

- Deyəsən... Amma bir məsələ var ki, yorulsam da, bundan əl çəkmək çətindir. O vaxtlar cavan idik, hər konsert üçün təzə proqram qurmaqdan ötrü gecə-gündüz çalışırdıq. Amma indi hiss edirəm ki, içimdəki mübarizlik sönür. Mən özümdən çox narazıyam. Amma indiki cavan xanəndələrə qulaq asanda, fikirləşirəm ki, dədə vay, bunlar gör hələ haradadırlar? Çünki o dövrdə ailəli olsam da, tələbə yoldaşlarım kimi toylara qaçmadım. Uşaqlar vardı, səhər dərsə gələndə, ciblərində 250-300 manat olurdu, şəxsi maşınlarında gəlirdilər. Mənim onda cibimdə bir isti çay və "korjik" almaq üçün olsa-olsa, 50 qəpik olardı. Camaat toya gedəndə, mən gecə-gündüz məşq edirdim, qəzəl öyrənirdim. İndiki gənclərə baxanda, pis oluram. Məni rəhmətlik Hacı Məmmədov özü ilə toya aparıb, 4-5 dəstgah oxutdurandan sonra 100-150 manat pul verirdi. O da yaxşı oxuyandan sonra aparırdı. Amma indiki gəncər toyda bir-iki mahnı oxuyub mənim bir ildə qazandığımı bir toyda qazanırsa, təbii ki, öyrənmək üçün əziyyət çəkməyəcək. Heyfim gəlir, səsləri yaxşıdır, amma içəriləri boşdur.

- Siz dediyiniz məqama çatmaq üçün gənclər nə etməlidirlər?

- Əvvəla, tarixdə qalan xanəndəni zəmanə özü yetişdirir. Bizim dövrümüzdə belə bir məqam oldu ki, hamı dəf çalmağa, qəzəl öyrənməyə, muğam oxumağa həvəs göstərməyə başladı. Çünki həm Bakı kəndlərində, həm də Azərbaycanın rayonlarında muğama böyük maraq vardı. Adamlar həm ciddi qulaq asırdılar, həm də ifaçıdan tələbləri ciddi idi. Bəzən xanəndəni bir məclisdə 4-5 dəstgah oxumağa məcbur edirdilər. Ona görə də, xanəndə öz sənətini dərindən öyrənməyə məcbur olurdu. Hətta o dövrdə bir çox yaşlı xanəndələr də məcbur oldular arxivlərə baş vurub bilmədiklərini öyrənsinlər. Mən o vaxtlar Azərbaycan muğamlarını öyrənmək üçün 4 il evdən bayıra çıxmadım. Baxmayaraq ki, ailəli idim, uşaqlar vardı, səhərlər dərsə gedib qayıdırdım, sonra da evə girib gecə-gündüz çalışırdım. İndi uşaqlar böyüyüb. Onda balaca idilər, qayğıları ilə anaları məşğul idi. Artıq uşaqların da qayğıları artıb, evləniblər, övladları var. Baba olmaq da ata olmaqdan qat-qat ağırdır. Əslində, ata olmağın ləzzətini vaxtında duya bilmədik. Uşaq heyif deyilmi, oturdurdun maşına deyirdin getdik, vəssalam. Amma indi böyüyüblər hərənin də öz zövqü, öz düşüncəsi. Misal üçün, deyirsən ki, yığışın bir yerə gedirik, sonra gərək gözləyəsən ki, bunlar nə vaxt bəzənib qurtaracaqlar... Adam zaman dəyişdikcə, çətinliyinin artmağına varmır, əgər diqqət eləsə, görər ki, hər bu günkü gün dünənkindən qat-qat çətin keçir...

 

"Mən bəzən gənc bir  xanəndədən də öyrənməyə çalışıram"

 

- Nəsimi deyirdi ki, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam... " Yunus İmrə də "Məni məndən sorma, gəl, Bir mən vardır məndə, məndən içəri..." Alim Qasımov necə fikirləşir?

- Allah hər ikisinə rəhmət eləsin. Mən Suriyaya konsertə gedəndə, xahiş etdim, məni Nəsiminin məzarını ziyarət etməyə apardılar...

- Nəsiminin məzarı başında ürəyinizdən bir ağız onun beytini oxumaq keçmədimi?

- Yox, oxumadım, çünki məqamı deyildi. Amma bir az onunla söhbətləşdik...

- Oxusaydınız bəlkə də dirilərdi...

- Yox dirilməzdi, əslində, dirilmək istəməzdi. Çünki elmin, texnikanın inkişafına baxmayaraq, insanlar onun dövrünün insanlarından betər cahilləşiblər...

- Alim Qasımovu da Nəsimi kimi bir zamanlar qəbul etmirdilər...

- Əslində, Nəsiminin özünü böyük Yaradan idarə edirdi. Adi bir şairin sözləri deyildi Nəsiminin qəzəlləri. Onun qəzəllərində ilahi qüdrəti başa düşüb, onun işığını tapa bilənlərin qismətinə Allaha doğru addımlamaq yazılıb. Bu yol nə qədər çətin olsa da, Nəsimini idarə edən qüdrət onu yoldan çıxmağa qoymadı. Bəli, doğru buyurdunuz ki, məni də bir zamanlar incitdilər. Amma mən özüm hansı cığıra düşdüyümü bilmirdim. Sadəcə olaraq, içimdəki qüvvə məni idarə edirdi. Bəzən görürəm ki, hər şey qaydasında olsa da, içimdə bir narahatçılıq var. Baxıram orqanizmdə hər şey normaldır, amma elə bil içəridən kimsə məni qıdıqlayır... Biz həyatın maddi tərəfini görüb yaşayırıq, amma onlar mənəvi tərəfini yaşayıblar. Bəzən olur ki, məni öz ifam göyün yeddinci qatına qaldırır, amma bəzən heç tükümü tərpətmir. Mən öz ifama çox qulaq asıram. Hətta bir çox şeyi özümdən öyrənmişəm. Bəzən olub, xətrimə dəyib, ruhumu elə incidiblər ki, cismimdən ayrılıb, qalxıb göyün yeddinci qatına. Füzuli demişkən, "Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir..." Bu da irfani-həzzin bir növüdür. Çox vaxt dərvişlərin, sufilərin zikrləri, ayinləri adi adama qəribə gəlir. Amma ləzzətini bilmirlər, bilsələr hamı ona cumar... Məndən həmişə soruşublar, elə özüm də özümə sual vermişəm ki, nə üçün mən? Bilirsinizmi, insan öz taleyini özü həll etmir, hər şey oun üçün əvvəlcədən yazılıb, nizama salınıb. O özü, sadəcə, icraedicidir. Bəzən düşünürəm ki, bəlkə də atamın yaxşı imkanı olsaydı, heç xanəndə olmazdım. Buna qədər çox sahəyə baş vurdum, alınmadı. Qoşanağaraçalan olmaq istədim, yaxşı bacarmırdım deyə, toylara aparmırdılar. Qobustan rayonunun Nabur kəndində aşıq vardı, rəhmətlik Şirsoltan, bir dəfə bizə qonaq gəlmişdi. Mənim də ana tərəfim Nabur kəndindən olduğu üçün bizə qohumluğu çatırdı. O mənə dedi ki, "filan vaxt filan kənddə toydayam, ora gələrsən". Mən də getdim, bəyənmədi. Bu da Allahın qismətidir, əgər alınsaydı, qoşanağaraçalan qalacaqdım. Sözün düzü, o vaxtı oxumağımı da bəyənmirdilər. Axırda rəhmətlik qayınanam Səyavuş Aslana dedi ki, "bu uşağın səsi var, onu məktəblərin birinə düzəlt". Mən də ona qədər bir neçə dəfə sənəd verdim, savadım olmadığına görə qəbul imtahanında 2500 manat pul istədilər. Həmin pul o dövrdə heç mənim nəsil-nəcabətimdə yox idi. Səyavuş Aslan da qayınanamın qohumu idi, ona bibi deyirdi və rəhmətlik Vasif Adıgözəlova məni tapşırdı. Allaha qurban olum, görüb ki, çox zəhmət çəkirəm, işığını məndən əskik etmədi.

- Bəzən deyirlər ki, Alim Qasımov Şərq ölkələrində sufi təhsilindən sonra bu ifanı tapıb, öz səsi ilə meditasiya edir. Bu deyilənlər doğrudurmu?

- Mən bəzən gənc bir xanəndədən də öyrənməyə çalışıram. Dəf çalmağı İranda öyrənmişəm. Amma mən xüsusi məktəb keçməmişəm, sadəcə olaraq usta dəfçalanı müşahidə etmişəm. Bir də İran ritmi ilə bizim ritmimiz fərqlənir. Tamamilə başqa-başqa texnika və tembrlərdir. Doğru buyurdunuz, mən Şərq ölkələrinin muğamlarına çox qulaq asmışam. Amma iş dinləməklə bitmir, hər gün mənim ifama minlərlə adam qulaq asır, onda gərək gündə bir Alim çıxsın... Mənə elə gəlir ki, bütün bunlar bizim qanımızdan gələn xüsusiyyətlərdir. Bizi əhatə edən aləmin özü təsəvvüfdür. Sadəcə, onun izini tapıb cığıra düşmək lazımdır, ondan sonra hər şeyi bacaracaqsan, lap qəliz hind musiqisini özününkü kimi rahat həzm edəcəksən. Mənə hər yerdə deyirdilər ki, dərviş yolu oxuyuram. Xaricdə məndən soruşurdular ki, "siz sufisiniz", deyirdim ki, yox. Çünki mən bunun məktəbini keçməmişəm. Get-gedə təsəvvüf elmi ilə tanış olduqca artıq hansı dünyaya məxsus olduğumu başa düşdüm. Biz SSRİ-də yaşadığımıza görə belə şeyləri bilmirdik, əslində, insan sonradan sufiləşmir, o belə doğulur...

- Sizin balaca bir irfani məclisiniz olub- dostluq üçbucağı. Bu üçbucağın bir tərəfində rəhmətlik Baba Pünhan olub, bir tərəfində rəssam Hacı Eldar, o bir tərəfində də siz. Sizin məclisdə qonaq olanların sözüdür, adam saflaşmaq istəsə, heç yerə getməsin, burada bircə dəfə olsun, bəs edir. İndi o üçbucağın bir tərəfi yoxdu, onu kiminlə bərpa etmək istəyirsiniz?

- Baba Pünhanı xatırladığına görə sənə təşəkkür edirəm. Allah ona rəhmət eləsin. Amma Baba Pünhan sağlığında o qədər yazmışdı ki, cismən yanımızda olmasa da, həmişə yanımızdadır. Onun yerini bizim üçün kimsə doldura bilməz.

- Bir zamanlar maddi ehtiyac səbəbindən sənətə təsadüfən gələn Alim Qasımovu dünya muğamının şahı hesab edirlər. Yəni "Alim" sözü "Muğam" sözünün sinoniminə çevrilib. Nə vaxtsa unudulmaqdan qorxmursunuz?

- Əstəğfürullah, mən elə deməzdim. Hər millətin öz qüdrətli sənətkarları var. Mən özümü ən yuxarıda görmürəm, bu baradə də heç fikirləşməmişəm. Amma unudulmaq barədə də fikirləşməmişəm. Çünki başa düşürəm ki, mənim taleyimi Allah nizama salıb, özü necə məsləhət bilirsə, elə də olacaq. Mən elə də şan-şöhrətin həvəskarı da deyiləm. Amma tanınmadığım vaxtlar da olub. Bir dəfə Qarabağ müharibəsi dövründə filarmoniyanın yanında "oblava" vardı. Mən də həmin gün konsertdən çıxıb evə getmək istəyirdim, polislər məni də digər cavanlar kimi qolumdan tutub məcburən avtobusa mindirdilər. Dedim ki, "a kişi, mən Alim Qasımovam, əməkdar artist, xanəndə". Biri qayıtdı ki, "yekə kişisən, utanmırsan o boyda sənətkarın adından istifadə edirsən?" Doğrusu, bu kişinin sözündən utanan kimi oldum. Sonra onların komandiri gəldi, məni tanıdı... Sözümün canı odur ki, şanından-şöhrətindən, imkanından asılı olmayaraq hər kəs Allahın yanında eynidir, sabah hamımız onun yanına bir metrə kəfəndə gedəcəyik.

  

 

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2010.- 9-11 yanvar.- S. 19.