"Mən vətənimi çox sevirəm"

 

Nailə Əziz: "Nyu-Yorkda Azərbaycan Mədəniyyət Mərkəzi açmaq istəyirəm"

 

Orta yaşlı nəsil onu yəqin ki, Alim Qasımovla birgə oxuduğu "Bayatılar" və "Gülüş sanatoriyası" teletamaşasından xatırlayar. Ona görə xatırlayar deyirəm ki, o, hazırda Azərbaycanda yaşamır. Artıq 12 ildir ki, Amerikada- Nyu-Yorkda yaşayıb fəaliyyət göstərir. Bu fəaliyyətinin nəticəsində Nyu-Yorkun "Melodiya" qadın xoru ilə birgə Tofiq Quliyevin "Sənə də qalmaz" bəstəsini ifa edib. Oxucularımızı çox intizarda saxlamadan deyim ki, söhbət Nailə Əzizdən gedir. Qalanını isə istedadlı musiqiçi, milli musiqimizi okeanın o tayında təbliğ edən həmyerlimiz özü danışır.

 

Amerikalılara "Sənə də qalmaz"ı sevdirən  azərbaycanlı

 

- Mən -Beydullayeva Nailə Əzizbaba qızı 17 iyun 1961-ci ildə Bakıda anadan olmuşam. A.S.Puşkin adına 23 saylı məktəbdə və 2 saylı musiqi məktəbində təhsil almışam. 1981-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbini bitirmişəm. 1987-ci ildə Mədəniyyət Universitetinin musiqili komediya fakültəsində təhsilimi davam etdirmişəm. Oxuduğum illərdə Lenin təqaüdçüsü, fakültə katibi olmuşam. O zaman hələ təzə yaranan, Vaqif Gərayzadənin rəhbərlik etdiyi caz-folklor ansamblının tərkibinə daxil oldum. Sonradan adı "Aypara" oldu. Tiflisdə, İrəvanda, Vitebskdə keçirilən müsabiqə və festivallarda iştirak etmişəm. İstanbulda keçirilən "Türkiyədə Azərbaycan günləri"ndə çıxış etmişəm. Moskvada verilən "Tovariş pesnya" verilişinin laureatı, "Bakı payızı-1985" müsabiqəsinin diplomantıyam.

1986-cı ildə Vaqif Gərayzadənin "Bayatılar" videoçarxında Alim Qasımovla duetdə çəkilmişəm. Gərayzadəylə işləyən vaxtlarda bəstəkar 2 mahnı yazmışdı. Bunlardan birini mən, digərini Almaz Ələsgərli Alimlə oxuduq.

Dəfələrlə televiziyada çıxış etmişəm, "Gülüş sanatoriyası" teletamaşası üçün Emin Sabitoğlunun 3 mahnısını yazdırmışam.

1995-ci ildə Azərbaycana həsr edilən ən yaxşı mahnıya görə bəstəkarların müsabiqəsində III yeri tutmuşam. 1998-ci ildən Nyu-Yorkda yaşayıram. Musiqi fəaliyyəti ilə məşğul olmaqda davam edirəm. Müxtəlif musiqi qrupları və ansamblları ilə- "Anakrusis", "Danzas Espanyolas", "Melodiya"- Nyu-York qadın xoru ilə çıxış edirəm.

- Necə oldu, Amerikaya getdiniz?

- Bu, 1998-1999-cu illərə təsadüf edir. Həmin vaxt mən bir dostumun köməkliyilə Amerikaya getdim. Musiqidən də kənar düşmədim.

- Birdən-birə tanımadığınız yer, uzaq ölkə... Əziyyətləriniz çox oldu?

- Amerika göstərdiyi gözəl filmlərdəki kimi deyil. Orada yaxşı yaşamaq nəinki fiziki, həm də mənəvi güc tələb edir. Çox pul qazanmaq üçün öz üzərində daim işləməlisən, deyərdim ki, çalışıb xəstələnməməlisən. Amerikada səhiyyə sahəsində çox ciddi problemlər var. Əgər Nyu-Yorkda insan xəstələnibsə, 3 dəqiqəyə "təciliyardım" gələcək. Ancaq xəstəliyin səbəbi araşdırılmayacaq, sadəcə, törətdiyi fəsad aradan qaldırılacaq. Yəni, başın ağrıyırsa, sənə başağrı dərmanı veriləcək. Baş ağrısının niyə əmələ gəldiyi isə araşdırılmayacaq. Yetərincə savadlı olmaq lazımdır ki, Amerikada həkimlərin əlinə düşməyəsən. Amerikada səhiyyə insanı sağaltmağa xidmət etmir, onu sadəcə dəstəkləyir.

 

"12 ildə Azərbaycanı   tanıyan yalnız bir amerikalı ilə  qarşılaşdım..."

 

- Bəs necə yaşayırsınız?

- Mənim orada, Allaha şükürlər olsun ki, yaxşı dostlarım var. Həm azərbaycanlı, həm də digər millətlərin nümayəndələri daxil olmaqla. Amerikada musiqiçilərlə və ya sadə amerikalılarla söhbət etdikdə, onlar haralı olduğumla maraqlanırlar. Ancaq Azərbaycanı tanımırlar. 12 ildə Azərbaycanı tanıyan yalnız bir nəfərlə qarşılaşdım, o da burada neft şirkətlərinin birində çalışıb. Amerikada diasporamız çalışır, ancaq mən orada onlarla işləmirəm, amerikalılarla işləyirəm. Diaspora ilə birgə bayramlarımızı qarşılayırıq. Nyu-Yorkda həm müğənni, həm də səs telləri üzrə mütəxəssis kimi fəaliyyət göstərirəm.

İşləməyə həm musiqinin tədrisi, həm də içərisində Azərbaycan mahnıları olmaqla müxtəlif millətlərin musiqilərinin yer aldığı disklərin satışıyla başladım. Diskə yunan, ispan, azərbaycan musiqiləri yazdırırdım. Niyə yalnız azərbaycan mahnılarından ibarət disk buraxmırdım? Çünki orada müxtəlif millətlər yaşayır. İnanırdım ki, diskə qulaq asdıqdan sonra Azərbaycan mahnılarını dinləyib nəğmələrimizi sevəcəklər. Elə də olurdu. Bu disklərin yazılmasından sonra mən bir az da irəli getməyi qərara aldım. Nyu-Yorkda fəaliyyət göstərən "Melodiya" qadın xorunun direktorları ilə tanış oldum. Tanışlığımız genişləndi və mən "Melodiya" xoruyla birgə konsertdə çıxış etdim...

Orada yaşamaq sözsüz çətin oldu. Düzdür, diskləri yazdırırdım, bu, işin texniki tərəfi idi. Ancaq diskin qabını hazırlamaq, onu dizayn etmək üçün mən lazım olan kompüter proqramlarını öyrənib bu işləri özüm həyata keçirirdim. Amerikada çox işləmək lazımdır. Bütün bu işləri başqalarına gördürmək çoxlu pul tələb edir. Amerikada pedaqoqu onun fəaliyyəti barədə yazılan büroşürlərdən tanıyırlar. Kimin büroşürü yoxdursa, onu ciddi qəbul etmirlər. İnsanın burada olduğu kimi, öz evində yaşayıb ev kirayəsi ödəməməsi böyük şeydir. Nyu-Yorkda mən kommunal xərclərlə birgə 2500 dollar ev kirayəsi ödəyirəm. Təbii yollarla becərilən meyvə və tərəvəzlər 3 qat bahadır. Marketlərdə GDQ (geni dəyişdirilmiş qidalar) satılır. Mütləq onların tərkibini oxumaq lazımdır. Amerikada vegeterian olmaq çox sərfəlidir. Ancaq bu ölkədə qanun qarşısında hamı bərabərdir. Qırmızı işıqda yolu şəhərin meri də keçsə, onu mütləq saxlayıb cəzalandırırlar.

 

"Məqsədim Azərbaycanı daha yaxından   tanıtmaqdır"

 

- Artıq bir çox çətinlikləri arxada qoymusunuz. Bu 12 ildə haralarda çıxış etmisiniz?

- Nyu-Yorkun müxtəlif konsert zallarında çıxış etmişəm- "Karnegi Holl", "Mörkin Konsert Holl", Linkoln Mərkəzi, "Dikapo" Opera Teatrı, Donell Kitabxana mərkəzi, Vaşinqton Skver Metodist Kilsəsi, Sent Piters Kilsəsi, "Bruklin Laysium", "Müzik for Montak", "Qrinvud Çapl", Sent İqnatius Kilsəsi...

2007-ci ilin 5 mayında Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa edən Nyu-York qadın xoru ilə çıxış etmişəm. Mən xor üçün mahnını tərtib elədim solo oxudum. "Melodiya" qadın xoru qadın səsləri üçün olan əsərləri ifa etməyə yaradıcı surətdə uyğun gələn 32 qadın müğənnidən ibarətdir. "Melodiya"nın repertuarı az-az ifa edilən klassik yeni işlər daxil olmaqla, "contemporary" əsərlərin birləşməsidir. ABŞ-da ilk dəfə olaraq Nyu-York qadın xoru azərbaycan dilində mahnı oxuyub.

Vokaldan dərs deyirəm. Bir çox elmi nailiyyətlər təcrübə əsasında səs tellərində problemləri olan müğənnilərə dərs vermək sistemini yaratmışam. Amerikan televiziyasında "Nyu-yorkçular" verilişində çıxış etmişəm, amerikanlar üçün "Şərq üslubunda mahnı oxumaq texnikası" dərs vəsaiti üzərində işləyirəm, buraya azərbaycan xalq mahnıları daxil ediləcək.

Həmçinin, Nyu-Yorkda "Danzas Espanyolas" qrupu ilə əməkdaşlıq edirəm ki, orada öz çıxışlarımda qərb klassik musiqisi biliklərini ənənəvi şərq üslubu ilə uyğunlaşdırıram.

- Vətənə tez-tez gəlirsiniz?

- Hər 2-3 ildən bir Azərbaycana gəlirəm. Burada mənim ailəm, dostlarım, qohumlarım yaşayır. Mən vətənimi çox sevirəm.

- Gələcək planlarınız nədir?

- Planlarım öz işimi böyütməkdir. Nyu-Yorkda Azərbaycan Mədəniyyət Mərkəzi yaratmaq istəyirəm. "Melodiya" qrupu ilə disk yazdıracağıq. Diskə bir çox bəstələrimiz, eləcə də "Sarı gəlin" mahnısını salmaq fikrindəyəm. Məqsədim Azərbaycanı daha yaxından tanıtmaqdır. Vətəndən uzaqda yaşasam da, başlıca məqsədim azərbaycan musiqisini və mədəniyyətini ABŞ-da təbliğ etməkdir.

  

 

Aytən FƏRHADOVA

 

Ekspress.- 2010.- 23-25 yanvar.- S. 18.