Asif Atanın "Muğam fəlsəfəsi"

 

Dünən kitabın təqdimatı keçirildi

 

Dünən Asif Atanın "Muğam fəlsəfəsi" ("Yollaşan aqibət") kitabının təqdimatı keçirilib. Kitabda türk ulusuna, bütövlükdə dünyaya gərək olan müqəddəs irsin fəlsəfəsi, ruhaniyyatı yaşam tərzi öz əksini tapıb.

Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının sözlərinə görə, Asif Ata 60-cı illərdən başlayaraq muğamın tədqiqi ilə məşğul olub: "Asif Atanı, onun fəlsəfi fikirlərini yaşatmaq çox çətin olub. Buna baxmayaraq, 10 ildir ki, onun sözü eşidilir, fəlsəfi fikirləri səslənir. Bütün bu çətinliklərlə qarşılaşdığımıza görə üzülmürük. Çünki Asif Atanın xalqa gərəyinin nədən ibarət olduğunu anladıq. O, taleyi çox mürəkkəb olan Azərbaycan xalqının çətinliklərdən çıxış yolunu təqdim edib".

Soylu Atalı Asif Atanın 50-ci ilərdə Moskva Ədəbiyyat İnistutunda təhsil aldığını, mifologiyanı, fəlsəfəni, musiqini, folkloru ciddi şəkildə öyrəndiyini bildirib: "Sovet dönəmində azərbaycanlılar haqqında bir millət kimi düşünməyin xəta olduğu vaxtda o, muğamı ciddi tədqiq etmək qərarına gəlir".

Soylu Atalı "Yollaşan aqibət" kitabında bir neçə əsərin toplandığını vurğulayıb: ""Atalıq xilqəti" bölməsində Asif Atanın kənd həyatından başlayaraq Ocağın yaradılmasına qədər olan dövr, "Ömrüm-günüm" bölməsində fəlsəfi tərcümeyi-halı, "Bədiyyat" bölməsində esselər, rübailər, "Muğam fəlsəfəsi" bölməsində muğamın şöbələri, əxlaqiliyi, dialektik quruluşu yer alıb".

Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoyun sözlərinə görə, Asif Ata ilk dəfə muğama fəlsəfi elm kimi yanaşıb: "Muğamın tədris olunmasına baxmayaraq, onun sufiyanə mahiyyəti kənarda qalmışdı. Sufi babalarımızın, muğam yaradan insanların daxilindəki təmizlənmə kamilliyə apararaq onları öz tanrısıyla bərabərləşdirir. Sufilər maddiyyatdan qaçıb mənəviyyatı əsas tutaraq öz məqsədlərinə yetiblər. Bu baxımdan Asif Ata həqiqi sənət adamlarında 3 əsas cəhətin olduğunu qeyd edib -təbii hiss, təbii ağıl, təbii sənət".

O, muğamın Güney Azərbaycanda təbliğ olunmadığını da diqqətə çatdırıb: "Güney Azərbaycan 1946-cı ildə dövlət qurmaq istəyini itirdikdən sonra yaradıcılıqdan tam məhrum olub. Güney Azərbaycan bu gün muğam həsrəti ilə yaşayır. Azərbaycan muğamı orada da səslənməli, tədqiq olunmalıdır".

Sonra musiqiçi Səadət Təmirazqızı Asif Atanın fəlsəfi fikirlərinin dərin məna kəsb etdiyini qeyd edib: "Onun "Rast" muğamına verdiyi qiyməti 3 amillə şərh etmək olar: dünya ilə insanın varlığı, dünya ilə insanın varlığının təsdiqi və dünyadan kənarlaşma".

Asif Ata sevər, Asif Ata aşiqi, Güney Azərbaycandan Aqşin Ağkəmərlinin sözlərinə görə isə Asif Ata muğamın mahiyyətində böyük bir həyat yatdığını üzə çıxarıb: "Asif Atanın dünya baxışı bizim unudulmuş kimliyimizi özümüzə qaytarır".

 

 

Aynurə MƏMMƏDOVA

 

Ekspress.- 2011.- 6 aprel.- S. 14.