Kitab - könül dostu

 

   Əvvəlcə kitablardan, onların könlümüzə bəxş elədiyi mənəvi dinclikdən, həyəcandan, təlatümdən, düşünmək həvəsindən və bir də yeni nə isə öyrənmək istəyindən danışmaq istədim. Kitabla bağlı qəlbimdə o qədər söz yarandı ki, onları inci kimi sapa düzmək gərək, Mənimsə vaxtım az... Yorğun, yuxusuz...

    

   Son günlər bir həqiqəti yenidən dərk elədim ki, ən çətin anda, qəlbində bir fırtına çağlayanda, kimsəyə əlin çatmayanda maraqlı bir kitab sənin ən yaxın, vəfalı dostuna çevrilə bilər. Onunla «səyahət»ə çıxarkən bir də baxırsan, unutmusan mənasız, könül bulandıran dedi-qodu, məişət söhbətlərini. Bircə onu bilirsən ki, «qəhrəman»ınla yol gedirsən, dərədən-təpədən keçib gah sevinir, gah kədərlənir, gah da düşünürsən. Düşünürsən ki, dünya belədi, misraları həmişə könlümdə olan Məmməd Arazın söylədiyi kimi «dünya heç kəsin». Beləcə Allahın qədərincə müəyyən zaman kəsiyində qonağı olduğumuz dünyanın mənalı-mənasız yüklərindən qurtularsan, bir az kənara çəkilərsən, mənəvi cəhətdən zəngin insan olarsan kitab oxuduqca.

  

   Şairin romanı necədi?

  

   ...Deyəsən unutmuşam ki, konkret kitab haqqında yazmalıyam. Özü də oxucuların şair kimi tanıdığı Fikrət Qocanın nəsr kitabı barədə. Düzü, «Taleyin ağır taleyi» adlı kitabı əlimə alanda düşündüm ki, görəsən, şairin romanı necədi. Başladım oxumağa, gördüm şairin dili yüyrəkdi, oxunaqlıdı, adamı özünə çəkir, kitabı əlindən yerə qoymaq istəmirsən. Və bir də Taleyin ağır taleyi gecənin bir aləmində məni elə ağlatdı ki, heç yadımdan çıxmaz. Bu da əsərin baş qəhrəmanının keçirdiyi sarsıntıların məncə, ən təsirli məqamı - kulminasiya həddi idi. Taleyi dəli eləmişdilər. Bu da bir insan taleyi, yeniyetmə, cavan bir pöhrə. Onu içindən sındırmağa, ürəyini yaralamağa həmişə hazır olan qəddar adamlar, aravuran qonşular, saxta hörmətinə, keçici vəzifəsinə aldanan rüşvətxorlar. Sonra həyat göstərir ki, bu güvəndiyin dağlar bir gün səni başından elə atar ki, yaşamağa bir ümidin belə qalmaz. Və sən bir saman çöpü belə tapmayanda Taleyin atası kimi özünü öldürməyə çalışarsan və Həsənağa da beləcə özünü asmışdı...

   ...“Taleyin ağır taleyi” romanı sovet dövrünün, cəmiyyətinin insanın mənəvi dünyasına vurduğu zərbələrdən bəhs edir. Hər şeyin planla olduğu bir zamanda insan həyatı da plana salınır. Planlı şəkildə kimi istəsən ləkələmək, həbsxanaya salmaq və məhv eləmək olar. 

 

   Bəs hekayələri?

  

   Fikrət Qocanın əsərlərində Böyük Vətən müharibəsinin törətdiyi müsibətlər konkret həmvətənlərimizin timsalında incə bir yozumla öz əksini tapır. İstər «Qoca söyüd də yıxıldı», istərsə də «Bir gecə» hekayəsində müharibənin insanın könül dünyasına vurduğu sağalmaz yaralardan bəhs edilir. Şairin «Şehsaba» adlı novellası isə xüsusilə yadımda qaldı. Belə ki, gənc olmasına baxmayaraq həyatın min bir dərd köynəyindən keçmiş xanımın ailə qurmaq arzusu və bunun uğrunda onun daxili mübarizəsindən söhbət açılır.

   ...Şehsaba qatarda ona baxan gözlərdə gələcək evinə düşən işığı görür. Sevinir, arzuları qanadlanır. Qatardan düşəndə isə bir anda bütün ümidləri boşa çıxır. Demə, bayaqdan ona zillənmiş gözlər nəinki onu, dünya işığını belə görmür.

   “- Ay adam, düşməyə kömək et!, - deyə oğlan müraciət etdi.

   Şehsaba titrəyə-titrəyə onun qoluna girdi. Perrona tərəf apardı».

   «Nağıl gecəsi» hekayəsində isə müəllif incə bir məqamdan, insani keyfiyyətlərdən bəhs edir. Yəni insana insani münasibətdən gedir söhbət. Əks halda nə başqası nə də özün xoşbəxt ola bilirsən. Sevimli şair Çingiz Əlioğlu müsahibəsində deyirdi ki, xoşbəxt olmaq üçün o qədər də çox şey lazım deyil. Və bir də onu bilirəm ki, həmişə narahat, gərgin, əsəbi olan, bənövşəni tapdayıb ona şeir yazan, şəhid övladının qəlbini sındırıb Qarabağa mədhiyyələr deyən, pafosla çığırıb-bağıran adamlar xoşbəxt olmurlar. Çünki onlar sevilmirlər. Başqalarını sevməyən adamı kim sevər ki?...

   «Taleyin ağır taleyi» kitabı «Nurlan» nəşriyyatında 2009-cu ildə çapdan çıxsa da, mən onu yeni oxudum. Yəqin məni uşaqlara görə bağışlamaq olar. Bir də əsərdə söhbət gedən mövzular bu gün də aktual olaraq bizi düşündürürsə, deməli, söz yenə də təptəzədir. Baxın, nə kitab, nə də kitabxanalar köhnəlir. Odur ki, hər zaman oxumağa dəyər.

  

 

   Mina Rəşid

 

   Mədəniyyət.-2011.- 8 aprel.- S.15.