Nazir şərtləri açıqladı

 

Əbülfəs Qarayev UNESCO-nun fakt-araşdırıcı missiyasının Dağlıq Qarabağa səfəri ilə bağlı açıqlama verdi

 

"Dağlıq Qarabağa səfər edəcək UNESCO-nun faktaraşdırıcı missiyasının funksiyası aydın olsa da, tərkibi və səfərin vaxtı müəyyənləşməyib. Çünki bu səfər qarşılıqlı anlaşma əsasında həyata keçirilməlidir. Qarşılıqlı anlaşma olmadığına görə faktaraşdırıcı missiyanın Azərbaycana gəlməsi qeyri-mümkündür".

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir səfərin təşkili ilə bağlı Azərbaycan tərəfinin tələblərini də açıqlayıb: "Bizim tələbimiz ondan ibarətdir ki, araşdırıcı komissiya mədəni irsin vəziyyətini öyrənmək istəyirsə, işğal olunmuş torpaqlarımızla yanaşı, eyni zamanda, Ermənistan və Azərbaycana gəlməli və bütün vəziyyəti təhlil etməlidir.

İkinci şərtimiz odur ki, missiya Dağlıq Qarabağa Azərbaycan tərəfdən keçməlidir".

Əbülfəs Qarayev Ermənistanın beynəlxalq sərgilərdə Dağlıq Qarabağı öz əraziləri kimi təqdim etməsinə münasibət bildirib: "Guya Xankəndidə turizm mərkəzləri yaradılacaq gələcəkdə ora turistlər cəlb olunacaq. Ermənistan beynəlxalq sərgilərdə öz stendlərində Dağlıq Qarabağı da öz əraziləri kimi təqdim edir. Guya ora səfərlər təşkil edirlər. İşğal altında olan ərazilərə kim gedəcək? Erməni diasporunun böyük imkanları var, belə səfərləri təşkil etmək prinsipcə mümkündür. Lakin bu, beynəlxalq qanunlara zidd olan bir məsələdir. Burada biz tam əminik ki, Ümumdünya Turizm Təşkilatı bu hərəkətləri pisləyir, bizim mövqeyimizi dəstəkləyirlər. Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edən şəxs kimi bütün dünyaya tövsiyə edirəm ki, Ermənistana gedərkən Dağlıq Qarabağa getməyin. Çünki Dağlıq Qarabağ Azərbaycan torpağıdırsizin ora getməyiniz qanunsuzdur".

 

 

Ekspress.-2011.-8 aprel.-S.14.