Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində digər bir daşnak barəsindəki məlumatı oxuyanda və M.C.Bağırovun dərkənarını gözlərimlə görəndə "Azərbaycan tarixi"nin 6-cı cildində təqdim edilən "kişi"yə baş əydim. Siyasi fəaliyyəti illərində respublikanın təhlükəsizlik və daxili işlər orqanlarında yuva salmış daşnakları təcridlə kənarlaşdıran Mir Cəfər 1952-ci ildə keçmiş çekist Zaziyanın "qəzəbi"nə gəlmişdir. O, təhlükəsizlik orqanlarından uzaqlaşdırılmasını Azərbaycanda "milli azlıqların sıxışdırılması" kimi Moskvaya bəyan etmişdir. M.C.Bağırov 1952-ci il may ayının 21-də Moskvadan göndərilmiş şikayət məktubunun üzərində yazmışdı:

   "T.Quliyev, V.Səmədov, T.Yaqubov yoldaşlara

   Bu gün Dövlət Təhlükəsizliyi Nazirliyinin Azərbaycan Dəmir Yolu Mühafizə İdarəsinin keçmiş əməkdaşı Zaziyadan növbəti "raport" aldım. İşdən uzaqlaşdırılması səbəblərini Zaziyanın özü yaxşı bilir. Ancaq, görünür, onun həyasızlığı o dərəcəyə çatmışdır ki, rəhbər təşkilatları belə təhqir etməkdən çəkinmir. Ona dəfələrlə izah edilmişdir ki, "milli azlıq nümayəndəsi" kimi yox, təhlükəsizlik orqanlarında işləməyə layiq olmadığı üçün azad edilmişdir".

   1952-ci il sentyabrın 12-13-də keçirilmiş 29-cu Bakı Şəhər partiya konransında, həmin il sentyabrın 18-də olmuş Bakı Vilayət partiya konfransında, sentyabrın 22-də Azərbaycan K(b)P MK Plenumunda da M.C.Bağırovun çıxışında "milli azlıq" nümayəndələrinin adları çəkilir. Arxivdə saxlanılan stenoqrafik hesabatdan bir parçaya diqqətinizi cəlb edirəm: "Stepanyan uzun müddət neft sənayesində rəhbər vəzifələrdə çalışarkən özünü ləyaqətsiz aparmış, sərxoşluğa qurşanmışdır. Kəşfiyyat qazması trestinin müdiri Safarov da öz şəxsi mənafeyini güdmüşdür. Stepanyan və Safarovun antipartiya davranışı dənizdə qazma işində işləyən Ter-Avakova, Qaziyan, Malxazyan, Rozenbaum və digərlərinə də sirayət etmişdir.

   "Azərdənizneft" birliyinin sabiq rəisi Əhəd Yaqubov yoldaş Malxazyan familiyalı birisini dənizdə istismar qazması kontoruna baş geoloq vəzifəsinə təyin etmişdi. Bu qadının heç bir siyasi savadı yoxdu. Atası, qardaşı və əri antisovet hərəkətlərə yol vermişdilər. Malxazyanın özü isə 1942-ci ildə faşist işğalında olan Kislovodsk şəhərində ədəbsizlik etmişdir. Bakıda öz mənzilində Stepanyan, Qaziyan, Ter-Avakov və digərlərinin iştirakı ilə içki məclisləri qurmuşdur".

   Araşdırmalar göstərir ki, M.C.Bağırovun 1952-ci ildə ifşa etdiyi erməni kadrlar iki il sonra əvvəlki vəzifələrindən də yüksək işə təmin olunmuş və onların bəziləri M.C.Bağırovun məhkəməsinin hazırlanmasında yalançı şahid kimi ifadə vermişlər.

   1918-ci ildən 1953-cü ilədək otuzbeşillik siyasi fəaliyyəti dövründə Mir Cəfər Bağırov indiyədək üzə çıxarılmamış arxiv sənədlərindən daşnakların qənimi, müsavatçıların himayədarı kimi boylanır.

   2011-ci ilin oktyabrında 100 yaşı tamam olacaq "Müsavat" partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə Türkiyədə nəşr olunmuş "Azərbaycan Cümhuriyyəti" kitabında 1920-ci il Gəncə qiyamından bəhs edərək yazırdı: "Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut məcburiyyətində bulundu" (Bax: M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. Bakı. Elm nəşriyyatı, 1990. səh.70).

   Unudulmaz jurnalist və tədqiqatçı Xanlar Bayramov vaxtsız vəfatından azca əvvəl "Gəncə üsyanı - 1920. Sənədlər və materiallar" ("Ləman Nəşriyat-Poliqrafiya" MMC. 2010) kitabını oxuculara ərməğan etdi. Bu gün 300 səhifəlik kitabı vərəqlədikcə bir daha bu qənaətə gəlirsən ki, "qiyamiləri arxadan vurmağa başlayan erməniləri" sonralar məhz Mir Cəfər Bağırov cəzalandırmış, müsavatçıları və onların ailə üzvlərini isə qorumuşdur. Kitabın giriş hissəsində tanınmış ictimai-siyasi xadim Tofiq Bağırovun aşağıdakı sözləri elə bil Mir Cəfər Bağırovun taleyi barədə deyilmişdir: "Tarixi saxtalaşdırmaq olar. Lakin gec-tez öz sözünü deyib ləkəsini təmizləyəcək".

   Azərbaycanın 1917-1920-ci illər dövrü Azərbaycan Sovet Ensiklopediyasında başdan-ayağa saxtalaşdırılmışdır.

   Məsələn, ASE-nin 1987-ci ildə buraxılmış onuncu cildində (səh.49) oxuyuruq: "Xankəndi - Stepanakert şəhərinin (Azərb. SSR) keçmiş adı. 1918-20-ci illərdə Xankəndidə Müsavat hərbi hissələri yerləşirdi".

   Xanlar Bayramovun adı çəkilən kitabında isə 1923-cü il avqustun 10-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə adı Xankəndiyə verilmiş daşnak haqqında deyilir: "1918-ci ilin yanvarında Çaykənd, Ağcakənd ətrafında, Şuşada, Xankəndidə, Xocalıda ermənilər böyük faciələr törədərək yüzlərlə müsəlman ailəsini qətlə yetirmişlər. Bu hadisələrdən bir az sonra Stepan Şaumyan Gəncədə olmuş və ermənlər yaşayan II hissədə Qurgen Stepanyanın evində gecələmişdir. Həmin gecə S.Şaumyan Gəncədəki Erməni Milli Komitəsinin üzvləri qarşısında iki dəfə nitq söyləmiş, erməniləri bolşeviklərlə birləşməyə, yerli feodallara, mülkədarlara qarşı mübarizəyə çağırmışdır. Ertəsi gün axşam kəndli paltarı geymiş Şaumyan Gəncə ermənilərinin müşayiətilə Zəylik, Bada, Çardaxlı kəndlərinə gəlib daşnakları ölüm-dirim mübarizəsinə çağırmışdır.

   Bir sözlə, iki ay sonra Bakıda və digər bölgələrimizdə törədəcəyi qırğınlar üçün Gəncədə də hazırlıq işləri aparmışdır. Bakdıa, Şamaxıda, Qubada, Xaçmazda və digər bölgələrimizdə erməni-rus birləşmələri asanlıqla 1918-ci ilin martında qanlı qırğınlar törətsə də, Gəncədə və ona yaxın ərazilərdə fitnə-fəsad törədə bilmədilər. Ona görə ki, Gəncə və ətrafı Milli Müsəlman Komitəsi tərəfindən idarə olunurdu və onların tabeliyində silahlı qüvvələr və xalqı müdafiə edə biləcək könüllü birləşmələr vardı, Gəncədə II hissədəki erməni Milli Komitəsinin tərəfdarlarından başqa, bolşevikləri müdafiə edəcək heç bir qüvvə yox idi.

   Ermənilər Şaumyanı 1918-ci ilin yanvarında Qarakilsəyə və nəhayət Tiflisədək müşayiət etmişlər" (Adı çəkilən kitab. səh.35).

   Stepan Şaumyanın "yol xəritəsi" 1920-ci ilin aprelində Azərbaycanda daşnakları və ruspərəst bolşevikləri hakimiyyət başına gətirsə də, 1920-ci il mayın 26-31-də Gəncədə 1990-cı il 20 yanvarının rəşadət dastanının ilk səhifələri yazıldı, Cavad xanın ruhu şad oldu. Bu mütəşəkkil xalq üsyanının təşkilatçıları və istiqamətverici qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Bakıda ermənilər və ruspərəstlər işğalçı II Ordu əsgərlərini təntənə ilə qarşılayanda, Gəncədə əyilməz müsavatçılar mayın 28-də AXC-nin ildönümünü qeyd etdilər. Millətimizin düşmənlərinə qarşı barışmazlığı Azərbaycan Xalq Cümhuriyyətinin 86-cı ildönümündə - 2004-cü ildə soydaşımız Ramil Səfərov nümayiş etdirdi. Azərbaycan Respublikasının dövlət bayrağını təhqir etdiyinə görə erməni zabitini cəhənnəmə vasil etdi, hazırda Macarıstanda ömürlük həbs cəzasını çəkir. Beş ildir ki, onun Azərbaycana ekstradisiyası müşkül məsələyə çevrilmişdir.

   MÜƏLLİFİN XATİRƏ DƏFTƏRİNDƏN. 1988-ci il fevralın 22-də Əsgəranda ermənilər iki azərbaycanlını vəhşicəsinə öldürdülər. Kimlərdi günahsız soydaşlarımız? On altı yaşlı Bəxtiyar Quliyev və otuz üç yaşlı Əli Hacıyev. Bütün Ağdam camaatı qəzəblə coşdu. Cavanlar, yeniyetmələr bir nəfər kimi "İntiqam!" deyə səfərbər oldular. Onların ardınca bütün Qarabağ cəngavərləri, qonşu rayonların əhalisi, Ermənistandan didərgin düşmüş Azərbaycan türkləri addımlayacaqdı. Məqam gəlmişdi. Əsgəranı, Xankəndini, Şuşanı və digər qədim məskənlərimizi ermənilərdən təmizləmək vaxtı idi. Əfsuslar olsun ki, Qarabağın açarını Rusiyada axtaranlar məsxərə qurdular. Kremlin tövsiyəsi ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya katibi Həsən Əziz oğlu Həsənov təlaş içərisində Gorusa istiqamət götürən ermənilərin harayına çatdı. MK katibi Qarabağın nüfuzlu xanımı - Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova ilə birlikdə Xankəndiyə gedən yolu kəsdi. Katib diz çöküb yalvardı, Xuraman xanım isə örpəyini başından çəkib dəliqanlıların ayaqları altına sərdi: "Ananın baş yaylığını tapdayıb kemək namus və qeyrətdən deyil!"

   Xatirimdədir, həmin vaxtlar Xuraman Abbasovanın "faciənin qarşısını almaq" davranışı Azərbaycan qadınlarının qəhrəmanlıq rəmzi kimi qələmə verilirdi. Mətbuat səhifələrində məqalələr, şeirlər dərc olunurdu. Xuraman Abbasovanın hərəkəti Moskvada da əks-səda doğurmuşdu. Məşhur şair Yevgeni Yevtuşenkonun "Komsomolskaya pravda" qəzetinin 1988-ci il 1 aprel tarixli sayında "Yaylıq" adlı şeiri dərc edilmişdi. Tanınmış rus şairi Xuraman Abbasovanın baş örtüyünü Sumqayıtın göz yaşlarından ağırlaşan mərmər parçasına bənzədirdi. Əlbəttə, "Komsomolskaya pravda" qəzetinin oxucuları bu şeirin təsiri altına düşməyə bilməzdilər:

 

   Platok nabryak slezami

    Sumqaita

   Stav Tyajeleye qornoqo qranita,

   Nam şepçut

    na armyanskom yazıke

   Tvoi azerbaydjanskie sedinki.

 

   Bu sətirləri oxuyanda məşhur şairə acığım tutdu. Qəlbimi çulğalayan hisslər şeirə çevrildi. Ancaq "Yevtuşenkoya cavab" mətbuat üzü görmədi:

 

   Əgər dillənsəydi dediyin dildə

   Xuraman xanımın bəyaz saçları,

   Ucala bilməzdi ulu bir eldə

   Oğul sədaqəti, ana vüqarı.

 

   Yerevan qan deyib bağıran anda

   Sumqayıt şipşirin yuxuda idi.

   Göyçə mahalında,

    bir də Qafanda

   Analar, bacılar qorxuda idi.

 

   Yerə salınanda binalar üstdən

   Dövlət bayraqları Azərbaycanın,

   Necə cilovlayıb hissini qəsdən,

   Qanı coşmadaydı

    min-min cavanın?

 

   Əllər uzananda Qarabağıma,

   Niyə harayıma

    hay vermədin sən?

   İndi nankorların ağlamağına

   Qeyrət örpəyindən

    ehsan verirsən.

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 9-11 aprel.- S.15.