Aytokya Mircavad Mircavad haqqında

 

   Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

   ... Lida 1965-ci ilin dekabrında öldü; Meyitin üzünü bəzəmişdilər, dodaqları al-qırmızı, sifəti isə ağappaq idi. Əcaib görünüşü vardı, mən onun üz-gözündən ənlik-kirşanı sildim, əllərini oxşadım və çıxıb getdim, o zaman heç ağlıma gəlməzdi ki, cəmi bir aydan sonra yeganə məhəbbətimlə rastlaşacağam...

   Gündüz saat 12-də yaşadığım komanın yaxınlığında balaca, incə qadın ayaqlarının izlərini görüb təəccübləndim, nədənsə ayağımı qadın ayağının izi ilə yanaşı qoyub baxdım, ağır çəkmələrim yerdə traktor kimi iz buraxdı, acığım tutdu, ayaq izini sildim, amma hər yerdə bu ayaq izlərini görəndə çaşdım...

   Ertəsi gün dəniz sahilində gəzəndə, uzaqdan paltosu əynindən sallanan bir qız gördüm, qızdan bir az aralıda dostum Arif dənizə baxırdı. Arif məni görcək yaxın gəldi, ləpədöyəndə durmuş qız da cəld addımlarla bizə yaxınlaşdı, qız mənə o qədər yaxınlaşdı ki, üzümdə onun nəfəsini duydum, sanki onun gözlərindəki sözləri oxudum, elə bil qulaqlarım batdı, elə bil yuxudaydım, onları komama dəvət elədim... Soyutma kartof bişirdim, birdən yadıma düşdü ki, üzbəüzdə yaşayan qonşu məni kababa çağırıb, onları qonşuya göndərmək istədim, özüm getməyəcəkdim, orda masanın üstündə nə desən olacaq, qonşu pullu adamdı, hədiyyə mağazasının müdiriydi, getsinlər qarınlarını doydursunlar, amma qız incidi: "Onlar maraqsız adamlardı, özlərindən razı, harınlar". Aha, əgər yalan danışmırsa, deyəsən mənim damımdı, indi bəlkə də yalan danışmağı öyrənirlər. Sonra heyva ağacının altında qız öz şeirlərini oxudu, sviterimi çıxardıb onun əyninə keçirdim. Daha sonra qız ərz elədi ki, bir neçə aydır məni axtarır, iki gündü Buzovnadadır. "Saqqal" (Arif saqqal saxlayırdı) onu aldadıb guya ki, mən şəhərdəyəm...

   O mənimlə qaldı. Guya elə-belə də olmalıymış, biz gecə yarısına qədər söhbət edirdik, təzə çaxır içirdik, qız deyir ki, mənim kaktusumun meyvəsini yeyib, nar dadırdı, bir də nəsə başqa bir tam vardı, çoxdan, lap çoxdan, üç min il əvvəl başqa bir planetin o biri tərəfində belə bir dad duyduğunu xatırlayır.

   Ola bilər - deyirəm - Burda da keçi olduğunu xatırlayırdı.

   Mən ona Sezannın reproduksiyalarını göstərirdim, "Madam Bovari", "Qoca və dəniz" romanlarını yadımda qalan kimi nağıl edirdim, Lorkanın şeirlərini oxuyurdum, o isə tez-tez yerindən qalxıb otaqda var-gəl eləyirdi, özünü oxlov udmuş kimi dimdik tutardı, bu da mənim xoşuma gələrdi. Qız Mariya Stüartdan, Navuxanos və onun üç məşuqəsindən, intihar etmiş protez ayaqlı dayısından, Axundov bağının həndəvərində badam ağacının yanında yaşayan babasından, içərişəhərli keçmiş sirk artistindən uzun-uzadı rəvayətlər danışardı...

   Bilirsənmi, mən səni sahildə görən kimi tanıdım... on iki yaşımda səni yuxuda görmüşdüm, sən böyük ağ gəmidə tək idin, harasa üzürdün, yanımdan üzüb keçdin, hələ tezdi dedin, məni gəmiyə götürmədin, amma məftildən düzəldilmiş üzüyü ayaqlarım altına atdın... üzüyü götürüb barmağıma taxdım... - Bəli, həmişə inşadan beş almışam. "Mənim yuxularıma gülmə, mən həmişə qəribə yuxular görürəm" - Bağışla. - ...amma bığın xoşuma gəlmədi... - "İstəyirsən bığımı qırxım?" - Yox, bilmirəm, sənin düzənini pozmaq istəmirəm...

   İlahi, neynəyim mən, dostumla qızın arasında qalmışam, Arif qızla danışmaq istəyir, qız isə ona səfeh deyir, hər halda Ariflə danışmalısan, qoy o, üçqat axmaq olsun, hər halda onun da hisslərinə hörmətlə yanaşmalıyıq. Qız razılaşdı, mən hasara tərəf getdim, onlar beş dəqiqə danışdılar...

   Qulyabanı qaş-qabağını sallayıb getdi. Lyuba söhbətlərinin məğzini mənə söylədi, onun sözlərində həqiqət vardı, Arif deyirmiş ki, böyük adamlarla yaşamaq tufana, yanğına ərə getmək kimidi, onlarla yaşamaq mümkün deyil, onlar heç kimlə razılaşmırlar, onlar zirvəyə doğru gedirlər, onların heç kimə rəhmi gəlmir, onlar həmişə ehtiyac içində yaşayırlar.

   İki həftə ərzində gözlənilməz xanıma öz YOKNAPATOFımı göstərdtim; mayak, "Körpü" və "Keçid" adı verdiyim qayalar, qum üstündə meynələr, köhnə estakada, Əliayağı piri, ümumiyətlə dəniz sahilində gəzib dolaşırdıq, onun şeirlərinə qulaq asırdım, amma çin məməli cılız quşcuğaza vurula bilmirdim... amma birdən hiss elədim ki, artıq onu sevirəm. Acı bir həqiqəti özümdən uzaqlaşdırmağa çalışırdım, bu qadını yoxsulluq və ehtiyac gözləyir. Yaxşı - səhər radioda himn səslənəndə, atam da ailəni necə dolandıracağı haqqında düşünürdü - dedi. "Mənim heç radiom da yoxdu" - deyirəm ona.- "Sonra sən məndən qaçacaqsan". - "Nə danışırsan, ağlını başına yığ..." Onun mədəsi sağlam idi, bizim kasıb həyatımız üçün bu çox önəmliydi... Yadımda deyil, 1910-cu illərdə hansısa bir fransız rəssamının emalatxanasının qapısında belə bir kəlam yazılıbmış: "Mədəsi pis rəssam cinayətkardır!" Amma alergiya... zaman-zaman öz işini görürdü, gözləri qıyılırdı, üzü solurdu, onda arvadıma məsləhət görürdüm ki, üzünə pudra, gözlərinə sürmə çəksin, dodaqlarını boyasın. Monqol mələyi! Bir dəfə o, məktəb fotolarını mənə göstərdi və mən balkonumuzun altında qışqırıb bağıran, oğlanlarla oğlan kimi dolaşan, cığallıq eləyən qızcığazı tanıdım, balkonda oturub abstrakt barelyeflərim üçün eskizlər çəkirdim, həyətdəki səs-küy mənə mane olurdu, anama deyirdim ki, bu qızın əri dünyanın ən bədbəxt adamı olacaq, budur, o adam mən oldum.

   Bir gün yaradıcılıq yardımı almaq üçün Rəssamlar İttifaqına gedirik, mənim senyoram dayanır, boynuna tikanlı məftil bağlanmış bir köpək yazıq-yazıq zarıyır, köpəyin boynundakı tikanlı məftili açırıq, zavallı heyvan arxamızca düşüb gəldi, qəbul otağında katibə tərs-tərs bizi süzdü. Katibə mızıldanır - guya mən qəsdən bura it gətirmişəm və bununla nə demək istədiyim aydındır. "Siz də belə düşünürsünüz" - kabinetə girirəm, orda həmişə olduğu kimi kiçik mübahisə oldu, lakin pul qopara bildim, pulu alıb çıxıram, it bizi gözləyir. "Ey, alabaş, bəxtimiz gətirdi, mənə rəng, sənə kolbasa alarıq".

   Bəzən əməlli-başlı dalaşırdıq, o, məni qısqanırdı, tez də barışırdlıq... O, əlini nəyə vursa sınırdı, dağılırdı, mağazada ayaqqabı seçəndə rəfdəki bütün ayaqqabılar yerə tökülürdü, stəkanlar, boşqablar qırılırdı, nə isə salıb sındırmadığı şəhər onun şəhəri deyildi, fəqət onun masajlarından sonra təzədən doğulurdum, onun huşu dağınıq olardı, hara oturduğuna fikir verməzdi, qorxurdum ki, uşağın üstünə oturar, dörd stulu bir-birinə bağlayıb Xəzrini qoruyurdum, uşaq arabamız, çarpayımız yox idi, Xəzri orda yatırdı... Axundov kitabxanasında mən Soljenitsının "Matryonanın həyəti"ni, o isə Sartrın "Şeytan və Cənab Tanrı" əsərini oxuyurduq. Kitab oxuya-oxuya uşağı əmizdirirdi, uşaq ağzını elə marçıldadırdı ki, hamı donub təbəssümlə bizə baxırdı. Ev işləri onun xoşuna gəlmirdi. Mən ona kömək edirdim.

   Bir dəfə Kamal Əhməd iki gənc rəssamla bizə gəlmişdi. Söhbət zamanı yanımda oturan arvadımı göstərib dedim ki, o, mənə ana, doktor, qardaş, şair və məşuqədir. Qonaqlar gedəndən sonra Lyuba dedi ki, Kamala sözüm yoxdu, o, səni yaxşı tanıyır, amma uşaqların yanında gərək elə danışmayaydın, birdən səni düzgün anlamazlar...

   Anam nə ilə məşğul olacaqsan deyə gəlinindən soruşdu, sadəlövh qadın "şəkil çəkəcəm" dedi. - "Həə, evdə bir səfeh vardı, indi iki oldu" (Tofiq dünyasını dəyişmişdi).

   1970-ci ildə birdən-birə çox arıqlamağa başladım, ayaq üstə sətəlcəm keçirdiyimdən zəifləmişdim, sol ciyərimdə qaraltı aşkar etdilər, məni onkologiya institutuna göndərdilər, yaman ruhdan düşmüşdüm, arvadım səndə heç nə yoxdu deyirdi, hardansa keçi südü tapdı, qara şokolad aldı, yaxşı qidalanmaq lazımdı, bu isə problem idi. Gündə iki dəfə evdən çıxıb Elmlər Akademiyasının bağında gəzməliydim. Professor arvadımın dedklərini sözbəsöz təkrarlayanda heyrətimdən çaşdım, anam mənə aylarla yardım eləmişdi. 1981-ci ildə yenidən xəstələndim, düz bağrsağımda dözülməz ağrılar vardı, ağrıdan qışqırırdım, morfin tapa bilmirdilər, piramidonun təsiri az idi... Arvadım həmişə yanımdaydı, ölümə inanmırdı, məni güldürməyə çalışırdı. Məni məşhur həkim Səyyarə xanım müalicə elədi... bir il səbrlə mənim şıltaqlığıma dözdü. Mənim mavi gözlü yelbeyinim evdə şəfqət bacısıydı, iynə, maz, pəhriz... yeri gəlmişkən, Səyyarə xanım da fatmailiydi. İlin axırında analizlər tamamilə sağaldığımı göstərəndə həkimin otağında stula çöküb ağladım. Səyyarə xanım: "Sevindiyindən ağlayırsan" soruşdu. - Yox - siz işinizin vurğunusunuz, siz öz işinizin şairisiniz, sağ olun ki, heç kimə lazım olmayan pulsuz rəssamı xilas elədiniz...

   Sonralar sevimli həkimim üçün iki tablo işlədim. Anamla münasibətimiz yaxşılaşmışdı, o, mənə cürbəcür əhvalatlar danışırdı - məsələn, əmimin arvadı cavan oğlana qoşulub qaçmışdı və üç ildən sonra geri dönmüşdü, uğursuz abortdan sonra qanı zəhərlənmişdi, anam Zeynəbdən savayı hamı ondan üz döndərmişdi, anam deyirdi ki, son günlərini yaşayan qadın ölüm yatağında taleyindən gileylənmirdi, ölümdən qorxmurdu, dörd divar arasında öz hisslərinin saflığından danışırdı, onun günahı yoxdu, doşab kimi şirin bir sevgidən söz açırdı, deyirdi belə bir eşq yaşayıb, indi onun bədəlini ödəyir və əsla peşman deyil... Acığı tutanda anam qarğış eləyərdi: "Görüm sənin Sazonun gorbagor olsun" - qardaşım onu sakitləşdirirdi - Sezann çoxdan Fransada ölüb... - Qardaşının da beynini xarab elədin, sən doğulanda uçmağa qanadım yoxdu, mələyə oxşayırdın., həkim, ya da bəstəkar olmağını arzulayırdım, xalq bəstəkarları sevir, indi heç nə başa düşmürəm. Əclafa vaxtında əclaf demək lazımdır, heyvan kimi yaşadın, heyvan kimi də öləcəksən, qozbeli ölüm düzəldər...

   Artıq beş il idi biz evliydik, səhərlər botanika bağına gedirdik, bir dəfə mən bağa tək getməli oldum, o, özünü pis hiss edirdi, evdə qaldı. Mən ağacların işıq-kölgə effektini müşahidə edirdim, Sezann haqqında düşünürdüm. Evə qayıdan kimi mənim Kassandram yuxusunu mənə danışdı, onun yuxusunda mən kosmik maviliklərin dərinliyində əlimdə bir dəstə gül Sezannı xəbər alıram, hardansa qeybdən bir səs gəlir: "O yoxdu, o, ulduz olub". - "Onun yerini mənə göstərin". Kimsə parlaq işıq gələn tərəfi göstərir, mən işığa tərəf gedirəm, amma işıq seli məni geri itələyir. "Onda bu gülləri ona verin": Güclü bir əl gül dəstəsini məndən alır, gül dəstəsi hava fişənginə dönüb o ulduza sarı uçur. Arvadım göyüzünə və ağaclara baxır, Sezann haqqında düşündüklərini röyada görmüşdü... Moskvaya getmək imkanı yarananda, bu isə 1985-ci ildən sonra yaranmışdı, Çingiz Aytmatov bizim cəhənnəm əzabıyla keçən həyatımızı yüngülləşdirmək üçün əlindən gələni əsirgəmirdi, həftədə iki dəfə A.S.Puşkin adına təsviri sənətə gedib bu muzeyin banisi İvan Svetayevin xatirə lövhəsi qarşısında baş əyirdim, onun qızının və nəvəsinin başına gələn bəlaları ürəkağrısı ilə xatırlayırdım... belə anlarda musiqi səsi eşidirdim, bu musiqini yalnız Paqanini çala bilərdi... Aleksey Tolstoy, Marina Svetayeva kimi böyük istedadları tələyə salıb xaricdən gətirdilər, vətəndə onların başına oyun açdılar.

   Sezannın "Avtoportret"i önündə rəsama "Salam, ata" deyərdim, bu, mənim ayinim idi, sonra Van Qoq, Qogen, Pikasso və nəhayət Matiss, bəzən uzun müddət onun əsərləri qarşısında oturardım... bəli, onların metodlarını öyrənmək üçün xeyli qüvvə sərf etmişəm, bəli, mən onların sadiq davamçısı olmuşam və mən müxtəlif mədəniyyətin qədim sənət formalarıyla bu ənənəni sındırıb dağıtmışam.

 

 

  Adil Mirseyid

 

   Ekspress.- 2011.-16-18 aprel.- S. 14.