"Cənubi Azərbaycan azad olan kimi Türk dünyası birləşəcək"

 

   Qulamrza Səbri Təbrizi: "Azərbaycan diasporu vətən, millət naminə yola çıxmalı, ölkəni təbliğ etmə gücündə olmalıdır"

 

   "Dünya azərbaycanlılarının bir araya gəlməsi yönündə illərdir bir çox məsələləri dünya ictimaiyyətinin diqqətinə çatdıran təşkilatlar olub və həmişə də olacaq. Çox təəssüf ki, görüntü baxımından millət naminə işlər görən təşkilatlar, əslində öz xeyrini güdməkdən başqa bir görmür". Bu fikirlər Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sədri, professor Qulamrza Təbriziyə aiddir. Onunla bir neçə saatlıq söhbətimizdə də əsasən bu məsələdən bəhs etmişik.

   - 2 ildir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə rəhbərlik edirsiniz. Belə bir cəbhəyə illərdir ehtiyac varkən, hansı səbəbdən bu qədər gec fəaliyyətə başlamısınız?

   - Əslində bizim mübarizəmiz məşrutədən başlayaraq Xiyabani, Pişəvəri dövrünə qədər davam edib. İllər öncə isə bir qrup ziyalı bir araya gələrək fikir mübadiləsi apardığımız zaman o nəticəyə gəldik ki, azadlığımız milli hərəkatdan başlayır və milli hərəkatı daxildən başlamalıyıq. Hələ 1959-cu ildə Avropa ölkələrində olduğum zaman geniş mütaliələrlə dünya yazarlarının əsərlərini oxuyaraq geniş bilgilər əldə etsəm də, sonda başa düşdüm ki, önəmli olan öz dilimizdir, öz dilimizdə yarananlardır və oxuduğumuz hər bir məqamlarla - yəni dünya ölkələrində baş vermiş proseslərlə öz dilimizdə tanış olmalıyıq. Təxminən 30 il bundan əvvəl milli hərəkatlarla bağlı geniş müzakirələr keçirməyə, geniş fikir mübadiləsi aparmağa və tədricən həmfikirlərimizlə bir araya gəlməyə başladıq. Sonuncu toplantımız Hollandiyada oldu, orada yaşayan ziyalı azərbaycanlılar bir araya gələrək belə bir qərar qəbul etdik: Milli Azadlıq Hərəkatını siyasi formada başlamalı. Nəhayət ki, ikinci dəfə yenidən dünya azərbaycanlıları ziyalı təbəqəsi bir araya gələrək fəaliyyətə start verdi. Gördüyünüz kimi, son nəticə olaraq artıq fəaliyyətimiz diqqətdə dayanır.

   - Konkret olaraq qarşınıza hansı məqsədi qoydunuz?

   - Təbii ki, konkret məqsəd məlum idi - Milli Azadlıq Cəbhəsi özünü, milləti azad etməlidir. Öz ayağımız üzərində duraraq milləti azad etmək yolunda var gücümüzlə çalışmalıyıq. İlk olaraq dil məsələsini önə çəkdik. Təbii ki, çalışdığımız gündən təqiblərə, təzyiqlərə məruz qaldıq, tərəfdaşlarımız zindan əzablarına qatlaşmalı oldu. Çox çətin həyat yaşadıq. Yəni görüntü etibarilə 3 illik fəaliyyət olsa da, illər öncə mübarizə uğrunda qurbanlar verdik. 1959-cu ildə mən ana torpağımı tərk etmək məcburiyyətində qaldım. Öncə yaşamaq üçün Türkiyəni seçdimorada siyasi fəaliyyətimi davam etdirməyə başladım. Dil əleyhinə olan mübarizəyə qoşulanlar çox olsa da təzyiqlər, təqiblər göz açmağa imkan vermirdi. Buna görə də vətəndən uzaqda müxtəlif ölkələrdə fəaliyyət göstərməli olurdum. Siyasi fəaliyyətimlə yanaşı, yüksək təhsilə sahib oldum.

   - Hətta o çətin illərdə bədii yaradıcılıqla da məşğul olmanız diqqətdən qaçmır...

   - Bədii yaradıcılıq mənim daxili dünyamda baş verən prosesləri sözlərin gücü ilə oxucuya çatdıran bir vasitə idi. Vətən həsrətimi, dil problemimi, məruz qaldığımız təzyiqləri bədii yaradıcılığımda geniş formada əks etdirə bilirdim. Bir məqamı acı da olsa diqqətinizə çatdırmaq istərdim. Mən ilk illərdə əcnəbi ölkələrdə çalışdığım zaman ana dilimdə danışmağa bir adam tapmırdım. Hərdən, təbii ki, imkanım olunca anama zəng edər, onunla bir-iki kəlmə danışardım. Ancaq bu, mənə azlıq edirdi, daha çox danışmağa, öz dilimdə fikir mübadiləsi aparmağa, dərdlərimizi bölüşməyə ehtiyacım vardı. Və məhz o məqamlarda belə bir nəticəyə gəldim ki, ana dili dünya maddəsidir. Yəni dünya maddəsini ana dili vasitəsilə dadırıq. Məsələn, çörək deyərkən, gözümüz qarşısında sadəcə çörək canlanmır. Əksinə daha geniş bir mənzərə canlanır - ananın xəmir yoğurması, bacının xəmir üçün su gətirməsi, o mühit, bir sözlə bir kəlməylə dünya maddəsini qəbul edirik. Əgər bu da əlimizdən alınırsa, demək ki, dünya maddəsi, enerji əlimizdən alınır. Mənim etiqadım var ki, insanın aldığı enerji dünya maddəsindən gəlir. Mən həmişə düşünürəm ki, insana əzab vermək üçün onu zindana salaraq fiziki işgəncə verməyə gərək yox, insanın dili əlindən alınırsa bu onun üçün ən böyük işgəncədir. İstər mənəvi baxımdan, istərsə də fiziki baxımdan.

   - Ən dəhşətlisi isə odur ki, müsəlman ölkəsində ana dilində məktəbi olmayan azərbaycanlı, düşmən xalqın - ermənilərin erməni məktəblərində ermənicə təhsil almasını, ümumiyyətlə, ermənilərə yaradılan rahat şəraiti acıyla izləmək məcburiyyətindədir...

   - Hələ 6 yaşımda məktəbə gedərkən mənə farsca danışmağı tapşırsalar da mən danışa bilmədim, nəticədə döyüldüm, söyüldüm. Məktəbə gedən bütün uşaqlar mənim düşdüyüm vəziyyətlə qarşılaşır. İnanırsınız, mən necə həqarətlərə, təhqirə məruz qaldımsa o gündən etibarən məktəbə getmədim. Bu proses Pişəvəri gələnə qədər davam etdi. Çox böyük siyasi oyunlar gedir. Türk dilinə qadağa qoymaq, Azərbaycanı farslaşdırmaq və s...

   - Əslində Gülüstan müqaviləsinin imzalanmasında da məqsəd, Azərbaycanın bir hissəsini ruslaşdırmaq, digər hissəsini isə farslaşdırmaqla dilindən, dinindən uzaqlaşdrımaqdı. Buna tam da olmasa, müəyyən mənada nail ola bildilər...

   - Tamamilə doğrudur, öz dilimizə həsrət qaldıq, dilimizdən uzaqlaşdırıldıq. Ancaq bunu tam olaraq həyata keçirə bilmədilər. Analarımız dilimizi qorudu, bizi öz ana dilimizdə tərbiyə etdilər. Türk dünyası artıq birləşməyə doğru gedir. Cənubi Azərbaycan azad olan kimi Türk dünyası birləşəcək.

   - Artıq o yoldayıq...

   - Əlbəttə, illər uzunu mübarizə aparmışıq, deyirsiniz bir nəticəsi olmasın? Biz mütləq tutduğumuz bu haqq yolda qələbə qazanacağıq. Bunun nəticəsidir ki, Milli Hərəkat son aylarda fəaliyyətini daha da gücləndirib. Mən artıq ikinci dəfədir ki, Milli Azadlıq Cəbhəsinə sədr seçilmişəm. Və fəaliyyət göstərdiyimiz son 7-8 ayda bu nəticəyə gəlmişəm ki, bizim azadlığımız qeyd etdiyim kimi, milli hərəkatdan keçir.

   - Yeri gəlmişkən, istər Milli Hərəkatın rəhbəri, istərsə də DAK-ın fəxri prezidenti kimi, diaspor qurumlarıyla iş birliyiniz varmı?

   - Mən gəldiyim zaman dünya azərbaycanlıları arasında bir parçalanma yaranmışdı ki, bu da konqresə öz mənfi təsirini göstərməyə bilməzdi. İki DAK fəaliyyət göstərirdi. Bir şərtlə fəxri prezident olmağa razılaşdım - o da birlik olma məsələsini önə çəkməklə. Rəy verildi və mən Cavad Derəxtinin yerinə təyin olundum. İlk gündən hiss etdim ki, münasibətlər çox fərqlidir. Yəni konqresdə olanları vəzifə, biznez daha çox düşündürür. Belələri ilə mübarizə apararaq onların düşüncə tərzini tədricən dəyişməyə səy göstərdim. Düşüncə tərzi dəyişməyənləri, yəni sadəcə məqsədli şəkildə çalışaraq öz xeyrini güdənləri mədəni şəkildə konqresden uzaqlaşdırdım. Bizlərdə bir mənfi xüsusiyyət var, millət naminə görənlərin ayağından çəkərək onu tutduğu vəzifədən azad etmək. Çox təəssüf ki, mənim fəaliyyətim çoxlarının biznesinə ziyan vurduğu üçün mənə qarşı çıxdılar, məni incitdilər ki, istefa verim. İstefam qəbul olunsa da məni fəxri sədr kimi konqresdə saxlamağa razı saldılar. Bu illər ərzində iki DAK eyni formada fəaliyyətini davam etdirir. Hazırda artıq onlar - yəni hər iki tərəf mənim illər öncə önə çəkdiyim fikrin üzərində dayanaraq birləşməyə qərar veriblər.

   Əslində DAK o qədər böyük təşkilatdır ki, fəaliyyətini gücləndirərək hər kəs sadəcə millət naminə çalışmağı qarşısına qoysa, o zaman Ermənistan, İran haqsızlıqlarının qarşısını ala bilər. Çox təəssüf ki, bu qurumun sadəcə adı görünməkdədir. Bu səbəbdən GAMAC-ı yaratdıq ki, ziyalılar bir araya gələrək millət naminə işlər görək. Sizi inandırım ki, burada heç kim sədr kürsüsünə can atmır, sədr seçmək üçün az qala kiməsə yalvarırıq. Biznes burada rol oynaya bilməz. Fəaliyyətimizi getdikcə daha da gücləndiririk.

   - Amma təkcə fəaliyyəti gücləndirməklə iş bitməz, lazımdır ki, dünya ölkələrində fəaliyyət göstərən digər milli hərəkatlarla bir araya gələsən. Bu baxımdan soruşmaq istərdim ki, Azərbaycan diasporunun işi sizi qane edirmi?

   - Qətiyyən qane etmir.

   - Səbəbi nədir?

   - Səbəb çox sadədir. Bu qədər ki pul xərclənir, bu pullar müsbət tərəfə deyil, mənfi tərəflərə xərclənir. Görüləcək işlər qalır bir tərəfdə, ticarət önə çıxır. O qədər görülməli işlər var ki, diaspor bu kimi işlərdə milli hərəkatlara kömək etməlidir. Çox təəssüf ki, biz şəxsi büdcəmiz hesabına işlər görmək məcburiyyətindəyik. Ancaq şəxsi büdcə ilə çox görmək mümkün deyil. Diaspor vətən, millət naminə yola çıxmalı, vətən, millət naminə işlər görməli, ölkəni təbliğ etmə gücündə olmalıdır. Məsələn, 35 milyonun dərdini dünyaya çatdırmalıdır ki, bizim ana dilimizdə məktəbimiz yoxdur. Bu problem diaspor üçün ən böyük məsələ olmalıdır.

   - Olubmu ki, hər hansı məsələ ilə bağlı Diaspor Komitəsinə müraciət edərək, heç olmasa mənəvi dəstək istəyəsiniz?

   - Təbii ki, daima müraciət edirik. Çox vaxt müsbət cavab alırıq, bəzən isə müraciətimizə heç əhəmiyyət belə vermirlər. Bütün bunlara baxmayaraq, biz bir an olsun fəaliyyətimizə ara vermirik uğrunda mübarizə apardığımızı dünyanın diqqətinə çatdırmaq üçün bütün gücümüzdən istifadə edirik. Məsələn, ötən ilin dekabrında Londonda - BBC-nin qarşısında etiraz aksiyası keçirərək Qarabağ məsələsinin haqsızlıqdan başqa bir şey olmadığını dünyanın diqqətinə çatdırdıq. Eyni zamanda Xocalı məsələsini, əsirlikdə olan soydaşlarımızın çəkdiyi zülmləri s. dünyanın diqqətinə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Milli Hərəkatın fəaliyyətini bu yolda görürük. Ancaq diaspor qurumları böyük güc deməkdir. Bizim illərlə deyə bilmədiklərimizi onlar bir göz qırpımında həyata keçirə bilərlər. Belə olan halda niyə susurlar? İran ermənilərə dəstək verərək onlar üçün bütün şəraiti yaratdığı halda, türklər haqsız təzyiqlərə məruz qalır. Niyə diasporumuz bu məqamı dünyanın diqqətinə çatdırmır? Ancaq erməni diasporunun dünyada gördüyü işlərə baxın, görün haqsız olmalarına baxmayaraq, dünyaya necə səs salaraq özlərini yazıq kimi göstərirlər. Guya ki, təzyiqlərə, işğala məruz qalan onlardır, biz yox. Mən demirəm ki, bizlər özümüzü dünya ölkələrində yazıq kimi göstərək, sadəcə olaraq ölkəmizin, millətimizin düşdüyü vəziyyəti olduğu kimi göstərərək haqqımızı tələb edək. Bu yöndə diaspor güclü işlər görməlidir, əslində elə diasporun fəaliyyəti bundan ibarət olmalıdır.

 

   

Ulduzə QARAQIZI qaraqızı@rambler.ru

 

Ekspress.- 2011.- 4 avqust.- S.12.