"Diaspor təşkilatları arasında bir qısqanclıq var"

 

   Səfər Qaraqoyunlu: "Azərbaycanı qarşılıqsız sevən, "mən azərbaycanlıyam, Azərbaycan türküyəm" deyən hər kəsin fəaliyyəti dəstəklənməlidir"

 

   "Qarabağ problemi əslində təkcə Azərbaycanın deyil, bütün türklərin problemidir"

 

   Azərbaycanın qardaş Türkiyədə tanıdılması yönümündə fəaliyyət göstərən diaspor qurumlarından biri də Türkiyə Azərbaycan Dostluq və Dayanışma Platformudur. Bu işdə qurumun qurucusu və sədri Səfər Qaraqoyunlunun xidmətləri danılmazdır. Qeyd edək ki, S.Qaraqoyunlu həm də Azərbaycan Mədəniyyət Evinin qurucusu və sədridir. Kars Ardahan İğdır iş adamları (KAİSİAD) birliyinin sədr müavini olub. Hal-hazırda İstanbul-Türkiyə-Azərbaycan Dərnəyinin sədridir.-Sə

 

   -Səfər bəy, öncə sizi tanıyaq. Kimdi Səfər Qaraqoyunlu?

   - Qısaca onu deyirm ki, mən İğdırın Qaraqoyunlu rayonundanam. Ailəmin bir hissəsi Azərbaycandan, bir hissəsi isə 1915-ci illərdə İrəvandan erməni soyqırımına məruz qaldığı üçün İğdıra köçmək məcburiyyətində qalıblar. Diaspor işlərindən əlavə eyni zamanda İstanbulda sürücülük məktəblərim var, müəlliməm.

   - İstanbul-Türkiyə-Azərbaycan dərnəyi yeni yaranan qurumlardandır. Məqsəd nəydi bu dərnəyi yaratmaqda?

   - Məqsədimiz Türkiyə və Azərbaycan arasında qüvvətli bir körpü qurmaq, dostluq və həmrəyliyi gücləndirməkdən ibarətdir. Təşkilatımızın vəzifəsi Azərbaycan türkləriylə Azərbaycandan köçərək, başda Türkiyə olmaqla dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin sosial, mədəni, iqtisadi, siyasi, təhsil və elm məsələlərini müəyyən formalarda həyata keçirməkdir. Təşkilatımız qaçqın kimiyaxud başqa səbəblərlə Türkiyədə yaşayan Azərbaycan türklərinin Türkiyədəki türk cəmiyyətilə daha yaxşı dialoq qurmasına, Türkiyədəki sosial həyata adaptasiya olmasına, yerləri və yaşayış yeri ilə təmin olunmasına, vətəndaşlıq və təhsil problemlərinin həll olunmasına yardım göstərir. Bundan əlavə, biz Türkiyədə yaşayan azərbaycanlılar arasında dostluq və mehribanlığın daima var olamsı üçün də əlimizdən gələni edirik. Qeyd etməliyəm ki, təşkilatımız Türkiyə-Azərbaycan arasında dostluq, qardaşlıq və həmrəylik bağlarının möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir.

   - Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etdiniz. İlk belə qurultaya qatılan şəxs kimi fikirləriniz maraqlı olardı...

   - Doğru qeyd etdiniz ki, mən qurultaya ilk dəfə idi qatılırdım. Bu səbəbdən də hər hansı fikir yürütməyim yalnış olar. Çünki əvvəlki qurultayların necə keçdiyini bilmirəm. Yalnız onu deyə bilərəm ki, Dünya Azərbaycanlılarının III Qurultayı bu günə kimi qatıldığım bütün toplantı, iclas və tədbirlərin ən möhtəşəmiydi. Qurultayda cənab prezidentimiz İlham Əliyev çox önəmli mövzulara toxundu. Hər şeydən öncə "düşmənimiz eynidir" dedi. Çox gözəl birlik, bərabərlik, qardaşlıq və həmrəylik mesajları verdi hamımıza. Xarici ölkələrdə yaşayan soydaşlarımızın birlik, bərabərlik, həmrəylik içində olması üçün səfirliklərimizin dialoq çərçivəsində işləməsini, problemlər yarandığında təşkilatlarla bir yerdə onların həll edilməsi üçün dəyərli məsləhətlər verdi. Məncə, bu fikirlər Azərbaycanın xarici ölkələrdə olan diasporu üçün yeni dövrün başlanılmasına işarədir.

   - Bir İğdır azərbaycanlısı kimi Türkiyə-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz?

   - Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyə qovuşandan sonra onu tanıyan ilk ölkə Türkiyə olub. Ondan sonra Türkiyə-Azərbaycan əlaqələri, münasibətləri günü-gündən inkişaf edir, güclənir. Təbii ki, bu proseslərdə Azərbaycanın Türkiyədəki diasporunun da böyük rolu var. Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporu dərnək və təşkilatlarının daimi fəaliyyəti, Azərbaycançılığın təbliği, xalqımızın mədəniyyətini, incəsənətini Türkiyəyə, o cümlədən dünya ölkələrinə tanıtması Türkiyə-Azərbaycan münsibətlərində mühüm bir addımdır. Türkiyə-Azərbaycan münasibətlərinin dərinliyinin sübutu olaraq demək olar ki, Azərbaycanın bir çox dünya ölkələrində aktiv fəaliyyət göstərən diaspor təşkilatları məhz türklər tərəfindən yaradılıb. İstər Türkiyə, istərsə də digər ölkələrin diaspor başqanları ilə söhbət zamanı məlum olur ki, onlar Azərbaycan türkünün haqlı olduğunu bütün dünyaya isbat etmək üçün mücadilə aparırlar.

   - Sizcə, bu münasibətlərin inkişafı üçün daha hansı işlər görülməlidir?

   - Təkrar edirəm, Türkiyə-Azərbaycan münasibətləri çox yaxşı inkişaf edib, amma bu münasibətlərin daha da genişlənməsi üçün çox çalışmaq lazımdır. Belə ki, Azərbaycanla Türkiyə arasında mədəni, sosialiqtisadi mənada olan münasibətlər daha da möhkəmləndirilə bilər. Amma bunun üçünsivil quruluşlar gücləndirilməli və mənəvi dəstəklənməlidir.

   - Necə hesab edirsiniz, hazırda Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş saymaq olarmı?

   - Müşahidələrimə əsasən deyə bilərəm ki, son 10-15 ildə Azərbaycan və Türk diasporu xeyli güclənib. Prezidentimiz İlham Əliyevin dediyi kimi, düşməni eyni olan bir millətin diasporu da bir olmalıdır. Əgər biz birlikdə fəaliyyət göstərəriksə, bu zaman daha güclü olarıq. Bu yönümdə mühüm işlər görülür. Diaspor təşkilatları, dərnəkləri yaradılır. Fikrimcə, təşkilatlar, dərnəklər yaradılarkən insanlar buradan mənfəət düşünməməlidirlər. Mənfəət düşünülmədiyi təqdirdə müəyyən işlər görülə bilər. Azərbaycan diasporunun hal hazırkı vəziyyəti isə normal inkişaf etməkdədir.

   - Türkiyədə azərbaycanlıların lobbiçilik fəaliyyətləri necədir? Soydaşlarımız bu sahədə aktivlik göstərirlərmi?

   - Türkiyədə azərbaycanlıların lobbiçilik fəaliyyətləri son 20 ildə daha çox inkişaf edib. Biz türklər hər zaman sülhü, mehribanlığı, səmimiyyəti sevən millət olmuşuq. Bu günə kimi türklər heç bir dövlətə cəmiyyətə düşmən kimi davranmayıb. Ancaq son 20 ildə zaman-zaman Ermənistan dövləti bizə olan düşmən mövqeyini göstərdiyi coğrafi baxımdan bizə problem yaratmağa çalışdıqları üçün biz öz sərt mövqeyimizi göstərmək məcburiyyətində qalmışıq. Bu baxımdan Türkiyədə lobbiçilik fəaliyyətləri bu hadisələrə paralel surətdə inkişaf edir.

   - Azərbaycanlıların Türkiyədəki vəziyyəti necədir?

   - Mən deyə bilərəm ki, yaxşıdır. Biz azərbaycanlıların yaşadıqları bütün sıxıntıları gözümüzlə görmüşük. Azərbaycan türklərinin yaşamış olduğu sıxıntılar bütün Türkiyədə əsəb qəzəblə izlənilməkdədir. Türkiyə Cümhuriyyəti türk xalqı Azərbaycanın haqlı davasında sonuna qədər arxasındadır. Bütün bunları nəzərə alaraq, təşkilatımız da öz növbəsində azərbaycanlılara yardım göstərməyə çalışır.

   - Sizcə, azərbaycançılığın bütün dünyada layiqincə təbliği üçün kimi işlər görülməlidir?

   - Azərbaycanın bütün dünyada tanınması, azərbaycançılığın layiqincə təbliğ edilməsi üçün Azərbaycanı qarşılıqsız sevən, "mən azərbaycanlıyam, Azərbaycan türküyəm" deyən hər kəsin fəaliyyətinin dəstəklənməsi, bu fəaliyyətlərin çoxaldılması Azərbaycanı sosial, mədəni, elm təhsil sahəsində bütün dünyaya tanıtmaq lazımdır. Bundan əlavə turizm sahəsində müəyyən işlər görülməlidir. Fikrimcə, bir ölkəni dünyaya tanıdan ən gözəl turizm sahəsində görülən işlər mədəni tədbirlərin keçirilməsi ilə bağlı ola bilər. Azərbaycanı özündən bir parça sayan türk adamlarının da fəaliyyətləri nəzərə alınmalı işlərinin daha genişlənməsi üçün müəyyən yardımlar göstərilməlidir.

   - Sirr deyil ki, bəzən diaspor təşkilatları arısnda hansısa problemlər yaşanır. Bildiyim qədəriylə Azərbaycanın ən çox diaspor təşkilatları məhz Türkiyədədir. Sizcə, bu ölkədəki Azərbaycan diasporları arasında da problemlər varmı?

   - Mənim fikrimcə, Türkiyə Azərbaycan üçün fəaliyyət göstərən dərnəklər arasında adı qoyulmamış bir qısqanclıq bir-birini bəyənməmə problemi mövcuddur. Bu problemlərin aradan qaldırılması belə problemlərin yaranmaması üçün birlikdə dostluq, həmrəylik adına toplantılar keçirilməlidir. Bu toplantılar Azərbaycan tərəfindən dəstəklənməlidir. Mən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini bəyənir dəstəkləyirəm. Qurultay onun kimi tədbirlərin hər il keçirilməsini istərdim. Çünki belə tədbirlər bizi daha da birləşdirir biz daha da güclü oluruq.

   - Azərbaycanın ən yaralı yeri Qarabağ problemi haqqında düşüncələrinizi almaq istərdim...

   - Qarabağ problemi əslində təkcə Azərbaycanın problemi deyil, bütün türklərin problemidir. Fikrimcə, bu prblem bir gün çözüləcək. Azərbaycanın haqlı davasını bütün dünya bilir, amma hələ ki, bir çarə tapılmır. Türkiyə Cümhuriyyəti Azərbaycanın haqlı davasının arxasındadır. Türkiyədə üç miylon yarım Azərbaycan türkü yaşayır. Amma Qarabağ məsələsini 73 milyonluq türk xalqı ürəyində hər zaman hiss etməkdədir. Ermənistan Qarabağı tərk etmədiyi müddətcə Türkiyə sərhədləri açılmayacaq. Son günlərdə Ermənistan prezidentinin söylədiklərinin hamımız şahidi olduq. Cənab prezidentimiz İlham Əliyevin dediyi kimi, düşmənimiz eynidir ermənilərdən bundan başqa bir şey gözləməyimiz düzgün olmazdı.

   Səfər Qaraqoyunlu müsahibəni "Yaşasın Türkliyə-Azərbaycan dostluğu!", "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" sözləriylə yekunlaşqdırdı...

 

   

  İradə CƏLİLOVA,

  Azərbaycan Respublikasının Prezidenti

yanında Kütləvi İnformasiya Vasitələrinin

İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə

dəstəyi ilə çap edilib

 

Ekspress.- 2011.- 10 avqust.- S.12.