"Mən muğamı 150 il əvvəlki tək oxuyuram"

 

Xanəndə Ağakərim Nafiz Şirvan muğam məktəbinin yetişdirdiyi, öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Amma 50 ilə yaxındır ki, muğamın təbliği ilə məşğul olan bu sənətkar diqqətdən kənarda qalıb.

Ağakərim Nafiz xaricdə daha çox məşhurdur. Bir neçə dəfə Fransada, İtaliyada, o cümlədən Avropanın bir çox ölkəsində qastrol səfərlərində olan xanəndə böyük salonlarda geniş konsert proqramları ilə auditoriya qarşısına çıxıb. Bu 40 ildə Azərbaycanda adi bir audiokaseti buraxılmasa da, Fransada diski çıxıb. Artıq bir neçə ildir ki, xarici ölkələrdə ustad dərsləri keçir. Buna baxmayaraq, öz vətənində xanəndə yetişdirməyə həvəs göstərmir. Ustad sənətkar bütün bunlara qəzetimizə verdiyi müsahibədə aydınlıq gətirir.

- Ağakərim müəllim, 50 ilə yaxındır xanəndəlik edirsiniz. Bəs üçün indiyədək bir kaset buraxdırmısınız, konsert vermisiniz? Deyəsən, bir az passiv işləyirsiniz...

- Mən təbliğ olunmağa heç vaxt ehtiyac duymamışam. Mənim mahnılarımı, təsniflərimi xalq artistlərindən tutmuş, lap cavan xanəndələrə qədər, çoxları oxuyublar. Onlar buraxdırdıqları kasetlərdə mənim təsniflərimdən istifadə ediblər. Ancaq mən öz təsniflərimi belə təbliğ etməyə ehtiyac duymamışam. gedib heç kimə deməmişəm ki, niyə məndən icazəsiz mahnılarımdan, təsniflərimdən istifadə edirlər? Ona görə ki, biz oxuduğumuz muğamları, mahnıları da elə bizim kimi insanlar bəstələyiblər, düzüb qoşublar.

Təbliğ olunmaq məsələsinə gələndə isə, keçmişdə kaset vardı, klip çəkdirirdilər, konsert verirdilər. Amma o dövrlərin sənətkarları yüzillərdir məşhur xanəndə kimi yad olunurlar. Məgər Cabbar Qaryağdıoğlunun vaxtında belə şeylər vardı? Amma Cabbarın adı bu gün dillər əzbəridi. Yəni sənətkar sənəti ilə tanınırdı. Ancaq indikilər sənəti, istedadı oldu-olmadı, cumurlar kaset buraxdırmağa. Bir görürsən ki, oxumağa başladığı heç 2-3 ay deyil, 5 kaset buraxdırıb... Daha doğrusu "albom". Ancaq bayaq da dedim, mənim təsniflərimi lentə aldırıb, sonra da öz adlarına çıxırdılar. Məsəlçün, Elşad Qarayevin oxuduğu "Zəngi, zəngi" mahnısı mənim bəstələdiyim təsnifin bir hissəsidir. Adı da "Xahiş mikonəm"dir. Bu təsnifi mən Tacikistanda olanda bəstələmişəm. Bir dəfə Düşənbədə olanda, skamyada oturmuşdum, gördüm, bir tacik qızı telefonda danışır, amma tez-tez "alo, xahiş mikonəm" deyir. Mən durub gedəndə artıq özümçün zümzümə edirdim -"xahiş mikonəm, alo, xahiş mikonəm". Həmin mahnı o zaman yaranıb. Elşad Qarayev mahnını "Zəngi, zəngi" kimi oxuyur, hələ klip çəkdirib. Ancaq titrdə yazdırıb ki, guya mahnının sözləri musiqisi Elşada məxsusdur. Qəti şəkildə bildirirəm: Elşadın oxuduğu "Zəngi, zəngi" mənim "Xahiş mikonəm" mahnımdır. Mən kaset buraxdıracaqdım. Mahnılarımı lentə aldırmışdım. Ancaq elə oldu ki, bir dəfə kənd soveti sədrini vurdum. Məni həbs edib, 2 il kəsdilər. Bilmirəm nədənsə həmin kaseti satışa buraxmadılar. Sonradan mənə bir dostum dedi ki, həmin lentin yoxa çıxması hansısa müğənninin sifarişi ilə olub. Ancaq müğənninin adını demədi. Xülasə, həmin kasetdə mənim "Xahiş mikonəm" mahnım da vardı.

Mənim mahnılarımı nəinki müğənnilər, hətta adlı-sanlı bəstəkarlar da öz adlarına çıxıblar...

- Kimlərdən dərs almısınız?

- Mən çox xanəndədən dərs götürmüşəm. Ancaq əsl ustadım, ötən əsrin ortalarında Şamaxıda Ağalar adında xanəndə vardı, o olub. Allah ona rəhmət eləsin, çox cavan yaşlarında həyatdan köçdü. 1969-cu ildə Ceyrançöldə onu maşın vuranda, heç 30 yaşı yox idi. Rəhmətlik Ağalar başqa aləm idi. Onda olan zil səsə, zənguləyə indiyədək mən rast gəlmədim. Mən onun sənətini tam qavraya bilsəydim, indi başqa cür xanəndə olardım. Onun zəngulələri, boğazları, bilim, göydəngəlmə bir şey idi. Ağalar rəhmətlik muğamatı çox gözəl bilirdi, Asəf Zeynallı adına Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində oxumuşdu. Ağalardan sonra müəllimim rəhmətlik Aşıq Məmmədağa olub. Düzdür, onun şəyirdi olmamışam, ancaq bir yerdə çoxlu konsertlərdə oxumuşuq. Aşıq Məmmədağa çox sərrast muğam ifaçısı idi. Yəqin bilərsiniz, Şirvanda belə bir qayda var ki, aşıq mütləq muğamatı gözəl bilməlidir. Digər tərəfdən, aşıqlıq o qədər böyük sənət sayılırdı ki, aşıq olmaq istəyənlər gərək bir neçə il ustad aşıqların yanında xanəndəlik edəydilər. Şirvanın bütün aşıqları bu sənətə xanəndəlikdən gəliblər, ona görə onlar muğamı gözəl bilirlər.

- Ağakərim müəllim, deyək ki, indi televiziyaya, radioya çıxmaq üçün pul istəyirlər. Bəs əcəb, əvvəllər ekrana çıxmamısınız?

- O dövrdə televiziyaya çıxmaq üçün xanəndə mütləq ya gərək filarmoniyanın, ya da telestudiyanın solisti olaydı. Yəni hələm-hələm rayon xanəndəsini efirə buraxmırdılar. Yaşlı nəsil gözəl xatırlayar, ustad xanəndə vardı, Əliyusif Qəniyev -əslən Şamaxıdan idi, Kürdəmirdə yaşayırdı, 1971-ci ildə vəfat elədi. O boyda sənətkarı radioya, televiziyaya buraxmadılar. Çoxu da paxıllıqdan. Bizim millətin ən böyük bəlası elə paxıllıqdır.

- Sizin ifanız klassik formadan fərqlənir. Bu da çox vaxt birmənalı qarşılanmır...

- Kimsə mənim ifamı qəbul etmirsə, gedib dalaşmayacağam ki... Götürək, Alim Qasımovu... Alim muğamata yeni ifa tərzi, yeni nəfəs gətirib. Onun oxumağını da burda bəyənmirlər. Çox da bəyənməsinlər, Alimin üzüyünün qaşı düşəcək?.. Alimi bütün dünya bəyənir, qəbul edir.

Mənim ifama gəldikdə isə, onu deyə bilərəm ki, mən muğamı 100-150 il bundan əvvəl necə oxuyurdularsa, elə oxuyuram. Bir dəfə bir çayxanada oturmuşdum. Alim o vaxtlar təzə-təzə məşhurlaşırdı, özü Möhlət Müslümov Fəxrəddin Dadaşovun müşayiəti ilə çıxış edirdi. Onlar da həmin çayxanada idilər. Gördüm, tanınmış xanəndələrdən biri Möhlətə deyir ki, "Alim "Bayatı-Şiraz"ı düzgün oxumadı. Onda mən onların söhbətinə müdaxilə etdim, soruşdum ki, "niyə belə deyirsən"? Dedi ki, "Alim orda "Segah" oxudu". Onda mən dedim ki, "Alim düz oxuyur, sən bilmirsən ki, "Bayatı-Şiraz"da "Segah" da var". Bu gün çoxları bilmir ki, keçmişdə muğamlarımız necə olub. Ona görə bizim ifalarımız onlara qəribə görünür.

- Son zamanlar sorağınız mütəmadi olaraq xaricdən gəlir. Hansı ölkələrdə olmusunuz?

- Fransada, İtaliyada, İspaniyada, İsveçrədə s. olmuşam.

- Xarici səfərlərinizi kimlər təşkil edir?

- Fransalı Mark Lüpiti yəqin tanıyırsınız. Məşhur udçalandır. Bütün səfərlərimizi o təşkil edib. Bundan başqa, Mark Fransada mənim ustad dərslərimi təşkil edir.

- Bəzi xanəndələr Şirvan muğam məktəbinin olmadığını, Şirvana muğamın Qarabağdan keçdiyini deyirlər. Siz bu barədə deyərdiniz?

- Bunu deyən böyük səhv edir. Qarabağ muğam məktəbinin sorağı 19-cu əsrdən gəlir. Ondan əvvəl bu məktəbin olması barədə heç bir mənbədə rast gəlinmir. Ancaq Şirvanda xanəndəlik məktəbinin kökü gedib Şirvanşahlar dövrünə çıxır. Şirvanşahlar həmişə dövrün məşhur şairlərini, xanəndələrini öz saraylarında saxlayıblar. Ancaq Qarabağ xanəndələri Cabbar Qaryağdıoğludan o tərəfə gedib çıxmır.

- Tələbələriniz varmı?

- Bilirsinizmi, indi gənc xanəndələrə keçilən muğam dərsinin proqramı məni qane etmir. Muğam elə bir sənətdir ki, onu hər hansı dar çərçivədə keçmək olmaz. Muğamın imkanları böyükdür və hər bir xanəndə bu imkanlardan öz qabiliyyəti hesabına istifadə etməlidir. Mənim dostlarım bir-iki dəfə mənə bu barədə təklif etdilər, razı olmadım.

İltifat HACIXANOĞLU

Ekspress.- 2011.- 10-12 dekabr.- S. 19.