Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Təəssüflər olsun ki, 1976-87-ci illərdə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyası cildlərində "Bakı tarixi" deyil, "Yerevan tarixi" şərh olunmuşdur.

   1980-ci ildə ASE-nin dördüncü cildini hazırlayıb nəşr edənlər yaxşı bilirdilər ki, İrəvan Azərbaycanın qədim şəhərlərindən biridir. Şəhərin adının Yerebuni qalasının adından əmələ gəlməsi ermənilərin uydurmasıdır. İrəvan adı ilk dəfə 607-ci ildə çəkilmişdir. O zaman Cənubi Qafqazda ermənilərin heç bir dövləti olmamışdır. Şəhər Rəvan, Erivan, Yerevan adları ilə tanınmışdır. "İr" türk dilində "dağın gün düşən tərəfi", "van" yer eməkdir. Rusiyanın İrəvanı işğalına qədər burada əhalinin əsas hissəsi Azərbaycan türklərindən ibarət olmuşdur, bir sözlə, İrəvan qədim azərbaycanlıların ana vətənidir.

   Cəmil Quliyevin baş redaktorluğu ilə buraxılmış ASE-nin dördüncü cildində isə oxuyuruq: "Erivan xanlığı - Zaqafqaziyada 18-ci əsrin ortalarında yaranmış feodal dövlətlərdən biri - Ararat düzənliyini, Sevan gölü hövzəsini və Araz çayından cənub-qərbə uzanan ərazini əhatə edirdi. Əhalisi əsasən ermənilər və azərbaycanlılar idi... Erebuni-Urartu dövlətinin eramızdan əvvəl 782-ci ildə hökmdar I Argiştinin saldırdığı qala. Xarabalığı Yerevanın kənarında Arin-berd təpəsində aşkar edilmişdir. Müntəzəm qazıntılar 1950-ci ildən aparılır. Erebuninin adı Yerevanın adında saxlanılmışdır. 1968-ci ildə Yerevanın 2750 illiyi ilə əlaqədar Erebunidə geniş bərpa işləri aparılmışdır". (Bax: Azərbaycan Sovet Ensiklopediyası, IV cild, bakı, 1980, səh. 78-79).

   Bəs Bakımızın neçə yaşı var? Tarixçi-ensiklopediyaçılarımız nə vaxt bu sualın cavabını tapacaqlar? Niyə paytaxtımızda Bakı günləri keçirilməsin? Niyə "Bakı ensiklopediyası" hazırlanıb nəşr olunmasın? Axı vaxtilə Məmməd-əmin Şəkinskinin imzaladığı arxiv arayışlarında, Rəsul Rzanın yaşıl cildli ensiklopediyasında, eləcə də müstəqilliyimizin bərpasından sonrakı dövrdə yazılmış çoxlu məqalələrdə, kitablarda yeni-yeni məxəzlər və mülahizələr vardır. Unudulmaz xalq yazıçımız Qılman İlkinin 2006-cı ildə oxuculara ərməğan etdiyi "Bakı və bakılılar" kitabında tarixi faktlar və inandırıcı həqiqətlər çoxdur. Kitabın "Ön sözü" mərhum akademik-filosof Fuad Qasımzadənin bugün soydaşlarına son sözü kimi səslənir: "Çağdaş və gələcək nəsillərə doğma Azərbaycanımızı tanıtmaq hamımızın borcudur. Bu, müqəddəs bir işdir. Hər nəsil yaşadığı mühitdə göz açır, onun ab-havası ilə böyüyür, necə deyərlər, hər şeyi bir növ hazır görür. Bilmir ki, gördüklərinin tarixi var, keçmişi var. Bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq. Zira tarix ardı-arası kəsilməz prosesdir. Həm fasiləlidir, həm də fasiləsiz. Həyatın dialektikası belədir. Hər bir şeydə, hər bir hadisədə keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə rüşeymləri olur. Tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola da bilməz. Odur ki, tariximizi, keçmişimizi bilməliyik. Müxtəlif ölkələrin millət və xalqlarının tarixini yada salın. Görün bir, Paris fransızlar, London ingilislər, Madrid ispanlar, Roma italyanlar, Berlin almanlar, Varşava polyaklar üçün nə qədər vacib əhəmiyyətə malik olmuşdur. Moskva ruslar üçün, İstanbul türklər üçün, Bağdad iraqlılar üçün əziz olduğu kimi, Bakı da bizim üçün əziz və qiymətlidir".

   Qılman İlkinin bütün nəsillərə yazılı əmanəti olan "Bakı və bakılılar" kitabının "Qədim şəhər" fəslində Bakının tarixini soraqlayanlar üçün zəngin məlumatlar (səh.10-17) vardır. Bəzi məqamlara diqqət yetirin: "1826-cı ildə Bakıda olmuş görkəmli səyyah Zeynalabdin Şirvani yazırdı: "Bakını Badkubə də adlandırırlar. Çünki bu yerdə daim küləklər əsir. Buna görə də burada evlərin özülünü yonulmuş daşlardan qoyur, həyətləri və damları qırla örtürlər". Bakı qədim şəhərdir. Doğrudur, onun məhz hansı əsrdə salındığı hələ müəyyən edilməmişdir. Lakin Bakının önündə və ətraf kəndlərində arxeoloqların apardığı qazıntılar nəticəsində tapılan tarixi abidələr, saxsı qablar, daş sandıqçalarda dəfn edilmiş adamların sümükləri, sikkələr və sairədən məlum olur ki, onun yaranması tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır. Hazırda Binəqədi yaxınlığında "Qır gölü" adı ilə tanınan böyük bir sahə vardır. Tarixçilərin yazdığına görə, onminillər bundan qabaq burada göl zaman-zaman qurumuş və bugünkü şəklini almışdır. Burada gölün qalın qır təbəqələri altında çoxlu, hətta bu gün artıq Abşeronda mövcud olmayan vəhşi heyvanların sümükləri tapılmışdır. Şir, iri maral, ayı, at, uzunqulaq sümükləri ilə yanaşı tapılan kərgədan sümükləri göstərir ki, Abşeronda onminillər qabaq bu heyvanlar yaşamışlar. Bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu heyvanların yaşadıqları yerdə yəqin ki, onları ovlaya ibtidai insanlar da yaşamışlar. Demək, eramızdan hələ xeyli qabaq Abşeron ətrafında ibtidai insanlar məskən salmışlar. Qobustan daşlarında isə bu heyvanları ovlayan ibtidai insanların şəkilləri həkk olunmuşdur.

   Məlum olduğu kimi, Bakı ətrafında ən qədim yerlərdən bəziləri hazırda Xəzər suları altında qalmışdır. Eramızın II-VII əsrlərində Xəzər dənizinin hazırkı sahili Nargin və Vulf adalarından xeyli uzaqda olmuşdur. Eramızın 6-cı əsrindən başlayaraq, Xəzərin səviyyəsi artmış və Qız qalasınadək olan bütün körfəz su altında qalmışdır. Yaxın keçmişdə dəniz səthinin aşağı düşməsi nəticəsində suyun dibindən yüksələn qədim tikilinin bürcləri buna aydın sübutdur. 1830-cu ildə Bakıda olmuş alman akademiki E.Lens yerli əhalidən eşitmiş olduğu rəvayətlər barədə belə yazırdı: "Xeyli müddət əvvəl dəniz indikinə nisbətən 20 verst uzaqlıqda idi. O zaman Nargin adaları qurunun ayrılmaz hissələri idi. Sonra dənizin səthi qalxaraq, xeyli qabağa gəlmiş və sahil indiki görkəmini almışdır". Lens Nargin adasının qayalıqlarında Zığ burnuna gedən araba çarxlarının izini görmüşdü. Bunu Abbasqulu Ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" kitabında təsdiq edirdi. O yazırdı: "Bakı qəzasının Bilgəh, Zirə, Bibiheybət və başqa kəndlərində, habelə bir neçə adada qayalıqlar üstündə dənizin içərilərinə tərəf gedən araba çarxlarının izləri görünür". Daha sonra Bakıxanov yaxırdı: "Şəhərin özündə Hacı Baba Hacı Ağahüseyn oğlu adında bir ev sahibi öz həyətində quyu qazdığı zaman dənizin indiki səviyyəsindən aşağıda, yerin altında daşla döşənmiş bir yola rast gəlmişdir". Zığ burnunda qayalıqlarda dənizin içərilərinə tərəf gedən araba təkərlərinin izlərini görənlər olub. Bütün bunlar göstərir ki, Xəzər dənizinin səthi yüksəldiyi zaman bir çox tikililər, hətta rəvayətə görə, Səbail adlı bütöv bir şəhər də suyun altında qalmışdır.

   İçəri şəhərin ən yüksək bir yerində yerləşən Şirvanşahlar sarayında aparılmış qazıntılar nəticəsində tapılan sikkələrlə müyyənləşdirilmişdir ki, hələ səkkizinci əsrdə burada ticarət liman şəhəri olmuşdur. Bakışünas alim Sara Aşurbəyli belə bir nəticəyə gəlmişdir ki, "Bakı feodal şəhəri kimi eramızın 8-ci əsrində mövcud idi".

   ARAYIŞ. Aşurbəyli Sara Balabəy qızı. 1906-cı il yanvarın 2-də Bakıda anadan olmuşdur. Tarix elmləri doktoru (1966-cı il), Azərbaycan Rəssamlar İttifaqının üzvüdür (1946-cı ildən). İstanbulda Janna D""ark adına fransız kollecini (1925-ci il), ADU-nun Şərq fakültəsini (1930-cu il), V.İ.Lenin aına APİ-nin xarici dillər fakültəsini (1941-ci il) bitirmişdir. Azərbaycan SSR Elmlər Akademiyası Tarix muzeyində orta əsrlər şöbəsinin müdiri (1954-58), Azərbaycan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda baş elmi işçi (1958-61) işləmişdir. 1961-ci ildən Azərbaycan SSR Elmlər Akademiyası Taric İnstitutunun baş elmi işçisidir. Azərbaycanın orta əsr şəhərləri tarixinin tədqiqi ilə məşğul olur. Məqalələri ingilis, fransız Çin dillərində dərc edilmişdir ". (Bax: Azəri Sovet Ensiklopediyası, I cild, səh.404. Bakı, 1970-ci il).

   "Bakının ən azı 20 əsrlik yaşı var" deyən Sara Aşurbəyli indi unudulmaqdadır. Ümid ancaq ölkə prezidentinə qalır. Müvafiq fərman olarsa, Milli Elmlər Akademiyasının prezidenti , Bakı meri bir həftə ərzində qədim Bakımızın doğum gününü dürüstləşdirərlər, "Bakı günü" təqvimimizin bayram gününə çevrilər. O zaman Sara Aşurbəylinin , Qılman İlkinin , Məmmədəmin Şəkinskinin ruhu şad olar.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Məmmədəmin Şəkinski 1962-ci ildə Azərbaycan tarixini fərziyyələr əsasında deyil, tarixi məxəzlər arxiv sənədləri əsasında yazılması üçün var qüvvəsi ilə çalışmışdır. Respublikanın baş arxivarusunun 1962-ci il fevralın 1-də Azərbaycan KP MK-nın Təbliğat Təşviqat Şöbəsinin müdiri Məmməd Qazıyev yoldaşa ünvanladığı məktub Dövlət Arxivində saxlanılır. Tanış olun:

   "Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin və Mərkəzi dövlət arxivlərinin elmi əməkdaşları son vaxtlar Azərbaycan tarixinin və eləcə də tarixşünaslığın bu və ya digər məsələlər üzrə arxiv sənədləri əsasında bir sıra elmi məqalələr hazırlamışldar. Lakin bunları nəşr yolu ilə respublikamızın elmi ictimaiyyətinə və oxuculara çatdırmaq imkanımız məhduddur.

   Sizdən xahiş edirəm ki, Azərbaycan tarixinə aid məqalələrin ictimaiyyətə çatdırılmasını yaxşılaşdırmaq məqsədilə Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin orqanı olacaq "Azərbacan Arxivlərinin Xəbərləri" jurnalının nəşr olunmasında köməklik göstərəsiniz. Nəzərdə tutduğumuz məcmuədə arxiv materialları ilə yanaşı, respublikanın ayrı-ayrı tarixçilərinin məqalələri də veriləcəkdir.

   Məlumat üçün Sizə bunu da çatdırıram ki, belə bir nəşr orqanı ikinci ildir ki, Ermənistan SSR-də mövcuddur. "Ermənistan Arxivlərinin Xəbərləri" jurnalının bir nüsxəsini məktuba əlavə edirəm.

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski".

 

 (ardı var)

 

Teyyub Qurban

 Ekspress.- 2011.- 10-12 dekabr.- S. 15.