Bir "Azdrama" parodiyası: "Xa, xa, xanuma"

 

Gürcü klassiki Avkisenti Saqarelinin "Xanuma" əsəri bu günlərdə Akademik Milli Dram Teatrı kimi 140 illik ənənəyə malik bir teatrın səhnəsində Mikayıl Mikayılovun quruluşunda "iki hissəli musiqili parodiya" kimi tamaşaçılara təqdim edildi.

   Saqarelinin 1882-ci ildə qələmə aldığı bu əsər Azərbaycanda ilk dəfə 1975-ci ildə rejissor Ələsgər Şərifovun quruluşunda Akademik Milli Dram Teatrında səhnəyə qoyulub. Həmin quruluşda "Xanuma" obrazını Azərbaycan teatrının böyük sənətkarı SSRİ xalq artisti Hökümə Qurbanova canlandırıb. Əgər söhbət rəhmətlik Hökümə Qurbanovadan gedirsə, deməli tamaşanın hansı səviyyədə hazırlanması barədə oxucularımızda müəyyən qədər təsəvvür yaranmışdır.

    Bununla belə, "Xanuma" o dövrdə teatrın repertuarında möhkəmlənə bilmədi və az müddət sonra tamaşaları dayandırıldı. Deyilənə görə, Hökümə Qurbanova çox gözəl "Xanuma" yaradıbmış. Hətta onun canlandırdığı "Xanuma" obrazı Georgi Tovstonoqovun quruluşunda SSRİ xalq artisti Lyudmila Makarovanın yaratdığı "Xanuma"dan daha baxımlı imiş. Sadəcə olaraq, Bakı tamaşaçısı gürcü klassikasına, XIX əsr gürcü mədəniyyətinə o qədər də maraq göstərmədiyindən tamaşa qısaömürlü olub.

   Yeri gəlmişkən, teatr tarixində ən baxımlı "Xanuma" kimi elə Georgi Tovstoqonovun quruluş verdiyi tamaşanın adı halanır. Bu əsər demək olar ki, keçmiş SSRİ-nin əksər teatr-larında səhnəyə qoyulsa da, Tovstonoqovun tamaşası kimi şöhrət qazanmayıb.

   Bundan başqa, bir müddət əvvəl Dövlət Musiqili Komediya Teatrında gürcü rejissor Qoça Qopanadzenin quruluşunda "Xanuma" tamaşası nümayiş etdirilmişdi. Həmin tamaşada əsas rolu xalq artisti Afaq Bəşirqızı oynayırdı. Həmin tamaşa "Azdrama"danın "Xanuma"sından daha orijinal təəssürat bağışlayırdı.

   "Xanuma" əsərinin əsas mövzusu keçmiş gürcü ənənələrindən qaynaqlanan evlənmə prosesidir. Hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən gürcü knyazı Pantiaşvili borclarını qaytarmaq və rahat yaşamaq üçün varlı bir qızla evlənmək üçün Tiflisin ən yaxşı məşhur yengəsi Xanumanı arabulucu tutur. O, knyaz üçün Quliko adlı qız tapır. Kabato adlı digər yengə isə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə öz musiqi müəllimini - knyaz Pantiaşvilinin qardaşı oğlu Koteni sevir... Uzun çək-çevirdən sonra hiyləgər Xanuma knyazı Qliko ilə evləndirir. Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənir.

   Tamaşada Xanuma rolunu Bəsti Cəfərova, knyaz Pantiaşvilini Ramiz Novruzov, Timoteni Hacı İsmayılov, Ketonu Məsmə Aslanqızı, Koteni Elşən Cəbrayılov, Makar Tkvilkotriaşvilini Kazım Abdullayev, Tekleni Şəlalə Şahvələdqızı, Nikonu Elşən Rüstəmov, Makarın anasını Səidə Quliyeva, "Qoca knyaz" rolunu isə Firuz Xudaverdiyev ifa edirdi.

   Teatrın direktoru İsrafil İsrafilov, baş rolun ifaçısı Bəsti Cəfərova tamaşa ərəfəsində bizimlə söhbətlərində Mikayıl Mikayılovun Saqarelinin bu əsərinə tamamilə fərqli rakursdan yanaşdığını bildirmişdilər.

   Tamaşanın rejissor işi barədə danışarkən qeyd etmək lazımdır ki, quruluşca Tovstonoqovun "Xanuma"sının eynisidir. Onların sözlərinə görə, guya bundan öncə oynanılan tamaşalarda Xanumanın taleyi qabardılırdısa, bu dəfə Mikayıl Mikayılov pyesin əsasında dayanan daha dərin ideyaları qabardıb.

   Lakin tamaşaya baxdıqdan sonra bunun həqiqətən belə olduğunu görmədik. Bəli, tamaşa başdan-başa komik situasiyalarla "bəzədilib". Əslində bu "bəzədilib" ifadəsinin yerinə "bərbad hala salınıb" yazsaq, daha doğru olardı. Lakin biz "bəzədilib" yazmaqla həm İsrafil müəllimin, həm Bəsti Cəfərovanın, həm də Mikayıl Mikayılovun xətrinə dəyməməyə çalışacağıq. Çünki bu "bəzək-düzək" məsələsində onların hər üçünün böyük "əməyi" var. İsrafil müəllimin əməyi ondan ibarətdir ki, bu günkü reallıqda, Akademik Milli Dram Teatrının başdan-başa problemlərlə mübarizə apardığı şəraitdə, repertuar böhranı keçirdiyi bir vaxtda Saqarelinin "Xanuma" tamaşasının səhnəyə qoyulmasının nə mənası var? Onsuz da "Muzkomediya" bir neçə ay əvvəl bu tamaşanı hazırlamışdı. Və "Xanuma"nın hansı mövzu-problematikası bu günümüzlə səsləşir? Əvvəl belə ənənə vardı ki, böyük tamaşalar ilk dəfə "Azdrama"da səhnəyə qoyular, sonradadan digər teatrların səhnəsində hazırlanardı. Bildiyimizə görə, bu tamaşanın hazırlanmasını Bəsti Cəfərova istəyib. Bu barədə qəzetimizə verdiyi müsahibəsində aktrisa özü deyib. Onda belə çıxır ki, Akademik Milli Dram Teatrının repertuarı direktorla yaxşı münasibətdə olan aktrisaların istəyi nəticəsində müəyyən edilir? Əgər belədirsə yeni yaradılan Bədii Şura nəyə lazımdır?

   Digər tərəfdən, tamaşanın adı hansı əsas və ixtiyarla "iki hissəli parodiya" qoyulub? Nəyə və kimə parodiya olunur? Akademik Milli Dram Teatrının səhnəsi məgər parodiya yeridir? Əgər teatr rəhbərliyi bugünkü tamaşaçının istək və zövqünü nəzərə alıb iş görürsə, onda bir-iki çılpaq qızı və yaxud "Bu şəhər"dənin skeçlərindən ibarət tamaşaları səhnəyə çıxarmaq yetərlidir.

   Əslində "Xanuma" tamaşası parodiya deyil. Guya rejissor tamaşaya yenilik gətirib. Bu yenilik də əsərin mətnini başdan başa "lağ-lağı"larla doldurmaqdan ibarətdir.

   Tamaşada tez-tez onun ideyasına dəxli olmayan, yersiz ifadələr işlədilir. Stanislavskinin adının nə üçün çəkildiyi bilinmir. Və yaxud Şekspirin "To be or not to be"sinin bu tamaşaya nə dəxi var? Bəsti Cəfərova tez-tez "alo, mən də burdayam", "ağəz" sözlərindən istifadə etməklə nəyə nail olmaq istəyirdi? Düşünürük ki, "Sən bunu bizim İsrafil müəllimə söylə?", "Xalq artisti olan yerdə əməkdar artist danışmaz", "Sağ ol qədeş", "Şu gözəlliyə bakarmısın", "Kak on poet", "Az Kulioko, burda nə gəzersən, az", "Əhmədin anası ölməyib, a" kimi məşhur ifadələr çətin ki, bir daha tamaşaçıda gülüş doğursun.

   Gənc rejissor tamaşanın quruluşuna qeyri-ciddi yanaşdığı kimi, düşünürük ki, aktyorların ifası üzərində xeyli az çalışıb. Bunu Bəsti Cəfərovanın oyunundan da seyr etmək mümkündür. Tamaşaçı səhnədə dinamik, gürcü milli kaloritini özündə əks etdirən "Xanuma" əvəzinə xalq artisti Bəsti Cəfərovanın özünü gördü. Rejissorun Bəsti xanıma niyə oxumağa imkan yaratması xüsusilə təəccübləndiricidir.

   Axı, onun oxumağa səsi yoxdur. Nəticədə Frenk Senatranın "I love you baby" mahnısına bərbad parodiya alındı.

   3 saat 40 dəqiqə davam edən tamaşa müddətində Bəsti Cəfərova 7 dəst paltar dəyişdi. Əgər "Xanuma" 30 quruşa yengəlik edirsə, bu qədər paltarı almağa pulu hardandır. Axı o, knyagina yox, yengədir. Əslində bu tamaşada "Xanuma" deyil, knyazın bacısı "Tekle" rolu Bəsti Cəfərovaya həvalə olunsaydı, daha düzgün aktyor seçimi olardı.

   Bu tamaşada ən yadda qalan çıxış xalq artisti Ramiz Novruzovun ifası idi. Bundan əvvəlki tamaşalarda R.Novruzovun bütün rollarının bir-birinin təkrarı olduğunu görürdük. Amma bu tamaşada biz tamam başqa Ramiz Novruzovu gördük. Onun səhnədəki düzgün rəftarı, danışığı, hərəkət dinamikası xoş təəssürat və həqiqi gülüş yaradırdı. Bu rol sanki R.Novruzovun boyuna biçilib. Bu tamaşada biz R.Novruzovun ifasında "Knyaz Pantiaşvili" obrazının bədii estetik həllinin parlaq təcəssümünü müşahidə etdik. Buna görə aktyoru təbrik etmək olar.

   Yeri gəlmişkən, tamaşada yeri gəldi-gəlmədi rəqslərdən gen-bol istifadə olunur. Bəlkə də bu, regissorun bir zamanlar rəqqas olmasından qaynaqlanıb. Amma tamaşadakı gürcü, Azərbaycan, əcnəbi musiqi və rəqslərindən bolluca istifadə əndazəni çox aşır.

   Tamaşada həm də Keto və Kotenin sevgisindən bəhs edilir. Lakin Məsmə Aslanqızı ilə Elşən Cəbrayılov hər hansı sevgini göstərə bilmədilər. Ümumiyyətlə, Məsmə Aslanqızı səhnədə "sevməyi" bacarmır. O, elə xarakterik rollar oynasa, məsləhətdir. Bu cümlələri Elşən Cəbrayılova da şamil etmək olar. Rejissor "Kote"ni Elşən Rüstəmova versəydi və Elşən Cəbrayılovu "Niko" rolunda oynatsaydı, bəlkə də maraqlı bir şey alınardı.

   Ədalət naminə, tamaşada maraqlı ifalar az deyildi. Əməkdar artist Kazım Abdullayevin "Makar", Elşən Rüstəmovun "Niko" və "Kinto"su maraqlı ifalardan idi.

   Tamaşanın proqramında "Tekle" rolunun əsas ifaçısı kimi xalq artisti Zemfira Nərimanovanın adı yazılıb. Amma qəribədir, nə birinci, nə də ikinci premyerada xalq artisti tamaşada görünmədi.

   Proqramda həmçinin tamaşanın musiqisinin Tofiq Quliyevə məxsus olduğu göstərilib. Amma onun musiqisindən yalnız bir mahnı eşidə bildik. Onun oxunması da həqiqətən parodiya idi.

 

   Ümumiyyətlə, tamaşada musiqinin səhnənin küncünə qoyulan piano ilə ifa olunması, istər-istəməz tamaşaçıda baxça tamaşası təəssüratı yaradırdı.

   "Xanuma" tamaşasında qüsurları saymaqla qurtaran deyil. Tamaşaçı "Azdrama" səhnəsinlə "KVN" şousuna tamaşa etdi desək, daha doğru olar...

  

İLTİFAT

 

Ekspress.- 2011.- 10-12 dekabr.-S.14.