O, tarixi yaradırdı...

Heydər Əliyevin vəfatından 8 il keçdi

 

Dünən ulu öndər, dövlətçiliyimizin memarı Heydər Əliyevin anım günü idi. Dekabrın 12-də ümummilli liderin vəfatının səkkizinci ildönümü münasibətilə bütün ölkə ərazisində anım mərasimləri keçirildi, Fəxri Xiyabanda mərhum prezidentin qəbiri ziyarət edildi.

   AzərTAc xəbər verir ki, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edən prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

   Dövlət başçısı görkəmli oftalmoloq Zərifə Əliyevanın da məzarını ziyarət edib. Prezidenti anım mərasimində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, Bakıdakı diplomatik korpusun təmsilçiləri müşayiət ediblər.

   Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilibSSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosununbaş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

   Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

   Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

   Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

   Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, özütaleyüklü bir dönəmi (həmin epoxal dövr ki, ölkəmizin və xalqımızın taleyi, gedəcəyi yol müəyyən edilirdi), iki əsrin qovşağında ölkə həyatının bütün sahələrində və beynəlxalq arenada əldə edilmiş möhtəşəm nailiyyətlər heç şübhəsiz ki, Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır.

   1993-cü ilin yayında ikinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev mühüm tarixi missiyanı gerçəkləşdirdi: müstəqil dövlətçiliyimizin memarı oldu, suveren Azərbaycanın möhkəm özüllər üzərində ucalmasının təməlini atdı, məhz onun müdrik siyasi addımları yenicə müstəqillik qazanmış Azərbaycanı hərc-mərclik bataqlığından çıxardı. Tarix üçün çox qısa sayılacaq bir-iki il müddətində ölkənin sosial-iqtisadi problemlərini həll etmək, bazar iqtisadiyyatı münasibətlərini və demokratik prosesləri inkişaf etdirmək, müstəqil neft siyasəti yürütmək, parlament seçkiləri keçirmək, konstitusiya hazırlamaq üçün möhkəm zəmin yaradıldı.

   Ötən əsrin 90-cı illəri bütünlükdə dünya üçün mürəkkəb dövr idi. SSRİ-nin süqutu və "soyuq müharibə"nin başa çatması ilə dünyanın siyasi xəritəsi ciddi dəyişikliklərə uğrayırdı. Bu fonda dünyanın aparıcı dövlətləri Cənubi Qafqaz geosiyasi məkanında nüfuz dairəsi uğrunda hələ də davam edən amansız mübarizəyə girişmişdilər. Ermənistanla müharibə vəziyyətində olan, torpaqları işğal altında qalan, böyük qaçqın və məcburi köçgün axını ilə üzləşən Azərbaycanın təhlükəsizliyi üçünciddi təhdidlər vardı. Belə bir gərgin və dramatik bir dövrdə prezident Heydər Əliyev böyük təcrübəsi ilə təhlükənin neytrallaşmasına nail oldu; regionda mənafeyi olan aparıcı dövlətlərin maraqlarını mümkün qədər tarazlaşdırmaq üçün tədbirlər görüldü, xarici siyasətin prioritetləri vaxtında müəyyənləşdirildi və həyata keçirilməyə başlanıldı. Ən əsası isə Xəzərin sərvətləri ətrafında gedən "böyük oyunlar"da Azərbaycan öz mənafelərini qoruya bildi. Üstəlik, bu proseslərdə Azərbaycanın bütövlükdə Xəzər regionunun aparıcı dövlətinə çevrilməsi yolunda addımlar atıldı.

   Belə bir ziddiyyətli dövrdə ölkənin müstəqil neft siyasəti gerçəkləşdirilərək beynəlxalq səviyyədə Azərbaycanın söz sahibi olmasına nail olundu. Uğurlu neft siyasəti həm də Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, siyasi dividendlər qazanmasına imkanlar açdı.

   Xarizması, güclü iradəsi, fenomenal hafizəsi, fitri liderliyi, incə duyumu, uzaqgörən addımları, intiusiyası, tükənməz enerjisi, nüfuzedici natiqliyi ilə nadir tarixi şəxsiyyət olan Heydər Əliyev milli özünüdərkimizdə misilsiz rol oynadı, qəti, aydın və yüksək prinsipləri, amalları, mənəvi dəyərləri rəhbər tutması ilə ümummilli lider kimi Vətəni və milləti qarşısında yeni üfüqlər açdı. Bu baxımlan Heydər Əliyev zamanəsini qabaqlayan, zamana sığmayan liderlərdəndir. Məhz belə liderlər tarix yaradırlar.

   İnsanların beyninə və qəlbinə asanlıqla yol tapması ona geniş xalq kütlələri ilə istənilən səviyyədə ünsiyyət qurmağa və onları arxasınca aparmağa imkan verirdi.

   Heydər Əliyev "Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm" və "Mən həyatımın bütün anlarına cavabdehəm" deyirdi. Zira bu ömür Vətənə və millətə həsr edilmişdi, onun üçün yanırdı.

   Heydər Əliyevin dövlət və xalq naminə gördüyü işlər, onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşına, milli hafizəmizə əbədi həkk olunub. Çünki o, xalqın istək və arzularını reallığa çevirməyi bacaran lider idi.

   Müasir tariximizin ən mürəkkəb, taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürmüş Heydər Əliyev yalnız Azərbaycan və regionun deyil, eləcə də zəmanənin görkəmli, unudulmuz şəxsiyyəti kimi tarixə silinməz möhrünü basıb.

 

E.Mirzə