"Qədir yaşamaq istəyirdi"

Ölməz xanəndə torpağa tapşırıldı

 

Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) akt zalında mərhum xalq artisti, görkəmli muğam ifaçısı Qədir Rüstəmovla vida mərasimi keçirilib.

   Vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, BMA-nın rektoru Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, tanınmış siyasi, mədəniyyət, elm xadimləri, eləcə də Qədir Rüstəmov yaradıcılığının pərəstişkarları iştirak ediblər. Mərasimdə Qədir Rüstəmovun ifasında xalq mahnılarının, muğamların lent yazıları səsləndirilib.

   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın baş sağlığını, sənətkarın ölümündən hədsiz kədərləndiklərini ailə üzvlərinə çatdırıb.

   Ə.Qarayev Qədir Rüstəmovun həyat və yaradıcılığından söhbət açıb, sənətkarın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərin misilsiz olduğunu vurğulayıb.

   Nazir Q.Rüstəmovun Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu və onun hər ifasının insanların yaddaşında qalacağını deyib.

   Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar da Qədir Rüstəmovla bağlı xatirələrini bölüşüb: "Qədirə qədər "Sona bülbüllər"i çoxları ifa etmişdi, amma Qədir buna öz ruhunu qoydu və beynimizə həkk elədi. Mən onu "Uzun ömrün akkordları" filmində Cabbar Qaryağdıoğlu roluna çəkmişəm. Bu rolda yalnız Qədiri görürdüm. Hətta onu filmə dəvət edəndə, mənə dedilər ki, "ona inanma, söz verir, amma gəlmir". Çəkiliş günü Qədir bir az gecikdi, amma gəldi və ona baxıb dedim ki, "elə bildim gəlməyəcəksən". Qədir isə bu sözümün qarşısında "sənə də dəli olduğumu demişdilər? Burada dəli olmasan, baş çıxarmaq olmaz" söylədi. Qədir gözəl insan, əvəzolunmaz sənətkar idi. Səsi, nəfəsi daima bizimlə olacaq".

   Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi Qədir Rüstəmovun çox az sayda insana nəsib olan tale yaşadığını deyib: "Hamımız bu dünyadan gedəcəyik, bu gün hamı üçün var. Amma bu cür ad qoyub getmək hamıya nəsib olmur. O, "Sona bülbüllər"lə özünə heykəl qoydu. Bu gün yenə bir vətəndaş yola salırıq, qəlbi Qarabağla döyünən, ancaq Qarabağsız dünyadan gedən birini..."

   Xalq artisti Arif Babayev Qədir Rüstəmovun səhhəti ilə gündəlik maraqlandığını deyib və onunla Türkiyədə olarkən saatlarla danışdığını xatırlayıb: "Mənimlə xeyli danışdı və hətta məndən konturumun olub-olmadığını belə soruşdu. Dedim "var, danış gəlsin". Son sözü belə oldu: "Sağ gələcəyəm və birgə Qarabağa gedəcəyik". Mən bunu gözləmirdim. Allah rəhmət eləsin!".

   Mərhumun ailə üzvləri adından çıxış edən oğlu Rüstəm Rüstəmov Qədir Rüstəmova həm xəstəxanada, həm də dəfn mərasiminin təşkilində göstərilən köməyə görə dövlət rəhbərliyinə minnətdarlıq edib.

   Muğam ifaçıları Mənsum İbrahimov, Nəzakət Teymurova, gitara ifaçısı Rəmiş Qədir Rüstəmovun əvəzsiz insan olduğunu diqqətə çatdırıblar.

   Rəmiş deyib ki, o, ürəyində Ağdam nisgili ilə dünyasını dəyişdi: "Qədirdən bir daha olmayacaq, o, bir gəldi və bir də getdi. Bu, bütün Azərbaycanın, mədəniyyətimizin, muğamımızın itkisidir".

   Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova isə bu gün ad günü olduğunu və bu ad gününü heç vaxt unutmayacağını deyib: "Bu gün mənim ad günümdür, bu ad günümü ömrümün sonuna kimi unutmayacağam. Bir ay bundan əvvəl həkimlər dedilər ki, gəlin aparatdan ayıraq, artıq yaşamaq ehtimalı yoxdur, amma mən qoymadım, dedim sağ gəlib, sağ da gedəcək. Son ana kimi mübarizə apardı, Qədir yaşamaq istəyirdi. Ölməmişdən 15 dəqiqə əvvəl yanına girdim. Ona qan köçürülürdü, amma həkimlərdən xahiş edib içəri girdim. Əlini tutdum, danışdım, dedim, "sağalacaqsan, artıq hər şey yaxşılığa doğru gedir". Dedim ki, "məni eşidirsənsə, gözlərini qırp, o da qırpdı. Elə çölə çıxdım, beş dəqiqə sonra baş həkim gəldi ki, "təəssüflər, Qədir müəllimi itirdik..."

   F.Rüstəmova deyib ki, Qədir Rüstəmov Ağdama getmək arzusu ilə yaşayıb və qayıdan kimi Ağdama gedəcəyini deyib.

   Vida mərasimi başa çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

   Allah rəhmət eləsin!

 

Murad

 

Ekspress.- 2011.-16 dekabr.- S. 23.