"Ürəyimiz Azərbaycanla döyünür"

 

  Bu gün dünyanın istənilən nöqtəsində azərbaycanlıya rast gəlmək mümkündür. Bu isə dünyanın hər yerində Azərbaycan diasporunun fəaliyyət göstərməsi deməkdir. 35 milyon soydaşımızın yaşadığı İranda Azərbaycan diasporunun vəziyyəti necədir? Bu və başqa suallarımızı Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) sədr müavini Cavad Abbasi cavablandırır. Qeyd edək ki, C.Abbasi Güney Azərbaycanda azərbaycanların haqlarının tapdanmasına qarşı etiraz aksiyalarının təşkilatçılarından və iştirakçılarından olub. O, ədalət uğrunda susmadığına görə, İran hakimiyyəti tərəfindən dəfələrlə həbs olunub və dözülməz işgəncələrə məruz qalıb.

   - Əvvəlcə istərdik özünüzü oxucularımıza bir qədər tanıdasınız?

   - 1970-ci ildə Güney Azərbaycanın Salmas şəhərində dünyaya göz açmışam. 17 ilə yaxın Güney məktəblərində müəllimlik etmişəm. 1993-cü ildə Güneydə milli oyanış hərəkatına qatıldım. Milli oyanış hərəkatına qatıldığım üçün dəfərlərlə tutuldum. Haqq-ədalət uğrunda mübarizəmə görə həbslərə və işgəncələrə məruz qaldım. 2006-cı ildə İranın rəsmi qəzetlərinin birində türk xalqına xəyanət edən karikaturaya etiraz aksiyalarını təşkil etdiyim üçün və GAMOH təşkilatına üzv olmaq ittihamı ilə Urmu ETTALAAT-ında 90 gün ağır fiziki psixoloji işgəncələrin qurbanı oldum.

   - Bu işgəncələr yəqin ki, səhhətinizdə izlər buraxıb? Ümumiyyətlə milli oyanış hərəkatında iştirak etməyiniz ilə nəticələndi?

   - İşgəncələr nəticəsində boğazımda problemlər yarandı və səsim tutuldu. 90 gün ərzində çox zəiflədim. Xəstə olduğuma görə müvəqqəti olaraq azadlığa buraxıldım. Həmin gün Təbrizin Behbud xəstəxanasında boğazımdan əməliyyat olundum. Güneydə apardığımız mübarizələrə görə bir il həbsdə olmuşam. Məni dəfələrlə sorğu-suala tutublar. Təsəvvür edin ki, məni 137 gün təkadamlıq kameralı hücrələrə atıblar. Bu bəs deyilmiş kimi, qısa müddətə müəllimlikdən uzaqlaşdırılmışam. Maaşım kəsilib, idman salonum dövlət orqanları tərəfindən bağlanıb. 2010-cu ildə isə müəllim kimi fəaliyyətimə tamamilə son qoydular. Bütün bunlardan sonra, həmin ilin may ayında yenidən həbs olunmaq qorxusundan və canımın təhlükədə olmasına görə Türkiyəyə getdim. Türkiyədə ailəmlə birlikdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Komisarlığına sığınma tələbilə müraciət etmişəm. Hal-hazırda 2 oğlum və həyat yoldaşımla birlikdə Türkiyədə siyasi mühacir kimi yaşayıram. Eləcə də GAMOH-un sədr müavini olaraq fəaliyyətimə davam etməkdəyəm.

   - İranda soydaşlarımızın vəziyyətini, Azərbaycan diasporunun durumunu necə gördünüz?

   - İran adlanan ölkədə soydaşlarımızın çox olmasına baxmayaraq, bütün haqlardan məhrum olunmuşuq. Fars şovinizminin assimilyasiya siyasəti iqtisadi, siyasi, ictimai, mədəni sahələrdə rəsmi dövlət siyasəti olaraq yürüdülməkdədir. İranda türk soydaşlarımızın heç bir milli, insani haqları tanınmır. Ən dəhşətlisi isə tarixi əsərlərimiz məhv olunur, təbii sərvətlərimiz talan edilir, ana dilimiz yox olmaq təhlükəsi altındadır. Milli mənafeyə xidmət edən güney azərbaycanlılar təzyiqlər və həbslərə məruz qalır. Mədəni soyqırımla bərabər Urmu gölü qurudulmağa başlanılıb. Əgər bu göl qurudularsa, 15 milyon türk soydaşımız tamamilə köçməyə məcbur olacaq. Bölgəni 13 milyard tonluq "duz bombası" təhlükəsi gözləyir. Ekoloji dəngələr pozulacaq və bütün canlılar öləcək. Bu çirkin siyasət gerçəkləşərsə, türk dünyasının qırıq köprüsü olan Güney Azərbaycan həm millət olaraq, həm də coğrafi nöqteyi nəzərdən məhv olacaq. Bu faciə Quzey Azərbaycanımıza, Türkiyə və İraqa da öz mənfi təsirini göstərəcək. Hazırda Güney Azərbaycanda bu faşist siyasəti ilə ciddi mübarizə aparılır. Onu da qeyd edim ki, Güney Azərbaycanda fərqli təşkilatlar fəaliyyət göstərsələr də hamısının hədəfi birdir. Son 20 ildə dəfələrlə xalq üsyanı olub. Misal olaraq, 2006-cı ilin may hadisələrini və 2010-cu il Urmu gölünün qurudulmasına qarşı olan etirazları göstərmək olar. Bu etirazların nəticəsi idi ki, yüzlərlə soydaşımız şəhid olmuş, minlərlə soydaşımız isə yaralanmış və həbsə alınmışdılar. Amma nə yazıq ki, xaricdə olan Azərbaycan diasporu güneyli soydaşlarımızın dərdlərilə lazımı qədər maraqlanmırlar.

   - Bəs erməni diasporunun İranda vəziyyəti necədir?

   - Ermənilərin İranda haqlarının qorunması Tehran rəsmiləri tərəfindən dəfələrlə etiraf edilib. Elə ermənilər də oradakı yaşayışlarının yaxşı olduğunu bildiriblər. İranda yaşayan ermənilər azaddır və bir çox haqları təmin olunub. Ölkənin Konstitusiyasına əsasən, ermənilər İran parlamentində yerlə təmin olunub ki, bu da onların İranda rahat yaşadıqlarını təsdiqləyən dəlillərdəndir. Bilirsiniz ki, İranda şəriət qaydalarına uyğun olaraq spirtli içkilər emal etmək və satmaq qadağandır. Amma bu qadağa ermənilərə şamil olunmur. Onlar sərbəst şəkildə spirtli içkilərin, xüsusilə şərabın istehalı ilə məşğuldurlar. Ermənilərin İranda böyük üstünlüklərə malik olmasının göstəricilərindən biri də hər il keçirilən yalançı erməni soyqırımını anma tədbirləridir. Tehran hakimiyyəti Türkiyə-İran birliyini pozacaq qüvvənin olmadığını bəyan etsə də, ermənilərə münasibətdə əksi görünməkdədir. Hətta belə tədbirlərdən birində Ermənistanın Tehrandakı səfiri çıxış edərək "erməni soyqırımı"nı tanıyan dövlətlərə və parlamentlərə təşəkkür edib. Erməni səfir İran hakimiyyətinə minnətdarlıq edərək bildirib ki, bu hadisə ilə bağlı mərasimlərin lazımı səviyyədə keçirilməsinə Tehran həmişə öz köməkliyini göstərib.

   - Bəs orda Azərbaycan diasporu hiss olunurmu?

   - Əgər söhbət Azərbaycan Respublikasının vətəndaşlarından gedirsə, bildiyim qədər İranda çox azdırlar. Daha çox təhsil almağa gələnlərdir. Onların da əksəriyyəti təəssüf ki, dini dairələrin təsiri altındadır. Azərbaycanla bağlı günlərin qeyd olunmasına gəlincə, bunun üçün böyük imkanlar yoxdur. Məsələn, bir neçə dəfə Xocalı soyqırımının anım gününün məscidlərdə qeyd olunmasına cəhd göstərilib, lakin hakimiyyət qüvvələri bunun qarşısını sərt şəkildə alıblar. Ona görə də belə tədbirlər daha çox Azərbaycan Respublikasının İrandakı səfirliyinin binasında keçirilir. Yuxarıda qeyd etdiyim kimi, bir müsəlman ölkəsində "erməni soyqırımı"nın anım gününün keçirilməsinə hər cür şərait yaradılır, amma Xocalıda şəhid olmuş müsəlmanların anımına imkan verilir.

   - Özünüz diaspor fəaliyyəti ilə məşğulsunuzmu?

   - Biz GAMOH təşkilatı çatısı altında Güney Azərbaycanda türk xalqına uyğulanan assimilyasiya siyasətlərinə və haqsızlığa, insan haqlarının tapdalanmasına qarşı mübarizə aparırıq. Çalışırıq ki, bir milləti ikiyə parçalayan tarixi ədalətsizliyə son qoyaq. Əgər diaspor işi milli işdirsə, bizim də fəaliyyətimizi diaspor fəaliyyəti saymaq olar. Təbii ki, biz harada oluruqsa olaq, ürəyimiz Azərbaycanla döyünür.

   - Sizcə, Azərbaycan diasporunun daha da güclü qüvvəyə çevrilməsi üçün nələri etmək lazımdır?

   - Birincisi, biz Azərbaycan diasporuna böyük bir millətin diasporu kimi baxmalıyıq. Tək Quzey Azərbaycanın diasporu kimi yox. Sözsüz ki, indiki halı ilə biz Azərbaycan diasporunu dünyanın güclü diasporlarından biri hesab edə bilmərik. Diasporumuzla bağlı mən bir neçə təklifimi bildirmək istərdim. Diasporun güclənməsi və mütəşəkkil olması üçün bu işlər çox yararlı ola bilər. Birincisi, başqa ölkələrdə yaşayan soydaşlarımızı təşkilatlandırmaq, ikincisi, dünya arenasında bir güc olaraq milli mənfəətlərimizə və soydaşlarımıza dəstək vermək, üçüncüsü, bugünkü informasiya çağı olduğuna görə gerçək bilgi axımı saxlamaq və milli mənfəətlərimiz doğrultusunda hərəkət etmək, dördüncü, örnək olaraq Güney Azərbaycanda, Kərkükdə, Gürcüstanda, Bolqarıstanda, Suriyada və Rusiya tərkibində olan türk topluluqlarının yaşadıqları və Qarabağdakı cinayətlərin dünya xalqlarının diqqətinə yetirməkdə böyük rol ala bilər. Beşinci, BMT başda olmaqla Avropa Parlamenti və bütün ölkələrin parlamentləri, çeşidli sivil toplum örgütləri, qurum quruluşlarla daha yararlı və verimli şəkildə əlaqə saxlayaraq problemləri gündəmdə tuta bilərik.

   - Bəs bizim diasporumuzun digər xalqlarla əlaqələrini necə təsəvvür edirsiz?

   - Qeyd etdiyim kimi, bizim ilk müttəfiqlərimiz türksoylu xalqlardır. Türkçülük, milli məfkurənin gücləndirilməsi, çağdaşlıq, demokratiya, qadın və kişi hüquq bərabərliyi, dinin siyasətdən ayrı tutulması kimi məsələlər diaspor fəaliyyətimizdə də aparıcı rol oynamalıdır. Ən əsası Azərbaycan diasporu türk dünyasında, eləcə də dünyanın dörd bir yanına səpələnmiş maddi güc, bilgi, siyasi nüfuza sahib olan təşkilatlar və şəxslərlə əlaqə saxlamalıdır. Qeyd edim ki, Azərbaycan diasporu bu gücə arxalanaraq dünyada öz sözünü deyə bilər. Dünyanın ən güclü və bacarıqlı, ideologiya baxımından bizə qarşı olmayan diasporlarla işbirliyi mümkündür. Amma əsas gücümüzü xalqımızdan və dünyada yaşayan türk soydaşlarımızdan almalıyıq. Çünki onlar bizim Tanrıdan gəlmə təbii müttəfiqlərimizdir. Yəni, onlarla bizi yalnız ötəri siyasi, iqtisadi maraqlar birləşdirmir. Dilimiz, dinimiz, adət-ənənələrimiz eyni olduğu kimi, bir çox hallara problemlərimiz də eynidir. Ona görə də biz bir-birimizin dərdini daha yaxşı anlayırıq.

 

 

  Aynurə MƏMMƏDOVA

 

  Ekspress.- 2011.- 22 dekabr.- S. 12.