Ötən ili necə yola saldıq, gələn il bizə nə vəd edir...

Bayramlarınız mübarək!

 

Əvvəlcə bayramlarınız mübarək, neçə-neçə belə bayramlara, illərə çatasanız!

   2011-ci ili kimimiz itkilərlə, kimimiz qazancla, ilboyu üzləşdiyimiz qayğı və sevinclərlə, öhdəsindən gəldiyimiz və ya gələ bilmədiyimiz problemlərlə tarixin "arxivi"nə göndərdik və gözləntilərimizi, arzularımızı keçirdik daha bir ÜMİD ilinə. İnsan mahiyyətcə nikbin varlıqdır, ümidsiz yaşaya bilməz.

   İnsanlıq tarixi qazanc və itkilərdən, uğur və məğlubiyyətlərdən başqa bir şey deyil. Odur ki, hər nə olur-olsun, yeni gələn ili təmtəraqla, ən azı nikbin qarşılamaq lazımdır, yoxsa düşər-düşməzi olar: "ili necə qarşılayarsan, elə də yola salarsan",- deyirlər...

   Başa çatan Dovşan ilində Azərbaycan siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində bir çox zəfərlərə imza atdı. 2011-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 20 yaşını qeyd etdi, ölkədə ictimai-siyasi sabitlik davam etdi. İki böyük zəfər - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz və "Eurovision" mahnı müsahibəqəsində qalib gəlməyimiz ilə damğasını vurdu.

   2011-ci ildə prezident İlham Əliyev 10 xarici ölkədə - Latviya, İsveçrə, İtaliya, Serbiya, Sloveniya, Belçika, Polşa, Qazaxıstan, Türkiyə və Rusiyada səfərdə oldu ( Dövlət başçısı Rusiyaya üç dəfə (Kazan, Soçi və Moskva), qalan ölkələrə isə bir dəfə səfər edib).

   Lakin köhnə problemlərimiz də bizdən əl çəkmədi. Qarabağ cəbhəsində şəhidlər verdik, atəşkəs pozulmaqda davam etdi, donu açılmayan münaqişə növbəti ilə ötürüldü.

   İlboyu Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 97 itki verdi, 102 nəfər yaralandı və ya xəsarət aldı. Döyüş itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 83 nəfər təşkil etdi. Dünyasını dəyişənlərin 87-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu oldu.

   İqtisadi sahəyə gəldikdəsə, 2011-ci ildə qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirləri minimum oldu. Ölkədə makroiqtisadi sabitlik qorunub saxlanıdı, manatın məzənnəsi digər valyutalara nisbətən mökəmləndi, dünya bazarında qiymətlərin artması fonunda Mərkəzi Bank inflyasiyanı optimal səviyyədə saxlaya bildi, maliyyə sektorunda sabitlik təmin olundu.

   Neft ümumi daxili məhsulu (ÜDM) ilə müqayisədə qeyri-neft ÜDM-in yüksək sürətlə artması ilin ən uğurlu iqtisadi hadisəsi kimi diqqəti cəlb etdi. Qeyri-neft ÜDM-in artım sürəti 9,5% təşkil etdi. İlin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşdü.

   İlin ortalarında hökumət büdcəyə dəyişiklik etdi. Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 29% artırılaraq 15,55 milyard manata xərcləri isə 25% artırılaraq 15,94 milyon manata çatdırıldı.

   Dünya Bankının Doing-Business-2012 hesabatına əsasən, Azərbaycan 3 pillə irəliləyərək dünya üzrə 183 ölkə arasında 66-cı yeri tutdu.

   Yeni qaz yataqlarının kəşfi ilə neft səltənəti olan Azərbaycan həm də "mavi yanacaq" ölkəsi olduğunu bəyan etdi, Avropanın enerji təhlükəsizliyinin təminatındakı iştirakını bir daha vurğuladı. ARDNŞ xarici ölkələrə investisiya yatırımlarını genişləndirdi.

   2011-ci ilin noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard dollara çatdı (Bunun təqribən 7 milyard dolları (17%) Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir, qalanı Dövlət Neft Fondunun aktivləridir).

   Minimum əməkhaqqının həcmi 10% artırılaraq 93,5 manata çatdırıldı. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 13 manatya 13,6% artırılaraq 108 manat oldu.

   Büdcə təşkilatlarında çalışanların əməkhaqları 10% artırıldı. 2006-cı ilə kimi pensiyaya çıxmış 900 minə yaxın pensiyaçının hüquqları bərpa olundu. Nəticədə pensiyalar orta hesabla 40%-ə kimi artdı və ölkə üzrə vahid pensiya sistemi yaradıldı.

   2011-ci il həm də ÜDM-in artım templərinin zəifləməsi ilə səciyyəvi oldu. Rəsmi məlumata əsasən, bu ilin 11 ayında cəmi 0,2%-lik ÜDM artımı qeydə alınıb.

   Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı bu ildə davam etdi. İqtisadiyyatının bütün sahələrində neft sektorunun payı minimum 60%, maksimum isə 90-95% arasında dəyişir. İxracın 95%-ni neftneft məhsullarının ixracı təşkil edir.

   İnflyasiya 8% təşkil etdi. Ərzaq məhsullarının qiyməti ilin əvvəlindən indiyə kimi 10,7%, xidmət tarifləri isə 4,7% artdı. Metroda gediş haqqı 20 qəpik oldu.

   İl ərzində təbii fəlakətlər insanın yaxasından əl çəkmədi. Qardaş Türkiyənin Van bölgəsində baş verən zəlzələ yüzlərlə insanın ölümünə səbəb oldu. Asiyanın bir çox ölkəsində daşqınlar yüzlərlə insanın həyatına son qoydu, təyyarələr yerə düşdü, gəmilər suda batdı, qatarlar relsdən çıxdı və s. və i.a.

   Təkcə son bir neçə gündə Tailandda baş verən daşqınlar nəticəsində 800-dək adam həlak oldu. Dünya Bankının məlumatına görə, daşqınlar ölkəyə 45 milyard dollar məbləğində ziyan vurub. Təbii fəlayətlərin qlobal miqyasda vurduğu ziyansa bir neçə 100 milyard dollarla ölçülür

 

   Qarşıdan gələn il isə Qara Əjdaha ilidir....

 

   Ötən ildən yadda qalanlar

 

   "Əjdaha" ilə bağlı gözləntilərimizə keçməmişdən əvvəl, Dövşan ilində nələri yaşadığımızı, ilə nələrin damğasını vurduğunu xatırlayaq. İlin yaddaqalanlarını müəyyənləşdirərkən yalnız Azərbaycanla yetərlənmədik. Qlobal miqyasda baş verən bir çox hadisələrin buya digər dərəcədə ölkəmizə də təsiri var. Zira müstəqil Azərbaycan dünyanın bir parçasıdır.

   2011-ci ildə dünyanın gündəmini çox olaylar məşğul etdi. Lakin onların bir çoxunu siyahımıza salmadıq. Məsələn, götürək Nyu-York otellərindən birində xidmətçini zorlamağa cəhddə ittiham olunaraq həbs edilən Dominik Stross-Kanın may ayında Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru vəzifəsindən istefa verməsini. Seksual zorakılıqda suçlanması və istefası Stross-Kan uzun müddət medianın diqqətində saxlasa da, Fransanın keşmiş maliyyə naziri Kristin Laqard BVF-yə yeni rəhbər təyin edildikdən sonra müsyö Dominik unuduldu.

   Və yaxud ilboyu İran mollaları və generalları müstəqil Azərbaycanın ünvanına müxtəlif təhdidlər və hədyanlar səsləndirdilər, cürbəcür iddialarda bulundular. Hətta "Hizbullah"ın İran qolu olan "Hizbullah Ənsarı"nın Təbriz nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla Becani Təbrizdəki Azərbaycan konsulluğumuzun fəaliyyətini dayandıracağı ilə hədələdi. Lakin bunları da boş laqqırtı sayaraq siyahımıza salmadıq.

   Beləliklə, "Ekspress"in versiyasında 2011-cu ilin yadda qalan hadisələri (hadisələr xronoloji sıralanıb):

   1. "Ərəb baharı". 2011-ci il ərəb ölkələrini kütləvi etirazların bürüməsi ilə başladı. Hər şey Tunisdən başladı. 2010-cu il dekabrın 17-də tunisli tərəvəz satan hökumət ona küçədə lisenziyasız ticarətə icazə vermədiyinə görə özünü öldürdü. Sonradan Britaniyanın nüfuzlu "Time" jurnalı tərəvəzsatan Məhəmməd Buzizini 2011-ci ilin adamı elan etdi. Yanvarda işsizliyə və korrupsiyaya etiraz olaraq keçirilən mitinqlər bütün Tunisi bürüdü. Polislə toqquşmalarda onlarla adam öldürüldü. 23 il hakimiyyətdə prezident Zeyn ul-Abidin ben Əli yanvarın 14-də Tunisdən qaçdı.

   Daha sonra inqilab Misirə sıçradı və Hüsnü Mübarəkin 30 illik prezidentliyinə son qoydu.

   Misirdən sonra növbə Liviyaya çatdı. Liviyadakı qanlı vətəndaş müharibəsi Qərbin hərbi dəstək verdiyi müxalifət qüvvələrinin Müəmmar Qəzzafinin 40 illik rejimini devirməsi və Liviya Cəmahiriyyəsinin liderini öldürməsi ilə bitdi. İlboyu Yəməndə davam edən etirazlar ölkəyə 30 ildən artıq rəhbərlik edən prezident Salehi də vəzifəsindən əl çəkməyə məcbur etdi.

   Hazırda dünyanın diqqəti Suriyaya yönəlib. Etirazları qan içində boğan prezident Bəşər Əsəd hələlik müqavimət göstərə bilir. Hər halda, Əsəd 2011-ci ildə hakimiyyətinə olan təhlükəni dəf edə bilib. 2012-ci ildə nələrin olacağı isə qaranlıqdır.

   2. Mayın 1-də ABŞ hərbçilərinin Pakistanın Abbottabad şəhərində keçirilən xüsusi əməliyyat zamanı "Əl-Qaidə" terror şəbəkəsinin başçısı Üsamə bin Laden öldürüldü.

   3. Mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən

   "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal ("Ell&Nikki" dueti) "Running Scared" mahnısı ilə 211 xal toplayaraq müsabiqənin qalibi oldular.

   4. Mayın 26-da prezident İlham Əliyev Respublika günü ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzaladı. Dövlət başçısının əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olundu, 2 məhbusun isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldı.

   Bundan başqa, sərəncama əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər və islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Cərimə cəzasına məhkum edilmiş 6 nəfər də cəzadan azad edildi.

   5. İyunun 24-də Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazanda növbəti görüşü keçirildi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini nəzərdə tutan baza (Madrid) prinsipləri müzakirə edildi və hər hansı sənəd imzalanmayıb. Faktiki olaraq, RF prezidenti Dmitri Medvedyevin vasitəçilik missiyası fiaskoya uğradı və münaqişənin nizamlanmasında Moskva-Bakı-İrəvan formatı iflas etdi.

 

   6. İyunun 26-da Silahlı Qüvvələr günü münasibətilə Bakıda möhtəşəm hərbi parad keçirildi. Paytaxtın "Azadlıq" meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul etdi.

   Paradda 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə, çoxlu sayda helikopter, hərbi gəmilər iştirak etdi.

   Paradda Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan zenit-raket kompleksləri diqqəti cəlb etdi: S-125 "Peçora", S-200, S-300 PMU2 "Favorit" kompleksləri və s.

   Azərbaycan HHQ-nin MiQ-29, Su-25 markalı təyyarələri, Mi-8, modernləşdirilmiş Mi-24, Mi-35 helikopterləri "Azadlıq" meydanının üzərindən uçdular, mürəkkəb aviaşoular nümayiş etdirdilər.

   7. Sentyabrın 9-da Fransanın "Total" neft şirkəti Xəzərin Azərbaycan sektorundakı "Abşeron" blokunda iri qaz yatağının kəşf edildiyini elan etdi.

   8. Oktyabrın 7-də Cənubi Qafqaza ziyarəti çərçivəsində Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə oldu.

   9. Oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 yaşı tamam oldu.

   10. Oktyabrın 20-də Liviyanın devrilmiş diktatoru Müəmmar Qəzzafi öldürüldü. Diktatorun sonu acınacaqlı oldu: Qəzzafi bir kanalizasiya borusundan tapılaraq çıxarıldı və güllələndi.

   11. Oktyabrın 21-də Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TTƏŞ) 1-ci sammiti keçirildi.

   12. Oktyabrın 23-də Türkiyənin Van bölgəsində baş vermiş 7,2 bal gücündəki dəhşətli zəlzələ yüzlərlə insanın ölümünə səbəb oldu. Qardaş Türkiyədə zəlzələ baş verəndən sonra fəlakət zonasına yardım çatdıran ilk dövlət Azərbaycan oldu.

   13. Oktyabrın 24-də Azərbaycan diplomatiyası böyük zəfərə imza atdı. Ölkəmiz BMT Baş Məclisinin 66-cı sessiyasının Nyu-Yorkda keçirilən plenar iclasında 17 raund səsvermədən sonra iki illiyə (2012-2013-cü illər) Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında (TŞ) təmsil edəcək yeni qeyri-daimi üzv seçildi. Gərgin mübarizədə BMT-nin 193 üzvündən 155-nin səsini alan Azərbaycan Avropa Birliyinin Sloveniya və Macarıstan kimi ölkələrini geridə qoydu.

   14. Oktyabrın 25-də İzmirdə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalandı. Bundan başqa, tərəflər Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdıracaq yeni kəmərin - "Trans-Anadolu qaz kəməri xətti"nin inşasına qərar verdilər. Belə görünür ki, "Trans-Anadolu" əsrin qaz kəməri olacaq.

   15. Noyabrın 12-də 2008-ci ildən İtaliyanın baş naziri postunu tutan Silvio Berluskoni istefa verməyə məcbur oldu. 75 yaşlı Berluskoni İtaliya siyasətinin son 20 ildə aparıcı, eyni zamanda ən xarizmatik, ekssentrik və qalmaqqallı fiquru idi. Keçmiş adamı olan Berluskoni II Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddətə baş nazir vəzifəsini tuta bilmiş, 1994-cü ildən bəri üç dəfə müxtəlif vaxtlarda hökumətə başçılıq etmişdi. Beləliklə də, avrozonadakı borc böhranı Berluskoni erasına son qoydu.

   16. Noyabrın 19-da yazıçı Rafiq Tağı naməlum şəxs tərəfindən bıçaqlandı və 4 gün sonra isə xəstəxanada vəfat etdi.

   17. "Ərəb baharı" Rusiyanı qışda haqladı. Dekabrın 4-də Dövlət Dumasına keçirilmiş seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən rusiyalı etirazçılar küçələrə çıxdılar. Rusiya müxalifəti dekabrın 10-da Moskvada Putin dövrünün ən böyük etiraz aksiyasını keçirdi. Etiraz mitinqlərinə qatılanların sırası artmaqdadır. İndi bütün dünyanın gözü Rusiyaya zillənib: Baş nazir Vladimir Putinin gələn ilin martında Kremlə yenidən qayıdışı fonunda müxalifətin etirazlarının nə ilə bitəcəyi diqqətlə izlənilir.

            18. Dekabrın 14-də ustad xanəndə, xalq artisti Qədir Rüstəmov İstanbulun "Acıbadem" xəstəxanasında 76 yaşında vəfat etdi.

   19. Dekabrın 17-də Şimali Koreyanın - Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İr 69 yaşında ürək tutmasından öldü.

   20. Dekabrın 22-də Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) qondarma erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını qanuniləşdirən bəndam qanunu qəbul etdi.

   21. Dekabrın 26-da prezident İlham Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam imzaladı.

 

   "Əjdaha"dan   nə gözləyək...

 

   Şərq təqviminə görə, Əjdaha ili yanvarın 23-də saat 12.44-də başlayacaq və 2013-cü il fevralın 9-da başa çatacaq. Astroloqlara görə, Əjdaha ili təkbaşınalığa qarşıdır, vəhdət və birlik ilidir.

   Bəzi müasir münəccimlərə görəsə, Əjdaha ili ağır ildir - yəni, Dovşan ilində olduğu kimi, 2012-ci ildə də təbii fəlakətlərin, iğtişaşların, üsyanların, çevrilişlərin, məhəlli münaqişələrin və böhranların şahidi olacağıq.

   2011-ci ildə Azərbaycanda siyasi iqlimi qızdıracaq, politik ambisiyaları coşduracaq heç bir hadisə gözlənilmir, yəni ictimai-siyasi sabitlik öz axarı ilə gedəcək. Süst düşmüş müxalifət qüvvələri siyasi səhnənin bir küncündə idefikslərini vird etməkdə davam edəcək. Üstəlik, il seçki ili deyil. Ola bilsin ki, hansısa məmur "vurulacaq", ancaq bu barədə söhbət açmaq falçılıqdan başqa bir şey deyil.

   İlə şübhəsiz ki, Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi damğasını vuracaq.

   Ərəb inqilabları çərçivəsində beynəlxalq aləmin diqqəti Suriyaya yönəlməkdə davam edəcək. İlin önəmli hadisələri Rusiyada yazda, ABŞ-da isə payızda keçiriləcək prezident seçkiləri olacaq. Vladimir Putinin yenidən Kremlə qayıtmaq şansı nə qədər yüksəkdirsə, Barak Obamanın ikinci dəfə Evə sahib olmaq imkanı bir o qədər aşağı qiymətləndirilir. Lakin bu faktı da qeyd edək ki, bin Ladeni məhv edən Evin qara dərili demokrat sahibinin respublikaçılar düşərgəsindən hazırda ciddi rəqibi görünmür.

   Qərb son 7-8 ildə olduğu kimi yenə də İranın uranı məsələsini "çeynəməkdə" davam edəcək. Bəzi iddialara görə, ABŞ tezliklə İrana hücum etmək qərarı qəbul edəcək. Birləşmiş Ştatlar narahatdır ki, bir müddətdən sonra İranın nüvə obyektlərinə raket zərbələri vurmaq mümkün olmaya bilər.

   İran nə qədər nüvə proqramının dinc xarakter daşıdığını inandırmağa çalışsa da, ABŞ və müttəfiqləri başqa fikirdədirlər. Amerika kəşfiyyatında belə məlumat var ki, İran ikidən dördədək nüvə döyüş başlığı hazırlamaq üçün yetərli sayda zənginləşdirilmiş urana sahibdir. Bundan başqa, İran uranı zənginləşdirən sentrfuqaları Qum şəhəri yaxınlığındakı hərbi bazanın yaraltı bunkerlərinə köçürür.

   Qərb ekspertlərinə görə, İran sentrfuqaları bunkerlərə köçürüldükdən sonra onları raket zərbələri ilə vurmaq mümkün olmayacaq.

   "The Guardian"ın bir qədər əvvəl yaydığı xəbərə görə, Britaniyanın Müdafiə Nazirliyində xüsusi bir qrup ABŞ-ın İranı vuracağı mümkün şəraitə uyğun hərbi əməliyyat planı hazırlayır. Britaniya hökumətindəki mənbələrə görə,

   ABŞ prezidenti Barak Obama 2012-ci ilin noyabrınadək - prezident seçkisi ərəfəsində İrana qarşı əməliyyat keçirmək barədə qərar qəbul etmək istəməzdi. Lakin yaranacaq situasiya onun bu istəyinə qarşı ola bilər.

   İranın vurulub-vurulmamasından asılı olaraq, Qərbin Tehrana qarşı sanksiyalarını sərtləşdirməkdə davam edəcəyi gözlənilir. İran üçün ən ağrılısı onun neft ixracına embarqo qoyulması olacaq. Bu təhdidin qarşısını almaq üçün İran Hörmüz boğazını bağlayacağı ilə hədələyir. Lakin Qərbin, ilk növbədə ABŞ-ın dünya neftinin 40%-nin daşındığı boğazın bağlanmasına imkan verməyəcəyi şübhəsizdir. Ekspertlərə görə, körfəz bağlanarsa, dünya bazarlarında şok effekti verər və neftin qiyməti 2-3 dəfə artar. Digər tərəfdən, İran boğazı bağlaması ilə özünün vurulmasını tezləşdirə bilər.

 

   Bir sözlə, gələn ilİran tematikası gündəmi məşğul edəcək.

 

   Dünya iqtisadiyyatı ilə bağlı proqnozlarsa birmənalı deyil. Avrozonadakı borc problemlərinin bədbin etdiyi analitiklərə görə, 2009-cu ildəki qlobal böhranın yaralarını tam sarıya bilməyən dünya 2012-ci ildə böhranın ikinci dalğası ilə qarşı-qarşıya qala bilər. Qlobal ÜDM-də Avropa Birliyi ölkələrinin payı azalmaqda, Asiya ölkələrinin iqtisadi sıçrayışları isə davam edəcək.

   2012-ci ildə avrozona iqtisadiyyatı əgər avro problemini həll edə bilsə, 0,6% kiçiləcək, edə bilməsə, azalma 2% olacaq. Bədbin proqnozlara görə, Avropa borc bataqlığından çıxa bilməyəcək və avrozonanın sonu çatacaq. Bu, avronun da bir valyuta kimi süqutu ola bilər...

 

Xaqani Rüstəm Elvin Mirzə

 Ekspress.- 2011.- 31 dekabr-5 yanvar.- S.3;11.