İqtisadi İnkişaf Nazirliyi

 

Şahin Mustafayev: "Sahibkarların əsassız yoxlanılmasının qarşısı alınmalıdır"

 

Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində (İİN) geniş kollegiya iclası keçirilib.

İİN-in struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında Ramiz Mehdiyev qeyd edib ki, qazanılmış iqtisadi uğurlarla yanaşı, iqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsidir.

Kollegiya iclasında vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasına dair nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının icrası təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq və süni qiymət artırılması meyllərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir.

Sahibkarlıq subyeklərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.

Xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirilməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır.

Nazirliyin həyata keçirdiyi satınalmalar qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilməli, digər qurumlar tərəfindən keçirilən tenderlərdə nazirliyin əməkdaşlarının iştirakı formal xarakter daşımamalıdır.

İctimai nəzarətin gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.

Vətəndaşlardan daxil olan ərizə və şikayətlər operativ və hərtərəfli araşdırılmalı, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində nazirliyin səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər görülməli, nazirliyin internet saytı və 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan sorğular dolğun cavablandırılmalıdır.

Nazirliyin bütün struktur bölmələrində və tabeliyində fəaliyyət göstərən qurumlarda analoji müzakirələrin aparılması təşkil edilməlidir.

Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılıb:

- sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi;

- dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması;

- xüsusi razılıqların (lisenziya) verilməsi prosedurunun təkmilləşdirilməsi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması;

- sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması;

- kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi;

- səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi;

- gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;

- dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, xüsusi razılıqların (lisenziya) və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması.

İqtisadi inkişaf naziri kollegiya iclasında müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.

 

 

Ekspress.-2011.- 3 fevral.- S. 9.