Orlean bakirəsi...

 

  Janna d`Ark haqqında bildiklərimiz və bilmədiklərimiz

 

  Köhnə kitablarımın arasında yenə "dünya səyahətinə" çıxmışdım. Düşünürəm ki, əcəba bu mənim neçənci "dünya səyahətim" idi, hər halda sayını çoxdan unutmuşam. Və düşünürəm ki, mənim sərgərdan ruhum bu halında dünyanın heç bir limanında qərar tutub arın-arxayın bir ömür yaşamağa qadir deyil. Mənim gizli dünya turum hələ ki, davam edir. Amma hərdən ürəyim axsayır. Bir zamanlar ürəyim axsayanda sevdiyim şairlərin şeirlərində təsəlli tapardım. İndi sevdiyim şairlərin misraları daha məni ovutmur.

   Kitabların arasında on doqquzuncu yüzildə yaşamış fransız rəssamı Jül-Basten Lepajın cəmi on-on iki vərəqdən ibarət kataloqunu buldum. Bu romantik rəssamın tabloları məni yeni bir səyahətə ruhlandırdı. Data doğrusu, Jül-Basten Lepajın "Janna d""Ark" tablosu. Bu tablodakı Janna d""Ark bizim kitablarda oxuduğumuz, filmlərdə gördüyümüz əfsanəvi xalq qəhrəmanına oxşamır, özü də heç oxşamır. Lepajın tablosundakı Janna sadə geyimli, uzunsaçlı, solğun bənizli, xəyalpərəst, bəlkə də hardasa sentimental bir qızdı. Tabloya baxıram, qəlbimdə uzun müddətdən bəri dadmadığım romantik sentimental duyğular oyanır. Qəlbimi bu əsrarəngiz duyğuların arxasınca buraxıb eyvana çıxıb bir siqaret yandırıram - bayırda yağış yağır. Sentimental bir yağış. Yəqin indi Ramiz Rövşənin qulağı cingildəyir. Bəlkə Ramiz də bu anda şəhərin o biri başındakı mənzilinin pəncərəsindən yağan yağışa baxır və dodaqaltı "bir yağışlı nəğmə" pıçıldayır şəhərin dekabr axşamına.

 

   Qız barmaqlarından incə

   sentimental bir yağış

   piano dilləri tək çalır,

    çalır küçələri.

   Bu yağışda pişiklər də

    həzinləşər

   öpmək istər sərçələri

 

   Çoxdandır Ramiz Rövşəni görməmişəm. Hərdənbir Yaşarla görüşürük, Yaşarla Ramizə salam göndərirəm. Yaşar da hər görüşümüzdə dünyasını vaxtsız dəyişmiş rəssam qardaşım Aydını yada salır. Bu axşam gərək şairə zəng vuram, əhvali-şərifini xəbər alam...

   Vakulerdə (Fransa) Janna d""Arkın at belində əzəmətli tunc heykəli ucaldılıb. At belindəki cəngavər d""Arkla rəssam Jül-Basten Lepajın tablosunda təsvir olunmuş sadəlövh Janna arasında müqayisəyə gəlməyəcək qədər böyük fərq, paradoks bəlkə də heç də təsadüfi deyil.

   Tarixin səhifələri orleanlı qızın taleyi kimi sirli və müəmmalıdır. Tarixin toz basmış səhifələrini vərəqləyən yazarlar "Orlean bakirəsi"nin bioqrafiyasında diqqətəşayan materiallar tapıblar. Xalq qəhrəmanının şəninə qoşulan nəğmələr və balladalar da maraq doğurur. Jannanın mü-asirləri sanki onun həyatını günbəgün, saatbasaat izləyiblər. Trubadurların Janna d""Arkın qəhrəmanlarını vəsf edən balladalarını incələyən fransız alimləri önəmli faktlar toplaya biliblər. Sən demə, trubadur xronikaçılarının əksəriyyəti kral VII Karlın xüsusi xidmətində çalışan insanlar olub. Dayan, belə çıxır ki, trubadur şairlər XII Karlın "sosial sifarişi"ni yerinə yetiriblər.

   Çağdaş yaşamımızda "sosial sifariş" kəlməsinin başqa bir anlamı da mövcuddur, kütləvi informasiya vasitələri buna piar deyirlər...

   Janna d""Arkın Fransa tarixi səhnəsində hardan gəldiyi, bu səhnədə necə peyda olduğu hələ də tam dəqiqliyi ilə məlum deyil. İllər keçdikcə tarixin dumanlı səhifələrini toz basır. Bir sıra önəmli olayların kontur xətləri silinir və tarixi hadisələr təhrif olunmuş şəkildə gələcək nəsillərə ötürülür.

   Bəlkə Janna doğrudan da Domremi kəndindən döyüş səhnəsinə atılmış bir çoban qız olub, amma etiraf edim ki, bu versiya heç bir zaman mənim ağlıma batmayıb. Mən həmişə belə olaylara, yəni bir çoban qızın birdən-birə sərkərdəyə çevrilməsi kimi cazibədar miflərə yumşaq desək, təbəssümlə yanaşmışam.

   Amma gəlin hadisələri qabaqlamayaq, bizə orta məktəb dərsliklərindən öyrədilən rəsmi tarixdən savayı, alternativ dəlillər də mövcuddur. Başqa bir versiyaya görə, Janna VII Karlın qeyri-qanuni doğulmuş bacısıdır. Janna fransiskan ordeninə mənsub məbəddə tərbiyə alıb və bəzi mənbələrə görə, qız ruhi xəstə imiş. Yaxşı, gəlin, bu versiyaya inanmağa çalışaq, tutaq ki, doğrudan da VII Karlın qeyri-qanuni doğulmuş bacısı varmış. Olsun. Bəs, bu qız doğrudanmı Fransa tarixində əsas rollardan birini oynamağa qadir bir şəxsiyyət idi, bax budur, budur əsas məsələ.

   Baron Jil de Re - iki qədim və zəngin zadəgan nəslinin ərköyün və hiyləgər varisi. Yekaterina de Truarla izdivac baronun sərvəti üstünə sərvət gətirir. Soykökü və zəngin sərvəti onu kral ailəsinin ən yaxın adamlarından biri eləmişdi. Baron o dərəcədə zəngin idi ki, hətta krala belə maddi dəstək verirdi, bəzən kral onun məsləhətləri ilə oturub dururdu. Jil de Re heç də sadəlövh adam deyildi. O, Kraldan səxavətinin əvəzini artıqlamasıyla almaq ümidindəydi. Fransanın o zamankı vəziyyətini düşünün. Kölgədə siyasi və iqtisadi durum günü-gündən ağırlaşırdı. Bir tərəfdən Yüzillik müharibə, bir tərəfdən də daxili çəkişmələr. Ölkə parçalanmaq ərəfəsindəydi, kralın nüfuzu təhlükədəydi. Baron Jil de Renin ağlına gözəl bir fikir gəlir, baron Karlın zədələnmiş nüfuzunu bərpa etmək, xalq arasında populyarlığını artırmaq məqsədi ilə planlar qurur. Bu məqsədlə könüllülərdən ibarət qoşun toplamaq, düşmənlə qəti savaşa girib ingilisləri ölkədən qovub çıxarmaq gərəkdi. Amma baron bunu təmənnasız etməməlidir, əvəzində kral onu qızıla tutmalıdır. Öz məqsədinə çatmaq naminə baron "boz kardinal" rolunu məharətlə oynamalı idi və oynadı da. Deməli, baş rolun ifaçısı Janna d""Ark deyil, baron Jil de Redir.

   Baron Jil de Renin planı baş tutur. Bu zaman sadə kəndli qızı Janna tarix səhnəsinə daxil olur. Sadə kəndli qızı müqəddəslərdən ona vəhy gəldiyini bəyan edir - Fransa Karlın bayrağı altında birləşəcək və düşmənə qalib gələcək. Gözəl sözlərdi, elə deyilmi?

   Gəlin biz də Jannaya və peyğəmbərcəsinə söylənilən bu sözlərə inanaq. İnanmasına inanaq, amma gəlin bir qədər realist olaq. Sadə kəndli qızının Fransanın xilaskarı olacağı ideyası ildırım sürəti ilə bütün ölkəyə yayıldı. Bunu kimlər və necə etdilər? Müharibə gedən bir ölkədə, yollarda quldurlar at oynatdığı bir zamanda bu xəbəri şəhər-şəhər, kənd-kənd gəzib dolaşmaqla yaymaq müşkül məsələdir. Orta əsrlərdə nə telefon vardı, nə də teleqraf, əhalinin əksəriyyəti savadsız.

   Heç kim öz həyatını təhlükəyə atmaq istəməz. Amma belə adamlar tapıldı, onlar qorxusuz-hürküsüz yollara çıxdılar, bütün Fransaya car çəkdilər. Yalnız rahib libası altında Fransa yollarında təhlükəsiz gəzib-dolaşa bilərdin - axı quldurlar da Tanrı qəzəbindən qorxurlar. Beləliklə, rahiblər bütün Fransanı xilaskar qızın gəldiyinə inandırdılar. Əlbəttə, bu məsələdə kilsə öz mənfəətini unutmamışdı.

   Ola bilsin ki, Janna d""Ark xristian müqəddəslərinin simalarını görürdü, onların səsini eşidirdi. Gözünə görünənlərə və öz qulaqları ilə eşitdiklərinə cani-könüldən inanırdı. Mənim buna şübhəm yoxdu. Onun yeməyinə bitki mənşəli maddələr, məsələn alkoloid qata bilərdilər. Alkoloid isə insanda səs və görüntü halusinasiyaları yaratmağa qadirdir. Adicə həşişdən də istifadə oluna bilərdi, səlib yürüşlərində avropalılar həşişin dadına baxmışdılar, hər halda əlkimyagərlərin əli uzun idi...

   Janna d""Arkın və Jil de Renin qoşunları bir-birinin ardınca ingilislərə ağır zərbələr endirdilər. Bu qələbələrdən ruhlanan xalq kütlələri silaha sarıldı, yadelli işğalçılara qarşı mübarizəyə başladı. Bu mübarizədə kilsənin də önəmli rolunu danmaq olmaz.

   Bir ildən sonra artıq baron Jil de Re marşal rütbəsində fransız ordusunun baş komandanıydı.

   Orlean qızının sonrakı taleyi hamınıza yaxşı məlumdur. Onu səhnədən uzaqlaşdırdılar. Ruhani atalar bəyan etdilər ki, Tanrı Jannadan üz döndərib. İngilislərə təslim edilmiş Janna həlak oldu. Baron onun yerinə yeni bir Janna "yaratdı" - Janna d""Armuaz kiçik bir dəstə ilə döyüşə atıldı. Kralın əmri ilə onu tutub Parisə gətirdilər. Hər şeyi etiraf edən yalançı Jannanı öldürmədilər, onu ərinin malikanəsinə göndərdilər. Bir alaya komandanlıq edən yalançı Janna ərli qadın imiş. Onun sonrakı taleyi haqqındasa heç bir məlumat verilmir.

   "Amma yağış yaman yağırmış, yazdığım sətirləri sel aparırmış".

      Marşal Jil de Laval, baron Jil de Re Parisdən uzaqlaşıb, Tiffoj qəsrində məskunlaşdı. VII Karl barona olan maddi və mənəvi borcunu ödəmədi. Karl nadan və ikiüzlü insan idi, gec də olsa, baron bunu anladı. Tiffoj qəsrindən az qala asket həyatı yaşayan baron elmlə məşğul olurdu, yalnız əlkimyagərlərlə, maqlarla ünsiyyət saxlayırdı. Yaxşı deyiblər ki, sən saydığını say, amma gör fələk nə sayır. Jil de Re Tiffoj qəsrində yaşamaqda olsun, mən sizə Bretanlı hersoq V İoanndan xəbər verim. Hersoq siyasətdən və dünyəvi işlərdən uzaqlaşmış baronun münbit torpaqlarına göz dikmişdi. O, bu torpaqların heç olmasa, bir hissəsini ələ keçirmək istəyirdi. Amma Kralın razılığı olmadan İoannın dələduzluğu baş tutmadı. Kral da barona olan borclarını qaytarmaq fikrində deyildi, bu səbəbdən də o, alçaq hersoqa mane olmadı.

   Tezliklə şayiə yaydılar ki, guya cadugərliklə məşğul olan baron kəndlilərin uşaqlarını oğurladıb öldürür. Başıbəlalı baron isə bu iyrənc oyunlardan xəbərsizdi.

   1440-cı ilin oktyabr ayında inkvizisiya məhkəməsinin qərarı ilə marşal Jil de Laval, baron de Re cadugər damğası ilə diri-diri odda yandırıldı. Uzun illər boyu o yerlərin adamları sözəbaxmaz dəcəl uşaqlarını baronun adı ilə qorxudurdular.

   XVIII əsrin əvvəllərində Tiffoj qəsri ətrafındakı kəndləri gəzib folklor nümunələri toplayan yazıçı Şarl Perro üç əsr əvvəl bu yerlərdə baş vermiş o qorxunc əhvalatı kəndlilərin dilindən eşidir. Bu dəfə kəndlilər baronun uşaqları deyil, qadınları oğurlayıb öldürdüyünü söyləyirdilər. Əlbəttə, üç yüz ildən sonra gerçəklər təhrif olunmuşdu, yerli camaat isə əsl gerçəkləri bilmirdilər. Camaatın danışdıqları əhvalatlarda baron qadınları öldürürmüş, nədənsə, bu qaniçən baronun saqqalı göy rəngdə imiş və s.

   Bu əhvalat Şarl Perronu maraqlandırır - məşhur "Mavi saqqal" nağılı belə yaranıb.

   Gəlin XVIII əsrin əvvəllərindən XX əsrin sonlarına doğru hərəkət edək. Yenə bir yazıçını, Jilber Prutonu yada salmalı olacağıq. 1992-ci ildə yazıçı Jilber Prutonun təklifi ilə fransız məhkəməsi baron Jil de Renin işinə yenidən baxdı. Və nə az, nz çox, üz 552 ildən sonra bədbəxt baron Jil de Re, marşal Jil de Laval bəraət aldı...

   Hələ də yağış yağır. Bir zamanlar mən yağış səsini öz səsimdən çox sevərdim...

   Bir vaxtlar mən də Janna d""Arkın şərəfinə şeir qoşmuşdum. Onda 13-14 yaşım vardı. Və Perronun "Mavi saqqal"ının nağıl olduğuna inanırdım...

 

 

   Adil Mirseyid

 

  Ekspress.- 2011.- 5-7 fevral.- S. 14.