"Azərbaycan ailəsi -2011"

 

Kinofestival üzrə növbəti müsabiqə başlandı

 

Fevralın 9-da Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan ailəsi-2011" kinofestivalı çərçivəsində müsabiqəyə start verilib. Bu münasibətlə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsində tədbir keçirilib.

AQUPDK sədrinin müavini Aynur Sofiyevanın sözlərinə görə, festivalın məqsədi ölkədə həyata keçirilən ailə siyasətini daha geniş işıqlandırmaq, ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu yüksəltməyə yönəltmək və onun tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır.

Müsabiqənin şərtləri haqqında məlumat verən A.Sofiyeva bildirib ki, festival "Ən yaxşı rejissor, "Ən yaxşı film", "Ən yaxşı tələbə filmi", "Ən yaxşı televiziya proqramı", "Ən yaxşı xarici film" nominasiyaları üzrə keçiriləcək. Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun gəlməklə yanaşı, bədii, sənədli, animasiya filmləri sosial çarxlar şəklində qəbul olunacaq. Müsabiqədə gənc həvəskar və peşəkar rejissorlar iştirak edə bilərlər.

Azərbaycan ailələrinin xüsusiyyətlərini əks etdirən bu filmlər aprelin 25-dək DVD formatında təşkilat komitəsinə təqdim olunmalıdır. Qaliblərin mükafatlandırılması mərasimi bu ilin mayında keçiriləcək. Təqdim olunan işlər respublikanın ictimai xadimləri tərəfindən qiymətləndiriləcək.

Tədbirdə münsiflər heyətinin rəhbəri, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev çıxış edərək festivalın müasir kinomuzun təbliğində mühüm rol oynayacağına əmin olduğunu bildirib, kinonun milli-mədəni irsimizin təbliği gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Artıq üçüncü ildir ki, keçirilən bu festival beynəlxalq xarakter daşıyır. Kino, televiziya sahəsində çalışan gənclərin yaradıcılığının nümayiş etdirilməsi xarici ölkələrin rejissorlarının bu festivala cəlb olunması təqdirəlayiqdir".

 

 

AYXAN

 

Ekspress.-2011.- 10 fevral.- S.23.