Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   1937-ci il iyulun 30-da "Sovet xalqının sevimlisi" Nikolay İvanoviç Yejovun hazırladığı və "dünya daşnaklarının Kreml ulduzu" Anastas İvanoviç Mikoyanın təsdiq etdiyi repressiya qaydaları qüvvəyə minən kimi, Azərbaycanın ən görkəmli xadimlərinin və sənət adamlarının, onların yaxın qohumlarının başı üstünü qara buludlar aldı. Bu da maraqlıdır ki, 1956-cı ilin fevralında Sov. İKP-nin XX qurultayındakı çıxışında İ.D.Mustafayevin "M.C.Bağırovun divan tutduğu" xadimlər sırasında adı çəkilən Qəzənfər Musabəyov həbs olunan kimi "Sovet xalqının sevimlisi"nə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Nazirliyinin arxivində tanış olduğum bir sənədlə - Qəzənfər Musabəyovun ərizəsi ilə oxucuları tanış edirəm:

 

   "Xalq daxili işlər komissarı N.İ.Yejov yoldaşa

 

   Əziz Nikolay İvanoviç!

 

   ÜİK(b)P MK-nın iyun plenumunun qərarı ilə mən MK üzvlüyünə namizədlərin tərkibindən aktiv fəaliyyət göstərmədiyimə görə çıxarılmışam, Bu qərarı tamamilə düzgün hesab edirəm, MK qərarını özüm üçün müqəddəs bilirəm, partiyamız məni hansı bir sahədə işləməyə göndərsə, qüvvə və bacarığımı əsirgəmədən çalışacağam, partiyanın etimadını doğruldacağam.

   Əziz Nikolay İvanoviç, sən məni yaxşı tanıdığın üçün özümə borc bilirəm ki, hər şeyi ətraflı yazım. 1889-cu ildə keçmiş Quba qəzasının Pirəbədil kəndində yoxsul kəndli ailəsində anadan olmuşam. Atam məni yeddi yaşımda bir rus ailəsinə vermiş, burada ta Bakı gimnaziyasını bitirənədək yaşamışam. 1911-c ildə atamı itirmişəm. Təhsilimi davam etdirmək üçün 1912-ci ildə Kiyev şəhərinə getmiş və universitetin tibb fakültəsinə daxil olmuşam. 1917-ci ildə universiteti bitirərək Bakıya qayıtmışam və inqilabi hərəkata qoşulmuşam. Birinci Bakı Kommunası zamanı Caparidze və Şaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində fəaliyyət göstərmişəm. Bakı Kommunasının süqutundan sonra, 1918-ci ilin avqustunda Caparidze yoldaşın təklifilə digər kommunalarla birlikdə Həştərxana göndərilmişəm. İki il Həştərxanda S.M.Kirov yoldaşın rəhbərliyi altında partiya işində çalışmış, II Orduya tibbi xidmət sahəsində (hərbi xəstəxana açmış və burada baş həkim işləmişəm) fəaliyyət göstərmişəm. 1920-ci ilin aprelində Orconokidze və Kirov yoldaşların tapşırığı ilə mən Mikoyan və Yefremov yoldaşlarla birlikdə "İnternasional" zirehli qatarında Bakıya daxil olmuş və şəhəri döyüşə-döyüşə almışıq. Azərbaycanın sovetləşməsinin ilk illərində 1931-ci ilədək müxtəlif sahələrdə fəal çalışmışam. Səkkiz il Xalq Komissarları Sovetinin sədri və iki il Mərkəzi İcraiyyə Komitəsinin sədri olmuşam. Mərkəzi Komitənin qərarı ilə 1931-ci ildən 1937-ci ilədək, yəni Zaqafqaziya Federasiyasının ləğvinədək ZSFSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində işləmişəm.

   Əziz Nikolay İvanoviç! Mənim bütün fəaliyyətim partiyamızın gözü qarşısında davam etmişdir. 19 illik fəaliyyətim dövründə daima MK direktivlərinin, dahi rəhbərimiz Stalin yoldaşın göstərişlərinin həyata keçirilməsi uğrunda mübarizə aparmışam. Mən Azərbaycanda və Zaqafqaziya Federasiyasında milli təmayülçülərlə kəskin mübarizədə olmuş, trotskiçilərlə və onların tör-töküntülərilə barışmaz olmuşam, partiyamızın baş siyasi xəttinin həyata keçirilməsi üçün var qüvvəmi səfərbər etmişəm. Heç zaman, əziz Nikolay İvanoviç, partiyamız qarşısında yalan danışmamışam. Sənə, əziz dostum, hər an uğrunda canımdan keçməyə hazır olduğum partiyamıza və dahi Stalinə, rəhbərliyi altında uzun illər çalışdığım Sergey Mironoviç Kirovun adına and içirəm ki, heç vaxt partiyamızın baş xəttinə qarşı mövqedə olmamışam, partiyamız qarşısında vicdanım təmizdir. On doqquz illik fəaliyyətim dövründə bir dəfə də olsun, mənə doğma partiyamızdan irad tutulmamışdır. Sən məni, əziz Nikolay İvanoviç, şəxsən kifayət qədər yaxşı tanıyırsan, bilirsən ki, doğma partiyamıza və dahi rəhbərmiz Stalin yoldaşa nə qədər sədaqətliyəm. Sən, Nikolay İvanoviç, dahi rəhbərimizin sədaqətli şagirdisən, adamları yaxşı tanıyırsan. Mən öz həyatım barədə müfəssəl yazmaqla, səndən bir xahişim var: hazırda partiyamız tərəfindən bütün düşmənlərimizin, mənfur sağ qüvvələrin və trotskiçilərin, faşizm agentlərinin və böyük ölkəmizə xəyanət edənlərin aradan qaldırılması gedişində ayrı-ayrı pak-təmiz kommunistlərin məsuliyyətə cəlb edilməsinə yol verilməsin. Mən də onlardan biriyəm.

   Əziz Nikolay İvanoviç! Dahi rəhbərimizin sədaqətli şagirdi kimi, mənim haqq aşiqi olan doğma qardaşım kimi sənə bunu da demək istəyirəm ki, Azərbaycanda mənimlə bir vaxtda işlədiyi zaman Bağırov yoldaşla aramızda tez-tez ayrı-ayrı siyasi məsələlərdə fikir ayrılığı baş verirdi. Bağırov yoldaş bir sıra siyasi səhvlərə yol verdiyinə görə işdən kənar edilmişdir. Birinci dəfə 1927-ci ildə, Azərbaycan Baş Siyasi İdarəsinin sədri vəzifəsində işləyərkən, Siyasi İdarə aparatından düzgün istifadə etmədiyinə görə S.Orconokidze yoldaşın təklifi ilə vəzifəsindən uzaqlaşdırılmışdır. 1930-cu ildə Gikalo yoldaşla antipartiya və prinsipsiz davranışına görə yenə də vəzifədən kənar edilmiş və Moskvaya göndərilmişdir. Etiraf edirəm ki, siyasi səhvlərinə görə, səmimi olmadığına və tərəddüdlüyünə görə mən Bağırov yoldaşa qarşı pis münasibətdə olmuşam.

 

   Nikolay İvanoviç, səndən artıq dərəcədə təvəqqe edirəm ki, məni qəbul edib dinləyəsiniz.

   Sənə sədaqətlə: Musabəyov

   Ünvan: Moskva, 1-ci Sovetlər Evi, mənzil 74, tel. B-I-74-83."

 

   1937-ci ildə "Mikoyanın sağ əli" Yejov ona doğma qardaş kimi müraciət etdiyi Qəzənfər Musabəyovu qəbul etməmişdir. Ərizəsinin üstündə bu dərkənarı yazmışdır: "Litvin yoldaşa. İstintaq materiallarına əlavə edin. 27.07.1937." Qəzənfər Musabəyov həmin il avqustun 2-də Moskvada həbs olunmuş, Yejovun müavini Litvin isə Mikoyanın "xeyir-duası" ilə Bakıya yola düşmüş, Q.Musabəyovun məktubunda M.C.Bağırova aid deyilənləri araşdırmışdır. M.C.Bağırovun həbs olunması təklifi ilə ağalarının yanına qayıdarkən çərxi-fələk tərsinə dövran etmiş, Lenin ordenli Yejov həbsə alınıb güllələnmiş, Beriya və M.C.Bağırov haqqında istintaqa başlamaq üçün materiallar toplayan Mikoyan 1920-ci ilin sentyabrında olduğu kimi, sudan quru çıxmışdır. M.C.Bağırov Mikoyanın əksinqilabi fəaliyyəti, daşnak partiyasının üzvü olduğu, daşnak ordusunda zabit kimi Azərbaycan türklərinə qarşı soyqırımında iştirakı barədə məxfi sənədləri köhnə dostu Lavrenti Beriyaya təqdim etmişdir. A.Mikoyan dövlət təhlükəzsizliyi orqanlarına kuratorluqdan uzaqlaşdırılmış, daxili və xarici ticarətlə məşğul olmuşdur. Stalinin vəfatından sonra ali hakimiyyətə gəlmiş daşnak, Nikita Xruşşovun saqqızını oğurlayan səriştəli iblis 1953-cü ildə əvvəlcə L.Beriyanın qətlini təşkil etmiş, sonra da M.C.Bağırovu Azərbaycandan uzaqlaşdıraraq iki il yarım müddətində məhkəməsinin hazırlanmasının "gözəgörünməz" hakimi olmuşdur. Bütün bu oyunlar 1956-cı ildə M.C.Bağırovun istintaq materiallarına bu şəkildə salınmışdır: "Sübut olunmuşdur ki, Beriyanın müsavat əksinqilabındakı xidmətindən xəbərdar olan Bağırov öz keçmişini gizlətməkdə Beriyaya hər cür yardım etmiş, bunun üçün arxivlərdən oğurluq etməkdən, ifşaedici sənədləri Beriyaya göndərməkdən, hətta Beriyanın keçmişini üzə çıxara biləcək şəsxləri aradan götürməkdən belə çəkinməmişdir. Beriya öz işi üzrə məhkəmə istintaqı zamanı müsavat əks-kəşfiyyatındakı xidməti barədə demişdi: "Mənim ən ağır cinayətlərimdən biri müsavat əks-kəşfiyyatında iştirakımdır. Bu günahımı mən tamamilə boynuma alıram".

   Müttəhim Bağırov "Beriyanın müsavat əks-kəşfiyyatında xidməti barədə nə vaxt xəbər tutmusan?" sualına belə cavab verdi: "Beriya müsavat əks-kəşfiyyatında xidməti barədə mənə bir söz deməmişdi. O mənə danışmışdı ki, guya bizim bolşevik təşkilatının göstərişi ilə kəşfiyyat xarakterli tapşırıqları yerinə yetirir. Ancaq bu tapşırıqların mahiyyəti barədə o heç bir şey deməmişdi. Beləliklə, Beriyanın müsavat əks-kəşfiyyatında xidməti barədə mən ilk dəfə 1937-ci ildə eşitmişəm".

   Bağırovun bu ifadəsi istintaq işinin bütün materialları ilə təkzib olunur. Müəyyənləşdirilmişdir ki, Bağırovun sərəncamında Beriyanın müsavat əks-kəşfiyyatındakı fəaliyyəti faktını təsdiq edən əsas arxiv sənədləri var idi. Azərbaycan Fövqəladə Komissiyasının sədri olan Bağırov Beriyanın müsavatçıların Azərbaycana hakimiyəti dövründə kommunist partiyasının üzvü olmaması, beləliklə də müsavat əks-kəşfiyyatında işləmək üçün gizli bolşevik təşkilatı tərəfindən göndərilə bilməməsini təsdiq edən çoxlu şahid ifadələrinə və geniş məlumatlara malik olmaya bilməzdi. Beriyanın müsavat əks-kəşfiyyatındakı fəalyyətinin şahidləri onu ifşa edən məlumatlarla çıxış edəndə Bağırov tərəddüd etmədən Beriyanı fəal şəkildə müdafiə edir, beləliklə də onun cinayətkar keçmişini ört-basdır edirdi.

   Məlum olmuşdur ki, Beriyanın müsavat əks-kəşfiyyatında xidməti barədə 1921-ci ilin dekabrında Azərbaycan Fövqəladə Komissiyasında partiya təşkilatının təmizlənməsi zamanı da bu məsələ qaldırılmışdı. Bağırov o zaman da Beriyanı fəal müdafiə etmişdi.

   Bağırov Beriyanın müsavat əks-kəşfiyyatındakı xidmətini təsdiq edən arxiv sənədlərini müxtəlif yollarla əldə edərək bu sənədləri Beriyaya göndərmişdir. Moskvada Beriyanın şəxsi arxivi araşdırılarkən müsavat hökuməti daxili işlər nazirliyinin müsavat əks-kəşfiyyatı işçilərinin işə qəbulu və işdən azad edilməsi barədə əmrlərdən ibarət 1919-cu ilin avqustun 13-də açılmış və 1920-ci ilin martın 1-də sona çatmış arxiv sənədi aşkara çıxarılmışdır. (Bu sənədin əsli hazırda Respublika DTN-nin arxivində saxlanılır - T.Q.) Sənədin 19-cu səhifəsində "əksinqilabla mübarizə təşkilatının" rəisinin 28 dekabr 1919-cu il tarixli 29 nömrəli əmrinin surəti yerləşdirilib. Əmrdə deyilir ki, agent Beriya 1920-ci ilin yanvarın 1-dən etibarən öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunur. Eyni şey 1920-ci il 8 yanvar tarixli əmrdə də göstərilir. Burada 11 müxtəlif familiyalı şəxsin arasında Beriyanın da familiyası vardır. Bu ifşaedici sənədlərin Beriyanın əlinə necə keçməsi barədə suala elə həmin sənədin arasında Beriyanın öz dəst-xətti ilə yazıb qoyduğu kiçicik bir kağız parçası cavab verir. Orada bu sözlər yazılıb: "Yoldaş Bağırov göndərib. 1-XII-1939."

   Bu məsələ ilə bağlı müttəhim Bağırov ilk əvvəl bildirdi ki, müsavat əks-kəşfiyyatındakı xidməti barədə arxiv sənədlərini Beriyaya verib-vermədiyini xatırlamır. Həmin sənədlərin fotosurəti göstərildikdə bildirdi: "Bu sənədlər mənə tanışdır. Əgər bu materiallar Beriyadan çıxmışsa, deməli, bunları mən ona vermişəm. Ancaq hansı şəraitdə vermişəm, yadımda deyil"..."

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 12-14 fevral.- S.15.