Məhəmməd Əsəd bəy dərsliklərə salındı

 

2010-2011-ci tədris ilindən Azərbaycanın dünya şöhrətli yazıçısı Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığı ilə bağlı məlumatlar Azərbaycanın orta ali məktəb dərsliklərinə salınıb. Bu barədə Məhəmməd Əsəd bəyin tədqiqatçısı, Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri Nuridə Atəşi məlumat verib.

N.Atəşi bildirib ki, M.Əsəd bəyin adının əbədiləşdirilməsi, onun adına bir küçə salınması, xatirə lövhəsi asılması onun Azərbaycan yazıçısı kimi dərsliklərə salınması ilə bağlı müraciətinə ilk əvvəl təhsil naziri Misir Mərdanov reaksiya verib. M.Mərdanov N.Atəşini qəbul edərək dərslikləri təqdim edib apardığı tədqiqatlara görə ona təşəkkür edib.

Nazir hələ orta məktəbdə ikən şagirdlərin Əsəd bəyi tanımalarının öyrənmələrinin vacib olduğunu vurğulayıb 11-ci sinif ədəbiyyat dərsliyində M.Əsəd bəy, onun məşhur romanı "Əli Nino" haqqında məlumat olmasını vacib sayıb. Təhsil Nazirliyinin 24 noyabr 2010-cu il tarixli, 1531 saylı əmri ilə ali məktəblər üçün nəzərdə tutulan "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"ndə "Qurban Səidin "ƏliNino" romanı" başlığı altında M.Əsəd bəyin yaradıcılığına geniş yer ayrılıb. M.Mərdanov M.Əsəd bəyin Azərbaycanın böyük yazıçısı olaraq həm dünyada, həm vətənində tanıdılmasında Təhsil Nazirliyinin dəstəyinin davam edəcəyini bildirib.

 

 

AYXAN

 

Ekspress.-2011.-16 fevral.-S.14.