Xınalı dağlar, mor bənövşələr və ümid...

 

   Haçansa gəncliyimizin xoşbəxt günlərində ruhum bədəndə oynayanda, ağaclara, quşlara, buludlara, sevdalı gözəllərə qanım qaynadığı bir anda quşlar çiçək açmalıydı, ağaclar qanadlanıb uçmalıydı demişdim.

   O misranı pıçıldadığım gündən uzun illər ötüb keçib ömrümdən. Ömrümdən ötüb keçən çilə dolu ağır illər alnıma mücərrəd qırışlar cızıb, ürəyimdə dərin çatlar buraxıb. Amma hələ də mənim röyalarımda ağaclar qanadlanıb uçur, uçan quşlar çiçəkləyir...

 

   Ucsuz-bucaqsız rus çöllərində tənha bir ağcaqayın ağacıydı ryazanlı Yesenin.

 

   "Yaşamaq bir ağac kimi tək və hürr və bir orman kimi qardaşcasına" deyə insanlığa hayqıran böyük türk şairi Nazim Hikmət bir ceviz ağacıydı. İstanbulda, Gülhanə parkında. Bu gün çağdaş poeziyamızda hardan baxsan, yeri görünən Rəsul Rza bir çinar ağacıdı - kökü Göyçay torpağında. Qərib Orxan Vəli telli qovaqdı - İstanbulun orta yerində. Rəssam Toğrul Nərimanbəy də çinardı, amma Toğrul yüzillik çinar da olsa, budaqları nar gətirəcək. Səttar Bəhlulzadə dəmir-ağacdı - yanıb qaralmış dəmirağac.

   Elbariz Məmmədli türk yovşanıdı göydələnlərin boz kölgəsində - biganəlik iqlimində. Hər dəfə Elbariz Məmmədli ilə görüşəndə məni yovşan qoxusu vurur.

   Bir Məmməd Dəmirçioğlu yaşayır bu dünyada. Şair və rəssam Dəmirçioğlu. Dəmirçioğlu tut ağacıdı İncə dərəsindən. Qara saz kimi bir adamdı.

 

   Şairlər uçan ağcalardı. Göy üzündə çiçək açan quşlardı şairlər.

   Fəxri Müslüm talada bir yemişan ağacı kimi görünür gözlərimə.

   ...Mən yemişan ağacıyam, Tanrım,

   Ayına, ulduzuna, buluduna dirənmiş.

 

   Və yaşıl talada köküylə qara torpağa, budaqlarıyla göylərə kök atmış bu yemişan ağacı hayqıra-hayqıra xınalı dağlara sarı yüyürür.

   Uzaqlardan xınalı dağlar görünür. O görünən dağlar bizim dağlardı...

            Bizim gələnəyimizdə əski şaman dədələrimizdən miras dağ kultu yaşayır. Dağlar türk şeirinin bəzəyidi, süsüdü. Biz Tanrı dağlarından varıb gəlmişik, bir gün tənimiz qara torpağa qovuşanda ruhumuz yenə Tanrı dağlarına dönəcək.

   Düşünürəm ki, bəlkə elə şaman ozanlarımız Ay işığında dünyadan qoca dağlarımızın şəninə nəğmələr qoşublar. Bəlkə ilk türk şairi ilk türk şeirini xınalı dağlarımızın şəninə söyləyib - dünyanın o gözəl, bakirə vaxtlarında ozanlar şeir qoşardılar. Sonralar, çox sonralar şairlər şeir yazmağa başladılar.

   Əski zamanlardan üzübəri dağlar, dağ motivləri bizim poeziyamızda önəmli yer alır. Hər şairin mütləq və mütləq dağlara aid şeirləri mövcuddur. Hər şair heç olmasa bir şeir yazıb dağlar adına - "fərman padşahındı, dağlar bizimdi".

   Amma nə mutluyuq ki, türk şeirində, türkcə şeirində hər şairin öz bənzərsiz dağları olduğunu görürük. Qədim çağlardan bu günümüzə qədər şeirimizin əsrarəngiz mənzərəsi belə olub, bu gün belədir. İnşallah, yarın da belə olacaq.

   Fəxri Müslüm dağlara üz tutuban onlara könül nəğməsi oxuyub, onun dağlara xitabən söylədiyi misralarda qədim çağların ruhu dolaşır.

 

   Örüşə bax - buludları qapanmış,

   Köç dağlarda, yaylaqları sar almış.

   Bu dünya, qulaqları kar olmuş,

   Dərd sinəmdə binə-binə xal oldu.

 

   Bu mənzərəni harda gördüyünüzü xatırlayın, yada salın. Siz bu həzin mənzərənin ovqatına köklənməkdə olun, mən Fəxri Müslümün "Dağlar" adlı şeirini "Dilqəmi" havası üstündə çalıb oxuyum. Amma hanı, nə saz çalmağım, nə də oxumağım var. Olsun, qüsura baxmayın, könlüm havalanıb, bir bənd də olsa oxumalıyam:

 

   ...Yaylaq canda xal-xal oldu,

   Könül azdı, bihal oldu,

   Taleyimiz yığval oldu -

   Sırğalandı dənin, dağlar.

 

   Şairin əksər şeirləri saz havası üstündə köklənmiş kimi könlümüzü ovsunlayır. Saz və söz ovsunu içində sanki dəli könül bihal olur. Həmişə mənə elə gəlib ki, Fəxri Müslümün şair ürəyi SAZ şəklində olmalıdır.

   ...Məşhur bir rəssam görkəmli rus şairi Yevgeni Yevtuşenkonun portretini işləyirmiş. Rəssam və şair ordan-burdan söhbət edə-edə arada qırmızı şərabın dadına baxmağı da unutmurdular. Seansın sonunda rəssam portreti molbetdən çıxarıb özündən və işindən razı bir halda şairə göstərir. Şair uzun müddət susur. Rəssam şairin portret haqqında fikrini soruşanda şair "nəsə çatışmır" - deyir. Nə çatışmır? - rəssam inad göstərir. Ürək - şair cavab verir.

 

   Rəssam cəld fırçanı qırmızı rəngə batırıb bir ürək şəkli çəkir.

 

   Bu əhvalatı Yevgeni Yevtuşenkonun xatirələrində oxumuşam. Yəqin ki, şair bu əhvalatı özündən uydurmayıb, çünki bu böyük şairin bayağı lətifələrlə əylənməyə ehtiyacı yoxdu.

   Bəs mən nə demək istəyirdim? Belə bir əhvalat bizim başımıza gəlsəydi, mən ürək şəkli deyil, saz şəkli çəkərdim dostumun portretində.

 

   Aşıq Əli, yaman yatdı sinəmə,

   Qayıt köklə, "Dilqəmi"ni bir də çal.

   Könül verdim bir nazənin sənəmə,

   Yaddaşımı örkən elə, hör də, çal.

 

   Bu yaxınlarda Aşıq Əlini gördüm. Faniliklərin fövqündə durub qəlyanını tüstülədirdi...

   Fəxri Müslümün Aəşıq Əliyə ithafən yazdığı qoşmanı xatırladım.

 

   Həsrətə bax, mücrüsündə yaz ağlar,

   Yöndəmsizə, ya arsıza az ağlar,

   Nəm tutubdu, köynəyində saz ağlar,

   Belə simin güllərini dər də, çal.

 

   Fəxri Aşıq Şəmşirə, Aşıq Xanlara, Aşıq Fəzailin, Miskinin "Baş sarıtel"inə, "Divani"sinə, xüsusilə də "Dilqəmi"sinə və xınalı dağlara, mor bənövşə sevdasına şeirlər yazır. Fəxri Müslüm qara sazdan halallıq diləyən bir ozandı və bu ozan bizim qan qardaşımızdı.

 

   Dərd boğaza gələndə Fəxri Müslüm ürəyini ovcuna alıb pıçıldayır:

   Mən şeir yazmıram, qardaşım -

   mən dərd köçürürəm ağ vərəqlərə,

   mən könül açıram qarlı dağlara.

   Mən nağıl danışıram

   ürəklərində

   ümid tumurcuqlayan uşaqlara.

   Bir cüt bəyaz qanadım var,

   dərdə bükülmüş həyatım var...

 

   Əlbəttə, bu, bir şair təvazökarlığıdır. Əlbəttə, şair sadəcə olaraq qafiyəli misraları ardıcıllıqla sıralamır, o, öz qan yaddaşını qələmə alır. Yuxarıda, yazının bir yerində şaman-ozan termini işlətmişdim. Şamanizm bir türk ideologiyasıdı, bir yaşam fəlsəfəsidir. Ruh və maddə, od və su, xeyir və şər, işıq və zülmət, olum və ölüm sənətin, poeziyanın əzəli-əbədi mövzularıdır. Bizim sənət haqqında düşüncələrimiz, əlbəttə ki, fərqlidir, amma genetik yaddaşımız eyni kökdəndir. Bu mənada şeir Türkün genetik yaddaşıdır.

 

   Beşiyin başında layla səslənib,

   Bayatı səslənib, kövrək bayatı,

   Dədəmiz Qorqudun sazı süslənib,

   Dilə gətiribdi eli, elatı.

 

   Nə az-nə çox, düz qırx il öncə Sabir adına kitabxanada şair Ağacavad Əlizadənin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində Fəxri Müslümlə, Qasid Nağıoğlu, Vaqif Cəbrayılzadə, Böyükxan Bağır, Sutan Mərzili, Tahir Qurbanov, Sabir Adil və gəncəli balası Şaiq Rəsul, Rauf Soltan, Mehdi Bəyazid ilə tale bizi bir araya gətirdi. Rauf və Şaiq gənc yaşlarında torpağa düşdülər, bizim durna səfimizdən ayrıldılar. Deməli, Fəxri ilə qırx ildi duz-çörək, düz çörək kəsirik. Fəxri müsahibələrinin birində incə bir yumorla, həm də ərk ilə mənə sataşıb. Gərək ki, Elnur Paşa Fəxrini sorğu-suala tutmuşdu. Müsahibənin bir yerində Fəxri deyir ki, 7-8 il əlimə qələm almadım. Adil o zaman "Ulduz" jurnalında işləyirdi. Hər dəfə görüşəndə məndən şeir istəyir, tez-tez məni incidirdi. Adil Mirseyid qovdu, mən qaçdım. Saz havaları üstündə bir silsilə şeirlər yazdım. Sonra Adil "Ulduz" jurnalından getməli oldu. "Palitra" qəzetində ədəbiyyat səhifəsi aparanda o şeirləri kiçik bir ön söz yazaraq çap etdi və beləliklə məni məhvərindən çıxdığım içimə qaytardı.

   Ay səni, arxadaş. Ay səni, Fəxri Müslüm. Başqa bir müsahibədə Xanəmir Fəxri Müslümə müraciətlə deyir: "İmzanıza indi tez-tez rast gəlmək olur. Özü də sizin maraqlı tərəfiniz odur ki, yaşıdlarınızdan fərqli olaraq, ədəbiyyata yeni gələn gəncliyə qaynayıb-qarışırsınız. Vaxtı ilə çox az çap olunmusunuz, ya da heç çap olunmamısınız". Xalq şairi Nəriman Həsənzadə, Söhrab Tahir, keçən il bir avtomobil qəzasında həyatını itirmiş Eldar Nəsibli, Əli Rza Xələfli, Elbariz Məmmədli, Vasif Süleyman və Vəli Səmədli ömrünün müdriklik dövrünü yaşayan tanınmış şair Fəxri Müslümün yaradıcılığı haqqında yazdıqları məqalələrdə onun poeziyasını, nəsrini və şəxsiyyətini yüksək dəyərləndirirlər. Fəxri isə həmişə olduğu kimi, istiqanlı, səmimi, həyalı və təvazökardı.

   Türklük şüuru, insana və təbiətə sevgi - Fəxri Müslüm poeziyasının silqəti məhz budur.

   Şairin dil, din və qan qardaşı Azər Abdullaya xitabən yazdığı misralar bu məqamda yadıma düşdü.

 

   Dan üzündən gələn adam -

   İçin-için ağlayıb,

   için-için gülən adam,

   Sınmayan, sızlamayan,

    ölməyən adam.

   Dərdi dərdlə kəsən, bölən adam...

 

   Bu misraları eyni ilə şairin özünə şamil etmək olar sanıram. O özü də dan üzündən gəlmiş adamdı - təpədən-dırnağa qədər işıq içindədi. Bəzən şəhərin izdihamlı və laqeyd küçələri ilə onunla birgə addımlayanda mənə elə gəlir ki, o, bu şəhərdə, bu küçədə deyil, hardasa göy üzündə bulud köçündədi. O bulud köçü Şınıx dağlarından baş alıb gəlir...

   Bir də bilmirəm nədənsə Aşıq Qurbaninin mor bənövşələri gülümsəyir xəyalımda. O mor bənövşənin bakirə təbəssümü Leonardo da Vinçinin Mona Lizasının sirli təbəssümündən daha ecazkardı mənim aləmimdə. Bu dünyada elə bir güc-qüvvə yoxdur ki, şairi boyun əyməyə, diz çökdürməyə məcbur etsin, onu atdan sala bilsin. Şairin biləyini bükmək, kürəyini yerə vurmaq hər igidin işi deyil - şairin üstünə Tanrı kölgəsi düşər.

   Fəxri Müslüm kimi bir şairi bir bənövşə təbəssümü atdan salar, diz çökdürər.

 

   ...Mən Türkəm,

    bu qarğış bir güc eləməz,

   Boğaza zor ilə ülgüc gələməz.

   Qoruyan Tanrıdı, pis gün diləməz,

   Apar qarğışını, qarğış yiyəsi.

 

   Mən şeiri hər zaman, həm də bir rəsm olaraq görürəm, zira mənim təsviri sənətlə çox sıx bağlılığım var. Renesans poeziyası renesans rəssamlarının əsərlərinə, modern poeziya isə avanqard rəssamlığa bənzəyir. Pablo Pikassonun təbiri ilə desəm, rəsm hər şeydən öncə bir oboljedir, yeni obyektdir. Modern rəssamlıqda rəsm əsəri təsvir etdiyi nəsnəyə görə deyil, ortaya qoyduğu rəsmsəl olaya görə dəyərləndirilir. Bu gözlə baxsaq, şeir də belədir.

   Fəxri Müslümün "Şamaxı etüdləri" bu qəbildən olan şeir nümunələridi.

   Başının üstündə üzü dünyaya baxan Ayı heyrətlə seyrə dalan şair üçün poeziya aldığı, ciyərlərinə çəkdiyi nəfəsdi. İçdiyi sudu, yediyi çörəkdi.

 

   Yaxşı ki, bir şəkil çəkmişdi qızım,

   Qalmışdı bu alma ağ kağız üstə.

   Fələyin hökmüylə yıxılmış arzum,

   Alma ağacı tək çöküb diz üstə.

 

   Ulduzlar perikib uçur gecənin qaranlığında. Ulduzlar cənnət quşları kimi səs-səsə verib oxumur daha torpaqları yağmalanmış məmləkətimdə. Hər alma ağacı bir bəxt ağacıdı - alman ağaclarımız quruduqca ölü ulduzlar tökülür göy üzündən.

   ...Uzaqdan, dağ yolundan bir atlı keçir. O atlı Fəxri Müslümdü - kəhər atın yalmanına yatıb çapır gecəni dördnala...

 

   Alnımızın ucalığında

   bir "İrfani" havası yaşar -

   ağırlığı, ləngərliyi

             paşalara verib gedən,

   Boz çöllərdən keçib gəldik,

   köynəyimizin ipliyi

    yovşan otundan,

   varlığımız, qədimliyimiz

   Orxon, Yeniseydəki çaylara

    daşlar varıb gedən

   atlarımızın qantarğası

   cilovlandı əllərimizdə -

   yüyənləri dartmaq üçün.

   Cıdırları ağır-ağır dövrələdik

   tələsmədən,

   çəkimizə dirəklənib, dirsəklənib

   büdrəmədən, əsmədən -

   Ulularımızın böyüklüyünə,

    ucalığına çatmaq üçün.

   Uralanıb gəldik, durulub gəldik,

   Gedirik, gedirik, gəlirik hələ -

   Boz çöllərdən keçib gəldik

   Göydəmir atları minib gəldik...

 

 

   Adil Mirseyid

 

  Ekspress.- 2011.- 19-21 fevral.- S.18.