Azərbaycan diasporu dünyada erməni mifini sındırıb

 

  2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ili tamam olur. Ötən müddət ərzində müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası istiqamətində xeyli addımlar atılıb.

   Amma unutmayaq ki, Azərbaycan gənc bir dövlətdir, üstəlik, ərazilərimizin bir qismi hələ də Ermənistanın işğalı altında qalmaqdadır. Odur ki, müstəqilliyimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi-hərbi-mənəvi gücümüzün fasiləsiz - hər gün, hər saat artırılması gənc dövlətin hədəflərinə çatması yolunda başlıca şərtdir. Daxili siyasi sabitlik, iqtisadi sıçrayış, uğurlu neft-qaz siyasəti, Avropanın enerji təminatında önəmli rol oynamağa başlaması, Milli Ordunun gücləndirilməsi, maliyyə imkanlarının artması Azərbaycanın regionda söz sahibi olmasına, xarici arenada öz manefelərini müdafiə etməsinə imkan yaradır.

   Gənc dövləti gücləndirmək, beynəlxalq miqyasda nüfuzunu artırmaq yalnız sayı 9 milyon nəfəri keçən Azərbaycan vətəndaşlarının işi deyil. Soydaşlarımız az qala bütün dünyaya səpələniblər və onların sayı 50 milyon nəfərdən artıqdır. Müstəqil Azərbaycan Respublikası isə onların hamısının vətənidir, soydaşlarımıza arxadır. Təbii ki, onların da məskən saldıqları ölkələrdə təşkilatlanmaqla, diaspor gücü ortaya qoymaqla Azərbaycanımızın təbliğatını aparmaq, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni lobbisinə qarşı mübarizədə, düşmənin çirkin informasiya savaşında gənc dövlətimizə dəstək vermək Vətən qarşısındakı borclarıdır.

   Azərbaycanın müxtəlif ölkələrdə artıq sayları 400-ü keçən diaspor qurumları digər diasporlarla müqayisədə gənc olsa da, onlar tədricən fəaliyyətlərini gücləndirir, genişləndirir, milli dəyərlərimizi, dövlətçiliyimizi xaricdə təbliğ edir, yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağa, daha mütəşəkkil şəkildə təşkilatlanmağa, fəaliyyətlərini koordinasiya etməyə çalışırlar. Amma heç birimizin, o cümlədən diaspor təşkilatlarımızın vaxt itirmək lüksü yoxdur: daha güclü, daha mütəşəkkil olmalıyıq.

   Diasporumuzun fəaliyyətində indiyədək buraxılan səhvləri, eləcə də güclü cəhətləri araşdırıb dərs çıxarmalı və mütəşəkkil fəaliyyətin elə səviyyəsinə nail olmalıyıq ki, erməni diasporuna qəti savaş elan edək.

   "Ekspress" qəzeti indiyədək bu ümummilli işimizin təşviq və təbliğinə öz töhfəsini verməyə çalışıb və hazırda bu mövzuda Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihə həyata keçirir.

   Layihə çəçivəsində Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bu prosesdə diasporumuzun rolu və bunun söz və mətbuat azadlığına, eləcə də KİV-in inkişafına təsiri mövzularını əhatə edəcək "Dünyaya baxış" adlı xüsusi səhifə yayınlanacaq.

   İş elə gətirdi ki, layihənin ilk materialının hazırlanması əlamətdar günə - Dünya Azərbaycanlılarının III Qurultayının keçirildiyi bir vaxta təsadüf etdi. Xatırladaq ki, ilk qurultay ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da, II qurultay isə 2006-cı il martın 16-da Bakıda keçirilib.

   Dünən - iyulun 5-də Azərbaycan diasporunun öndə gedən, fəal üzvləri qurultayın keçirildiyi Heydər Əliyev Sarayına toplaşmışdılar. Dünya Azərbaycanlılarının ali forumuna 1272 nümayəndə seçilmişdi.

   Qeydiyyatın nəticələrinə görəsə, qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edirdi. Onların arasında Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış əcnəbi ziyalılar və alimlər də vardı. Qonaqların arasında Qırğızıstan Respublikası parlamentinin sədri Əhmədbəy Keldıbekov, Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Papun Davitaya, Türkiyə diaspor təşkilatının rəhbəri Kamal Yurtnac, Moldova Qaqauz Muxtariyyətinin rəhbəri Mixail Formuza, Rusiya Xaricdə Yaşayan Soydaşlar üzrə Federal Agentliyinin idarə rəhbəri Vladislav Şvetsov və başqaları vardı.

   Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya (155 nəfərlə təmsil olunur) və Türkiyə (101) lider idi. Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11) və Kanada (10) da qurultayda çoxsaylı nümayəndə heyəti ilə təmsil olunurdu.

   Qurultayda Azərbaycan Respublikası 677 nümayəndə və 405 nəfər qonaqla təmsil olunurdu. Ümumilikdə isə 1872 nəfər qeydiyyatdan keçmişdi.

   Yeri gəlmişkən, ali tədbirdən əvvəl qurultay iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdilər. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov jurnalistlərə açıqlamasında əmin olduğunu bildirmişdi ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan xalqının tarixində çox mühüm yer tutacaq. Onun sözlərinə görə, Azərbaycan diasporu artıq tam formalaşıb, güclənib, fəaliyyət göstərdiyi ölkələrin siyasi həyatına təsir göstərəcək qüvvəyə çevrilib: "Azərbaycan diasporu III qurultaya tam formalaşmış, güclənmiş vəziyyətdə gedir. Diasporumuz dünyada erməni mifini artıq sındırıb".

   Prezident Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə əmin olduğunu bildirib ki, III qurultay "dünya azərbaycanlılarının həyatında yeni mərhələnin başlanğıcı olacaq" (APA).

   Əli Həsənov xatırladıb ki, 2001-ci ildə bu istiqamətdə atılan mühüm addım kimi Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb: "Komitə dünya azərbaycanlılarının təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi, onların öz aralarında və Azərbaycan dövləti ilə əlaqələrinin qurulması istiqamətində mühüm işlər görüb".

   Ötən müddətdə Dünya Azərbaycanlılarının Xartiyasının qəbul olunduğunu qeyd edən Ə.Həsənov orada dünya azərbaycanlılarının fəaliyyətinin əsas strateji vəzifələrinin müəyyən olunduğunu deyib: "Bunun ətrafında hesabatlar dinləniləcək. Hesabatlarda əsasən bu günə kimi nəyə nail olunduğu, bundan sonra bizi hansı işlərin gözlədiyi qeyd olunacaq. Dünya azərbaycanlılarının qarşısında hansı ideyaların durduğu əsas müzakirə mövzusu olacaq".

   Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə bildirir ki, bu gün Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyətini həyata keçirən bir quruma çevrilib. Onun sözlərinə görə, prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edə biləcək: "Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər. Son 10 il ərzində Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçib".

   E.Aslanov bəyan edib ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək.

   Bir sözlə, əvvəldən III qurultayın qəbul edəcəyi qərarları ilə Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə çevrilməsi yolunda tarixi forum olacağı gözlənilirdi.

   Qurultayı açıq elan edildikdən sonra dövlət himni səsləndi və ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad edildi. Daha sonra "Gücümüz birliyimizdədir!" sənədli filmi nümayiş etdirildi.

   Azərbaycan prezidenti İlham Əliyev forumda geniş nitqlə çıxış etdi və diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tövsiyələrini verdi (3-cü səhifəyə bax).

   "Söz verirəm ki, Azərbaycan prezidentinin tövsiyələrini yerinə yetirəcək, qeyd etdiyi nöqsanları aradan qaldıracağıq". Bunu isə ali forumdakı çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirdi.

   İbrahimov deyib ki, hazırda dünyada 416 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onun sözlərinə görə, bu təşkilatlardan 102-si Dünya Azərbaycanlılarının II Qurultayından sonra təsis edilib.

   Komitə sədri Azərbaycan diasporunun fəaliyyətinin hücum taktikası üzərində qurulduğunu vurğulayaraq, qeyd etdi ki, bu gün Azərbaycan diaspor təşkilatları türk dilli ölkələrin diasporları ilə əlaqələri sıxlaşdırır.

   Qurultayda çıxış edən Qırğız parlamentinin spikeri Əhmədbəy Çeldibekov Qırğızıstanda 20 mindən çox azərbaycanlının yaşadığını qeyd etdi.

   Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurultaya təbrik məktubunu oxudu.

   Türkiyə Cümhuriyyətinin Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar üzrə Başkanlığının rəhbəri Kamal Yurtnac bildirdi ki, iki dövlət arasında qurulan münasibətlərin möhkəmləndirilməsində hər iki dövlətin başçısının böyük rolu var. Bununla yanaşı, onun sözlərinə görə, ölkələrin mədəniyyətinin, tarixinin və milli maraqlarının tanınmasında diaspora təşkilatları daim bir-birilə münasibətdə olmalıdır.

   Rusiya Federasiyası Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun sözlərinə görə, dostluq qohumluğa bənzəyən bir durumdur. "Məncə, Azərbaycan və Rusiya xalqlarrı arasında böyük dostluq var. Qurultayın keçirilməsi sivilizasiyaların arasında körpülərin, mədəniyyətlər arasında əlaqələrin yaranmasında böyük rol oynayır".

   Moldova Qaqauz Muxtariyyətinin rəhbəri Mixail Formuza Azərbaycanla qaqauzların əvvəldən qardaş olduqlarını bildirdi. "Bizim də çətin zamanlarımız olub və həmin vaxtlar Heydər Əliyev və Süleyman Dəmirəl bizə yadım göstəriblər. Biz kiçik bir millətik və ehtiyacımız var ki, Dünya Azərbaycanlılarının Qurultayı kimi böyük tədbirlərdə iştirak edək. Bu, bizi sevindirir".

   Forumun gedişində III qurultayın proqramı və reqlamenti təsdiq edildi, işçi orqanları yaradıldı. Daha sonra qurultayda hesabat dinlənildi və Azərbaycan diasporunun daha da gücləndirilməsi yolları müzakirə olundu. Toplantıda "Dünya Azərbaycanlılarının III qurultayının qətnaməsi", "Azərbaycan prezidentinə müraciət", "Dünya azərbaycanlılarına müraciət", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət" qəbul edildi.

   Bundan başqa, forum Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələni səsverməyə çıxararaq qəbul etdi. Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edən qurultay Şuranın tərkibində Rəyasət Heyətini ləğv edərək İcra Katibliyi yaratdı. Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçildi. Əlaqələndirmə Şurası üzvlərinin sayı isə 107-dən 115-ə çatdırıldı.

   Bununla da ali forum işini yekunlaşdırdı.

 

 

            İradə Cəlilova

 

           Ekspress.- 2011.- 6 iyul.- S. 12.