Kamal
Abdulla: "Kitabi-Dədə Qorqud" germanistlərlə
türkoloqların ilk təmas nöqtəsi oldu
Almaniyanın Maynz şəhərində
iyunun əvvəllərində ""Kitabi-Dədə
Qorqud" və "Nibelunqlar haqqında nəğmə"
- Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq
və Qərb" adlı layihə çərçivəsində
II simpozium keçirilib. Simpoziumdan qayıdan Bakı Slavyan
Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdulla APA-ya müsahibə verib.
-
Maynz şəhərində ilk Avropa naşiri İohannes
Qutenberqin adını daşıyan Universitetdə Azərbaycan
filoloqları ilə Almaniya alimlərinin birgə konfransı
keçirildi. Konfrans
10 il ərzində həyata keçirilməsi nəzərdə
tutulan böyük bir layihənin ikinci mərhələsidir.
Bu layihənin təməli üç il əvvəl qoyulub. O
zaman Bakı Slavyan Universiteti alman həmkarlarımıza
"Kitabi-Dədə Qorqud" dastanı ilə
"Nibelunqlar haqqında nəğmə"nin müştərək
öyrənilməsini təklif etdi. Onlar böyük məmnuniyyətlə
buna razılıq verdilər. Bununla da biz Qutenberq adına Maynz
Universiteti və Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyəti
ilə birgə bu layihəyə başladıq. Bu 10 illik layihə
əsasında 5 konfransın keçirilməsi nəzərdə
tutulub. Onlardan birincisi "Kitabi - Dədə
Qorqud" və "Nibelunqlar nəğməsi"nin dil
xüsusiyyətlərinə həsr olunmuşdu və iki il
bundan əvvəl Bakıda keçirildi. İkinci konfrans bu
dastanların ədəbi xüsusiyyətlərinə həsr
olunmuşdu ki, Maynz şəhərində baş tutdu.
Üçüncü konfrans iki ildən sonra yenə də
Bakıda keçiriləcək və bu qədim yazı abidələrinin
kulturoloji aspektdən işıqlandırılmasına həsr
olunacaq. Dördüncü konfrans yenə də Maynzda olacaq və
dastanları tarixi nöqteyi-nəzərdən təhlil edəcək.
Beşincisi isə sosioloji aspekt olacaq ki, mövzu əsas
etibarı ilə müasir cəmiyyətin təsəvvüründə
bu iki dastanın yeri barədə bəhs edəcək.
-
Bu cür layihələrin əhəmiyyəti nədən
ibarətdir?
-
Bu layihənin xüsusiliyini və əlahiddəliyini onda
görürəm ki, ilk dəfə olaraq "Kitabi-Dədə
Qorqud" dastanına geniş mənada qədim alman dili və
ədəbiyyat mütəxəssisləri müraciət edirlər.
Çünki
onların tədqiqat obyekti olan "Nibelunqlar nəğməsi"
və bizim tədqiqat obyektimiz olan "Dədə Qorqud" hər
zaman sanki ayrı-ayrı sahələrdə bir-birindən
aralı şəkildə öyrənilib. "Kitabi-Dədə
Qorqud"u ilk dəfə dünyaya tanıdan 1815-ci ildə
alman şərqşünas alimi Henri Fridrix fon Dits olub. Dits 195
il bundan öncə Almaniyada ilk dəfə olaraq "Kitabi-Dədə
Qorqud" dastanlarına böyük qiymət verdi və yunan
mifoloji süjetləri ilə müqayisə etdi. Ondan sonra
italyan və rus alimləri də bu dastanı dünyaya
tanıtmaqda işlər görüblər. Lakin buna baxmayaraq,
qədim Ana Kitabımız yalnız şərqşünaslıq
elmi çərçivəsində öyrənilib və
geniş yayılmayıb. Bizim layihənin böyük əhəmiyyəti
ondadır ki, biz onu bütün Qərb humanitar elminin tədqiqat
obyektinə çevirə bildik. Artıq "Kitabi-Dədə
Qorqud"a tək Qərb şərqşünasları deyil,
həm də alman germanistləri müraciət ediblər və
onu nibelunqlarla müqayisədə dərindən öyrəniblər.
Beləliklə, "Dədə Qorqud"un Avropa cəmiyyətinə
tanıtım sahəsi xeyli genişləndi. Bu layihə əslində
germanistlərlə türkoloqların ilk təmas nöqtəsi
idi. Buna görə də istərdim ki ölkəmizin
geniş ictimaiyyəti Maynz şəhərində
keçirilmiş konfransı və ümumilikdə bu 10 illik
layihəni Azərbaycanın qədim mədəniyyətinin
bayramı kimi dərk etsin.
-
Bu layihə "Kitabi-Dədə Qorqud" və
"Nibelunqlar nəğməsi"nin birgə
öyrənilməsinin geniş perspektivləri
üçün də zəmin yaradacaqmı?
-
Sözsüz ki, əlamətdar cəhətlərdən biri də
ondan ibarətdir ki, əgər layihə başlayana qədər
bu iki dastanın əsasən öz-özlüyündə
öyrənilməsinə üstünlük verilirdisə,
artıq son iki il ərzində onların müştərək
şəkildə öyrənilməsinə
üstünlük verilir və germanistlər "Dədə
Qorqud"dan, qorqudşünaslar da "Nibelunqlar nəğməsi"ndən
çox şeyi əxz edirlər. Bu iki dastan sanki
bir-birinə kömək edərək tədqiqatçıların
gözündə daha bütöv və daha dolğun mənzərə
kəsb edir. İki ildən bir keçirilən bu
konfransların elm üçün əhəmiyyətini bir
daha vurğulayandan sonra bildirmək istəyirəm ki, ali məktəblər
üçün də - həm Maynz, həm də Bakı
Slavyan Universitetlərinin alimləri, eyni zamanda tələbələrimiz
üçün bunun əhəmiyyəti böyükdür.
Çünki biz öz işimizi konqresdən konqresə
aparmırıq, biz öz işimizi konqreslər arası da
aparırıq. Dəyirmi masalar təşkil olunur, tələbə
konfransları keçirilir, hətta bizim kompleks məktəb-liseyimizdə
də "Dədə Qorqud" və "Nibelunqlar nəğməsinə"
həsr olunmuş müxtəlif tədbirlər təşkil
olunur.
-
Çox güman ki, bu cür layihənin
qarşılıqlı təşkili həm də Azərbaycan
və Almaniya arasında tələbə və müəllim
mübadiləsi sahəsində də özünü göstərir...
-
Bəli,
tamamilə doğrudur. Almaniyadan bizə dərs deməyə
müəllimlər gəlir, alman tələbələrini qəbul
edirik və öz tələbələrimizi ora göndəririk.
Elə bu məqamda bildirmək yerinə düşər ki,
hazırda BSU-nun filologiya fakültəsində alman professoru
Doris Bölke dərs deyir. Ən maraqlı cəhətlərdən
biri də birgə nəşrlərin hazırlanmasıdır.
BSU bu gün dünyanın bir çox universitetləri ilə
birgə elmi əsərlər hazırlayır. Alman həmkarlarımızla
hazırladığımız xüsusi buraxılış
Osvald fon Volkenştayn Cəmiyyəti ilə birgə çox
tanınmış alman dili alimlərinin iştirakı ilə
çıxarılıb. Bu, fon Ditsin "Kitabi-Dədə
Qorqud" dastanlarındakı "Təpəgöz"
boyundan etdiyi tərcümənin 195 illiyinə həsr
olunmuş xüsusi buraxılışdır. Bu layihə eyni
zamanda Şərqlə Qərb arasında mədəni və
mənəvi dialoqun bir təzahür formasıdır.
Bilirsiniz ki, bu gün bu istiqamətdə xeyli iş
görülür. Artıq XVIII, XIX, XX əsrin əvvəllərindəki
təsəvvürlər - "Şərq-Şərqdir, Qərb-Qərbdir
və onlar heç zaman birləşə bilməz" kimi
anlayışlar, Kiplinq dövrünün düşüncələri
bu gün artıq özünü doğrultmur və Şərqlə
Qərb bu dialoq vasitəsi ilə birləşməyə
cəhd edir. Bu baxımdan "Kitabi-Dədə Qorqud" və
"Nibelunqlar nəğməsi" belə birləşdirici
körpülərdən biridir. Oradakı süjetlərdə
dil və üslub xüsusiyyətləri, ümumiyyətlə
dastanlara xas olan bir çox cəhətlər iki xalqın qədim
yazılı abidəsinin yaxınlığı barədə
bir məxrəcə gəlməsi barədə
danışmağa imkan verir. Buradakı motivlər bu
dastanların hər ikisinin daha qədim ümumi kökə
getməsini ortaya qoyur. Yunan dastanları, qədim slavyan, roman
dastanları ilə müqayisədə bunu deməyə əsas
verir və bu müstəvidə tədqiqat işləri alimlərimizi
gözləyir.
-
Yəqin ki, "Kitabi-Dədə Qorqud"la bağlı beynəlxalq
layihələriniz bununla yekunlaşmayacaq...
-
Biz "Kitabi-Dədə Qorqud"un
dünya dastanları ilə müqayisəsini davam etdirmək
niyyətindəyik. Təkcə
qədim german abidələri ilə deyil, eyni zamanda
fransız, ispan, slavyan abidələri ilə bu dastanın
müqayisəsini həyata keçirmək niyyətindəyik.
İlk addımı biz atdıq və bu davamlı olacaq. Bu təkcə
filologiyamız üçün deyil, ümumiyyətlə, mədəniyyətimiz
üçün çox ciddi və faydalı bir addım
oldu. Alman filoloji fikrinin bu gün üzdə və öndə
olan simaları ilə bizim "Kitabi-Dədə Qorqud"
dastanlarını öyrənən alimlərimizin təması
həqiqətən də son dərəcə ciddi bir hadisədir.
Və alman həmkarlarımızın dediklərinə əsaslanaraq
güman edirəm ki, bu hər iki tərəf
üçün faydalı və maraqlı oldu. Təqdirəlayiq
hal o idi ki, həm Azərbaycandan, həm Almaniyadan bu
konfransın işində təkcə Maynz Universiteti və BSU
alimləri bir-biri ilə görüşmədi. Azərbaycandan
Dillər Universiteti, Bakı Dövlət Universiteti, Mədəniyyət
və İncəsənət Universitetinin alimləri də bu
sırada idi. Tədbirin Qərb aləmi üçün
böyük elmi əhəmiyyətinin təzahürü
ondadır ki, konfransa Amerikanın, Fransanın, Avstriyanın
alimləri də qatılmışdırlar. Almaniya
tərəfdən isə bu tədbirə Maynz Universiteti ilə
yanaşı, Bonndan professor Karl Reixel, Bremendən professor
Elizabet Linert, Saarbrükendən professor Volfqanq Haubrixs, Xemnitsdən
Kristof Fasbender, Frankfurtdan doktor Regina Topfer, Vüzburqdan professor
Ziqlinde Hartmann, Berlindən professor Ursula Şulze, Zalsburqdan
Ulrix Müller qatılmışdı. Qeyd etmək yerinə
düşər ki, Ulrix Müller alman
germanşünaslarının sanki xaç atasıdır.
Azərbaycandan
tədbirdə çıxış edənlərin
arasında professorlar Rəhilə Qeybullayeva, Rəhman Bədəlov,
Rəhilə Quliyeva, Telman Cəfərov, doktorlar Firəngiz
Paşayeva, Rüstəm Rəsulov, Fərəh Cəlil,
Telman Kazımov, BDU-nun türkologiya kafedrasının
müdiri, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, Dillər
Universitetinin professoru Fəxrəddin Veysəlli və
başqaları var idi. Son dərəcə sevindiricidir ki, Qərb
alimləri ciddi şəkildə "Kitabi-Dədə
Qorqud" dastanlarını öyrənərək və tədqiq
edərək elm sahələri üçün ciddi nəticələrə
gəlməyə çalışırlar.
Bu
layihə dörd təşkilatçı tərəfindən
həyata keçirildi. Bunlar Maynz Universitetinin qədim alman
dili və ədəbiyyatı bölümünün
başqanı professor, doktor Uta Ştörmer Kaysa, ikincisi Maynz
Universitetinin türkoloji bölümünün başqanı
professor, doktor Busoten, Volkenştayn Cəmiyyətinin sədri
professor, doktor Ziqlinde Hartmann və mənəm.
Artıq
əldə olunmuş elmi yeniliklər, tapıntılar, nəşr
olunmuş toplular göstərdi ki, Bakıda və Maynzda
keçirilmiş konfranslar özünü doğrultdu. Alman alimləri
Bakıya gələn zaman təkcə müəllim və tədqiqatçılardan
ibarət heyətlə gəlməmişdilər, eyni zamanda o
heyətə 10-15 tələbə də qoşulmuşdu.
Onlar bu işin önəmini öz tələbələrinə
də aşılamağa çalışırlar. Çox
sevinirəm ki, "Kitabi-Dədə Qorqud"
türkoloqların inhisarından çıxıb,
germanşünasların da tədqiqat obyektinə çevrilə
bilir. Bu isə o deməkdir ki, "Kitabi-Dədə Qorqud"
dastanları alman və dünya alimləri tərəfindən
belə bir münasibətə hazır və layiq olduğunu
bir daha sübut edir. Bu istiqamətdə biz gələcəyə
addımlamalıyıq.
-
2013-cü ildə bu konfrans Bakıda keçiriləcək. Artıq bununla bağlı hazırlıqlara
başlanıbmı?
-
Biz qayıdan kimi artıq hazırlıq prosesinə
başladıq. Dünən
universitetimizdə geniş elmi ictimaiyyətin və tələbələrin
iştirakı ilə dəyirmi masa keçirildi. İkinci
simpoziumun təhlili və məruzələr hazırlanır.
Bakıda keçirilmiş birinci simpoziumun materialları Azərbaycan
dilində nəşr olunmuşdu. İndi isə alman alimləri
bizə hədiyyə olaraq bu kitabı alman dilində çap
etdilər. Artıq o kitab mənim masamın üstündədir
və adini çəkdiyim dörd təşkilatçının
redaktorluğu ilə hazırlanıb. Biz isə Almaniyada yenicə
keçirilmiş II simpoziumun materiallarını Azərbaycan
dilində nəşr edəcəyik.
Bir
daha vurğulamaq istərdim ki, bu 10 illik layihə tək
filoloji, tarixi-sosioloji hadisə deyil. Bu çox böyük
kulturoloji əhəmiyyət daşıyan, Azərbaycanın
qədimliyini, dərin mədəni irsini və ənənələrini
Qərb düşüncə kontekstinə həkk etdirən
bir elmi hərəkatdır! Bu da əslində Azərbaycanın
Avropa ilə inteqrasiyası yolunda, milli ideyamız olan azərbaycançılıq
prinsiplərinin geniş təbliğatı, ölkə
imicinin dəstəklənməsi istiqamətində
görülən önəmli işlərdən biridir. Məgər
bu layihənin keçirilməsi yalnız Bakı Slavyan
Universitetinin uğurudur? Əlbəttə ki, xeyr. Bu hadisə
bu gün dünyada, Avropada ziyalı təbəqə,
universitet ictimaiyyəti tərəfindən Azərbaycana olan
marağın və diqqətin təzahürlərindən
biridir. Biz bundan istifadə etməsək, deməli müəyyən
bir fürsəti əldən vermiş olacağıq...
Ekspress.- 2011.- 25-28 iyun.- S. 19.