Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

            (əvvəli ötən şənbə saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   1937-ci ilin payızında Mir Cəfər Bağırov sədaqətli silahdaşlarından biri olan keçmiş müsavat əsgərini Kremlin Yejov-Mikoyan caynağından xilas edə bilməmişdi. Moskva "troyka"sının (üçlük) hökmü ilə keçmiş "Hümmətçi"lərin hamısı həbsə alınmışdılar.

   Onların arasında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyov, Zaqafqaziya SFSR xalq torpaq komissarı Dadaş Bünyadzadə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Sultanməcid Əfəndiyev, SSRİ Xalq Yeyinti Sənayesi Komissarlığı Siyasi İdarəsi rəisinin müavini Həbib Cəbiyev və başqaları vardı.

   1937-ci ildə Kirovabad Şəhər Sovetinin sədri vəzifəsində işləyən keçmiş hümmətçi Məmmədəmin Əhməd oğlu Şəkinski SSR İttifaqı Xalq daxili İşlər Komissarlığının 1937-ci il 5 avqust tarixli əmri əsasında 10 il müddətinə Rusiyanın Kolıma düşərgəsinə sürgün olunmuşdur.

   Jurnalist Mehdi Bəyazid 1996-cı il oktyabr ayının 2-də "Naxçıvan" qəzetində dərc olunmuş "Mən başımı qılınclara verənəm" yazısından məlum olur ki, M.Şəkinski "vəhşi Kolımada Hüseyn Cavidlə görüşmüşdür".

   O zaman işgəncələrə məruz qalan Hüseyn Cavid də, Məmmədəmin Şəkinski də yaxşı bilirdilər ki, onların Azərbaycanda qoyub getdikləri övladlarına ilk növbədə Mir Cəfər Bağırov qayğı göstərəcəkdir. Belə də olmuşdur. Bunu arxiv materialları nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Azərbaycan Teatr İnstitutunun təsis olunmasına aid materiallardan bəlli olur ki, bu ali məktəb 1945-ci ildə Azərbaycan K(b)P MK-nın M.C.Bağırov tərəfindən imzalanmış qərarı əsasında yaradılmış və ona məşhur aktyor Mirzağa Əliyevin adı verilmişdir. İnstitutun ilk məzunları arasında "xalq düşməni"nin qızı Turan Cavid də vardır. Hüseyn Cavidin zavallı övladı 1950-ci ildə ali məktəbi bitirdikdən sonra institutda saxlanılmış, teatrşünaslıq fənnindən dərs demişdir.

   Sibirdə "xalq düşməni" Hüseyn Cavidlə görüşmüş "xalq düşməni" Məmmədəmin Şəkinsinin ailəsi də M.C.Bağırovun diqqətindən kənarda qalmamışdı. M.Şəkinskinin ömür-gün yoldaşı Əfşan xanım Əli Bayramov adına toxuculuq fabrikində işləmiş, qızı Səltənət Azərbaycan Dövlət Tibb İnstitutuna, iki oğlu - Hikmət və Əkrəm Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası - T.Q.) daxil olmuşlar. Səltənət Şəkinskaya sonralar tanınmış həkim-kardioloq, Hikmət Şəkinski adlı-sanlı neftçi-alim kimi şöhrətlənmişlər.

   1951-ci ildə Azərbaycan Sənaye institutunun geoloji-kəşfiyyat fakültəsinin birinci kurs tələbəsi Əkrəm Məmmədəmin oğlu Şəkinskinin başına gətirilən hadisə isə Mir Cəfər Bağırovun bilavasitə işə qarışmasına zərurət yaratmışdı. Əllinci illərdə Azərbaycan Sənaye İnstitutu partiya təşkilatına rəhbərlik etmiş akademik İsmayıl İbrahimov 1995-ci ildə "Səda" nəşriyyatı tərəfindən buraxılmış "Dövrüm haqqında" kitabında yazır: "İnstitutun marksizm-leninizm kafedrasının müdiri Petros Mosesov institutun rektoru, respublika ictimaiyyəti arasında pak və prinsipial insan kimi hörmət qazanmış Saleh Qocayev haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxırdı. Mosesovun Qocayevə qarşı irəli sürdüyü ittihamlardan biri də bundan ibarət idi ki, Azərbaycan Sənaye İnstitutunda "xalq dşməni" uşaqları təhsil alırlar. Bu "xalq düşməni" balasından biri də Əkrəm Şəkinski idi. Onun atası Məmmədəmin Əhməd oğlu Şəkinski həqiqətən 1918-ci ildə "Hümmət" təşkilatının Aşqabad komitəsinin məsul katibi olmuş, Gəncədə müsavat ordusunda xidmət etmişdi".

 

   1951-ci ilin mart ayı. "Hümmət"çi ata Krasnodar ölkəsində "Qaradənizneft"in yataqxanasında komendant işləyir, Vətənə, doğmalarına, xüsusilə sonbeşik oğlu Əkrəmə qovuşmaq yolunda min bir əziyyətə dözürdü. Onun xəbəri vardı ki, Əkrəm AzSİ-də oxuya-oxuya axşamlar Bakı metrosunun tikintisində çalışır. Gələcək geoloq-kəşfiyyatçının burada işləməsinə şəxsən M.C.Bağırov icazə vermişdi. Fəqət həmin il Novruz bayramından sonra keçmiş müsavat əsgərinin sonbeşik övladı daşnak professor ilə üz-üzə gəldi. Mosesovun gözləri mühazirə zamanı orta cərgədə əyləşmiş Əkrəm Şəkinsinin əlindəki kağıza sataşdı:

   - Bu nədir oxuyursan? Ver bura!

   - Müəllim, oxuduğumun sizin fənninizə dəxli yoxdur!

   - Necə?! Dəxli yoxdur deyirsən?!!

   Bütün auditoriya bu qeyri-adi səhnəni izləyirdi. Qəfil sillə səsi... Əkrəm sillədən kəsərli baxışlarla professora baxa-baxa oxuduğu "namə"ni cibinə qoyub mühazirə zalını tərk etdi.

   1951-ci il martın 30-da baş vermiş hadisə AzSİ-nin partiya təşkilatının (katibi İsmayıl İbrahimov idi - T.Q.) bürosunda müzakirə edilir, elə müzakirə ilə məhdudlaşır. Şayiə yayılır ki, guya Bağırov yoldaş demişdir ki, "xalq düşməninin oğluna sillə vuran müəllim cəzalandırıla bilməz". Bu barədə akademik İsmayıl İbrahimov yuxarıda adıçəkilən kitabında belə yazır: "Bakı Şəhər Partiya Komitəsinin təbliğat təşviqat şöbəsinin müdiri, indi böyük hörmət bəslədiyim bizim Nəsir İmanquliyevlə telefonla baş vermiş əhvalatı ona söylədim. Məsələni çox çək-çevir edib, P.Mosesovun partiyadan çıxarılmasını rəva bildik. Saat dörddə hesabat-seçki yığıncağı başlandı. Kommunistlər Mosesov haqqında qərarımızı bəyəndilər. Amma onun özü yox idi. S.M.Kirov adına Fizioterapevtik İnstitutunda yatağa düşmüşdü. Həmin müalicəxananın baş həkimi Gevorkov idi. Az sonra Mosesov stasionardan çıxıb evə qayıtdı. Onun şəxsi işinə raykomun bürosunda baxıldı. Məsələ başqa yön aldı. O vaxt raykomun birinci katibi olan Qulam Həsənzadə mənə xəbər verdi ki, M.C.Bağırovun göstərişinə görə P.B.Mosesov partiyadan çıxarılmayacaq, çünki elə bir günah işlətməyib, yəni onun vurduğu tələbə "xalq düşməni" sayılan Bakı şəhər milisinin sabiq rəisi Məmmədəmin Şəkinskinin oğludur".

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz materiallar göstərir ki, M.C.Bağırov "Bakı şəhər milisinin sabiq rəisinin" oğluna sillə vuran erməni professora güzəştə gedənlərin hamısının səhvini vaxtında düzəltmişdir. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1951-ci il 21 aprel tarixli büro iclasının qərarında deyilir:

   "M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov P.B. barəsində

   M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov P.B. kafedrasının işinə rəhbərliyi təmin etmədiyinə sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə vəzifəsindən kənar edilsin.

   ÜİK(b)M MK-dan bu qərarın təsdiq olunması xahiş olunsun.

   Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov."

   Mir Cəfər Bağırovun imzaladığı qərarla eyni vaxtda Moskvaya Mosesova haqsız cəza verilməsinə dair şikayət məktubları da göndərilmişdir. 1951-ci ilin may ayında ÜİK(b)P MK-nın elm ali məktəblər şöbəsinin müdiri A.A.Jdanov Mosesovun vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar Azərbaycan K(b)P MK-dan ətraflı məlumat tələb etmişdir. Cavab məktubunu M.C.Bağırovun tapşırığı ilə Azərbaycan K(b)P MK katibi Həsən Həsənov may ayının 10-da yola salmışdır. Məktubda deyilir:

   "ÜİK(b)P MK-nın elm ali məktəblər şöbəsinin müdiri A.A.Jdanov yoldaşa

   M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri professor Mosesov P.B. dəfələrlə ciddi nöqsanlara yol vermiş, ondan tələb edilmişdir ki, özünün pedaqoji elmi fəaliyyətində əsaslı dönüş yaratsın, 1949-cu il aprelin 12-də Azərbaycan K(b)P MK Bürosunda Azərbaycan Sənaye İnstitutu marksizm-leninizm kafedrasının işi müzakirə olunarkən qeyd olunmuşdur ki, kafedranın müdiri Mosesov P.B. kafedraya zəif rəhbərlik edir, bunun nəticəsidir ki, müəllimlərin mühazirələrində olduqca ciddi siyasi qüsurlara yol verilir.

   Professor Mosesov nəinki Azərbaycan K(b)P MK-nın Bakı Komitəsinin göstərişlərinə əməl etməmiş, hətta bu il mart ayının 30-da sovet alimi adına yaraşmayan hərəkətə yol vermişdir: institutun iki fakültəsinin birgə məşğələsində mühazirə zamanı geoloji-kəşfiyyat fakültəsinin tələbəsinə sillə vurmuşdur. Azərbaycan K(b)P MK Bürosunun 1951-ci il 21 aprel tarixli qərarı ilə P.B.Mosesov kafedranın işinə rəhbərliyi təmin etmədiyinə sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə Azərbaycan Sİ-nin marksizm-leninizm kafedrasının müdiri vəzifəsindən kənar edilmişdir".

   Mir Cəfər Bağırov Azərbaycan rəhbərliyindən uzaqlaşdırılandan sonra daşnak professorun yolunda da yaşıl işıq yandırılmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan bəzi materiallarla tanış olun:

   "Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1954-cü il 12 fevral tarixli büro iclasının protokolundan çıxarış

   1925-ci ildən ÜİK(b)P üzvü, partiya bleti N470944, Petros Baqdasaroviç Mosesov yoldaşın S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti marksizm-leninizm kafedrasının müəllimi təsdiq olunması barədə ADU-nin rektorunun təklifi qəbul edilsin.

 

   Azərbaycan KP MK katibi T.Yaqubov".

 

   1954-cü ilin sentyabr ayında isə Azərbaycan KP MK-nın Elm Mədəniyyət Şöbəsinin müdiri Abdulla Bayramovun ünvanına Mosesov haqqında iki yerdən şanlı məktub daxil olmuşdur. Azərbaycan SSR Maarif naziri M.Məmmədovun 15 sentyabr tarixli məktubunda oxuyuruq: "Azərbaycan SSR Maarif Nazirliyi tarix elmləri doktoru, professor Petros Baqdasaroviç Mosesovun M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili Ədəbiyyatı institutu marksizm-leninizm kafedrasının müdiri vəzifəsinə təsdiq olunmasını Sizin müzakirənizə təqdim edir. Mosesov yoldaşın şəxsi işi əlavə olunur".

   Mərkəzi Komitənin tapşırığı ilə Mosesovun müəllim işlədiyi Azərbaycan Dövlət Universitetiindən göndərilmiş xasiyyətnamədə isə 1951-ci ildə Məmmədəmin Şəkinskinin oğluna sillə vurmuş daşnak mələk donundadır:

   "S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti marksizm-leninizm kafedrasının professoru Petros Baqdasaroviç Mosesova

 

   Xasiyyətnamə

 

   Mosesov Petros Baqdasaroviç milliyyətcə ermənidir, 1925-ci ildən Sov. İKP üzvüdür. Elmlər doktoru professor, Sov. İKP tarixi sahəsində yüksək ixtisaslı alimdir. O, 1949-cu ildən hal-hazıra kimi Univesrsitetdə marksizm-leninizm fənnindən dərs deyir, 1930-cu ildən ali məktəb müəllimidir. P.B.Mosesovun mühazirələri seminar məşğələləri yüksək ideya-nəzəri səviyyədə keçirilir. Onun bilavasitə elmi rəhbərliyi ilə respublikanın bir sıra gənc mütəxəssisi dissertasiya yazıb müdafiə etmişdir.

   Professoru Mosesov böyük elmi-tədqiqat işi aparmaqla yanaşı, aspirantlara dissertantlara səmərəli rəhbərlik edir. Mosesov yoldaş Sov. İKP tarixini təkbaşına öyrənənlərin məsləhətçisi, Azərbaycan KP Voroşilov Rayon Komitəsinin mühazirəçilər qrupunun rəhbəridir.

            Xasiyyətinamə Azərbaycan KP MK-nın Elm və Mədəniyyət şöbəsinə təqdim olunur.

   Universitetin rektoru Y.H.Məm-mədəliyev

   Marksizm-leninizm kafedrasının müdiri M.S.Səlimov"

 

 

   (ardı var)

 

 Teyyub Qurban

 

  Ekspress.- 2011.- 25-28 iyun.- S. 15.