Küçə uşağı - valideyn məsuliyyətsizliyinin məhsulu

 

Kəmalə Ağazadə: "Cəmiyyət bu uşaqlarla bir yerdə olmağı qəbul edə bilmir"

 

Sığınacağın müvəqqəti sakinlərikollektivi

 

Bu gün onların hüquqlarının müdafiəsi günüdür... Bu gün onlara verilən tərbiyə və təhsil, göstərilən qayğı və diqqət, sabahımızın nə dərəcədə parlaq işıqlı olacağının göstəricisidir... Lakin bu gün uşaq hüquqları valideynləri tərəfindən kobud şəkildə pozulan, uşaq ikən həyatın ən ağır üzünü görən, uşaqlığı əlindən alınan uşaqlarımız da az deyil...

Azərbaycanda hüquqları pozulub, küçə həyatı yaşayan uşaqların dəqiq statistikası bəlli deyil. Təkcə Azərbaycan Uşaqlar Birliyində (AUB) 4 ildə qeydiyyata düşən küçə uşaqların sayı 1200-dən çox olub. Bu, bir QHT-nin öz təşkilatında toplaya bildiyi uşaqların sayıdır. Amma bu uşaqların sayı daha çoxdur.

Azərbaycan Uşaqlar Birliyinin küçə uşaqlarını bir məkanda toplayacaq sığınacağı fəaliyyət göstərir. Bir qədər yaddaşları təzələyib, deyim ki, küçə uşaqları arasında keçən il HİV-AİDS-in profilaktikası məqsədilə həyata keçirilən layihə çərçivəsində müvəqqəti sığınacaq, reinteqrasiya mərkəzi fəaliyyət göstərib. Sığınacaq fəaliyyətini sentyabradək davam edib. Layihə bitdikdən sonra isə uşaqların getməyə yerinin olmaması səbəsindən AUB bu sığınacağı yaşatmağa müvəffəq olub. İlk sığınacaqdan hazırladığım reportaj da elə keçən ilin bu gününə təsadüf edirdi. Lakin 1 il ərzində sığınacağın yerləşdiyi məkanla bərabər, bir çox dəyişikliklərin də şahidi oldum. Bu dəyişiklik, sığınacağın daha geniş otaqlardan ibarət olması, yeni uşaqların gəlməsi və həmin uşaqlarla işləyən işçilərin də sayının artmasında özünü göstərib. Bu uşaqlarla psixoloq, sosial və təhsil üzrə işçilər, həkim-pediatrlar da işləyir.

 

"Ətrafdakılar   bu uşaqların rəftarını  qəbul edə bilmir"

 

Sığınacaqla bizi yaxından tanış edən AUB-in rəhbəri Kəmalə Ağazadə bir-bir otaqları gəzdirir. Otaqlar geniş olsa da, çarpayıların sayının azlığına diqqət yönəldən müsahibim deyir ki, yatmaq üçün yer çatmayanda döşəməyə yorğan-döşək salıb, gecələmək istəyən uşaqlar üçün şərait yaradırlar. Qızların otağı ilə oğlanların otağı təbii ki, ayrıdır.

Qızların otağında buranın müvəqqəti sakinlərindən olan iki qız cütləşib, dırnaqlarını boyayırdı. Oğlanların otağında isə kimisi yatır, kimisi də otaqda var-gəl edirdi. Mətbəxdə isə uşaqlar üçün qutab bişirilirdi. K.Ağazadənin dediyinə görə, hazırda sığınacaqda daimi qalan uşaqların sayı 5 nəfərdir. Lakin gün ərzində gəlib yatıb, yemək yeyib, gecələməyən uşaqlar da var. Gecə burada uşaqların yanında 2 sosial işçi qalır: "Ötən ildən bu yana 3 dəfə sığınacağın yerini dəyişdik. Çünki hələ də cəmiyyət bu uşaqlarla bir yerdə olmağı qəbul edə bilmir. Onların rəftarlarını pis qəbul edirlər. Halbuki, adi ailələrdə də ərköyün uşaqlar var. Lakin onların hərəkətləri ətrafdakıları küçə uşaqların hərəkətləri qədər qıcıqlandırmır".

Müsahibim deyir ki, küçə həyatı yaşayan uşaqlar içərisində böyük əksəriyyət yazıb-oxuma bilmir. Və bu uşaqlar üçün dekabr ayından etibarən "Heç bir uşaq təhsildən kənar qalmasın" devizi altında layihəyə start verilib. Gürcüstan QHT-si ilə birgə həyata keçirilən bu layihə heç vaxt təhsil almayan, müxtəlif yaş qruplarında olan uşaqların yazmaq-oxumaq, hesablamaq, həyat bacarıqlarına yiyələnməsinə kömək etmək məqsədilə həyata keçirilir: "Bundan əlavə, keçən ildən Təhsildə Bərabərlik Alyansı yaradılıb və AUB də bu təşkilatın 5 üzvündən biridir. Sosial cəhətdən həssas olan uşaqların təhsildən yayınma səbəblərinin araşdırılması və onlar üçün yay düşərgəsinin təşkil olunması məqsədi daşıyan layihə 60 uşağın yay düşərgəsində iştirakına şərait yaradacaq. Düşərgə Bilgəhdə təşkil olunacaq".

Müsahibimlə uşaqların küçələrə düşmə səbəblərini aydınlaşdırmaq istəyirəm. K.Ağazadə yaxın günlərdə bununla bağlı araşdırma aparacaqlarını, hazırda işin hazırlıq mərhələsində olduğunu diqqətə çatdırır: "Lakin uşaqların küçələrə düşməsinin ən başlıca səbəbi valideyn məsuliyyətsizliyidir. Problem uşağın valideyn diqqətindən kənarda qalması, problemini valideyninə çatdıra bilməməsindədir. Uşaq valideynindən kömək istədikdə bunun əksiylə üzləşirsə, o da problemini dostlarına danışmalı olur ki, nəticədə "dostlar" onların küçələrə düşməsinə səbəb olur".

 

Keçənilki  qəhrəmanlarımın  acı taleyi...

 

Keçən il sığınacaqdan yazı hazırladıqda orada həmsöhbət olduğum, yeni sığınacaqda gözümə dəyməyən iki qızın- İlhamə və Aynurun (ad şərtidir) taleyi ilə maraqlandım. Qeyd edim ki, İlhamə sığınacağa dilənçilik etdiyi zaman küçə uşaqları tərəfindən gətirilmişdi. Ailəsinə qayıtmağı ağlına belə gətirməyən qəhrəmanım 4 yaşından dilənçiliklə məşğul olurmuş. Aynur isə 13 yaşında idi. Küçəyə məcburi ərə veriləndən sonra düşmüşdü. Ərindən qaçan Aynur sığınacağa oğlanlardan birinin vasitəsilə gəlmişdi. Sığınacaqda yaşayan oğlan Aynuru zorlamaq istəyən bir neçə nəfərin əlindən alıb sığınacağa gətirmişdi. Həmin il hər iki qız sığınacaqdakı vəziyyətdən çox razı idilər. Bəs, indi onlar hardadılar? Nə işlərlə məşğul olurlar?

K.Ağazadənin sözlərinə görə, qızlardan biri - Aynur valideynləri tərəfindən qaçırılıb. İlhaməni isə valideyni aldadaraq aparıb: "Aynuru valideyni bizdən xəbərsiz qaçırıb. Yanına gəlib-gedirdi. Sonra bizə demədən sığınacaqdan aparıb. İndi onun cinsi xidmət göstərdiyini görənlər var. İlhamənin anası isə gəlib burada ağlayıb-sızlayıb, qızını aparmaq istədiyini bildirdi. Biz də ona hüquqlarını başa saldıq. Ana da bizə qızı diləndirməyəcəyinə dair söz verdi. Həmin qızın indi gördüyü iş dilənçilikdən də pisdir. Hazırda gecə klublarındadır. Bizim onlarla işləməyimiz, əziyyətimiz valideynləri tərəfindən heçə endirildi. Valideynlər arasında maarifləndirmə işləri gücləndirilməlidir. Çünki valideyn uşağına şəxsi malı, əşya kimi baxır. Uşaq mənimdir, vəssalam".

Müsahibim deyir ki, oğlanlardan biri də sığınacaqdan gedəndən sonra qaraçılara qoşulub. Və bir gün daimi məşğul olduqları işlərdən olan - kley iyləmə zamanı boynuna benzin töküb yandırıblar: "Boyun hissəsi tamamilə yanıb, indi sığınacağa gəlmək istəyir. Onun qayıtmasının uşaqlara necə təsir edə biləcəyini düşünərək, hələlik geri qəbul etməklə bağlı bir qərara gələ bilməmişik. Amma onu bu vəziyyətdə küçədə də qoymaq istəmirik. Nəsə bir variant fikirləşəcəyik".

 

Onlar daim aqressiya, təcavüzə məruz qalıblar...

 

Sığınacaqda uşaqların aqressiv rəftarına təmkinlə cavab verən psixoloq Samir Əhmədov küçə uşaqları ilə işləməyin çətin olmadığını, lakin onlara nəyisə başa salmaq lazım gəldikdə bunun o qədər də asan əldə olmadığını deyir: "Çünki onların çoxu təhsilsiz, savadsız uşaqlardır. Çoxu hərif rəqəmləri belə tanımır. Bunlara hər hansısa bir problemi başa salanda məcburuq ki, onların öz dilində başa salaq. Çünki ədəbi dildə başa salsaq, bizim nə demək istədiyimizi anlamayacaqlar. Bunlar biz gündəlik gördüyümüz, məktəbdə oxuyan uşaqlar kimi deyillər. Onlar daim aqressiya, təcavüzə məruz qalan uşaqlardır".

Söhbətimizin bu yerində bir qrup könüllülər uşaqlar üçün geyim, ərzaq və dərman ləvazimatları ilə sığınacağa təşrif buyurdu. Könüllülərdən biri Qurban Kərimbəyli deyir ki, xeyriyyəçi insanlar tapıb, sığınacaqdakı uşaqlar üçün vəsait tapıb, lazımı şeyləri ala bilirlər: "Xeyriyyəçilər çox azdır. Zəngin insanlar pul vermək istəmirlər".

Q.Kərimbəylinin sözlərinə görə, imkansız uşaq və yeniyetmələrə yardım məqsədilə "onlar küçələrin deyil, bizim uşaqlardır" devizi altında kampaniyaya başlayacaqlar. Bu gün start götürəcək kampaniya iyunun sonunadək davam edəcək.

 

"Hərbi xidmətə  getmək istəyirəm..."

 

Təkcə apreldən may ayınadək 10 baxımsız şəraitdə olan uşağı uşaq evlərinə yerləşdirməsinə yardımçı olduqlarını deyən K.Ağazadə sığınacaqda olan 10 yaşlı Vüsalın (şərti ad) da sənədlərini hazırlayıb, uşaq evinə qoyulacağını bildirdi. Uşaqlar içərisində ən sakiti olan Vüsalın anası təcridxanadadır. Azadlığa çıxmağına isə 3 ili var. Vüsalın anası həbs olunandan sonra atası da evi tərk etdiyindən, o, evdə təkbaşına qalıb. Bir müddət xalası himayəsinə götürüb. Lakin xalası səhər işə gedib, axşam gəldiyindən uşağı baxımsızlıqdan sığınacağa gətirib: "4 aydır ki, buradayam. Burada şərait çox yaxşıdır. Bura gəlməyənədək evdə təkbaşına qalırdım. Darıxırdım. Xalam işə gedirdi, mənsə tək qalırdım".

Digər müsahibim Camalın (şərti ad) isə 19 yaşı var. 6 yaşından 12 yaşınadək internat məktəbində qalıb. Sonra anası məktəbdən çıxarıb, yanına gətirib. Atasını uşaq ikən itirən Camalın anası da əsəb xəstəsi olub. O da dünyasını dəyişəndən sonra təkbaşına qalan müsahibim təkər qaraldaraq pul qazanıb: "Heç kimə möhtac deyildim. Anamın sağlığında işləyib, ailəni saxlayırdim. 16 yaşınadək təkər qaraldaraq pul qazanırdım. Böyüdükcə isə təkər qaraltmağa utandım. İndi axşam növbəsində dönərxanada işləyirəm. Axşama qədər sığınacaqda oluram, sonra isə gedirəm işimin başına. Orada da gecələyirəm".

Camal deyir ki, küçə həyatı yaşadığı zamanlarda uşaqlar arasında içib-çəkən də vardı. Amma o bu yolun ona xeyir gətirmədiyini bildiyindən, "dostlar"ının pis vərdişlərinə aludə olmayıb. İndi onun bircə istəyi var - əsgər olmaq: "Kəmalə xanıma demişəm ki, sənədlərimi düzəltsin. Çünki mənim doğum şəhadətnaməm də yoxdur. Sənədlərim düzəlsin, hərbi xidmətə yollanacam. Bu, mənim ən böyük istəyimdir".

 

 

Aytən Nəbiyeva

 

Ekspress.- 2011.- 1 iyun.- S. 13.