Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Araşdırmalar göstərir ki, T.Mirzabekyanın 1931-ci ildə yazdığı tərcümeyi-halı "sudan quru çıxmış" daşnakın kommunist cildində səhnə oyunudur. Həmin illərdə Azərbaycan K(b)P MK katibləri olmuş V.Polonski və R.Ruben T.Mirzabekyanın tərcümeyi-halına əsaslanaraq onu yüksək vəzifələrə irəli çəkmişlər. Yalnız sonra Azərbaycanda ermənilərin daşnak yürüşünün qarşısı alınmış, o cümlədən mirzabekyanlar da xalqımızın türk oğlu qarşısında diz çökmüşlər. Təəccüblüsü budur ki, M.C.Bağırova qara yaxanlar Mirzabekyanların arxivlərdəki sənədlərini aşkara çıxarıb araşdırmırlar, xalqımızın əzəli düşmənlərinin böhtan və uydurmalarını oxuculara çatdırmırlar. Bu gün Azərbaycan torpaqlarını işğal etmiş ermənilərin terrorçu xislətini hələ 1918-ci ildə sərrast ifadə etmiş Nuru Paşanın bu sözləri də arxiv sənədlərindən televiziya ekranlarına və mətbuat səhifələrinə çıxarılmır: "Erməni nə vaxt, necə ölməsindən asılı olmayaraq, həmişə başını məzardan qaldırır və qışqırır - mən kütləvi qırğın zamanı öldürülmüşəm".

   Azərbaycan xalqının böyük milli qəhrəmanı Nuru Paşanın dediklərini elə Mirzabekyanın tərcümeyi-halındakılar təsdiq edir. Daşnak yazır: "1905-ci ildə ermənilərə qarşı qırğın başlayanda vətənim Dağlıq Qarabağa qayıtdım..." Məgər 1905-ci ildə Bakı əhalisi ermənilərdən ibarət idi? Soyqırım Azərbaycan türklərinə qarşı idi. Məgər 1905-ci ildə Azərbaycanda "Dağlıq Qarabağ" adlı ərazi vardı ki, Mirzabekyanların vətəni olsun? Qarabağımızı özlərin vətən yazan Mirzabekyanların davamçısı Marietta Şaginyanı 1947-ci ildə Bakıdan qovan M.C.Bağırov 1918-ci ildə Qarabağda görüşdüyü Nuru Paşanın dediklərni təkrar etməmişdimi?

   1931-ci ildə yazdığı tərcümeyi-halında Mirzabekyan göstərir ki, 1906-cı ilin axırlarında saxta pasportla Qarabağdan Bakıya gəlməyə məcbur olmuşdur. Daşnaka saxta pasport düzəldib Bakıya səfərini təşkil edənlər kimlər idi? Bakıda onları kimlər gözləyirdi? 1905-ci il hadisələrindən sonra Bakını bolşevikləşdirmək istəyən əcnəbilər, gəlmə ermənilər və aldadılmış özümüzünkülər. Tərcümeyi-halda onların adları da sadalanır: Avatis Gevorkyan, Saak Ter-Qabrielyan, Askanaz Mrpavyan, Levon Arustamov, Melik Melikyan, Minas Sərkisov, Mişa Manuçarov, Petros Mnatsakyants, Baqrat Ovinyan, Tiqran və Gerasim Musyan və başqaları. Qatı daşnak özünü Azərbaycan tarixçilərinin gələcək dissertasiyalarına məşhur inqilabçı kimi salınması məqsədilə Mirbəşir Qasımov, Məşədi bəy Əzizbəyov, Sultanməcid Əfəndiyev, Dadaş Bünyadzadə, Həmid Sultanov, Bünyad Sərdarov, Bəhram Ağayev və başqaları ilə yanaşı çəkir. Mir Cəfər Bağırova qədər Azərbaycana rəhbərlik edənlərdən hes kəs Mirzabekyandan soruşmamışdır ki, ay məşhur inqilabçı, adlarını çəkdiyin bolşeviklər kimi nə üçün sən Azərbaycan kommunistlərinin (bolşeviklərinin) birinci (gizli) qurultayının nümayəndəsi seçilməmisən? 1906-cı ildə Qarabağdan saxta pasportla gəlib Bakıda peyda olmuş çoxbilmiş daşnak 1920-ci ilin fevralında Rusiya şəhərlərindən və ya Zəngəzurdan Bakıya gizli şəkildə gələ bilməzdi? Birinci qurultayın nümayəndələrindən İvan Avanesov, Nikolay Kasparov, Levon Mirzoyan, Nerses Sərkisov, Sərkis (Danilyan) Artyomoviç Anastas Mikoyanın çağırışı ilə Azərbaycan Xalq Cümhuriyyəti vaxtında Bakıya hansı yolla gəlib çıxmışdı?

   YERİ GƏLMİŞKƏN. Tevadoros Konstantinoviç Mirzabekyanın daşnak əqidaşı, Azərbaycan K(b)P-nin birinci (gizli) qurultayının nümayəndəsi Sərkis (Danilyan) Azərbaycan sovetləşəndən sonra AK(b)P Bakı Komitəsinin katibi olmuş, sonralar Voronejdə, Moskvada yaşayıb işləmişdir. Azərbaycan Respublikası İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz bir materialdan aydın olur ki, o, 1936-cı ildə Bakıda olmuş və həmin il aprel ayının 16-da "1917-1920-ci illərə dair köhnə bolşeviklərin xatirələri" mövzusunda müşavirədə iştirak etmişdir. Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci (gizli) qurultayının nümayəndələrindən Həmid Sultanovun və Sərkisovun xatirələrində deyilir:

   HƏMİD SULTANOV - 1919-cu ilin aprel ayında Rusiya Kommmunist (bolşeviklər) Partiyasının ikinci konfransında Mikoyan yoldaş təklif etdi ki, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası timsalında müstəqil partiya yaradılsın. 1919-cu ildə 1 May Bayramı şüarlarında hansı məsələlərin yer alması müəyyənləşdirildi. Hazırlanan şüarlar arasında "Sovet Rusiyasına neftin verilməsi təmin olunsun!", "İngilislər rədd olub getsinlər!", "Sovet Rusiyası ilə müqavilə imzalansın!" və b.k. şüarlar vardvı. Yadımdadır, bir çoxları Mikoyan yoldaşın təklifi ilə razılaşmayaraq, sosial-demokrat partiyasının olması ilə kifayətlənirdilər. Yığıncaqların birində Ağababa Yusifzadə və Dadaş Bünyadzadə həmin mövqeni müdafiə etdilər.

   SƏRKİSOV - Fevralın axırları, ya da martın əvvəlləri idi, Mikoyan yoldaş Bakıya gələndə mənim mənzilimdə bir həftə qaldı. Sonra Kasparovgilə getdi. Anastasın gəlişi ərəfəsində Vartapetovun mənzilində xırda bir konfrans keçirildi və burada mənimlə birgə Balaxanov, Afanasyev, Pleşşakov yoldaşlar da iştirak etdilər. Konfransda əlli nəfərdən çox adam yox idi. Mikoyan ikinci dəfə Bakıya gələndə Bakı Komitəsinin tərkibi səsvermə yolu ilə dəyişildi. 1919-cu ildə isə Tiflis ilə fikir ayrılığımız baş verdi, nəticədə Bakı da, Tiflis də Qəza Komitəsinin tərkibində oldu. Bundan sonra mən də, Mikoyan da hərbi təşkilatda fəaliyyət göstərdik. Bir daha qeyd edirəm ki, Azərbaycanda kommunist partiyası yaradılmasını dönmədən Mikoyan irəli sürmüşdür, sonra da Ş.Boris, Lominadze, daha sonra Viktor Naneyşvili, Həmid Sultanov da bizə qoşulmuşdu.

   Konfransdan qabaq biz "Hümmət"dən necə istifadə edəcəyimizi müzakirə etdik. Həmin məsələni Mikoyan qaldırmışdı. Buna dair məktub da yazmışdı...

   HƏMİD SULTANOV - Yox, elə deyildir. Məktubu Viktor yazmışdı, Mikoyan onu lazımi yerə çatdırmaq üçün aparmışdı. Mikoyan Bakıda martın 10-11-də olmuşdu. Bu zaman o, Azərbaycanın müstəqilliyinə dair Stalinin məktubundan xəbərdar idi. 1919- ildə Bakı Bürosuna Jgenti, sonra da Naneyşvili rəhbərlik edirdilər. Mikoyan qərargaha başçılıq edəndə mən bu qərargahın üzvü idim, qiyama hazırlıq Gimnaziya küçəsindəki 101 nömrəli evdə hazırlanırdı.

   Mikoyan Bakıdan gedəndən sonra qərargahın sədri Viktor Naneyşvili oldu. Qərargahın üzvləri Dövlətov, Çiknaryov, Həmid Sultanov, Mirzə Davud Hüseynov idilər. Bu mərkəzi qərargahdan sonra Bakı Komitəsi yanında da qərargah təşkil edilmişdi. Həmin qərargahın tərkibinə Yeqorov, Sərkisov, Ağamirov daxil idilər.

   Göründüyü kimi, bolşeviklərlə əlbir işləyən daşnaklar Nəriman Nərimanovun sədr olduğu "Hümmət" təşkilatından ancaq və ancaq Azərbaycan Xalq Cümhuriyyətini devirib, onun yerində ermənilərdən ibarət hakimiyyət qurmaq istəyirdilər. Qafqazda kələfin ucunu daşnaklara həvalə etmiş Leninə yazdığı məktubunda və "Ucqarlarda inqilabımızın tarixinə dair" Stalinə müraciətində N.Nərimanov yazırdı: "Əziz Vladimir İliç! Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqalaliyyətini tanımış, lakin eyni zamanda, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş olsaydı, əfkari ümumiyyə birtəhər mübarizə aparmaq olardı. Lakin Ermənistana, daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Əziz Vladimir İliç, məgər "müstəqil Azərbaycan" sizin dilinizdən çıxmamışdırmı? Axı məhz buna əsaslanaraq biz Müsavatın qurduğunu məhv edə bildik".

   Nəriman Nərimanov Azərbaycanı simalaşdırmaq, daha doğrusu, erməniləşdirmək məqsədilə daşnakların hiyləgərcəsinə hazırladıqları çirkin planlarından da danışır: "Bu plan kimindir və necə plandır? Bütün bunların müəllifi, onlardan daha ağıllı olduğu üçün Mikoyan sayılır. Qeyd etdiyim kimi, o, bir dəfə demişdi: "Biz Nərimanovu elə əhatə edəcəyik ki, o, bizim təsirimiz altında olsun". Bunu etmək üçün BEKA-nı öz əllərinə almaq lazım idi. BEKA isə Azərbaycanda hər şey deməkdir. Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a." (Bax: Nəriman Nərimanov. Ucqarlarda inqilabımızın tarixinə dair. (İ.V.Stalinə məktub) Bakı. Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi. 1992. səh. 31, 62). Daşnakların Azərbaycanda hakimiyyəti öz əllərində saxlaması M.C.Bağırov rəhbərliyə gələnədək davam etdi. Məlum olduğu kimi, Nəriman Nərimanovun sağlığında Mikoyan və Sərkisdən sonra Bakı Komitəsinin katibi olmuş Levon Mirzoyan Azərbaycan K(b)P MK-nın katibi seçildi. Gikalo və Polonskidən sonra Azərbaycanı erməniləşdirmək planının müəllifi Mikoyan Serqo Orconokidzenin himayəsi ilə yenə də daşnakı - Ruben Qriqoryeviç Rubenovu Azərbaycana başçı etdi. Nəriman Nərimanovun siyasi fəaliyyətindən ibrət dərsi almış M.C.Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin müsavatçılıq ənənələrinə sadiq qalaraq, daşnakların Azərbaycan ağalığına son qoydu, həm Mərkəzi Komitənin, həm də Bakı Komitəsinin katibi vəzifəsini daşıdı. Nəticədə kadr siyasətində möcüzəyəbənzər addımlar atıldı. O zaman Kreml ermənipərəstlərinin, ilk növbədə Mikoyanın ağlına gəlməzdi ki, Bağırov BEKA-nı milliləşdirmək planını həyata keçirəcəkdir. Məsələn, 1940-cı ildə Bakı Partiya Komitəsinin təbliğat üzrə katibi vəzifəsinə irəli çəkilmiş Süleyman Rəhimov bundan əvvəl Azərbaycan Yazıçılır İttifaqının sədri idi. Bir ildən sonra M.C.Bağırovun xeyir-duası ilə Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbösinin müdir müavini vəzifəsinə irəli çəkildi.

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1941-ci il martın 9-da M.C.Bağırovun Süleyman Hüseyn oğlu Rəhimov haqqında imzaladığı məktub və Moskvaya göndərilən xasiyyətnamə saxlanılır. Maraqlısı bir də bundadır ki, məktubda Süleyman Rəhimovun 1937-ci ildə haqsız olaraq həbsə alınmasından da söhbət gedir. Xasiyyətnamədə oxuyuruq: "S.Rəhimov yoldaş 1933-cü ildən pedaqoji fəaliyyələ məşğul olmuşdur. 1933-cü ildən 1937-ci ilədək rayon partiya komitəsi şöbə müdiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Vilayəti Şahbuz və Noraşen rayon partiya komitəsinin birinci kaitibi işləmişdir. 1937-ci ilin dekabrında xalq düşmənlərinin iftirasına görə XDİK orqanlarının istintaqına cəlb olunmuşdur. 1938-ci ilin aprel ayında tam bəraət almış və həbsdən buraxılmışdır. 1938-ci ilin may ayından 1939-cu ilin noyabrınadək Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi vəzifəsində çalışmışdır".

   Bakı Partiya Komitəsinin təbliğat katibinin Süleyman Rəhimovdan sonra yenə erməni deyil, azərbaycanlı, üstəlik Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuş Həsən Məmməd oğlu Həsənovun sonralar Bakı Komitəsindən Azərbaycan K(b)P MK-nın təbliğat üzrə katib vəzifəsinə təsdiq olunması haqqında da məktub Kremldə müsbət həll edilmişdir. Dünya daşnaklarının Kreml nümayəndəsi Mikoyan Azərbaycan rəhbərinin əlindən zəncir çeynəsə də, susmağa məcbur olmuşdur. Çünki Kremldə M.C.Bağırovun köhnə və sədaqətli dostu Lavrenti Beriya vardı.

 

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.-2011.-5-7 mart.-S.15.