Üç prezidentin 8-ci görüşü

 

Soçi görüşündən nə gözləyək?

 

Bu gün Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi ilə Soçidə bir araya gələcəklər. Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2011-ci ildə ilk görüşü olacaq. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrləriqatılacaqlar.

Qeyd edək ki, Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli formatda keçirilən sayca 8-ci görüş olacaq. Ümumiyyətlə, 2008-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 11 dəfə görüşüblər, lakin Qarabağ nizamlanmasında indiyədək hər hansı bir irəliləyiş qeydə alınmayıb. 12-ci görüşdə hansısa yeniliyə ümid varmı?

"Prezidentlərin Soçi görüşündən gözləntimiz odur ki, Ermənistan qeyri-konstruktiv, qeyri-rasional yolundan əl çəkərək Azərbaycan torpaqlarını azad edəcək",-deyə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan prezidentinin mövqeyi ondan ibarətdir ki, sülh danışıqları davam etdirilsin, amma hər bir sülh danışığının da bir limiti var: "Bu limit başa çatan zaman təbii ki, alternativ yolları düşünmək bizim haqqımız, bizim borcumuzdur. Ermənistanın isə öz vətəndaşlarının gələcəyini düşünəcəyini, qeyri-konstruktiv yoldan əl çəkəcəyini gözləyirik. Ermənistan rəhbərlərinin ölkənin inkişafı haqqında düşünməsinin vaxtı çatıb. Ümid edirəm ki, Ermənistan qeyri-konstruktiv yoldan əl çəkib, Azərbaycan torpaqlarından çıxaraq, regionda sabitliyin bərqərar olunması üçün müəyyən işlər görən dövlətə çevrilə biləcək".

Aslanov vurğulayıb ki, Soçi görüşünün həlledici olması üçün Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedən çəkilməsi zəruridir. Şöbə müdiri onu da qeyd edib ki, bu gün beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı bəyanat və fikirləri Azərbaycan üçün kifayət deyil: "Artıq real işlərə keçmək lazımdır. Biz istəyirik ki, beynəlxalq təşkilatlar ortaya siyasi iradə qoysun, Ermənistanı təzyiq və digər vasitələrlə Azərbaycan torpaqlarını boşaltmağa vadar etsin".

Şöbə müdiri hesab edir ki, "Azərbaycanın inkişafı, Ermənistanın isə günbəgün tənəzzülə uğraması onu göstərir ki, zaman gələcək ermənilər Azərbaycanla sülh sazişi imzalamağa məcbur olacaqlar".

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov da jurnalistlərə açıqlamasında bildirib ki, o, "prezidentlərin Soçi görüşündən uğurlar gözləyir".

Səfərov Dağlıq Qarabağın erməni icması ilə hər zaman görüşməyə hazır olduqlarını da bildirib.

Politoloq Rasim Musabəyov isə "Media forum"a bildirib ki, Soçi görüşündən ciddi nəticə əldə olunacağına ümid etmir": Hesab etmirəm ki, ictimaiyyətə uğurlu nəticə, qeyri-adi nəsə təqdim edilsin. Ancaq görüşü mənasız adlandırmaq da düz olmazdı. Ən azı nəzərə almaq lazımdır ki, dövlət başçıları boş-boş görüşlərə vaxt sərf edəcək bekar şəxs deyillər. Hər halda kifayət qədər vacib məsələlər mövcuddur. Yəni hər hansı irəliləyişə nail olunmadıqca müharibə təhlükəsi günbəgün artır. Bunun qarşısını almaq üçün vəziyyəti dəyişmək lazımdır. Amma yenə təkrar edirəm ki, bu görüşdə sülh razılaşmasının əldə olunması mümkün görünmür".

Sülhəddin Əkbər isə hesab edir ki, prezidentlərin növbəti görüşü Rusiyanın danışıqlar prosesində təşəbbüsü əlində saxlamasına xidmət edir: "Mətbuata sızan informasiyalara görə, İlham Əliyev Rusiya prezdentinin vasitəçiliyi ilə 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilən görüşdən narazı qalıb. Yəni İlham Əliyevin Rusiyaya reveranslarının cavabsız qaldığı aşkara çıxıb, Rusiya rəsmi Bakının gözləmədiyi halda Ermənistanın mövqeyini müdafiə edib. Düşünürəm ki, Rusiya prezidenti bu dəfə çalışacaq ki, danışıqlar prosesində nisbi balans yaratsın və bununla Azərbaycan tərəfində yaratdığı narazılığı qismən aradan qaldırsın" (Media forum).

S.Əkbər 5 mart görüşündən konkret nəticə gözləmir": Rusiya Cənubi Qafqazda hakim mövqeyə sahibdir. O isə konfiliktin həll olunmasında maraqlı deyil. Bütövlükdə isə danışıqlarda aktivləşmə gözləniləndir. Məsələni regionda və dünyada baş verən proseslər kontekstində dəyərləndirsək, həm ABŞ-ın, həm də Avropa Birliyinin sülh danışıqlarında daha aktiv mövqe nümayiş etdirəcəyini gözləmək olar. Çünki bu konfiliktin uzanması onların da maraqlarına uyğun deyil".

Məlum olduğu kimi, Qarabağ danışıqlarında patronajlığı ələ alan Rusiya heç bir yeni ideya təklif etmir, onun portfelində "münaqişə tərəfləri arasında əldə oluna biləcək istənilən sülh sazişi ilə razılaşmaq" kimi köhnə ideyadan başqa da yeni bir şey yoxdur. Politoloq Rasim Ağayev deyir ki, bu, hiyləgər mövqedir":Çünki yaxşı bilirik ki, Rusiya Qarabağ müharibəsində gizli və fəal şəkildə iştirak edib, Ermənistana hərbi sursat və texnika ötürməklə yanaşı, informasiya və siyasi dəstək də nümayiş etdirib. Buna görə hazırda onun hakim mövqeyində durması bizdə inam yaratmır. Lakin nə etmək olar, bu forma artıq sabitləşib və Rusiyaya münaqişənin nizamlanmasında öz formatını və yanaşmasını dəstəklədiyini göstərmək və çox şeyin ondan asılı olduğunu dünya ictimaiyyətinə nümayiş etdirmək üçün belə görüşlər keçirmək lazımdır" (ANS-Press).

Ekspertin sözlərinə görə, Rusiya yaxın qonşudur və ondan çox şey asılıdır: "Düşünürəm ki, sözügedən görüşdə nəyin əldə olunub-olunmayacağından asılı olmayaraq, Brüssel, Avropa ölkələri və Vaşinqtonda bu prosesi diqqətlə izləyəcəklər.

Tərəflərə gəldikdə isə, Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada Dmitri Medvedyevlə görüşməsi və Rusiya ilə müəyyən razılaşmalar əldə etməsinə baxmayaraq, bunları demək olar: həm İrəvan, həm də Bakıda bütün diqqətlər bilavasitə sərhədləri yaxınlığında baş verən inqilabi vəziyyətlərə yönəlib. "Mən Yaxın Şərq regionunu əhatə edən inqilab qəzəbini nəzərdə tuturam. Həmin vəziyyət artıq İrana da sirayət edib və onun "hava"sı həm İrəvanda, həm də Bakıda, əhval-ruhiyyə və bütün ictimai-siyasi vəziyyətə təsir etməyə bilməz. Biz bunu hiss edirik və hazırki vəziyyətdə tərəflər məqbul qərar qəbul edərlərsə, bu hakim təbəqə və hökumət dairələrinin mövqeyini möhkəmləndirə və xeyir gətirə bilər. Lakin məsələ burasındadır ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanda çətin ki, birmənalı şəkildə müsbət qarşılana bilən problemlər sırasına aiddir", - deyə ekspert qeyd edib.

Rasim Ağayevin sözlərinə görə, Sərkisyanın kreslosu real olaraq laxlayır və çətin ki, ondan nəsə gözləmək olar":Soçi görüşü çətin ki, qarşılıqlı addımla nəticələnsin. Çünki vəziyyət Ermənistanın təkid etdiyi Qarabağda referendumun keçirilməsi mövzusuna dirənib ki, buna da Azərbaycan gedə bilməz. Hazırda bir neçə güzəştli qərar var, lakin Ermənistan tərəfi belə qarşılıqlı addımların atılmasına hazır deyil. Güman edirəm ki, Soçi görüşü yeni yanaşmaların hazırlanması səylərinin həyata keçiriləcəyi sülhməramlı mahiyyət daşıyır. Lakin hansı yanaşmalar? Bax, məsələ də elə bundadır. Düşünürəm ki, Qarabağ problemində irəliləyiş bir müddətdən sonra olacaq".

Beləliklə, Soçi görüşü ilə bağlı ortalıqda elə bir gözlənti yoxdur. Bir çox ekspertlərə görə, üç prezidentin 8-ci görüşünün önəmi sadəcə bundan ibarət olacaq ki, tərəflər danışıqların davam etdirilməsində maraqlı olduqlarını nümayiş etdirəcəklər. Yəni proses davam edir, müharibə təhlükəsi yoxdur.

Rusiyanın isə, "Arşın mal alan" operettasının qəhrəmanı Soltan bəy demişkən, muzdu bundan ibarət olacaq ki, Moskva bir daha danışıqlar prosesinin onun nəzarəti altında olduğunu, Cənubi Qafqaz regionunda söz sahibi olduğunu nümayiş etdirəcək..

 

 

A.Xəlil

 

Ekspress.- 2011.- 5-7 mart.- S.3.