Şuşasızlığın 19-cu ili

 

Ombudsman beynəlxalq ictimaiyyətə səsləndi

 

Ombudsman Elmira Süleymanova Şuşa, Laçın Kəlbəcərin işğal günləri ilə bağlı bəyanat yayıb. Bu barədə Ombudsman Aparatından bildirilib.

Bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zaman-zaman zəbt olunması əvvəllər rus çarizminin, daha sonralar isə keçmiş sovet imperiyasının yürütdüyü şovinizm siyasətinin, erməni vandalizminin çirkin oyunlarına dəstək verməsinin nəticəsi idi: "Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 1000-dək yaşayış məntəqəsi dağıdılıb".

Bəyanatda qeyd olunur ki, bu işğalçılıq siyasətinin tərkib hissəsini təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə nəticələnən, Azərbaycanın tarixən çox mühüm strateji əhəmiyyəti olan, mədəniyyət beşiyi, klassik musiqimizin mərkəzi sayılan, əhalisinin 92%-ni azərbaycanlılar təşkil edən Şuşa şəhərinin, habelə Laçın rayonunun işğalından on doqquz il keçir.

Sənəddə bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində ölkə və dünya əhəmiyyətli 100 mindən artıq mədəniyyət nümunəsi yararsız hala salınıb və qəsb edilib, 500-dək tarixi və 100-dən çox arxeoloji abidə, 22 muzey dağıdılıb.

Ombudsman erməni terrorçuları və onların havadarlarının tezliklə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu deyib. Bəyanat BMT-nin Baş Katibi, Baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

  

 

Bəkir NƏRİMANOĞLU

 

Ekspress.- 2011.- 4 may.- S. 4.