Böyük zəfər

 

   Artıq məlum olduğu kimi, mayın 14-də Almaniyanın Düsseldorf şəhərinin "Espit Arena"sında keçirilən 56-cı "Eurovision" yarışmasının 25 ölkənin birincilik uğrunda mübarizə apardığı möhtəşəm finalında Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal 43 ölkə arasında birincilik qazanıb. Azərbaycan 221 balla qalib olub. Müsabiqənin ikincisi İtaliya, üçüncüsü İsveç olub.

   Müsabiqədə Böyük Britaniyanı məşhur "Blue" qrupu "İ can" mahnısı ilə təmsil edib.

   Final konsertini 24 min tamaşaçı canlı, 50-dən artıq ölkədə isə 125 milyon tamaşaçı televiziya ekranından izləyib.

   Hər il olduğu kimi, bu il də hər ölkə təmsilçisinə öz şousunu nümayiş etdirmək üçün 3 dəqiqə ayrılıb.

   Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın final konserti mükəmməl şəkildə hazırlanmışdı. Almaniyada bu yarışmanı müsabiqənin rəsmi yayımçısı "NDR" kanalı həyata keçirib. Final günü Avropa tamaşaçıları ilk olaraq "Eurovision-2011" müsabiqəsinin aparıcılarının ifalarını eşidiblər. Onlarla birgə səhnəyə ötən il müsabiqədə birincilik qazanan və bu il də ölkəsini bu mötəbər müsabiqədə təmsil edən Lena Mayer çıxıb. O, ötən il Almaniyaya qələbə gətirən "Satellite" mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edib.

   Bir çox maraqlı məqamların da yer aldığı final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz şoularını nümayiş etdirib. Builki müsabiqə "Ürək döyüntüsünü hiss et" şüarı altında keçirilib. Hər il olduğu kimi bu il də gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkə ilə canlı bağlantı olub. Səslərin açıqlanmasına isə "Eurovision" müsabiqəsinin yeni icraçı direktoru Jon Ola Sand start verib. Azərbaycan adından hansı ölkəyə neçə bal verildiyini ötənilki təmsilçimiz Səfurə Əlizadə çatdırıb və Azərbaycan adından Avropa ictimaiyyətini salamlayıb.

   Azərbaycan təmsilçilərinə isə Rusiya 12 bal, Niderland 6, Kipr 8, Ukrayna 10, Finlandiya 5, İslandiya 8, Slovakiya 7, Avstriya 8, Polşa 8, İsveç 3, San-Marino 10, Türkiyə 12, İsveçrə 1, Yunanıstan 5, Gürcüstan 8, Fransa 6, Xorvatiya 10, Belarus 6, Rumıniya 10, Albaniya 8, Malta 12, İtaliya 8, Macarıstan 7, Litva 8, Bosniya və Hersoqovina 8, İsrail 4, Estoniya 8, Moldova 10, Belçika 3, Latviya 2 bal verib.

   Bolqarıstan 12 balı Böyük Britaniyaya, Niderland 12 balını Danimarkaya, İtaliya 12 bal Rumıniyaya, Kipr 12 balı Yunanıstana, Ukrayna 12 balı Gürcüstana, Finlandiya 12 balını Macarıstana, Norveç 12 balı Finlandiyaya, Ermənistan 12 balı Ukraynaya, Makedoniya 12 balı Bosniya və Hersoqovinaya, İslandiya 12 balı Danimarkaya, Slovekiya 12 balı Ukraynaya, Böyük Britaniya 12 balı İrlandiyaya, Danirmaka 12 balı İrlandiyaya, Avstriya 12 balı Bosniya və Hersoqovinaya, Polşa 12 balı Litvaya, İsveç 12 balını İrlandiyaya, San-Marino 12 balı İtaliyaya, Almaniya 12 balını Avstriyaya, Azərbaycan 12 balı Ukraynaya, Sloveniya 12 balını Bosniya və Hersoqovinaya, Türkiyə 12 balını Azərbaycana, İsveçrə 12 balı Bosniya və Hersoqovinaya, Yunanıstan 12 balı Fransaya, Gürcüstan 12 balı Litvaya, Fransa 12 balı İspaniyaya, Serbiya 12 balı Bosniya və Hersoqovinaya, Xorvatiya 12 balı Sloveniyaya, Belarus 12 balı Gürcüstana, Rumıniya 12 balı Moldovaya, Albaniya 12 balı İtaliyaya, Malta 12 balı Azərbaycana, İtaliya 12 balı İspaniyaya, Macarıstan 12 balı İslandiyaya, Litva 12 balı Gürcüstana, Bosniya və Hersoqovina 12 balı Yunanıstana, İrlandiya 12 balı Danimarkaya, İspaniya 12 bal İtaliyaya, İsrail 12 bal İsveçə, Estoniya 12 bal İsveç,ə Belçika 12 balı Fransaya verib.

   Azərbaycan 4 bal Rusiyaya, 8 bal Yunanıstana, 10 bal Gürcüstana, 12 bal Ukraynaya verib.

   Onu da bildirək ki, bir neçə ildir artıq "Eurovision" yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir.

   Müsabiqədən sonra "Eurovision"un icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini təsdiqləyən sənədi təqdim edib.

   "Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanın bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik", -APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri də Jon Ola Sand deyib.

   İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın "Eurovision" müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. O, Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibətilə təbrik edib.

   Adil Kərimli isə qələbə sevincini belə bölüşüb: "Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik".

   A.Kərimli deyib ki, Azərbaycana gedər-getməz "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.

   "Əminəm ki, Azərbaycan "Eurovision-2012"-ni möhtəşəm şəkildə həyata keçirəcək", -bu sözləri isə Avropa Yayım Birliyinin (EBU) baş direktoru İnqrid Deltenre söyləyib, Azərbaycanı təbrik edib.

   Bu arada Avropa Yayım Birliyi Azərbaycanda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsinin təxmini tarixlərini açıqlayıb. Bakıda böyük Avropa musiqi bayramı gələn il mayın 22, 24 və 26-da keçiriləcək.

   APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, EBU-nun baş direktoru İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla da görüşüb.

   "İctimai Televiziyanın 2010-cu ilin iyulunda Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının yay sessiyasına necə ev sahibliyi etdiyini çox gözəl xatırlayıram. Belə Baş Assambleya EBU-nun tarixində yenilik idi. Əminəm ki, 2012-ci ildəki "Eurovision" müsabiqəsi də möhtəşəm olacaq", -İ.Deltenre deyib.

   İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov isə Azərbaycanın bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladıb, ölkəmizin bu beynəlxalq layihəni də uğurla təşkil edəcəyini söyləyib.

   İ.Ömərov tədbirin Azərbaycanda yüksək səviyyədə təşkili üçün bütün imkanların olduğunu qeyd edərək, tezliklə müsabiqənin təşkilatı məsələlərinin müzakirəsinə başlanacağını deyib.

 

 

  Ekspress.- 2011.- 17 may.- S. 23.