Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və Cəbrayıl Ələsgərov

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Mir Cəfər Bağırovla Cəbrayıl Ələsgərovun işgüzar münasibətini nümayiş etdirən bir sənədlə tanış oldum.

   1951-ci il iyul ayının 10-da M.C.Bağırovun adına ünvanlanmış rəsmi məlumatda bildirilirdi ki, SSRİ Nazirlər Sovetinin 1950-ci il 28 aprel tarixli 1777 nömrəli qərarı yerinə yetirilməmiş qalır. Həmin qərarda göstərilirdi ki, SSRİ Nazirlər Soveti SSRİ Neft Sənayesi Nazirliyinə və Azərbaycan SSR Nazirlər Sovetinə tapşırmışdır ki, 1951-ci il iyul ayının 15-dək Oktyabr inqilabı adına Bakı Neft texnikumu SSRİ Nazirlər Sovetinin "Başqa məqsədlər üçün istifadədə olan məktəb binalarının boşaldılması barədə" qərarına müvafiq olaraq köçürülməmişdir. Elə həmin gün, iyul ayının 10-da M.C.Bağırov bu məsələnin həllini Cəbrayıl Ələsgərova həvalə etmişdir. Məktəblər şöbəsinin müdiri aylarla yerinə yetirilməmiş problemi doqquz gün ərzində həll etmişdir. Şöbə müdirinin bilavasitə birinci katibə yazdığı məktub arxivdə saxlanılır. Tanış olun:

 

   "Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa

 

   Oktyabr inqilabı adına Neft Texnikumunun müvəqqəti yerləşdiyi keçmiş 35 nömrəli məktəbin binasının boşaldılması barədə arayış

   Sizi tapşırığınızla Razin adına qəsəbədəki 1 nömrəli peşə məktəbinin vəziyyəti ilə tanış olaraq bu qənaətə gəldim ki, həmin binada Neft Texnikumunu da rahatca yerləşdirmək üçün tam şərait vardır. Bu məsələ ilə əlaqədar iyulun 18-də Azərbaycan SSR nazirlər Sovetinin sədri T.Quliyev yoldaşın yanında müşavirə keçirildi və həm Bakı Neft Texnikumunun və həm də 1 nömrəli peşə məktəbinin eyni binada yerləşdirilməsi təklifi bəyənildi.

   Qeyd etmək lazımdır ki, 1 nömrəli peşə məktəbinin binası olduqca baxımsız vəziyyətdədir. Binanın təmiri neft texnikumunun və Respublika Əmək Ehtiyatları İdarəsinin üzərinə qoyulmuşdur.

   Neft texnikumunun hazırda yerləşdiyi bina boşaldıqdan sonra Maarif Nazirliyinin balansına keçiriləcəkdir.

 

   C.Ələsgərov 19 iyul 1951-ci il."

 

   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Məktəblər Şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə Cəbrayıl Ələsgərovun Bolqarıstan səfəri də arxiv sənədlərində əksini tapmışdır. 1951-ci ildə Mir Cəfər Bağırovun xeyir-duası ilə Azərbaycandan Bolqarıstana 14 nəfərdən ibarət nümayəndə göndərilmişdi. Onların arasında Mərkəzi Komitədən Cəbrayıl Ələsgərov, Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi İmam Mustafayev, Azərbaycan SSR nazirlər Soveti yanında Mədəni-Maarif İşlər İdarəsi Komitəsinin sədri Süleyman Rəhimov və başqaları vardı. Azərbaycan nümayəndələri 1951-ci il fevralın 7-dən martın 8-dək Bolqarıstan Xalq Respublikasında 60-dək şəhər və kəndi gəzmiş, 50 türk və bolqar məktəbində təhsilin quruluşu ilə tanış olmuş, maarif və əkinçilik nazirliklərinə baş çəkmiş, 11 elmi və mədəni mərkəzdə, 7 sənaye müəssisəsində, 3 ali məktəbdə görüşlər keçirmişlər.

   1951-ci il mart ayının 20-də Mir Cəfər Bağırova təqdim olunmuş hesabatda oxuyuruq: "Nümayəndə heyətinin üzvləri ilə görüşlərdə, toplanış və yığıncaqlarda bir milyonadək adam iştirak etmişdir. 30 yerdə azərbaycan dilində radio verilişi təşkil olunmuş, filmlərimiz nümayiş etdirilmişdir. Azərbaycan artistlərinin iştirakı ilə beş dəfə konsert verilmişdir.

   Nümayəndə heyəti üzvlərinə dörd minədək müxtəlif mövzularda suallar verilmişdir. Sualların böyük qrupu dinə aiddir. Soruşulurdu ki, SSRİ-də və Azərbaycanda din azaddırmı? Məscidlər varmı? Ruhanilərə münasibət necədir? Din xadimləri dövlətdən məvacib alırmı? Quran və İslam Azərbaycan məktəblərində təlim edilirmi? Xalqın və dövlətin dinə münasibəti necədir?"

   Mir Cəfər Bağırova təqdim olunmuş arayışda Bolqarıstanda yaşayan türklərin müraciətləri belə ifadə olunur: "Nə üçün Bolqarıstanın türk əhalisindən ibarət nümayəndə heyəti Azərbaycan SSR-yə göndərilmir? Niyə Azərbaycandan Bolqarıstan türklərinə dərsliklər, qəzet və jurnallar, bədii ədəbiyyat göndərilmir? Bolqarıstanda türk məktəblərində dərs demək üçün Azərbaycandan müəllimlər gələrək pedaqoji tədris müəssisələrində və ali məktəblərdə təhsil ala bilməzmi?"

   Mir Cəfər Bağırova təqdim olunmuş hesabatda "türk məktəblərinin vəziyyəti barədə" hissə elə bil Cəbrayıl Ələsgərovun diktəsi ilə yazılmışdı. Burada oxuyuruq: "Bolqarıstanda türk məktəbləri həm zahiri görünüşü, həm də tədrisin məzmunu ilə fərqlənir. Bolqar məktəbləri yaxşı binalarda, türk məktəbləri isə yararsız tikililərdə yerləşdirilmişdir. Baş çəkdiyimiz türk məktəblərində direktorlar bolqarlar idilər. Türk məktəblərində işləyən pedaqoqların da əksəriyyəti bolqarlardır. Bu məktəblərdə ana dili, ədəbiyyat, riyaziyyat və təbiət fənləri türkcə, coğrafiya, kimya, fizika, tarix və digər fənlər bolqar dilində tədris olunur. Bir çox fənlərə dair türk dilində dərsliklər yoxdur. Türk məktəblərinə təlimati köməklik göstərilmir. Xalq maarifi orqanlarında türklər və türk dilini mükəmməl bilən işçilər çox azdır. Maarif nazirliyi türk məktəblərinə istənilən köməkliyi göstərmir. Mahal mərkəzi olan Staraya Zaqora şəhərindəki Müəllimlər İnstitutunda vur-tut 132 nəfər türk təhsil alır, 17 pedaqoqdan ancaq 3-ü türkdür, digər müəllimlər də, institut direktoru da bolqarlardır. Kolarovqrad şəhərində müəllim kadrları hazırlayan türk gimnaziyası fəaliyyət göstərir. Bu gimnaziya 1948-ci ilədək islam ruhani kadrları hazırlayırdı. Gimnaziyada quran tədris olunur. Quranın tədrisinə aid proqramın hazırlanmasında baş müfti Akif Osmanov fəal iştirak etmişdir. Maarif nazirliyi türk ədəbiyyatı üzrə proqramı pantürkizm məzmununda qurmuşdur. Gimnaziyada türk ədəbiyyatı kursu tədrisində Nazim Hikmətə 5 saat, Səbahəddin Əliyə 2 saat ayrılmışdır".

   Arxiv materialları sübut edir ki, Azərbaycan və Bolqarıstan arasındakı dostluq əlaqələrinin yaranmasında Mir Cəfər Bağırov önəmli rol oynayıb. Bu sahədə onun ən yaxın silahdaşlarından biri də MK-nın Məktəblər şöbəsinin müdiri Cəbrayıl Ağəli oğlu Ələsgərov olmuşdur. 1952-ci ilin fevralında Mir Cəfər Bağırovun tapşırığı ilə o, Bolqarıstana işləməyə yola düşmüşdür. Bir neçə il qabaq Azərbaycan SSR Maarif nazirinin müavini olmuş partiya xadimi indi də Bolqarıstan Xalq Respublikası Maarif nazirinin müşaviri vəzifəsində çalışmışdır...

   1954-cü ilin mart ayında Azərbaycana qayıtmış C.Ələsgərov fəqət Mərkəzi Komitədə rəhbər işinə bərpa edilməmişdir. Mir Cəfərsiz MK-da keçmiş Məktəblər şöbəsinin müdirinə yer tapılmamışdır. Əslində, bu, elə C.Ələsgərovun da ürəyindən olmuşdur. Azərbaycan Dövlət Universitetinin sabiq rektorlarından biri indi də başqa ali məktəbin işçisi olmuşdur. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Mərkəzi Komitənin 1954-cü il 4 may tarixli 14 nömrəli qərarında deyilir:

   "V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru haqqında

   Ələsgərov Cəbrayıl Ağəli oğlu, 1931-ci il noyabr ayından Sov.İKP üzvü, partiya bileti N1470389, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru təsdiq edilməklə, H.M.Qədirov yoldaş həmin vəzifədən azad olunaraq institutun elmi işlər üzrə direktor müavini işinə keçirilsin.

 

   Sov.İKP MK-dan xahiş olunsun ki, bu qərarı təsdiq etsin.

   Azərbaycan KP MK katibi Mustafayev İ."

 

   İki ildən sonra - 1956-cı ilin dekabrında İmam Mustafayev Cəbrayıl Ələsgərovu vəzifəsindən kənarlaşdırmışdır. Pedaqoji elmlər namizədini Sov.İKP tarixi kafedrasının müdiri əvəz etmişdir:

   "V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru haqqında

   Vəkilov Mehdixan Yusif oğlunun, 1939-cu ilin avqustundan Sov.İKP üzvü, partiya bileti N06628807, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun direktoru təsdiq olunmasına dair Azərbaycan SSR maarif Nazirliyinin təklifi qəbul edilməklə, C.Ə.Əsləgərov həmin vəzifədən azad olunsun.

 

   Azərbaycan KP MK katibi İ.Mustafayev."

 

   Təcrübəli maarif dövlət xadiminə, 1938-46-cı illərdə Azərbaycan parlamentinin deputatına, Qırmızı Əmək Bayrağı "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş ləyaqətli şəxsiyyətə yuxarı dairələrdə münasibətin birdən-birə kəskinliklə dəyişməsinin səbəbi idi? Azərbaycan Respublikası İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğumuz bir sənəd bu suala aydın cavab verir. 1957-ci il yanvarın 4-də Cəbrayıl Ələsgərov Azərbaycan SSR Siyasi Elmi Bilikləri Yayan Cəmiyyətin İdarə Heyətinin məsul katibi vəzifəsinə təyin edildikdən sonra həmin il fevralın 14-də Moskvaya, Sov.İKP MK-ya aşağıdakı arayış göndərilmişdir:

   "V.İ.Lenin adına Pedaqoji İnstitutun keçmiş direktoru C.A.Ələsgərovun vəzifəsindən kənarlaşdırılması səbəbləri barəsində

   V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda aparılmış yoxlamalardan (konkret hansı vaxt aparılmış yoxlamadan söhbət getdiyi bəlli deyil, arxivdə buna dair heç bir material yoxdur - T.Q.) müəyyən edilmişdir ki, müəllim hazırlığı işinin yaxşılaşdırılmasında cüzi irəliləyişə baxmayaraq, insitutun fəaliyyətində çox ciddi nöqsanlar aradan qaldırılmamışdır. İctimai fənlərin tədrisi qeyri-qənaətbəxşdir, kafedralarda elmi-tədqiqat işləri aşağı səviyyədədir. Tələbələrin politexnik hazırlığı geridə qalır.

   V.İ.Lenin adına APİ-nin direktorluğu tələbələrin azərbaycan dilində dərsliklərlə təmin olunması məqsədilə lazımi tədbirlər görməmişdir. C.A.Ələsgərov yoldaş institutun direktoru kimi təhsil prosesinə dərindən nüfuz etməmiş, elmi-tədqiqat işləri kadrların elmi-nəzəri səviyyəsinin yüksəldilməsi məslələri ilə səthi məşğul olmuşdur.

   Yoxlama zamanı 1956/570-ci tədris ilində abituriyentlərin qəbulu işində ciddi nöqsanlar aşkara çıxarılmışdır. C.A.Ələsgərov yoldaş qəbul imtahanları üzrə imtahan komissiyalarının tərkibinə məsuliyyətsizcəsinə yanaşmış, nəticədə instituta tələbə adına layiq olmayan ləyaqətsiz şəxslər yüksək qiymətlə qəbul olunmuşlar.

   C.A.Ələsgərov yoldaşın instituta rəhbərliyi vaxtında maliyyə intizamının kobudcasına pozulması hallarına da yol verilmişdir ki, buna görə o, Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən tənbeh almışdır.

   C.A.Ələsgərov institutun partiya bürosunun keçmiş katibi H.Əliyev yoldaşlar özlərinin yanlış rəhbərlik metodları ilə kollektivdə narazılıq qeyri-sağlam münasibət yaratmışlar. 1956-cı il dekabr ayında keçirilmiş partiya hesabat-seçki yığıncağında partiya bürosunun yeni tərkibin seçilməsi zamanı kommunistlər C.A.Ələsgərova etimad göstərməyərək, onun namizədliyinin əleyhinə səs vermişlər.

   Bütün bu şərh olunan səbəblərə görə, Azərbaycan KP MK Bürosu özünün 1956-cı il 11 dekabr tarixli qərarı ilə C.A.Ələsgərovu V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun direktoru vəzifəsindən azad etmişdir.

   Hal-hazırda C.A.Ələsgərov yoldaş Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin İdarə Heyətinin məsul katibi vəzifəsində çalışır və V.İ.Lenin adına APİ-nin pedaqogika kafedrasında yarımştat vahidilə dərs deyir.

   Azərbaycan KP MK katibi A.Bayramov."

 

  (ardı var)

 

 

Teyyub Qurban

 

Ekspress.- 2011.- 21-23 may.- S. 15.