Aytokya

 

 Mircavad Mircavad haqqında

 

  (əvvəli ötən şənbə saylarımızda)

 

  Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

   Bəstəkarlar, yazıçılar, rəssamlar ittifaqları sayaq bütün yaradıcılıq birlikləri, mənim fikrimcə, fəaliyyət göstərməməlidirlər: çünki bu təşkilatlar insanlarda qibtə, paxıllıq, nəfs, tamah, yaltaqlıq və mənsəbpərəstlik kimi mənfi emosiyalar aşılayır.

   Təbiət bizi bu xoşagəlməz hisslərlə gen-bol mükafatlandırıb, əsrlər boyu bizi içimizdən gəmirən bu bəladan xilas olmağa çalışsaq da, yenə ona yenilmişik.

   Müqavilə bağlanan zaman hay-küy qopur, gözlərin həris parıltısı artır, insanlar qəfəsin içində yağlı ət qoxusu duymuş vəhşilərə çevrilirlər. Bu görüntü adamı alçaldır, əzir.

   1988-ci ildə Moskvada fərdi sərgimin açılışı ərəfəsində SSRİ Rəssamlar İttifaqının katiblərindən biri məni yanına çağırdı, qarşıdan gələn sərgi rəhbərliyi əsəbiləşdirirdi. Katibin sözlərinə görə, xalq mənim tablolarımı başa düşməyəcək, bəzi əsərləri ümumiyyətlə nümayiş etdirmək olmaz, bu nədir, şeytanın burda nə işi var?

 

   "Bircə tablonu belə sərgidən çıxarmayacağam" - deyib katibin kabinetindən fırlanıram.

 

   150-yə qədər əsər beş gün ərzində maşınla Bakıdan Moskvaya gətirilib. Biz MRE-nə yaxın, "Varşava" mehmanxanasında yaşayırdıq. Maşından boşaldılan zaman 15 əsər ciddi zədələnmişdi. Mən belə bir itkiyə hazır deyildim, sərgimin açılmasına cəmi dörd gün qalmışdı, zədələnmiş tabloları bərpa etmək üçün dörd gün vaxtımız vardı...

 

   Sanki ürəyimdən daş asılmışdı...

 

   Peşəkar bərpaçı dəvət etmək istədilər, mən razı olmadım, özüm xəstəydim, yalnız Lyubaya etibar edirdim, o, əslində iynə-sapla, yapışqanla əsərlərin cırılmış yerlərini yamayırdı, yapışdırırdı, rəng yaxırdı... Bu arada sərginin kataloqu da hazır oldu, kataloqda gedən məqalə təsviri sənət şöbəsinin müdiri Vladimir Petroviç Selenterin çox xoşuna gəlmişdi, məqaləni kataloqa salmaq onun ideyasıydı. Sonra Selenter bildi ki, məqalənin müəllifi mənim arvadımdı, Rübabə isə onun təxəllüsüdü. Dedi: "Cavad, bəxtiniz gətirib".

   Hamı bizə deyirdi ki, sərginin açılışına qədər zədələnmiş tabloları bərpa edə bilməyəcəyik. Biz səhər tezdən sərgi salonuna gəlirdik, gecəyə qədər çalışırdıq, iyirmi dörd saat dil-dil ötən Rübabə ağzına su alıb susurdu, heç danışmırdı. Biz vaxtında işimizin öhdəsindən gəldik.

   Rembrandtın tablosundakı Esfirə bənzəyən zərif gözəl xanım İrina tabloların divarlardan asılmasından tutmuş sərginin açılışına qədər bütün prosesi videokamera ilə lentə aldı və bizdən pul götürmədi, mən ən gözəl əsərlərimdən birini "Sırğalı qadın"ı ona bağışladım, sonra o, mənim başqa bir güclü əsərimi özü seçib aldı. Sərgi baş tutdu, lent kəsildi. Salahov, Obrosov, Nərimanbəyov, Selenter çıxış etdilər, maraqlı fikirlər söylədilər, Obrosovun çıxışını xüsusi qeyd etməliyəm, axı o, məni heç tanımırdı, ilk dəfə sərgi ərəfəsində görüşmüşdük...

   O illərdə Vladimir mənə çox kömək elədi, 1989-cu ildə Şərq xalqları incəsənəti muzeyində mənim fərdi sərgim onun sayəsində baş tutub. Şərq xalqları incəsənəti muzeyində artıq məni tanıyırdılar. Tanınmış moskvalı sənətşünas Kamenski muzeyin Bakıya gələn əməkdşına tövsiyə etmişdi ki, Bakıda Cavadı axtarıb tapın, Cavad əfsanə rəssamdı. Muzeyin əməkdaşı Bakıda məni tapdı, 1987-ci ildə muzey üçün beş əsər, şəxsi kolleksiyası üçün də bir neçə tablo satın aldı. Moskvada Obrosov məni fərdi sərgisinə çağırdı və mən onu yaxşı əsərlərinə görə təbrik etdim. Obrosov məni Vyaçeslavla tanış elədi, rəsm əsərlərinin vurğunu olan Vyaçeslav da məndən bir neçə tablo aldı. Həmişə xoş əhval-ruhiyyədə olan, şux, xeyirxah Vyaçeslav biraylıq müddətə Almaniyaya gedəndə bizi öz mənzilində yerləşdirdi, bundan savayı, o, mənim əllidən artıq tablomu üç ay öz mənzilində saxlayıb. Vyaçeslav məni Avropadan gəlmiş böyük kapital sahibi bir şəxslə görüşdürdü, axşam Vyaçeslavın geniş qonaq otağında böyük masanın arxasında oturmuşduq, tərcüməçi vasitəsi ilə danışırdıq, o insan "Siz əsərlərinizin mənim evıimdən asılmasıyla qürur duyacaqsınız" cümləsini dilinə gətirməsəydi, hər şey yaxşı gedirdi... hər şey korlandı... mən ayağa qalxdım. "Siz mənim əsərlərimin sizin divarlarınızdan asılması ilə fəxr etməlisiniz"... - mən ona heç nə satmadım... Sonra Vyaçeslav o adamın adından dəfələrlə məndən üzr istədi, çaşqın görünürdü, mən onun gözlərinə baxa bilmirdim, amma qərarımdan dönmədim, qoy Vyaçeslav mənim inadkarlığımı bağışlasın.

   Vladimir SSRİ-ni həmişəlik tərk edib gedəndə ona bir əsər bağışladım, əlbəttə bir daha görüşməyəcəyimizi, tezliklə öləcəyini bilirdim...

   Yenidən 60-cı illərə dönək. Müxtəlif gənclər var. Sakit, düşüncəli, dinləməyi bacaran Nazim Rəhmanov, bir qədər kobud, narahat Həmzə. Deyəsən, 1967-ci ildi, bir dəfə söhbət əsnasında "Nitşenin "Biz filoloqlar" əsərini oxumaq istərdim" dedim. Təsəvvür edin ki, iki-üç gündən sonra o, bu kitabı hardansa tapıb gətirdi. O illərdə bu, asan məsələ deyildi. Mən də axmaq kimi kitabı bir tələbəyə oxumağa verdim, tələbə kitabı qaytarmadı, itirmişəm söylədi. Həmzədən üzr istədim, Həmzə "unut getsin" desə də, bu yaşda oğlanın qarşısında xəcalətli qaldım... O, mənə Gendelin, Kreyserin, Sen-Sansın, Rafaelin plastikalarını gətirirdi. O, məni motosikletdə gəzdirirdi, çox bərk sürürdü, bəzən mən yıxılırdım, sahil qumlarının üstündə uzanıb qalırdım, Həmzə mənim yoxluğumdan duyuq düşüb geri dönürdü, mən yenidən onun tərkinə otururdum.

   Az danışan, amma çox gülən Mirnadir Dyumanın romanlarındakı muşketyorlara oxşayır... Qrişa Eppelbaum Abşeron vurğunuydu, Fatmayidə, ya da Goradildə kimləsə ortaq bir ev kirayələyərdi, psixoloji ovqatlı etüdlər çəkərdi. 1987-ci ildə Qrişa İsrailə köçəndə Tel-Əvivdə görüşmək arzusuyla Şolom Aleyxomun "Sayrışan ulduzlar" kitabını mənə bağışladı, 1988-ci ldə Moskvada xəstələndim, əlaqəmiz itdi. Mənim gənc rəssamlarla yaş məsafəm olmayıb, çünki mən heç bir zaman naftalin qoxulu ənənəviçiliyin tərəfdarı deyildim. Mən onlarda özgüvən aşılayırdım, onlarla bir süfrədə oturub içki içirdim, Abşeronda gəzib dolaşırdım, onlar gizli sirlərini mənimilə bölüşürdülər... Bir dəfə Nazim əsərlərini mənə göstərdi, onun əsərlərinin xoşuma gəldiyini söylədim, eyni zamanda ona tövsiyə elədim ki, mənə qulaq asmasın, özü bildiyi yolla getsin, mənimçün çox vacib olan bir nəsnə onunçün əhəmiyyət kəsb etməyə bilər, bu təbiidi.

   Fərhad tez-tez mənə baş çəkərdi, biz ədəbiyyatdan, musiqidən danışardıq, bir yerdə musiqi dinləyərdik. Fərhad Folkneri çox sevirdi, bəzi məqamlarda ona haqq qazandırsam da, Heminqueyə üstünlük verirdim. Heminquey Sezann kimidi, əbəs yerə Parisdə rəsm əsərlərini dərindən duymaq üçün acqarına muzeylərə gedib onlara baxmırdı. Folkner isə qravür kimi qavranılır, Folkner Şekspir kimi siyah-bəyazdı. Mənimlə çox sıx münasibətdə olmasına rəğmən mənim təsirimə düşmədi, onun mənim sənət dəst-xəttimdən fərqli üslubu vardı, bu da cavan rəssamın öz fərdi dünyagörüşü, baxış bucağı olduğundan xəbər verir. O, mənimlə kilkə konservi yeyərdi. Xəzər kilkəsini bəzən yağda, bəzən də soğanla, yerkökü ilə hazırlayırdılar, Sovet dönəmində Bakı balıq zavodunun kilkə konservindən dəyərli məhsul yoxuydu, çox dadlıydı! Uzun illərdən sonra Rəssamlar İttifaqında səs sahibi olanda o, həmişə mənim lehimə səs verirdi... mənim doğum günümdə, yanvar ayında çiçək açmış badam budağı gətirərdi, mən evdə olmayanda ağacla qaldırıb balkona bir şüşə əla və holland pendiri qoyardı, ümumiyyətlə o, gözlənilməz və gözəl sürprizlərlə adamı heyrətləndirməyi bacarırdı. Yadımdadır, onun işlərindən biri xoşuma gəlmişdi - bunu yumaq lazımdı dedim, bizim uşaqlar canlandılar, mən əyilib ağır çemodanı şəstlə açdım, çemodan müxtəlif ölçülü, hər cür rəngli daşlarla doluydu. Yığdığım daşların gözəlliyini onlarla bölüşdüm. Fərhadın xanımı Tamilla iki dəfə ağır aritmiya tutmaları zamanı mənə kömək edib, axırıncı dəfə Tamilla xanım mənə yüz ədəd açıq səma rəngli kiçicik həblər göndərib, mən o həbləri, deyəsən Almaniya istehsalıydı, ilboyu atdım və aritmiya həmişəlik yaxamdan əl çəkdi. Ona bir tablo bağışlamaq qərarına gəldim, heç kim heç kimə təmənnasız yaxşılıq eləmir, həyat bunu mənə öyrətmişdi... Məsələn, Əhmədlidəki emalatxanada dözülməz ürək ağrılarına düçar oldum, bir yandan da bayırda şıdırğı yağış yağırdı, taksi dayanacağı xeyli uzaqdaydı, birtəhər bir rəssamın emalatxanasının qapısını döyə bildim, xahiş elədim ki, məni heç olmasa taksi dayanacağına qədər aparsın, amma o, mənə kömək eləmədi. Arvadım güllə kimi qapıdan çıxdı, yaxşı ki, yaxınlıqdan taksi keçirmiş, taksi müştərini bizim binanın yanında düşürmüşdü. Pul-para məsələsi həmişə çətin olub, amma xalaoğlum Rasim, heykəltəraş Fazil və Fərhad mənə əl tutublar... O illərdə insan faktoru xüsusilə önəmliydi... Jurnalist Faiq Mustafayev çap etdirə bilmədiyi məqalələrin mövzusunu mənə danışardı. 1988-ci ilin fevaralında mənim haqqımda yazdığı "Üsyankar günəş" məqaləsi çap olundu - Faiq sənətkar və şəxsiyyət haqqında yazmışdı. Həmən il ona əməkdar incəsənət xadimi fəxri adı verdilər, mən çox yorulmuşdum, baş ağrıları keçib getmirdi. 1987-ci ilin axırında gənc Rəssamlar İttifaqının idarə heyətinə mənim namizədliyimi irəli sürəndə yalvardılar ki, imtina etməyim. Onlara bildirdim ki, qiymətli vaxtımı iclaslara-filana vermək istəmirəm, mənim vaxtım yalnız sənətə məxsusdu - "Sənin adın bizim üçün bayraqdı". - "Yaxşı, bayraq deyirsiniz, bayraq olsun".

   O dövrdə "Qobustan" jurnalı başqa dərgilərdən daha maraqlıydı. 1980-ci ildə "Qobustan" jurnalında sənətşünas Sara Nəzirovanın mənim yaradıcılığım haqqında yazdığı məqalə və bəzi əsərlərimin repreduksiyası işıq üzü gördü. Sara ağıllı, gözəl qızdı, qarqıza oxşayır. 1987-ci ildə Bakıda ilk fərdi sərgi mənə alim Mirəli Seyidovla tanış olmaq səadəti hədiyyə elədi. O zaman alim şamanizm mövzusu üzərində işləyirdi. O, bir neçə dəfə sərgiyə gəldi, "Humay", "Şərq intibahı", "Tanrı", "Anam Həyat" tabloları qarşısında düşüncələrə daldı, o deyirdi ki, mənim damarlarımdan qədim miflər axır.

   Mirəli Seyidov TV-də və radioda çıxış elədi, mənim obrazlarımın onda yaratdığı duyğular haqqında bir alim kimi söz açdı. Deməli, "aşkarlıq" və "yenidənqurma" nələrisə dəyişdirmişdi.

   Fadeyev adına Mərkəzi Ədiblər Evində sərgimin açılışında (bu sərgi yazıçı Çingiz Aytmatovun sayəsində baş tutmuşdu) Aytmatov, Latınin, Oljas Süleymanov çıxış etdilər, Şərq xalqları incəsənəti muzeyinin elmi işçisi sənətşünas Svetlana Xramçenko, elmi işçi Elvira Bayramova gözəl nitqlər söylədilər. Sərginin açılışında xarici ölkələrin səfirləri iştirak edirdilər, Kapitsanın həyat yoldaşı Tatyana Alimovna, təəssüf ki, görkəmli alimin özü Moskvada deyildi, Şaqal muzeyinin əməkdaşı Silviya Forest və daha kimlər, kimlər...

 

   (ardı var)

 

 

Adil Mirseyid

 

Ekspress.- 2011.- 28-31 may.- S. 14.