Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   "Nazirliklərin, təşkilatların, müəssisə və idarələrin arxivlərinə baxışın gedişi barədə məlumat

 

   1.Azərbaycan SSR Maarif Nazirliyi. Baxışa hazırlıq işləri görülsə də, arxiv materiallarının qaydaya salınmasına may ayının 15-dən başlanılmışdır. Hazırda materialların fondlaşdırılması aparılır. İşlər belə ləng getsə, nazirliyin arxivi 1962-ci ilin sonunadək başa çatdırıla bilər.

 

   Nazirlik 1956-cı ildən bəri Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən respublikada arxiv işinin səhmana salınmasına aid qərarlarına laqeydliklə yanaşır. Son vaxtlar Arxiv İdarəsinin işçiləri 15 dəfə nazirlikdə olmuş və köməklik göstərmişlər. Ancaq nazirliyin məsələyə soyuq münasibəti davam edir.

 

   2. Azərbaycan SSR Ticarət Nazirliyi. Arxiv müdirinə köməklik göstərilməsinə aid nazirlik tərəfindən sərəncam və əmrlər verilsə də, materialların qaydaya salınması ləng gedir. Bu günədək yalnız 797 iş nazirliyin arxivinə qəbul edilmişdir.

 

   3. Azərbaycan SSR Sosial-Təminat Nazirliyi. Burada baxışa hazırlıq işləri qeyri-qənaətbəxşdir.

 

   4. Azərbaycan SSR yerli Sənaye Nazirliyi. Burada bu ilin fevralından başlayaraq tabelikdə olan təşkilatların nazirliyə təqdim etdikləri materialların məhv edilməsi üzrə siyahısı hazırlanmışdır. Nazirliyin arxivində daimi saxlanılmaq üçün ayrılmış arxiv sənədlərinin isə siyahısı tərtib edilməmişdir.

 

   5. Azərbaycan SSR Maliyyə Nazirliyi. Baxışın şərtlərinə müvafiq olaraq burada indiyədək bircə arxiv işi də qaydaya salınmamışdır.

 

   6. Azərbaycan SSR Ali Məhkəməsi. Ali Məhkəmə aparatının özündə heç bir iş görülməmişdir.

 

   7. Ali və Orta İxtisas Təhsili Komitəsi. Burada arxivarus ştatının olmasına baxmayaraq, baxışa hazırlıq üzrə heç bir iş görülməmişdir.

 

   8. Azərbaycan SSR Mədəniyyət Nazirliyi Kinolaşdırma İdarəsi. Burada arxivarus ştatı olsa da, baxışa hazırlıq işləri qənaətbəxş deyildir.

 

   9. Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yüngül Sənaye İdarəsi. Hazırlıq işləri ləng gedir.

 

   10. "Azərneft" Birliyi. Birliyin müəssisələrində baxışa hazırlıq işləri qənaətbəxş deyildir. Birliyin mərkəzi arxivində isə vur-tut 197 iş Mərkəzi Dövlət Arxivinə təhvil verilmək üçün hazırlanmışdır.

 

   11. Sumqayıt sintetik-kauçuk zavodu. Burada ancaq məhv edilmək üçün materialların siyahısı tutulmuşdur. Arxivdə daimi saxlanılacaq sənədlərin ayrılması işinə başlanılmışdır.

 

   12. Sumqayıt boru-prokat zavodu. Burada əsasən məlumat-arayış səciyyəli materiallar qaydaya salınmışdır. Daimi saxlanılmaq üçün sənədlər isə hələ də şöbələrdə yığılıb qalmışdır.

 

   13. Azərittifaq. Burada arxiv müdiri uzunmüddətli məzuniyyətə buraxıldığından, arxiv bağlı qalmışdır. Arxiv sənədlərinin işlənib hazırlanmasına başlanılmamışdır.

 

   14. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu. İnstitutun arxivi rütubətli zirzəmidə yerləşdirilmişdir. daimi saxlanılmaq üçün arxiv sənədləri indiyədək hazırlanmamışdır.

 

   15. Artyom rayon icraiyyə komitəsi. Təşkilati iş aparılsa da, arxiv sənədlərinin qaydaya salınmasına başlanılmamışdır.

 

   16. Oktyabr rayon icraiyyə komitəsi. Materialların qaydaya salınmasına başlanılmamışdır.

 

   17. Qaradağ rayon icraiyyə komitəsi. Qətiyyən heç bir iş görülməmişdir.

 

   20. V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu. İnstitutun arxivində qeyri-qənaətbəxş vəziyyət davam etməkdədir. Burada baxışın şərtlərinə əməl olunmur. 1930-cu ildən başlayaraq keçirilmiş dövlət imtahanlarının protokolları hələ də arxivə təhvil verilməmişdir.

 

   30 may 1961-ci il."

 

   Məmmədəmin Şəkinskinin Məmməd Qazıyevə ünvanladığı məktubundakı faktlardan 1961-ci il iyunun 10-da Azərbaycan KP MK-nın ideoloji iş üzrə katibi Nazim Hacıyevin yanında keçirilmiş müşavirədə istifadə edilmişdir. Həmin müşavirədə respublika arxivlərinin işinə baxışın gedişi məsələləri müzakirə edilmişdir. Müşavirəyə nazirliklərin, dövlət təşkilatları və idarələrinin rəhbərləri dəvət olunmuşlar. Baxış komissiyasının sədri, Azərbaycanda SSR Nazirlər Soveti sədrinin müavini Əli Kərimov Arxiv İdarəsinin rəisindən ilk nəzərdə gözlənilməz görünən bir xahiş etmişdir: Bakının tarixinə dair mərkəzi arxivlərdə məlumat varmı? Varsa, Nazirlər Sovetinə göndərin.

   Bir aydan sonra, 1961-ci il avqust ayının 19-da Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin blankında M.Şəkinskinin imzaladığı aşağıdakı məktub göndərilmişdir:

 

   "Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ə.H.Kərimov yoldaşa

 

   Bakının 1816-1920-ci illər tarixinə dair arxiv materialları haqqında arayışı Sizə göndərirəm.

 

   Əlavə: 19 vərəqdə.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rə-isi M.Şəkinski.

 

   19 avqust 1961-ci il."

 

   Əli Kərimov on doqquz səhifəlik arxiv materialı ilə tanış olduqdan sonra Nazirlər Sovetinin baş referenti Saleh Tahirova tapşırmışdır ki, arayışın surətini Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski yoldaşa göndərsin. Belə də edilmişdir. Avqustun 22-də Bakı tarixinə aid arayışın surəti Bakı merinə çatdırılmışdır. Əlli il ərzində arxivdə saxlanılmış arayışın bəzi məqamları ilə oxucuları tanış edirəm:

 

   "Bu arayışda Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsindən ta 1920-ci il aprelin 20-dək olan dövrdə Bakının tarixinə aid arxiv sənədləri əks olunur:

 

   Şəhərin idarə olunması, dövlət hakimiyyəti orqanları

 

   Bakı xanlığının Rusiyaya birləşdirilməsindən sonra şəhərin idarə olunması komendanta tapşırılmışdır. Bakı komendantı inzibati cəhətdən əvvəlcə Gürcüstandakı baş komendanta, 1824-cü ildən isə müsəlmanlar yaşayan əyalətlərin Şuşa şəhərində yerləşən hərbi-dairə rəisinə tabe edilmişdir. 1840-cı ildən Bakı şəhərinə idarəçilik Bakı qəza rəisinə tapşırılmışdır. O zaman Bakı şəhəri Xəzər vilayətinin tərkibinə daxil idi. 1846-cı ildə Xəzər quberniyasının adı dəyişilərək Şamaxı qəzası olduğundan Bakı da Şamaxı quberniyasının tabeliyində olmuşdur. 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sonra quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülmüşdür. Beləliklə, bütün qəzaya və Bakı şəhərinə rəhbərlik Bakı qubernatorunun səlahiyyətində olmuşdur. Şəhər polisi və şəhərin ictimai idarələri də qubernatorun tabeliyində idi.

 

   Şəhər özünüidarəçiliyi

 

   Bakının idarəçilik orqanları dumadan və şəhər idarəsindən ibarətdi. Duma sədrdən (şəhərin başçısından), dörd il müddətinə seçilmiş duma deputatlarından və ruhani idarəsinin deputatından təşkil olunurdu. Duma üzvləri üç il müddətinə seçilirdi. Şəhər duması iki nəfərdən altı nəfərədək duma üzvündən ibarət tərkibdə şəhər idarəsini seçirdi. Bakı şəhər idarəsi senatı 1877-ci il 24 may tarixli fərmanı ilə təşkil olunmuşdu.

   Şəhər təsərrüfatı. Yaşayış evləri, küçələr, meydanlar, bağlar, bulvar, şəhərin su təchizatı, şəhər nəqliyyatı

   Arxivdə 1871-1893-cü illərdə yaşayış evləri tikilməsinə torpaq sahəsi ayrılması haqqında vətəndaşların müraciətləri, 1903-1912-ci illərdə şəhər dumasının Bakının abadlaşdırılmasına aid iclaslarının protokolları, Həsən bəy Məlikovun (Zərdabinin) 1898-1900-cü illərdə dumada çıxışlarının mətni, şəhər dumasının sədrinin Bakının Dağüstü hissəsinin yenidən qurulmasına (1909-cu il) aid layihəsi. Habelə 1879-1882-ci illərdə Nikolayevsk (keçmiş "Kommunist", indiki İstiqlaliyyət küçəsi), Vorontsov (keçmiş Məşədi Əzizbəyov, indiki İslam Səfərli), Bolşaya Morskaya (keçmiş Kirov, indiki Bülbül) küçələrinin yenidən qurulmasına aid məlumatlar vardır. Maraq doğuran sənədlərdən biri də Bakı və Quba qəzalarında, həmçinin Abşeron yarımadasında Bakı-Şollar su kəmərinin çəkilişi üçün torpaq sahələrinin ayrılması haqqında 1912-ci ildə Rusiya çarının imzaladığı fərmandır.

 

   Elm, mədəniyyət, səhiyyə, incəsənət

 

   Bakı texnika komitəsinin materialları arasında 1886-cı ildə Peterburq universitetinin professoru D.İ.Mendeleyevin Bakıya neft sənayesinin hərtərəfli öyrənilməsi məqsədilə göndərilməsi, 1860-1918-ci illərdə məktəb və gimnaziyaların, pansionların, kommersiya məktəblərinin və s. açılışı barədə sənədlər, 1907-ci ildə fəaliyyət göstərmiş "Nicat" cəmiyyətinin nizamnaməsi və s. saxlanılır.  

 

   Polis, məhkəmə, prokurorluq və notariat orqanları

 

   Bakı şəhər polis idarəsi 1846-cı ildə yaradılmışdır. 1895-ci il iyunun 1-nə olan məlumata görə şəhər polisinin ştatı 260 nəfər olmuşdur. Bütün polis orqanları qubernatorun tabeliyində idi. Arxivdə 1874-1915-ci illərdə Bakı bəylərinin siyahısı da saxlanılır.

 

   Bakının tarixinə aid materialların saxlanıldığı fondların siyahısını arayışa əlavə edirəm.

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

 

   Məmmədəmin Şəkinskinin qeyd etdiyi fondlardakı sənədlərlə tanış olmaq məqsədilə bu günlərdə Azərbaycan Respublikası Tarix Arxivinə üz tutdum. Arxivin oxu zalının müdiri Zərifə xanım maraqlandığımız qovluqları gətirib masanın üstünə qoydu. Sən demə, Bakının tarixinə dair oxuduğum neçə-neçə məqalə və kitabın ilk mənbəyi bu qovluqlarda imiş. Məsələn, Məmmədəmin Şəkinskinin arayışında adı çəkilən "Nicat" 1906-cı ildə Bakıda fəaliyyət göstərmiş müsəlman maarif cəmiyyətidir. Cəmiyyət Bakı şəhərində və onun kəndlərində kitabxana və qiraətxanalar açmış, Azərbaycan türkcəsində qəzet nəşr etmişdir. Onun fəaliyyətində Məhəmməd Əmin Rəsulzadə, İsa bəy Aşurbəyov, Həsən bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyov, Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov və başqaları yaxından iştirak etmişlər. "Nicat"ın təşəbbüsü ilə Qafqaz müsəlman müəllimlərinin birinci və ikinci qurultayları keçirilmişdir.

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 19-21 noyabr.- S. 15.