"Qətllə bağlılığı yoxdur, amma qatil kimi katorqaya məhkum olunub"

 

    əvvəli var

 

   Mərhum jurnalist Aqşin Kazımzadənin "K ubiystvu nepriçasten, no priqovoren kak ubiyça k katorqe" adlı görkəmli bəstəkar, professor və xalq artisti Tofiq Bakıxanovun babası Məmməd Rza bəyə həsr olunmuş məqaləsi iki il əvvəl "Kaspiy" qəzetində dərc olunub. Fəlsəfə elmləri namizədi Əminə Abbasova (Tuncay) məqaləni azərbaycancaya çevirib.

   Bakı xanlarının nəslindən olan Məmməd Rza Bakıxanovun həyatı həm də XIX sonlarının Bakısının və bakılılarının rus işğalı altında üzləşdiyi müsibətin bir tarixçəsidir.

   1895-ci ilin 15 noyabr gecəsində Bakı şəhərində kiminsə revolverdən atdığı atəş nəticəsində andlı məhkəməsinin üzvü S.D.Staroselski yaralanmış və ertəsi gün o, canını tapşırmışdı. Törədilən cinayətin şahidləri yox idi və istintaq yalnız şübhə üzərində qurulmuşdu. Atüstü aparılan 7 nəfərin məhkəmə cəlb edilməsi ilə nəticələnir və 1897-ci ildə Məmməd Rza bəy Bakıxanov barəsində sürgün - müddətsiz katorqa işlərinə məhkumedilmə hökmü çıxarılır (məqaləni ixtisarla təqdim edirik).

 

   (əvvəli ötən şənbə sayımızda)

 

   Məmməd Rza bəy öz günahsızlığına, prosesin formal və şişirdilmiş olmasına o qədər əmin idi ki, məhkəmənin başlamasına az qalmış İrana getmişdi.

   Tehranda Rusiya səfirliyini mühafizə edən Don kazakları onu həbs etmiş və hökm çıxarıldıqdan sonra konvoy altında sürgün yerinə - Xarkova göndərmişdilər.

   - Əlbəttə ki, bizim adlı-sanlı və təhsilli nəslimiz boz və bisavad insanlar kimi qanqaraldıcı bu ədalətsizliyə dözə bilməzdi, - Məmməd Rza bəyin nəvəsi Tofiq Bakıxanov deyir. - Nəsillərində təqdimata ehtiyacı olmayan Abbasqulu ağa Bakıxanov və onun böyük qardaşı - Azərbaycanın ilk general-leytenantı Cəfərqulu ağa kimi şəxslər olan Məmməd Rza bəyin kiçik qardaşları imperatora petisiya yazaraq çarı inandırmağa çalışırlar ki, ortalıqda dəhşətli məhkəmə səhvi var və rus taxt-tacının sadiq təbəəsi olan zədaganın şərəfli adı ləkələnə bilər. Həmçinin onlar apellyasiya şikayəti verərək məhkəmənin hökmünün əsassız olduğunu sübut edirlər: çünki həm cinayətin motivi yoxdur, həm də Bakı şəhərinin polis pristavları Nəsirbəyov və Mnasarovun qərəzli istintaqı nəticəsində toplanan dəlillər şübhəli idi. Özü də həmin polislərin adları məhkəmə prosesində həm də şahid kimi hallanırdı.

   Məhkəmə işi çox səsli-küylü oldu və sədası gedib Sankt-Peterburqa çatdı. Bu işdə əli və marağı olan qubernator hər şeyə hazır idi ki, reputasiyasını korlayan əlaltılarının təki təmizə çıxarsın.

   Şahidlərsə bülbül kimi ötürdülər, məhkəməyə sədrlik edənin göstərişi ilə bu məkrli qətlin "təfərrüatlar"ından danışırdılar. Çətin ki, məhkəmə prosesində iştirak edən cənablardan kimsə onların gözünün içinə baxaydı, baxsaydılar, illər sonra yazıçı Mixail Bulqakovun obrazlı şəkildə qeyd etdiyi kimi, "əyri burunlarından tökülən daimi iftiraları" görərdilər.

   Məhkəmə əzablı və çox uzun çəkdi. Yalnız 1899-cu ilin 27-28 sentyabrında Tiflis məhkəmə palatasının Bakıda keçirilən səyyar sessiyası andlı məhkəməsinin səlahiyyətli üzvü Staroselskinin qətlində ittiham olunan Məmməd Rza bəy Bakıxanov, Fəttah Həkim oğlu və Məşədi Məmməd bəyin işi ilə bağlı dinləmələr keçirdi.

   Qeyd edək ki, andlı məhkəməsinin səlahiyyətlisi - 1864-1917-ci illərdəki çar Rusiyasının qanunvericiliyinə görə, dairə məhkəməsində və ya məhkəmə palatasında dövlət qulluğunda olan vəkil postudur. Məhkəməyə Tiflis məhkəmə palatasının böyük sədri Vrasski sədrlik etmişdi, ittihamçı isə prokuror Xolodkov idi.

   Müttəhimləri müdafiə edirdilər: Məşədi Məmmədi - andlı səlahiyyətlisi (vəkil) P.P.Putsilo, Fəttah Həkimi - müstəqil vəkil Qurski və Bakıxanovu - andlı məhkəməsinin vəkili P.Q.Mironov və F.N.Plevako.

   Bəli, bu həmin Fyodor Nikolayeviç Plevakodur. O və Anatoli Fyodoroviç Koni o vaxtlar Rusiyanın ən məşhur vəkilləri sayılırdılar. Plevako həm də III Dövlət Dumasının deputatı idi.

   Bu məqaləni yazarkən hüquq fakültəsinin iki məzunundan Plevako haqqında soruşdum. Mənim təəccübümün həddi-hüdudu yox idi. Çünki cavab olaraq "Plevako nədir" sualını eşitdim. Ah, sizi bisavadlar! Məni tər basdı. Bir də ki, "Plevako nədir" yox, "Plevako kimdir" deməliydiniz. Əslinə qalsa, siz bu soyadı eşidərkən "Farağat" dayanmalı idiniz. Öz-özümə dedim: "Universitetdə sizə nə öyrədirlər, deməli, siz hüququn əlifbasını belə bilirsiniz?" Sonra mənim nə halım, nə də həvəsim var idi ki, bu tələbələrə Plevakonun kim olduğunu öyrədim. Ümumiyyətlə, məəttəl qalmışam ki, hüquqda oxuyanlar belə insanları tanımırsa, onda onlar gələcəkdə necə savadlı hüquqşünas ola bilərlər.

   Plevako bir dəfə dostlarıyla mərcə girir ki, kənd kilsəsinin keşişinin günahsızlığını sübut edəcək. O keşiş oğurluq üstə suçlanırdı. Vəkil məhkəmə zalına gəlib deyir: "Bu keşişə diqqətinizi yönəldin, cənab andlı hakimlər! Bütün ömrünü o sizin günahlarınızı bağışlamaqla məşğul olub. İndi isə siz ona qarşı anlayışlı olun və onun günahını bağışlayın! İnanın ki, onun günahları sizinkilərin yanında heç nədir!"

   Və andlılar keşişi azadlığa buraxmaq barədə hökm çıxarırlar.

   Plevakonu heç kim məcbur etməmişdi ki, Məmməd Rza bəyin işini öz üzərinə götürsün. Ümumiyyətlə, o heç vaxt kiminsə sözünə və ya tapşırığına görə məhkəmə işi götürməyib. Yalnız öz qəlbinin istəyi və məhkəmə işinin marağı, çətinliyi onu bu işə sövq edirdi.

   Məmməd Rza bəy Plevakonun birinci azərbaycanlı və müsəlman müştərisi olub, həm də onu qeyd etmək lazımdır ki, o məhz bu işi çoxlu qovluqların və protokolların içindən seçib. Özü də iyerarxiya pilləsində sonuncu olmasa da, rus millətindən olmayan bakılı taciri müdafiə etmək missiyasının mümkün neqativ nəticə ilə bitmək riski vardı.

   Bakıxanov nəsli yalnız Bakıda yox, çox yerlərdə tanınırdı. Düzdür, onun adına and içənlər yox idi, amma onun adı və özü buna layiq idi. Məmməd Rza bəy Bakı tacirlərinin fəxri idi, Onun sözü qanun, ticari sövdələşmələrin qarantı idi.

   Bu ad hər bir işdə, hətta Şimali Amerikada, Cənubi Afrikada hörmət sahibi idi, fərqi yox idi ki, bu ölkələrlə nə ilə alver edir: Xəzərin xam neftini, yoxsa ki, Sibirin çervonluq ağır qızıl külçələrini satır...

   Mən hüquqşünas deyiləm, ancaq bu faktdır ki, Plevakonun bakılı zadəganı müdafiəsini vəkillik yaradıcılığının etalonu saymaq olar...

   Bununla mən iddia etmirəm ki, Məmməd Rza bəy yalnız ona görə azadlığa çıxa bilib ki, onu Plevako müdafiə edib. Bir vəkil kimi Plevako, əlbəttə ki, heç vaxt uduzmurdu, hansı işdən yapışırdısa, asan və oynaya-oynaya qələbə qazanırdı. Üstəlik, Məmməd Rza bəyin işinin saxtalaşdırılması, dəlillərin uydurulması, faktların uyğun gəlməməsi göz önündə idi.

   Qeyd edək ki, mərhum jurnalistimiz Aqşin Kazımzadə Plevakonun məhkəmədəki çıxışının tam mətnini verib. Biz vəkilin ittihamnaməni və istintaqı yerlə-yeksan edən bəlağətli nitqinin bəzi məqamlarını təqdim edirik:

   "Bu, məhkəmə materialı deyil, əksinə onun olmamasının aşkar sübutudur. Xəfiyyə işi dövlət üçün çox zəruridir, lakin xəfiyyə məmurları şahid ola bilməzlər, onlar şahidləri və cinayət izlərini üzə çıxaranlardır. Əgər müqayisəli danışsaq, onlar ova çıxan ovçu yox, ovun harada olduğunu ovçuya göstərən köpəklərdir. Köpəklər yaxşı iy bilir, lakin onlarda hissiyyat inkişaf etməyib. İt - yalnız itdir, göbələk qızılgül deyil, yalnız göbələkdir və qızılgül iyi verə bilməz..."

 

 

   (ardı var)

 

   Ekspress.- 2011.- 26-28 noyabr.- S. 18.