Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Məmmədəmin Şəkinskinin təşəbbüsü ilə 1965-ci ildə tikilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin binası.

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   MÜƏLLİFDƏN. Fikrimizcə, digər peşə bayramları kimi, Azərbaycanda arxiv işçilərinin də bayram günü keçirilsə, yaxşı olardı. Hər il avqustun 31-də arxiv işçilərinin əməyi qiymətləndirilə, onlara mükafatlar, fəxri adlar, orden və medallar verilə bilər.

   Qocaman və ağbirçək arxiv işçilərinə fərdi təqaüdlərin kəsilməsinə, maaş və pensiyalarının artırılmasına da ehtiyac var. Vaxtilə Məmmədəmin Şəkinski bir təklif vermişdi: Azərbaycanın "Əməkdar arxiv işçisi" fəxri adı təsis edilməlidir. Hər mərkəzi arxivin internet səhifəsi açılmalı, "Azərbaycan arxivi" jurnalının nəşri bərpa olunmalı və s. Qayıdaq altmışıncı illərin arxiv materiallarının araşdırılmasına. 1960-cı il iyun ayının 21-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əli Kərimovun adına aşağıdakı rəsmi məktub daxil olmuşdur:

   "Azərbaycan SSR nazirlər Soveti yanında arxiv idarəsi respublika nazirliklərində, mərkəzi idarə və müəssisələrdə arxiv işinin qeyri-qənaətbəxş vəziyyətdə olduğunu nəzərə alaraq, Sizdən xahiş edir ki, bu il iyun ayının axırlarında nazirliklərin, dövlət idarələrinin, mətbuat və arxiv orqanları nümayəndələrinin geniş müşavirəsi keçirilsin. Müşavirənin aşağıdakı gündəliyi müzakirəyə çıxarılır:

   "Respublikaların nazirliklərində və dövlət idarələrində

   Arxiv sənədlərinin mühafizəsi və istifadə edilməsində ciddi nöqsanlar haqqında".

   Müşavirənin gündəliyini, iştirakçıların siyahısını məktuba əlavə edirəm.

   Azərbaycan SSR Nazirlər Soveti Yanında Arxiv İdarəsinin rəisi M.Şəkinski."

   Əli Kərimov M.Şəkinskinin məktubuna təkcə bir düzəliş etmişdir:

   Müşavirə iyunun sonunda yox, iyulun 15-də keçirilsin.

   Həmin gün səhər saat on tamamda respublikanın bütün nazir müavinləri, habelə Dövlət Plan Komitəsi sədrinin müavini, Sovet Nəzarət Komissiyası sədrinin müavini, Ali və Orta İxtisas Komitəsinin sədri, Tikinti və Arxitektura Komitəsinin sədri, Taxıl Məmulatları Baş İdarə rəisi, Azərbaycan geologiya idarəsinin rəisi, Mərkəzi statistika idarəsinin rəisi, respublika prokuroru, xarici ölkələrlə mədəni əlaqə cəmiyyətinin sədri, Bakı şəhər icraiyyə komitəsinin, Azərittifaqın, Gəmiçilik idarəsinin, Ali Məhkəməsinin sədr müavinləri və başqaları - əlli beş nəfər hökumət binasının iclas zalında toplaşmışdı. Müşavirəni giriş sözü ilə Əli Kərimov yoldaş açmışdır.

   ƏLİ KƏRİMOV - Respublikanın nazirliklərində, dövlət idarələrində və müəssisələrində arxiv işinin yaxşılaşdırılması tədbirlərinə aid bugünki müşavirəmiz Azərbaycan hökuməti tərəfindən çağırılmışdır. Məsələ bundadır ki, son zamanlarda respublikada arxiv işinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Azərbaycan hökuməti, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti və Bakı Şəhər Komitəsinin müvafiq qərarlarına baxmayaraq, bir çox nazirlik və dövlət idarələri bu məsələyə lazımi diqqət yetirmirlər. Respublikanın direktiv orqanlarının qərarlarına niyə nazirlik və dövlət orqanlarının rəhbərləri laqeydcəsinə yanaşırlar? Müşavirəmiz bu suala cavab verməlidir. Bunu da müşavirə iştirakçılarının nəzərinə çatdırıram ki, xeyli vaxtdır ki, Azərbaycan SSR Daxili İşlər Nazirliyi nəzdindəki arxiv idarəsi hökumətin qərarı ilə respublikada Nazirlər Soveti yanında Arxiv İdarəsinə çevrilmiş və Məmmədəmin Şəkinski yoldaş onun rəisi vəzifəsində fəaliyyət göstərməkdədir. Məruzə üçün sözü ona verirəm.

   M.ŞƏKİNSKİ - Yoldaşlar, respublikamız tarixində ilk dəfədir ki, nazirlik və dövlət idarələrində arxiv işinin vəziyyətinə dair məsələ Nazirlər Soveti tərəfindən çağırılmış müşavirədə müzakirə olunur. Bu, təsadüfi deyildir. Çünki arxiv ideoloji işin çox mühüm sahəsidir. Arxivlərimizdə xalqımızın on doqquzuncu əsrdən başlayaraq bu günədək davam edən çox zəngin təcrübəsi, elmi nailiyyətləri və mənəvi tarixi hifz olunmuşdur. Bununla belə, təəssüflə qeyd etməliyəm ki, respublika nazirliklərinin əksəriyyətində, dövlət idarələrində, müəssisələrdə, təşkilatlarda arxiv işinə münasibət yarıtmazdır. Respublika Arxiv İdarəsi əməkdaşlarının müəyyən etdikləri faktlara diqqətinizi cəlb etmək istəyirəm.

   Azərbaycan neft sənayesində ləğv edilmiş 200 müəssisə və idarənin bütün arxiv sənədləri izsiz-soraqsız yoxa çıxmışdır. 1920-1921-ci illərdə Azərbaycan Neft Komitəsinin materiallarının cüzi bir hissəsi saxlanılmış, qalanları məhv edilmişdir. Azərneftin bəzi zavodlarında arxiv materiallarına özbaşınalıq bu gün də davam etməkdədir. Məsələn, müəyyən etmişik ki, Stalin adına zavodda 10 kisəyə yığılmış qiymətli arxiv sənədi zavoddan çıxarılaraq yandırılmışdır.

   Kənd təsərrüfatı nazirliyində nazirliyin tabeliyindəki bir sıra idarə və bölmələrin materialları məhv edilmişdir. Nazirliyin arxivi rütubətli zirzəmidə yerləşdirilmişdir. Sənədlər qarmaqarışıq vəziyyətdə bir tərəfə atılmış, hörümçək toru basmış, qovluqlarda ziyanverici həşəratlar yuva salmışlar. Nazirliyin başçıları, ilk növbədə nazir Poladov yoldaş təcili tədbirlər görməlidirlər. Bunu da qeyd etməliyəm ki, Poladov yoldaş indiyədək bir dəfə də olsun kabintindən aşağıya enərək zirzəmidəki arxivə baş çəkməmişdir.

   Kənd təsərrüfatı nazirliyində qiymətli arxiv sənədlərinin xilas olunmasına Arxiv İdarəsinin əməkdaşları iki ay vaxt sərf etmişlər. 700 arxiv qovluğu dövlət arxivində saxlanılmaq üçün tərtib edilmişdir. Lakin hələ də 1946-cı ildən sonrakı dövrə aid sənədlər nazirliyin şöbələrində yığılıb qalmaqdadır.

   Azərbaycan SSR Maarif Nazirliyinin Arxivi olduqca pis haldadır. Baş arxiv idarəsinin əməkdaşları üç ay ərzində burada Azərbaycanın maarif və mədəniyyətinin tarixini özündə əks etdirən qiymətli materiallar aşkara çıxarmışlar. Zirzəmidə palçıq içərisində qalmış sənədlərdə 1920-1945-ci illəri əhatə edən arxiv sənədləri idi. Biz öz qüvvəmizlə və öz nəqliyyat vasitəmizlə zəngin sərvəti zirzəmidən çıxararaq maşınlara yüklədik və Mərkəzi Dövlət Arxivinə gətirdik. Arxiv İdarəsinin elmi işçiləri nazirliyin arxiv materiallarının qaydaya salınmasına 98 iş günü sərf etdilər. 40 min müəllim ordusuna rəhbərlik edən bir nazirliyin arxivinin bu dözülməz vəziyyətinə son qoyulmalıdır. Belə hesab edirəm ki, öz elmi işində arxiv sənədlərinə dəfələrlə istinad etmiş nazirimiz, professor Mehdizadə yoldaş, nəhayət, hərəkətə gələcəkdir.

   Respublikanın səhiyyə nazirliyində də vəziyyət qanedici deyildir. İdarəmizinin əməkdaşları burada 86 iş günü ərzində 2.500 sənədi saxlanılmaq üçün dövlət arxivinə gətirmişlər. Acınacaqlısı budur ki, 1920-ci ildən 1935-ci ilə aid bütün arxiv materialları tamamilə itirilmişdir. Azərbaycanın səhiyyə tarixinə bundan ağır zərbə olarmı? Düzdür, nazir müavini Cavadov yoldaş bu il iyun ayının 15-də arxivin qaydaya salınması barədə əmr imzalamışdır. Lakin bir ay keçməsinə baxmayaraq, əməli iş görülməmişdir.

   Azərbaycan SSR Ədliyə Nazirliyi ləğv olunduqdan sonra arxivi respublikanın Ali Məhkəməsinə verilmişdir. Gözləmək olardı ki, Ali Məhkəmə keçmiş nazirliyin arxivini qaydaya salacaqdır. Ali Məhkəmə isə heç öz arxivini də sahmana salmamışdır. Məlum olduğu kimi, bir neçə müttəfiq respublikada Ali Məhkəmənin birləşmiş arxivi yaradılmış, bütün xalq məhkəmələrinin arxiv sənədləri bir yerdə cəmləşdirilmişdir. Bizdə isə Bakı şəhər xalq məhkəmələrinin və rayon məhkəmələrinin arxiv sənədlərinin bir mərkəzdə birləşdirilməsi məsələsini Əkbərov və Musayev yoldaşlar süründürürlər.

   Neft sənayesinin respublikamız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini müşavirə iştirakçılarına izah etməyə lüzum yoxdur. Azərbaycan Neft-Kimya zavodları İdarəsinin arxivi 1934-cü ildə yaradılmışdır. Bu, böyük arxivdir. Lakin idarə rəisinin müavini Qareviçevin təqsiri üzündən 1934-1944-cü illəri əhatə edən sənədlərin qeydiyyatı indiyədək başa çatdırılmamışdır. Qureviçevin özbaşınalığı həddini aşmışdır. Belə ki, bizim köməkliyimizi qəbul etməməsi bir yana, əməkdaşlarımızı kobudcasına qarşılamışdır. Azərbaycanın neft sənayesinin sənədli tarixini belə bir rəis müavininə tapşırmaq olarmı? Arxiv İdarəsi əməkdaşlarının müəyyən etdikləri bir neçə faktı nəzərinizə çatdırıram. Şmidt adına maşınqayırma zavodunda 1920-ci ildən 1930-cu ilədək dövrdəki arxiv sənədləri yoxa çıxmışdır. Bu barədə işçilərimizə zavodun direktoru müavini Ter-Avakov görün nə söyləmişdir: "Zavodumuzun arxivi yoxdur. Haraya istəyirsiniz, gedin şikayət edin!" Belələri üçün arxiv gərəksiz kağız tullantısıdır.

   Bir neçə kəlmə də ali məktəblərimizin arxivləri barədə.

   Məşədibəy Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu bu il qırx illiyini bayram etməyə hazırlaşır. Ancaq arxivində 1920-ci ildən 1925-ci ilədək sənədlər yoxdur. Nə üçün? Qalan materiallar isə institutun zirzəmisinə atılmışdır. Vaxtilə AZ.Sİ-də oxumuş Əbdürrəhim bəy Haqverdiyevin diplom işi də kağız qalaqları arasındadır. AZ.Sİ-nin direktoru Saleh Qocayev respublikamızın ən güclü, mədəni şəxsiyyətlərindən biridir, AZ.Sİ-nin arxivi isə ən pis haldadır...

 

 (ardı var)

 

 Teyyub Qurban

 

 Ekspress.- 2011.- 3-5 sentyabr.- S. 15.