Maksim Qorkinin baronessası

 

   Hərdən yolum Neapol meydanından düşür. Hər dəfə şəhərimizin bu məkanında proletar yazıçısı Maksim Qorkinin "Bakı Neapola bənzəyir" kəlamı yadıma düşür.

   Mən Neapolda olmamışam, düşünürəm ki, doğrudanmı, Bakı Neapola bənzəyir? Yəqin ki, bu iki şəhərin nəsə oxşarlıqları var - Maksim Qorkiyə inanmamağa haqqımız yoxdu. Böyük şəhərlər vağzallarından, vitrinlərindən, divarlarda tor toxuyan əqrəbsiz saatlarından, bir də qəbiristanlıqlarından tanınır...

   İnqilabın "fırtına quşu" Maksim Qorki 1936-cı ildə ölüm yatağında yatırdı. Qorkinin ölüm yatağında son ziyarətçisi baronessa Mariya İqnatyevna Zakrevskaya-Bankendorf-Budber adlı bir xanım olmuşdu.

   Deyəcəksiniz ki, proletar yazıçı hara, baronessa hara? Əlbəttə haqlısınız, amma bir az səbr eləyin, böyük yazıçının ömürlüyündən bəzi önəmli və önəmli olduğu qədər də müəmmalı olayları xronikal ardıcıllıqla izləyək.

   Zakrevskaya baronessa Mariya İqnatyevanın qızlıq soyadıdır. Mariya Ukraynada zəngin mülkədar ailəsində dünyaya gəlib. Ailənin Mariyadan savayı iki qızları və bir oğulları vardı, amma Mariya ailənin ən sevimli övladıydı. Bu şıltaq qızcığaz on səkkiz yaşında Berlində rus səfirliyinin əməkdaşı İohan Bekendorfə ərə gedir. İ.Bekendorf Rusiya jandarmeriyasının şefi, III şöbənin rəisi məşhur Benkendorfun qohumu idi. Mariya kübar cəmiyyətdə parlaq ulduz olmaq arzusundaydı, İohan Benkendorfla evlənəndən sonra özünü qrafinya kimi təqdim edirdi, əslində isə İohan Benkendorf qraf deyildi.

   Mariya İqnatyevnanın şəxsiyyəti diqqətə şayən hadisələrlə, dediyim kimi, macəralarla, müəmmalarla zəngindir. Bu müəmmalı qadın haqqında bir çox rəvayətlər mövcuddur - nəyin gerçəyi yansıtdığını, nəyin uydurma olduğunu anlamaq bəzən mümkün olmur. Nina Berberova, Herbert Uels, Larisa Vasilyeva kimi yazarlar bu qadının həyatı haqqında maraqlı yazılar qələmə alıblar. Aleksandr Blok ona şeirlər oxuyub. Maksim Qorki "Klim Sanginin həyatı" romanını bu qadına ithaf eləyib.

   Rusiyada bolşevik çevrilişi vətəndaş savaşına çevrildiyi günlərdə Benkendorflar ailəsi artıq Berlində deyil, Peterburqda yaşayır. Ailənin üç övladı - bir oğlu və iki qızı vardı. Uşaqları Peterburq xaosundan uzaq tutmaq üçün onları Benkendorfun Estoniyadakı malikanəsinə, orada yaşayan qohumlarının yanına göndərdilər. Bir qədər sonra çar Rusiyasının sabiq diplomatı Estoniyaya üz tutdu, Mariya xəstə anasına baxmaq bəhanəsi ilə Peterburqda qaldı. Peterburqda Mura (indidən sonra Mariya İqnatyevnaya qısaca Mura deyək) əski əlaqələrindən faydalanaraq ingilis səfirliyinin əməkdaşları ilə görüşürdü. Belə gecələrdən birində Mura diplomat toxunulmazlığı altında fəaliyyət göstərən İngiltərə xüsusi xidmət idarəsinin otuz bir yaşlı əməkdaşı Bros Lokart ilə tanış olur. Muranın iyirmi beş, iyirmi altı yaşı olardı, bu tanışlıq tezliklə məhəbbət romanına çevrilir. Memuarlara istinadən deyək P.Lokart Muranın yeganə əsl məhəbbətidir, Mura heç kimi bu yaraşıqlı, kübar ingilis qədər sevməyib. Mura onun evində yaşayır, sovet hökuməti Moskvaya köçəndən sonra müvəqqəti olaraq səfirliyə rəhbərlik edən Bros Lokartla Moskvaya gedir.

   1918-ci ilin avqustunda Moisey Uritski öldürüləndən və Lenin yoldaşa sui-qəsddən sonra Rusiyada qırmızı terror fırtınası tüğyan etməyə başlayır. MK Lokartı və Muranı göz altına alır, onları Lyublyankada saxlayırlar. "Dəmir Feliksin" müavini Yakov Peters özü şəxsən işə qarışır. Mura əvvəlcə heç nəyi boynuna almırdı, lakin Yakov Peters təkzibolunmaz dəlillər tapdı... Onu, yəni Muranı Lyublyankadan sağ-salamat buraxdılar. Hətta ingilis rezidenti ilə görüşməyə və ona "peredaça" gətirməyə izn verdilər. Çekist Petersin humanizmini nə ilə izah edəsən? Bu mövzuda düşünməyə dəyər...

   1919-cu ildə Benkendorf Estoniyada öz malikanəsində öldürüldü. Mura Peterburqa qayıdıb, iş axtarır. Və günlərin bir günündə onun bəxti gətirir - Korney Çukovskinin tövsiyəsi ilə Maksim Qorkinin tərcüməçisi olur. Yazıçı Korney Çukovski Muranı Konverskidəki mənzilinə gətirir və bu mənzildə doğrudan da tale dul qadının üzünə gülür.

   Maksim Qorki Dünya ədəbiyyatı kitabxanası seriyasından samballı kitablar çap etdirmək fikrindəydi. Mura tezliklə Qorkinin böyük ailəsinə qaynayıb qarışdı, belə demək olarsa, ailənin bir üzvü oldu. Proletar yazıçı üçün bu qadın ideal katibəydi, yazıçı əvvəlki iki arvadından görmədiyi diqqət və şəfqəti maraqlı həmsöhbət, gözəl qadın Muradan gördü. Maksim Qorki bu qadına "dəmir qadın" deyirdi, amma "dəmir qadın"la yatağa girirdi. Mariya İqnatyevna yazıçının evində yaşayırdı, de-fakto Mura Qorkinin kəbinsiz arvadıydı. Qorkinin Mura ilə əlaqəsi üzü qocalığa doğru gedən bir kişinin gerçək hisslərinin təzahürüydü, "dəmir qadın" üçün bu məhəbbət ölçülüb-biçilmişdi, o, ağlı başında bir dul qadınıydı.

   Maksim Qorki şöhrətinin zirvəsindəydi, kitablarının çapından külli miqdarda qonorar alırdı, onun mənzili Rusiyanın hər tərəfini bürümüş rəzalət içində sanki "uzaq yaşıl bir adaydı". Qorki "bu ada"ya pənah gətirən, ehtiyacı olan hər kəsə əl tuturdu. Onun çoxlu qohum-əqrəbası, dost-tanışı vardı, bəzən onun ürəyiaçıqlığından sui-istifadə edirdilər. Qorkinin mənzili Mariya İqnatyevna üçün ideal sığınacaq idi - Muranın vaxtından əvvəl qocalmış, daima öskürək tutan, təngnəfəslikdən əziyyət çəkən, papirosu papirosa calayan məşhur yazıçıya olan hisslərini ciddi qəbul etmək əcəmilik, sadəlövhlük olardı.

   Mura yazıçını əlində saxlamaq üçün bütün qadın bicliklərindən çəkinmirdi - onların arasında iyirmi beş il yaş fərqi vardı.

   Maksim Qorkinin Kronerski prospektindəki evində hamıya bir ayama qoyardılar, Muranın ukraynalı olduğunu nəzərə alaraq onu Titka ayaması ilə çağırırdılar. Titka bəlkə tyotyadan (xala, bibi) götürülüb, bəlkə deyirəm ona görə ki, bu ayamanın başqa bir anlamı da ola bilərdi...

   1920-ci ilin son günlərində Mura uşaqlarını görmək üçün gizlicə Estoniyaya getmək qərarına gəlir, amma Estoniyaya gedə bilmir, Peterburq MK-sı onu yaxalayır. Maksim Qorkiyə Muranın - onun şəxsi katibəsinin sovet sərhədini qanunsuz keçmək cəhdi haqqında məlumat verirlər və Maksim Qorkinin böyük nüfuzu onu MK-nın pəncəsindən alır. Başqa bir versiyaya görə, bu məsələdə artıq bizə tanış olan Petersin də əli olub, əlbəttə bu da ağlabatan fikirdi.

   Bir ildən sonra Mura qatarla rahatca Estoniya sərhədini keçir, Revel şəhərinə, indiki Tallinə qədəm basır. Bu dəfə Muranı Estoniya polisi sovetlərin lehinə işləyən cəsus kimi tutuqlayır. Muranın vəkili sadəcə olaraq cəsusluqda suçlanan "dəmir qadın"ı həbsdən qurtarmadı. Bu macəranın sonu müəmmalı bir izdivacla sonuclandı, belə ki, Mura Estoniya vətəndaşı baron Nikolay Budberq-Benniqshauzenlə kəbin kəsdirdi - vəkilə bir bravo! Nə qədər problem birdən-birə həll olundu, artıq Mura baronessa titulu ilə istədiyi zaman Estoniyaya gəlib-gedə bilərdi, daha onun üçün heç bir məhdudiyyət, maneə-filan yoxdu.

   Saxta kəbin üçün gənc barona yaxşı pul vermişdilər, bu pulla baron qumar borclarını ödədi və bizə məlum olmayan səbəbdən Estoniyanı tərk edib Cənubi Amerikaya getdi, baronun sonrakı taleyi haqqında heç kim heç nə bilmir. Barona çatan böyük məbləğdə pulu Maksim Qorki ödəyib...

   Leninin israrlı təkidi ilə Qorki necə lazımdı dincəlmək üçün xaricə getdi. Berlində sevimli İtaliyaya yola düşəcəyi günü gözləyirdi. Gözlənilən gün gəlib çatdı, artıq Maksim Qorki Sorento şəhərindədir. İndi Qorkinin vətəndə və xarici ölkələrdə kitablarının çapı ilə əlaqədar nəşriyyatlarla qonorar müqavilələri ilə faktiki olaraq baronessa məşğul olur. Bu missiya ilə tez-tez xaricə gedir, İngiltərədə köhnə tanışları Herbert Uelslə və Samosret Moemlə və əlbəttə ki, Lokartla görüşürdü. Baronessa Bernard Şou, Ziqmund Freyd, Rayner Maria Rilke kimi ünlü simalarla da tanış idi. Çox vaxt uşaqlarını görmək bəhanəsi ilə baronessa Avropaya gedirdi, bu da Qorkini qıcıqlandırırdı, Qorki ondan şübhələnməyə başlamışdı. Qorkinin Avropa ölkələrində çap olunan kitablarından gələn gəlir getdikcə azalır, halbuki yazıçı çox çap olunurdu, deməli, baronessanın xərcləri artırdı.

   Hələ 1928-ci ildə Qorki SSRİ-yə qayıtmaq istəyirdi, amma yalnız 1933-cü ildə yazıçı Moskvaya qayıda bildi - bu dəfə Kreml onu soyuq qarşıladı. Cəmi üç ildən sonra "fırtına quşu" dünyadan köçdü, yazıçının son anlarında baronessa onun çarpayısı başında oturub...

   Bəzi rus yazıçıları Qorkinin Stalin tərəfindən öldürüldüyünü deyirlər, hər halda yazıçı ölüm yatağına yatanda narkom Yaqodanın tez-tez onu ziyarət etdiyi məlumdur. Baronessanın məxfi agent olduğundan şübhələnməyə haqqımız var, hələ 1918-ci ildə Feliks Edmundoviçin müavini Peters Muranı ölümün pəncəsindən qurtarmışdı. Baronessaya sualımız çoxdu, amma bu sualların cavabları "dəmir qadın"ın arxivi ilə birgə yandırılıb. Mariya İqnatyevnanın həyatını tam şifrələmək artıq qeyri-mümkündü.

   Mura Maksim Qorkinin dediyi kimi, doğrudan da "dəmir qadın" idi. O, haçansa məhəbbət macərası yaşadığı məşhur simalardan daha uzun ömür yaşadı - Maksim Qorkinin vəfatından beş il sonra çekist Peters elə çekistlər tərəfindən həbs olunub güllələndi. Herbert Uels 1946-cı ildə əbədiyyətə qovuşdu. Yenə on səkkizinci ildən tanıdığımız diplomat-rezident Robert Bros Lokart da uzun ömür yaşadı, 1970-ci ildə Şotlandiyada öz əcəliylə öldü. Yeri gəlmişkən, baroneesa Londonda Gensinqton məhəlləsində yaşayırdı, maddi cəhətdən təmin olunmuş, rahat həyat sürürdü - Herbert Uels vəsiyyətnaməsində baronessaya yüz min funt miras qoymuşdu, bundan savayı o, Maksim Qorkinin kitablarının çapından da qonorar alırdı, amma bununla belə London supermarketlərindən xırda oğurluqlar edirdi...

   1975-ci ildə səksən üç yaşlı baronessa İtaliyada yaşayan oğlunun evində vəfat etdi. Maksim Qorkinin dəmir qadını Londonda dəfn olunub.

   Mura Budberqin qızı anası haqqında xatirələrini yazıb, amma bu xatirələrin də gerçəyi nə qədər yansıtdığını söyləmək göydə Ayın görünməyən tərəfi haqqında danışmaq kimi bir şeydir.

 

 

   Adil Mirseyid

 

   Ekspress.-2011.- 17-19 sentyabr.-S. 14.