"O,
indiyədək üsyançı-inqilabçı kimi tanıdılırdı"
Ceyhun Bayramlı: "Babək İslama
qarşı vuruşub və kafir olub" fikrinin puç
olduğunu sübut etdik"
Bu günlərdə "Oğuz" Müstəqil
Araşdırmaçılar Qrupunun həmtəsisçisi və
İdarə Heyətinin üzvü, tədqiqatçı-yazar
Ceyhun Bayramlının "Babək və Hürrəmilik"
kitabı çapdan çıxıb. Onunla söhbətimizə,
bu əsəri indiyə qədər Babəklə
bağlı yazılan əsərlərdən fərqləndirən
cəhətlər haqda sualla başladıq.
- Bu əsər ilk
növbədə xilafət dövrü saray tarixçilərinin
və XX əsr sovet tarixşünaslığının
"Babək İslama qarşı vuruşub və kafir
olub" fikrinin puç olduğunu, Babək və onun ətrafında
mübarizə aparmış Hürrəmilərin imanlı
müsəlmanlar olduqlarını elə həmin ərəb-fars
tarixçilərinin mənbələri əsasında
sübut edir. Daha sonra, bu əsər indiyədək
sözügedən mövzuda yazılmış əsərlərdən
fərqli olaraq, Abbasi xanədan mənsublarının özlərinin
İslamın təməl prinsiplərinə daban-dabana zidd
siyasət yürütdüklərini, İslamı
kökündən sapdıran ideologiyaya (Mötəziliyyə)
malik olduqlarını, İslam bayrağından sui-istifadə
edərək ərəb işğalına yol
açdıqlarını, İslamı sidq-ürəklə
qəbul etmiş Azərbaycan türklərini zülmə məruz
qoyduqlarını, eyni zamanda, Babəkin İslami
düşüncəsinin də xilafətçilik
düşüncəsinə zidd olub ruhaniyyətə, ilahi
hikmətlərə, sufi yoluna bağlı olduğunu ortaya
qoyur. "Babək və hürrəmilik" əsərinin əsas
qayəsi Hürrəmilik hərəkatının
başlıca məqsədinin Azərbaycanda Abbasi xilafətindən
asılı olmayan müstəqil Türk-İslam dövlətinin
qurulmasını ictimaiyyətə göstərməkdir.
Düşünürəm ki, uzun yüzilliklərdən sonra
bu gün bizim Babək şəxsiyyəti barədə
gerçəkləri ortaya qoymağımıza, ona edilmiş
tarixi haqsızlığı aradan qaldırmağımıza
çox ideal bir şərait və zəmin yaranıb, bu
fürsətdən mütləq istifadə olunmalıdır.
- Hürrəmilik hərəkatının
fəlsəfi-ideoloji mahiyyətində nə dururdu və hərəkat
əsas mayasını nədən
götürmüşdü? Xüsusilə, bu hərəkatın
Azərbaycanın sonrakı tarixi dönəminə nə kimi
təsiri olub?
- Hürrəmilik hərəkatının
dini-fəlsəfi və ideoloci yönümü İslamın
batiniyyə qoluna yaxın olmaqla, özündən sonrakı
dövrlərin Sufilik, Hürufilik və
Qızılbaşlıq düşüncəsini özündə
ehtiva edirdi. Adlarını çəkdiyim bu cərəyanların
dini-fəlsəfi və ideoloji baxış açısı əsərdə
müxtəlif tarixi məxəzlərin məlumatları və
əlbəttə ki, Quran ayələri əsasında,
Hürrəmiyyə cərəyanının ideoloji
baxış açısı ilə tutuşdurularaq eyniləşdirilir.
Hərəkatın əsas ideoloji mayasını isə
İbrahim peyğəmbərin Təktanrıçılıq
düşüncə sisteminə əsaslanan Qam
dünyagörüşü təşkil edirdi. Və miladdan
öncəki bu ilahi dünyagörüşünü tarixən
yolundan sapdırmaq və məhv etmək istəyən yad
qüvvələr eramızın IX əsrində Babək və
hürrəmiləri özlərinə hədəf
seçmişdilər. Sualınızın ikinci hissəsinə
gəlincə, Hürrəmilik hərəkatı nəticə
etibarilə Azərbaycan türklərinin daha böyük əzm
və qətiyyətlə zülmə qarşı birləşməsinə,
uzun mücadilələrdən sonra Sacoğullarının
timsalında öz müstəqil türk-islam dövlətini
qurmasına gətirib çıxardı.
-
Oxucularımızı ən çox düşündürən
suallardan birini vermək istərdim: Babək şəxsiyyəti
türk dünyası üçün kimdir və onu türk
dünyasında necə qəbul edirlər?
- Babəkin dünənəcən
sadəcə bir üsyançı-inqilabçı olması
barədə yayılmış fikirlər
yarımçıq və özünü doğrultmayan fikirlərdir.
Babək təkcə zülmə qarşı cihada
qalxmış bir üsyançı yox, eyni zamanda, türk
dünyasında ilk Türk-İslam dövlətinin qurucusu
olan bir hökmdardır. Dünənəcən türk
dünyasında ilk türk-müsəlman dövləti olaraq
Qaraxanlılar qəbul edilirdi, sonra milli düşüncəyə
sahib tarixçimiz Kərəm Məmmədov və digərləri
ilk türk-müsəlman dövlətinin Azərbaycanda IX əsrin
ikinci yarısından etibarən mövcud olmuş
Sacoğulları (Sacilər) dövləti ola biləcəyi
fikrini faktlarla (əsaslar) ortaya qoydular. Bu günsə Babək
hərəkatını tədqiq etdikdən sonra çəkinmədən
demək olar ki, dünya tarixində ilk türk-müsəlman
dövləti Babəkin qurduğu və 22 il ərzində
hökmdarı olduğu Azərbaycan dövlətidir. Mənbələrdə
bunu isbatlayacaq yetərincə fakt vardır. Mən Babəkin
Türk dünyasında məhz bu cür qəbul edilməsinin
tərəfdarıyam. Babəkin apardığı Ruhi
Savaş onun təkcə bir hökmdar yox, eyni zamanda, bir
Tanrı Əsgəri olduğunu söyləməyə əsas
verir. Babək zirvəsi öz-özlüyündə bu
gün dünya tarix elmində adları çəkilən
Hannibal, Uilyam Uollas kimi tarixi şəxsiyyətlərin hər
birindən qat-qat yüksək bir zirvədir. Bu mənada
bütün Türk dünyası özünün bu cür
tarixi şəxsiyyəti ilə fəxr etməlidir.
- Sizcə, xəlifə
Mötəsim digər türk sərkərdəsi olan
Aşfin Hidr İbn Kavusu Babəkin üzərinə göndərməklə
türkü türkün əli ilə məğlub etmək
istəyirdi, yoxsa burada hələ də bizə məlum
olmayan başqa qaranlıq məqamlar var?
- Təəssüf ki,
tarixin bir çox dönəmində olduğu kimi, həmin
dövrdə də Türk soyunun mənsubları arasında
yad imperiyalara xidmət etməklə özlərinə karyera
(şan-söhrət, vəzifə) quranları
tapılmışdır. Məgər bugünkü İranda
buna bənzər bir durum yoxdurmu? Afşin Hidr ibn Kavus da
bunlardan biri idi. Babəkin oğluna ünvanladığı
"bir gün azad yaşamaq qırx il qul olmaqdan
üstündür" fikrindəki "qul" sözü məhz
Abbasi xəlifəsinin qulu olmağı özünə şərəf
və fürsət bilən Afşin Hidr ibn Kavus, Buğa, Əşnas,
İtax kimi türk sərkərdələrini ifadə edirdi.
Türk Babəkin və Hürrəmilərin öhdəsindən
isə, əlbəttə ki, onlardan qat-qat cılız
düşüncə və dərketməyə malik olan
hansısa ərəb yaxud pers sərkərdəsi gələ
bilməzdi. Biabırcasına məğlub edilmiş bir
neçə xilafət sərkərdəsinin acı aqibəti
xəlifə Mötəsimə bunu başa
salmışdı. Ümumən isə mənim fikrimcə,
tarixən türkü türkə, yəni onun özündən
olan birisinə qarşı qoymaq ərəb düşüncəsinin
məhsulu deyil, bunun örnəklərini biz hələ
miladdan öncəki Azərbaycan Maday dövlətinin
çöküşü zamanı görə bilirik. Abbasi xəlifələri
bu düşüncəni məhz həmin anti-türk qüvvələrin
xələfləri olanlardan götürmüşdülər.
- Babəkin etnik mənşəyi
haqqında müxtəlif fikirlər bildirilir. Tarixi mənbələr
bu haqda nə deyir?
- Bu gün Babəkin
guya qeyri-türk olması ilə bağlı cəfəng
iddialar irəli sürənlərin fikirləri heç bir
tarixi mənbə məlumatına söykənmir və
onların cılız təxəyyüllərinin məhsulu
olmaqla tamamilə əsassızdır. Ümumiyyətlə, mənbələrdə
Babəkin milli kimliyi açıq və konkret şəkildə
yazılmayıb, sadəcə onun Ərdəbil
yaxınlığındakı Bilalabad kəndindən
olduğu qeyd olunub, bununla yanaşı, müxtəlif hadisələr
zamanı, ayrı-ayrı epizodlarda(səhnə) Babəkin
öz dilində söylədiyi ifadələr, fikirlər
açıq şəkildə yer alıb, bunlara əsasən
tam əminliklə demək mümkündür ki, Babək təmizqanlı
bir Azərbaycan türkü idi və İslamın şəriət
sisteminə əsaslanmayan sufi-qızılbaş yolunun
yolçusu idi, buna heç bir şübhə ola bilməz.
Ekspress.- 2011.-
23 sentyabr.- S. 13.