Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   (əvvəli ötən şənbə   saylarımızda)

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və Şəkinski

 

   Azərbaycan Respublikası Dövlət Arxivində Məmmədəmin Şəkinski ilə Bakı Şəhər Partiya Komitəsinin ideoloji katibi Rafiq Rəcəbov arasındakı işgüzar münasibətləri əks etdirən sənədlər saxlanılır. 1964-cü il fevralın 7-də M.Şəkinskinin məktubunda deyilir:

 

   "Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin katibi R.A.Rəcəbov yoldaşa

 

   1963-cü ildə Bakı şəhəri idarə və təşkilatlarının arxivlərinə ictimai baxışın yekunları haqqında arayışı Sizə göndərirəm. Xahiş edirəm, Azərbaycan KP Bakı Komitəsi Bürosunun 1963-cü il 13 fevral qərarını yerinə yetirməyən idarə və təşkilat rəhbərlərinə təsir göstərəsiniz və onlara bir vəzifə olaraq tapşırasınız ki, aşkara çıxarılmış nöqsanları 1964-cü ildə tamamilə aradan qaldırsınlar.

 

   ƏLAVƏ. 1. Bakı şəhəri arxivlərinin işinə baxışın yekunlarına aid arayış

 

   2. Azərbaycan KP Bakı Komitəsi Bürosunun 1963-cü il 13 fevral tarixli qərarını yerinə yetirməyən müəssisə və təşkilatların siyahısı

 

   Azərbaycan SSR Nazirlər Soveti yanında arxiv idarəsinin rəisi M.Şəkinski

 

   7 fevral 1964-cü il."

 

   Məktuba əlavə edilmiş arayışda göstərilir ki, Bakı şəhərinin müəssisə, idarə və təşkilatlarının arxivlərinə baxışın nəticələrindən aydın olmuşdur ki, 240 müəssisə, təşkilat və idarədən yalnız 72-si Bakı Partiya Komitəsi Bürosunun müvafiq qərarından irəli gələn vəzifələri həyata keçirmiş, 1961-ci ilədək mövcud arxiv sənədlərini qaydaya salmışlar.

   Məktubun ikinci əlavəsində Bakı Şəhər Partiya Bürosunun qərarını yerinə yetirməyən 21 idarə, təşkilat və müəssisənin adı çəkilir. Onların arasında Azərbaycan SSR Prokurorluğu, Azərbaycan SSR Nazirlər Sovetinin Mətbuat Komitəsi, Azərbaycan SSR Nazirlər Sovetinin yanında Baş Meşə Təsərrüfatı İdarəsi, Azərbaycan Sovet Həmkarlar İttifaqları, Lenin ordenli Azərneft Birliyi, Azərbaycan SSR Tikinti İşləri Dövlət Komitəsi, Kənd Təsərrüfatı Məhsulları İstehsalı və Emalı Nazirliyi, Azərbaycan SSR Səhiyyə Nazirliyi və başqaları vardır.

   Altmışıncı illərdə Məmməd-əmin Şəkinskinin başçılıq etdiyi Arxiv İdarəsinin təşəbbüs və tədbirlərinin müdafiəçisi olmuş Rafiq Rəcəbov haqqında müasirlərimiz, ilk növbədə arxiv işçiləri nə bilirlər? Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində onun şəxsi işi saxlanılır. Uçot vərəqəsinə pərçimlənmiş foto-şəkilini görəndə gözlərim önündə birinci kurs tələbəsi ikən ilk dəfə Azərbaycan Dövlət Universitetinin komsomol komitəsində gördüyüm işıqlı bir insanın obrazı yüksəldi.

 

   O zaman, 1954-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin komsomol təşkilatçısı olan Rafiq Rəcəbov respublika gənclərinin sevimlilərindən biri idi. Daha sonra Rafiq Rəcəbov ADU-nun marksizm-leninizm əsasları kafedrasında assistent işləməyə başlamışdı. 1956-cı il yanvarın 2-də S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin rektoru Yusif Məmmədəliyevin və universitet partiya komitəsinin katibi Əjdər İbrahimovun imzaladıqları xasiyyətnamədə iyirmi doqquz yaşlı Rafiq Rəcəbov belə səciyyələndirilir: "Rafiq Əbdül oğlu Rəcəbov yoldaş 1954-cü ildə universitetin tarix fakültəsini biotirdikdən sonra marksizm-leninizm kafedrasının assistenti vəzifəsinə qəbul edilmişdir. O, seminar məşğələlərini yüksək səviyyədə aparır, universitetin ictimai həyatında fəal iştirak edir, partiya komitəsinin katib müavinidir. Təvazökar, prinsipial, təşəbbüskar və pak vicdanlı insan kimi R.Rəcəbov müəllim heyəti və tələbər arasında nüfuz qazanmışdır. Xasiyyətnamə Azərbaycan KP MK-nın Elmi şöbəsinə təqdim olunmaq üçün verilir".

   Universitet rektorununpartiya komitəsinin xasiyyətnaməsindən iki həftə keçmiş, 1956-cı il yanvarın 17-də Mərkəzi Komitə tərəfindən aşağıdakı qərar çıxarılmışdır:

 

   "Azərbaycan KP MK katiblik iclasının 10 yanvar 1956-cı il tarixli 154 nömrəli protokolundan çıxarış

 

   Azərbaycan KP MK-nın elm və mədəniyyət şöbəsinin təlimatçısı barədə

 

   Rafiq Əbdül oğlu Rəcəbov yoldaş, 1953-cü ilin dekabrından Sov. İKP üzvü, partiya bileti N06575335, Azərbaycan KP MK-nın Elm və mədəniyyət şöbəsinin təlimatçısı təsdiq edilsin.

 

   Azərbaycan KP MK katibi İ.Mustafayev."

 

   Bacarıqlı işçi təlimatçılıqdan MK-nın şöbə müdiri vəzifəsinə yüksəldilir. 1956-cı ilin may ayının 15-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi İ.D.Mustafayev yoldaşın imzaladığı qərar ilə Rafiq Əbdül oğlu Rəcəbov yoldaş SSRİ Xarici İşlər Nazirliyinin Ali Diplomatiya məktəbində təhsil almağa göndərilmişdir.

   Rafiq Rəcəbovun SSRİ Ali Diplomatiya Məktəbini bitirdikdən sonrakı fəaliyyəti barədə 1966-cı il martın 31-də Azərbaycan KP MK katibi Əli Əmirovun imzaladığı xasiyyətnamədə deyilir: "1958-ci ildə R.Rəcəbov yoldaş Ali Diplomatiya Məktəbinə göndərilmiş, məktəbi bitirdikdən sonra Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində çalışmış, 1963-cü ildə isə Bakı Şəhər Partiya Komitəsinin katibi seçilmişdir. Azərbaycan Kommunist Partiyasının 27-ci qurultayında Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. R.A.Rəcəbov yoldaş respublika xalq maarifi nümayəndələrinin Hindistana gedəcək heyətinin rəhbəri təyin edilmişdir".

   1967-ci ilin aprelindən 1974-cü ilədək Rafiq Rəcəbov Hindistan səfərindəki bilavasitə təmasda olduğu həmkarları arasında olmuşdur. Müvafiq arxiv sənədi ilə tanış olun:

 

   "Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyinin 25 aprel 1967-ci il tarixli (protokol N20, paraqraf 1-Q)

 

   Qərarı

 

   R.A.Rəcəbov yoldaş barəsində

 

   Rafiq Əbdül oğlu Rəcəbov yoldaş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun elmi işlər üzrə prorektoru təsdiq edilsin.

 

   Azərbaycan KP MK katibi V.Axundov."

 

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində R.Rəcəbovun dəst-xəttilə yazdığı tərcümeyi-halında ata-anası, ailə tərkibi haqqında da qısaca məlumat vardır: "Atam Əbdül Hüseyn oğlu 1906-cı ildə anadan olmuşdur, ali təhsillidir. 1925-ci ildən Sov. İKP üzvüdür. Anam Dilarə Ağa qızı Rəcəbova 1911-ci ildə anadan olmuşdur, ali təhsillidir, 1943-cü ildən Sov. İKP üzvüdür, respublikanın fərdi təqaüdçüsüdür. Ailəm dörd nəfərdən ibarətdir. Həyat yoldaşım Gülarə Mövsüm qızı Rəcəbova 1944-cü ildə anadan olmuşdur, pedaqoji elmlər namizədidir, bitərəfdir. Hazırda Azərbaycan Dövlət Neft Kimya İnstitutunun rus dili kafedrasının dosentidir. Oğlum Fuad Rafiq oğlu Rəcəbov 1966-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Neft Kimya İnstitutunun beşinci kurs tələbəsidir, Sov. İKP üzvüdür. Qızım Nigar Rafiq qızı Rəcəbova 1968-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsidir, ÜİLKGİ üzvüdür".

 

   Yetmişinci illərdə tarix elmləri doktoru, professor

 

   Rafiq Rəcəbov yoldaş V.İ.Lenin adına APİ-nin elmi işlər üzrə prorektoru vəzifəsindən idman sahəsinə keçirilir. Daha doğrusu, S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru təyin edilir. Bu, Rafiq Rəcəbov üçün tamamilə yeni sahə. Lakin mahir təşkilatçı dövlət xadimi bu çətinliyin öhdəsindən gəldi, başçılıq etdiyi ali məktəbi nümunəvi təhsil ocağına çevirə bildi. 1975-ci ilin aprel ayının 8-də respublika hökumətinin qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi İdman Komitəsinin kollegiya üzvü təsdiq olundu.

   1979-cu il may ayının 25-də isə Azərbaycan KP MK-nın Büro iclasında "Əhaliyə tibbi xidmətin təşkilində Azərbaycan SSR Səhiyyə Nazirliyinin işində cidldi nöqsanlar barədə" məsələ müzakirə olunur. Mərkəzi Komitə Bürosunun qərarı ilə nazir Hənifə Məmmədağa oğlu Abdullayev vəzifəsindən kənar edilir. Nazirin professor qardaşı - Azərbaycan Dövləti Tibb İnstitutunun kafedra müdiri Məmmədsadıq Məmmədağa oğlu Abdullayev kənarda qalmır. Azərbaycan KP Nəsimi Rayon Komitəsinin qərarı ilə (raykomun katibi Rəsulova Lidiya Xudatovna idi - T.Q.) Leninqradda Hərbi-Tibb Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmiş, dünya şöhrətli tibb xadimi partiya sıralarından çıxarılır.

   Azərbaycan KP MK Bürosunun Məmmədsadıq Abdullayevə qarşı ittihamlarında Rafiq Rəcəbovun adı da hallandırıldı: "M.Abdullayev üçüncü kursu yenicə bitirmiş oğlu Faiqi Bədən Tərbiyəsi İnstitutunda tibb qardaşı vəzifəsinə düzəltmişdir. Çünki bacanağı R.Rəcəbov həmin institutun rektorudur. Abdullayevlərin qohumları olan S.Kazımovanın C.Həbibovun qəbul imtahanları zamanı qiymətləri artırılmışdır".

 

 

   (ardı var)

 

   Teyyub Qurban

 

   Ekspress.- 2012.- 7-9 aprel.- S.15.