"Nabucco"nun sirri
Aprelin ilk gönlərində
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər
edəndən sonra rəsmi Bakı Transxəzər qaz kəməri
ilə bağlı əvvəllər verdiyi pozitiv
yönümlü bəyanatlara "əl gəzdirdi". Bu
onu göstərdi ki, məsələ heç də Avropa
Birliyi-Azərbaycan-Türkmənistan üçbucağı
çərçivəsində həllini tapılası qədər
sadə bir şey deyil.
Burada siyasət və
siyasi maraqlar hələ ki, iqtisadi-kommersiya məsələlərini
qat-qat üstələyir. Üzdə görünəni Xəzərin
hüquqi statusunun həllini tapmamağıdır. Aysberqin alt
hissəsində isə hələlik ancaq onu demək olar ki,
ortaya geosiyasi maraqlar qoyulub.
Geosiyasi maraqlar
Məhz bunları nəzərə
alaraq rəsmi Bakı SOCAR prezidenti Rövnəq Abdullayevin dili
ilə bildirdi ki, "Azərbaycan Avropa Birliyi və Türkmənistanın
həyata keçirdiyi bu layihənin
iştirakçısı deyil. Yalnız tərəflər
arasında hansısa razılaşma əldə olunduqdan sonra
Bakı tranzitin təmin olunması imkanlarına və
variantlarına baxa bilər".
Həqiqətən
də, bir tərəfdən baxanda Azərbaycan hakimiyyətinin məsələyə
vaxtında operativ reaksiya
verməyinin məntiqi var. Belə
ki, əgər Xəzər hövzəsindəki
iri oyunçuların maraqlarına nəzər
salsaq görərik ki,
Qərbin məqsədi Rusiyanı regionda
get-gedə zəiflətmək və bəlkə də,
ümumiyyətlə bu bölgəni uzaq gələcəkdə Kremlin
təsir dairəsindən öz çevrəsinə
daxil etməkdir.
İranın məqsədi Xəzərin dibinin analoqu olmayan prinsip üzrə (hərəyə
20% olmaqla) bölünməsini heç nədən ortaya
atmaqla bir problem yaratmaq və sonda bunu Qərblə özünün "siyasi
alver" predmetinə çevirməkdir ki, hansısa qlobal problemlərinin
həllinə nail olsun.
Rusiyanın istəyi isə tam
başqadır - mən deyərdim ki, mayda 3-cü dəfə prezident
kreslosuna əyləşəcək Vladimir Putin üçün "olum
və ya ölüm"
məsələsidir. Qərbdə "qaz
imperatoru" kimi ad çıxartmış ("Qazprom" Putinin əlində
xarici siyasətin yeridilməsində sanki bir vasitədir) Putin Avropa bazarında
"Qazprom"la rəqabət
apara biləcək yeni
bir oyunçunun peyda olmasını əsla istəmir. Bu baxımdan
türkmən qazının Avropa
bazarlarına ayaq açması nəinki
"Qazprom"un kommersiya gəlirlərinə ciddi
zərbədir, həmçinin Rusiyanın xarici
siyasətinin zəifləməsinə və regionda
nüfuzunun düşməsinə dəlalət
edən amil olardı.
Burada Azərbaycanın maraqları çox sadədir - Xəzərdə son zamanlar kəşf etdiyi öz qazını satmaq, özü də arada dəllalsız-zadsız birbaşa
Avropadakı topdansatış qaz
idxalçılarına. Elə isə Azərbaycan indidən
niyə gələcəyi məchul olan
layihələrə baş
vurmalıdır?
Bir şeyi yaddan çıxartmayaq ki,
Azərbaycan bu marağını
2006-cı ildən ortaya qoyub
və faktiki olaraq
addım-addım ona doğru
irəliləməkdədir. Ancaq ötən
dövrlər göstərdi ki, Azərbaycanın
bu arzusuna qarşı
çıxan çoxlu qüvvələr
vardı və onlar heç
də "Qazprom" ətrafında
toplaşmamışdılar.
"Nabucco"nun sirli aləmi
Bu il "Nabucco" meqa qaz kəməri layihəsinin
10 ili tamam olur. Çoxlarına belə gələ bilər
ki, bu layihə ölü bir şey oldu və sonra da tarixə qovuşdu (2012-ci ilin
fevralında gündəmə daha qısa
kəmər olan Nabucco-West
gəlib ki, bunun da buraxıcılıq gücü əvvəl nəzrdə tutulandan 2 dəfə azdır, yəni layihə
inanılmaz dərəcədə dəyişib).
Ancaq tarixə ekskurs edəndə
görürsən ki, hələ Qərbdə
heç vaxt dövlət
məmurları bu layihənin
lobbiçiliyinə bu qədər vaxt və enerji sərf etməmişdilər.
Özü də bu kəmərin
dəstəklənməsinə hökumət
başçıları, prezidentlər, krallar
belə cəlb olunmuşdular:
Bəs, nə oldu? Sərf edilən enerji itməməlidir: Ancaq
"Nabucco" yoxdur
axı, yaxın gələcəkdə də olmayacağı
elə bir şübhə doğurmur.
Demək, Avropa öz arzusuna başqa bir formada çatacaq.
Avropanın öz arzusuna çatacaq
Nəydi Avropanın arzusu?
Özünün qaz
bazarını çoxsahəli etmək, müxtəlif mənbələrdən
və müxtəlif tipli yanacaq
(təbii qaz və sıxılmış qaz) almaq, yeni
infrastrukturlara malik olmaq və stabil bazarlarla uzunmüddətli əlaqələr yaratmaq.
İndi baxın, Avropa
"Nabucco"nu
gündəmə gətirməklə görün
nələrə nail olub
və hansı layihələri də gerçəkləşdirmək
üzrədir? Yaxın 8 ilə Avropa özü birbaşa
yatırımlar etmədən nələrə nail olacaq?
Ötən ilin noyabrında Baltik dənizinin dibi ilə
"Şimal axını" kəmərinin
birinci hissəsi istismara
verildi. Cari ilin IV rübündə onun
ikinci hissəsi istismara
veriləcək və beləliklə bir-neçə ildən
sonra Rusiya Qərbi Avropa ölkələrinə tranzit
ölkələrdən yan keçməklə
birbaşa ildə 55 milyard
kubmetr qaz ixrac etmək imkanı qazanacaq.
Bu kəmər Rusiyaya olduqca baha başa gəldi (8,8 milyard avro), ancaq Kreml prinsipiallıq nümayiş etdirərək onu
reallaşdırdı.
2012-ci ilin dekabrında "Qazprom" şirkəti tərəfdaşları
ilə birlikdə Rusiya ərazisindən illik buraxıcılıq gücü
63 milyard kubmetr olan "Cənub axını" (Qara dənizin dibi ilə
Bolqarıstana doğru) layihəsinə başlamağa qərar verib.
Kəmər 2016-cı ildə işə düşməlidir
və onun yerüstü
hissəsi ilə birlikdə qiyməti təqribən 20 milyard avrodan çoxdur.
Kreml Ukrayna ilə
tranzit problemlərindən yaxa
qurtarmaq (mən deyərdim ki,
rəsmi Kiyevi diz
çökdürmək səviyyəsinə salmaq
üçün) üçün
bu qədər kapital tutumlu layihəyə getməkdən belə
çəkinməyəcək.
2018-ci ildə Azərbaycan qazının Avropa
bazarına çıxarılması üçün
infrastruktur həm Türkiyədə, həm
də Avropada hazır olacaq.
Bunun ilkin
buraxıcılıq gücü 10 milyard kubmetr olsa da, bir
neçə ilə 2 dəfəyədək
artırılacaq, çünki Azərbaycanın
qaz ixracı imkanları genişlənəcək.
2020-ci ilədək Avropada 15-dək
LNG (sıxılmış təbii qaz)
terminalının istifadəyə verilməsi
planlaşdırılıb. Bunun nəticəsində
Avropa il ərzində
sıxılmış qazın qəbulu imkanlarını indiki 132 milyard kubmetrdən
260 milyard kubmetrədək artırmaq
imkanı qazanacaq.
Həmçinin Rusiya kimi qaz xəzinəsi olan bir ölkədən
LNG (Total və Statoil
şirkətlərinin də qatıldığı "Ştokman" layihəsi çərçivəsində)
idxalına başlamaq imkanı qazanacaq. Ekspert
hesablamalarına görə, 8 il sonra Avropa bazarında
sıxılmış qazın xüsusi
çəkisi indiki 12%-dən 20%-dək
yüksələ bilər.
Yəni, bütün bunlar
əslində Avropanın öz
bazarında Rusiyanı daha da
sıxışdırmasına gətirib çıxaracaq. Baxmayaraq ki, "Qazprom"un ixracı indiki 150 milyard kubmetrdən 190-200 milyard
kubmetrədək artacaq. Çünki
LNG-nin payı artır, qiymətlərlə
"oynamaq" imkanları genişlənir
və "Qazprom"dan
alınacaq qazın həcmlərini artırmaq müqabilində
qazın qiymətinin də azaldılmasına nail
olma siyasəti ortaya qoyulur.
Rusiya da buna gedir, çünki başqa alternativi yoxdur. Onun Çin bazarına Avropa qiymətləri
ilə çıxmaq cəhdləri xülyaya çevrilir.
Çin Mərkəzi Asiya bazarını demək olar ki,
özünə ram edib və onu əldən buraxan deyil.
Belə
olan şəraitdə Avropanın qarşında duran enerji
problemləri demək olar ki, çözülür.
"Nabucco" isə bu strategiyanı həyata keçirməkdə
rəsmi Brüsselə bir açar kimi gərəkli olub və
məncə öz missiyasını hələ başa
vurmayıb.
P.S.: Bu prosesdə uduzan
ölkələr sırasına o dövlətlər aid edilib
ki, onlar indiyə qədər tranzitə bir qazanc mənbəyi
kimi yanaşırdılar və iqtisadiyyatlarını yeni
dövrün tələblərinə uyğun islahatlara cəlb
etmirdilər. Necə deyərlər,
çox istəyən
azdan da olar...
İlham Şaban,
Neft Araşdırmaları
Mərkəzinin rəhbəri
Ekspress.- 2012.- 11 aprel.- S.7.