KOS-ların iqtisadiyyatda yeri

 

  Kiçik və orta sahibkarlıq məhsul istehsalı və məşğulluğun artmasında xüsusi imkanlara sahibdirlər

 

  Kiçik və orta sahibkarlıq (KOS) subyektləri, adından da göründüyü kimi iri müəssisələr olmasalar da onların iqtisadiyyatda oynadığı rol hər baxımdan iri müəssisələrə nisbətən daha əhəmiyyətlidir. Xüsusən də ümumi daxili məhsulun istehsalının davamlı artırılması, büdcənin vergi ehtiyaclarının ödənilməsi və məşğulluğun artırılması məsələlərində KOS-ların əvəzedilməz imkanları var. Bu cəhətlərinə görə, dünyanın inkişaf arzusunda olan bütün ölkələrində KOS-lara dəstək sahibkarlığa dəstəyin əsas əlaməti sayılır.

   Son onilliklərin təsrübəsi təsdiqləyir ki, KOS-lar iqtisadi inkişafın əsas təminatçısıdır, məşğulluğun və yeniliklərin vacib mənbəyidir.

   Buna görə də KOS-ların vəziyyətindən danışdıqda daha çox ölkənin iqtisadi və sosial vəziyyəti göz önünə gəlir. Makroiqtisadi əhəmiyyətinə nəzər yetirdikdə bəlli olur ki, inkişaf etmiş ölkələrdə mövcud müəssisələrin 99 faizi, hətta bir qədər də artığı KOS-lardır. Onların məşğulluqda payı 50-70 faiz səviyyəsində dəyişir. Ümumi daxili məhsul istehsalında payları isə 50-60 faiz həcmindədir.

   KOS-lar sadəcə qabaqcıl ölkələrin deyil, həm də inkişaf etməkdə olan ölkələrin də makroiqtisadi səhnəsində önəmli rola sahibdirlər. Lakin bu, əsasən sürətlə inkişaf edən ölkələrdə belədir. Nisbətən zəif inkişaf edən ölkələrdə KOS-ların payı istər ÜDM istehsalında, istərsə də məşğulluqda biq qədər azdır. Sürətlə inkişaf edən ölkələrdə ÜDM istehsalında KOS-ların töhvəsi 47 faiz olduğu halda, orta keçid mərhələsinə malik olan ölkələrdə 40-41 faiz, zəif templə inkişaf edən ölkələrdə 28-30 faiz təşkil edir. Eynilə, məşğulluğun təmin edilməsində sürətlə inkişaf edən ölkələrdə KOS-ların payı 42-43 faiz, orta keçid mərhələsində olan ölkələrdə 36-37 faiz, zəif inkişaf edən ölkələrdə isə 30 faizdir.

   Bu tədqiqat materialları sübut edir ki, ölkənin iqtisadi inkişafı KOS-ların vəziyyətindən birbaşa asılıdır. Əgər bir ölkədə KOS-lar çoxdursa, onların maliyyə qaynaqları yaxşı vəziyyətdədirsə, onlar arasında ədalətli rəqabət varsa, deməli, ümumi iqtisadiyyatda inkişaf da eyni templə müşahidə ediləcək.

   KOS-ların iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olmaları onların xüsusiyyətləri ilə əlaqəlidir. KOS-lar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə edə bilir. İqtisadi dalğalanmalardan daha az təsir görürlər. Daha az investisiya xərcləri ilə imkanları yaratmaq olur. Tələbatdakı dəyişikliklərə və müxtəlifliklərə daha rahat uyğunlaşa bilirlər, texnoloji yeniliklərə həvəslidirlər. Fərdi yığımları stimullaşdırır, istiqamətləndirir və hərəkətləndirirlər. Bölgələr arası tarazlı iqtisadi inkişafı təmin edirlər. Gəlir bölgüsündəki ədalətsizlikləri ən aşağı səviyyəyə endirirlər. KOS-larda müəssisə sahibliyi, təşəbbüskarlıq və idarəçiliyin bir şəxsdə toplanması dəyişən şərtlərə tez cavab verməsini təmin etməkdədir.

   Məhz bu cəhətləri imkan verir ki, KOS-lar ölkə iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olsun. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrdə aparılan bir araşdırma müəyyən edib ki, maaşlı çalışanların üçdə ikisi kiçikorta böyüklükdəki müəssisələrdə işlə təmin edilir. OECD ölkələrində şirkətlərin 96-99 faizi kiçikorta böyüklükdəki müəssisələrdir. Bütün OECD ölkələrindəki iqtisadi fəaliyyətin 40 faizi kiçikorta böyüklükdəki müəssisələr tərəfindən həyata keçirilir. Emal sənayesində məşğulluğun 60-70 faizi bu müəssisələrin payına düşür.

   İxraacat içərisindəki payları isə ABŞ-da 32, Yaponiyada 38, Cənubi Koreyada 20,2, Almaniyada 31,1 faiz təşkil edir.

   KOS-larin əhəmiyyətindən irəli gələrək ən çox kiçikorta böyüklükdəki müəssisələrə texnoloji inkişafda ən irəlidə olan ölkələr sahibdir. Ön sırada ABŞ, Kanada, Avstraliya, İsveçFinlandiya gəlir.

 

   Bəs, Azərbaycanda KOS-larla bağlı vəziyyət necədir?

 

   Ölkə qanunlarına əsasən kiçik sahibkarlıq subyektləri dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sadələşdirilmiş vergi ödəyiciləri) və işçi sayı ilə dövriyyəsi kiçik olan hüquqi şəxslər nəzərdə tutulur. Sənaye və tikinti sahəsində fəaliyyət göstərən hüquqi şəxs o halda kiçik sahibkarlıq subyekti sayılır ki, onun işçilərinin sayı 50 nəfərdən və illik dövriyyəsi 500 min manatan azdır. Kənd təsərrüfatında işçilərin sayı 25 nəfərdən azillik dövriyyəsi 250 min manatadək, topdansatış ticarət sahəsində işçilərin sayı 15 nəfərdən azillik dövriyyəsi 1 milyon manatadək, pərakəndə satış, ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri üzrə çalışan hüquqi şəxsdə işçilərin sayı 10 nəfərdən azillik dövriyyəsi 250 min manatadək olduqda kiçik sahibkarlıq subyektləri hesab olunurlar.

   Kiçik sahibkarların müəyyənləşdirilmsəinə dair meyarların hədləri Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli qərarı ilə müəyyən olunub. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, kiçik sahibkarlıq subyektlərinin müəyyən olunması metodikasının hazırlanmasında inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanılıb və beynəlxalq qurumların tövsiyələri nəzərə alınıb.

   Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Bununla yanaşı, yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin sayı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsində isə illik dövriyyə əsas götürülür.

   Nazirlikdən bildirilib ki, yeni meyarların müəyyənləşdirilməsi sahibkarlığa dövlət dəstəyinin göstərilməsində ünvanlılığın təmin edilməsi, ölkədə dolğun statistik-iqtisadi təhlillərin aparılması baxımından əhəmiyyətlidir.

   2010-cu ilin yekunlarına aid olan rəsmi məlumatlara əsasən, Azərbaycanda 207210 kiçik sahibkarlıq subyekti var. Son 5 ildə onların sayında 12,4 faizlik artım qeydə alınıb. KOS-ların böyük əksəriyyəti, yəni 192 588-i (93 faiz) fiziki şəxslərdir. Ən çox kiçik sahibkar ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərir. Burada olan KOS-ların sayı 133 803 olub. Ən az kiçik sahibkar təhsil sahəsindədir - 108 say.

   Regionlar üzrə götürdükdə ən çox kiçik sahibkar Bakıdadır. Paytaxtda 76293 kiçik sahibkar var. İkinci sırada Aran iqtisadi rayonu gəlir. Burada 37602 KOS fəaliyyət göstərir.

   Azərbaycanda hər 1000 nəfərə 23 kiçik sahibkar düşür. Bakıda bu göstərici 36-dır.

   KOS-lar 2010-cu ildə 1,12 milyard manatlıq əlavə dəyər yaradıblar. Onların ölkə üzrə ÜDM istehsalında payı 2,9 faiz olub. 2006-cı ildə bu göstərici 1,9 faiz idi. Qeyri-neft ÜDM-nin formalaşmasında KOS-ların rolu nisbətən yüksəkdir - 6,1 faiz.

   KOS-lar bir ildə ümumilikdə 78,3 milyon manat mənfəət əldə ediblər. Azərbaycanda bütün müəssisələrinin cəmi mənfəətində KOS-ların payı 0,3 faizdir. KOS-larda cəmi 93,2 min nəfər işçi ya respublikada ümumən çalışanların 6,7 faizi çalışır. Burada orta aylıq nominal əmak haqqı 207 manat olub ki, bu da respublika üzrə olan orta əmək haqqı göstəricisindən təxminən 50 faiz azdır. Bir il ərzində KOS-lara qoyulan cəmi sərmayə 276,3 milyon manat, yaxud bütün sərmayələrin 2,8 faizini təşkil edib...

   Sadalanan statistik məlumatlar ölkəmizdə KOS-ların vəziyyəti ilə bağlı ən dolğun təsəvvürü yaradır. Müqayisə üçün bir daha xatırladaq ki, ən zəif templə inkişaf edən ölkələrdə belə KOS-lar Azərbaycandakı kimi pis göstəricilərə sahib deyillər. Zənnimizcə, KOS-ların inkişafı məqsədilə xarici ölkələrdə olduğu kimi Azərbaycanda da müxtəlif təşviqlərin həyata keçirilməsi olduqca vacibdir.

   Məlumat üçün bildirək ki, dünyada investisiya şəraitini yaxşılaşdıraraq KOS"ları daha effektiv hala gətirmək məqsədilə çox çeşidli təşviq vasitələrindən istifadə edilir. Bunları maddi yardım, nağd ödəmə, vergi güzəştləri s. şəkildə təsnifləşdirmək olar.

   Bu ümumi təşviq növləri hər biri özlüyündə digər təşviq növlərinə ayrılır. Onlar da nəzərə alnarsa dünyada olduqca zəngin təşviq nümunələri mövcuddur.

   Təşviqlərin KOS-ların investisiya qərarları üzərindəki təsirlərini araşdıran institutlar bu nəticəyə gəlib ki, təşviqlər KOS-ların investisiya siyasətinin yaxşılaşmasında ən önəmli paya sahib amillərdən biridir.

   Dünyada təşviq növlərindən nağd vergi təşviqlərinin tətbiqinə daha çox üstünlük verilir. Hər ölkə öz tələbatları yönündə çeşidli vergi təşviqlərindən istifadə edir. Bunların içində ən çox istifadə olunan təşviq vasitəsi aşağı nisbətli gəlir mənfəət vergisidir.

   Dünyada KOS-lara təmin edilən digər təşviqlər arasında müəyyən müddətə verginin alınmaması, sosial müdafiə köçürülən vəsaitin azaldılması, əlavə dəyər vergisinin ləğv edilməsi, gömrük rüsumlarında güzəşt, gömrük vergisinin geri ödənməsi, enerji dəstəyi, bazar araşdırma dəstəyi, xaricdə mağaza açma dəstəyi s. var.

   KOS-lar baxımından vergi təşviqlərinin faydalarını yüksək olması təcrübə ilə öz təsdiqini tapıb. Lakin hər şey vergi güzəştlərindən asılı deyil. Önəmli olan təşviqlərin effektiv olmasıdır.

   Nəhayət, həlli vacib olan digər məsələ Azərbaycanda "kölgə" ya qeyri-rəsmi iqtisadiyyatın tədricən rəsmi iqtisadiyyata çevrilməsinə nail olmaqdır. Rəsmi iqtisadiyyatla müqayisədə qeyri-rəsmi iqtisadiyyatın həcminin az olmaması da KOS-ların iqtisadi təsirini aşağı salır, onların fəaliyyəti ilə bağlı dəqiq məlumatların üzə çıxmasına imkan vermir. İqtisadi fəaliyyətin qeyri-rəsmi iqtisadiyyatdan qanuni biznes sahələrinə keçirilməsi iqtisadi inkişaf üçün zərur dəyişiklik sayılardı.

 

 

   Vasif CƏFƏROV

 

   Ekspress.- 2012.- 23 avqust.- S. 9.