Bağırov və Qiyas Sarıcalinski

 

Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq

1956-cı il aprel ayının 26-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının məhkəmə katibi kapitan Afanasyevin imzalayıb möhür vurduğu hökmdə oxuyuruq: "Bağırov tutduğu yüksək vəzifəsindən sui-istifadə edərək sovet dövlətinin düşmənlərinə himayədarlıq etmişdir. Onların arasında müsavat hökuməti vaxtı Quba qəzasının komissarı Zizikski, müsavat hökumətinin pristavı, siyasi bandit Şıxlinski, müsavat ordusunun zabiti, iri mülkədar oğlu Sarıcalinski və başqaları vardır". Bu gün xalqımızın Azərbaycan Xalq Cümhuriyyətinin qəhrəmanları kimi tanıdığı şəxsiyyətlərin və onların himayədarı Mir Cəfər Bağırovun dünya daşnaklarının Kreml lideri Mikoyan tərəfindən hazırlanmış "əməliyyat" qurbanı olduqları göz qabağındadır.

MÜƏLLİFDƏN. Bu günlərdə Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, tədqiqatçı Maksim Musayevin "Nurlar" Nəşriyyat Poliqrafiya Mərkəzi tərəfindən yeni kitabı buraxılmışdır: "Ermənilər Amerikada". Müəllif digər tarixçilərdən fərqli olaraq ermənicə nəşr edilmiş ədəbiyyatı orijinaldan oxumuş, millətimizin qatı düşmənlərinin üzünü açıb göstərmişdir. Kitabın 108-ci səhifəsində oxuyuruq: "Necə oldu ki, uzun müddət, yəni yarım əsr (1915-ci ildən 1960-cı illərə qədər) "erməni soyqırımı" barədə xarici ölkə parlamentlərində, Sovetlərin Ali hakimiyyət orqanları və onun rəhbərləri tərəfindən bir kəlmə də danışan belə olmamışdı. Və N.Xruşşov hakimiyyətə gələr kimi "antitürk proqramı"nı erməni kommunistlərinin əli ilə həyata keçirməkdə məqsəd nə idi?"

N.Xruşşovun baş məsləhətçisi Anastas İvanoviç Mikoyan 1895-ci il noyabrın 13-də Tiflis quberniyasının Borçalı qəzasında doğulmuşdur. 1916-cı ildə Tiflis şəhərində ruhani seminariyasında, sonra Eçmiədzin ruhani akademiyasında təhsil almışdır. Gənc daşnak Rusiya sosial-demokrat partiyasına daxil olub, Bakıda "Sosial-demokrat" qəzetinin redaktoru olmuş, 1918-ci ilin mart ayında "Müsavatçıların qiyamına" qarşı partiya drujinasının başçısı Azərbaycan Xalq Cümhuriyəti dövründə gizli fəaliyyətə keçmiş, həbs edilmiş və ingilislərin "köməyi" ilə 26 Bakı komissarı arasında güllələnməkdən canını qurtarmışdır. 1920-ci ildə may ayından oktyabr ayınadək Azərbaycan həmkarlar ittifaqları ittifaqının sədri olmuşdur. 1920-ci ildə M.C.Bağırov Qarabağ İnqilab Komitəsi sədrinin müavini, Azərbaycan diviziyasının komissarı işləyəndə, bolşevik cildinə girmiş daşnak Bakıdan baş götürüb Rusiyanın Nijni Novqorod şəhərinə getmiş, burada vilayət partiya komitəsinin katibi işləmişdir. Azərbaycana bir də Beriyanın qətlindən və M.C.Bağırovu aradan qaldırıqdan sonra, 1965-ci ildə ayaq basmağa cəsarətlənmişdir.

Maksim Musayev yazır: "1941-1945-ci illərdə Sovet ordusunun təchizatı ilə birbaşa məşğul olan, yəhudilərin soyqırımından bilavasitə xəbərdar olan, o barədə hər şeyi yaxından bilən A.Mikoyan millətinə qarşı edilənlərdən heç zaman susmazdı. On yeddi il (1947-1964-cü illərdə) SSRİ Nazirlər Sovetinin sədr müavini - sədrin birinci müavini işləmiş, eyni zamanda Xarici Ticarət naziri olmuş A.Mikoyan "erməni soyqırımı"nın gündəmə gətirilməsinə təşəbbüs göstərməmiş, onu dünya ictimaiyyətinə xatırlatmışdı. Həmin illərdə yüzlərlə xarici ölkə nümayəndələri ilə Moskvada və digər ölkələrdə görüşləri zamanı da "erməni soyqırımı" olduğu barədə danışa bilərdi və müraciət edə bilərdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri - Sovetlərin ali qanunvericilik orqanı, yəni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1964-1965-ci illərdə sədri A.Mikoyan "erməni soyqırımı" məsələsini özü müzakirəyə qoyub qərar qəbul etdirə bilərdi. O dövrdə Sovetin Parlament üzvləri içərisində onlarla erməni millətindən olan deputatlar (alim, nazir, general, rəhbər işçi) var idionlardan da soyqırımın olması barədə səs-səmir çıxmırdı..."

Anastas Mikoyan Beriya və Bağırova qarşı Gürcüstanda, Azərbaycanda, bütün Qafqazda nifrət hissini gücləndirməklə Azərbaycan türklərinin ərazisində peyda olmuş "Ana Ermənistanın ərazisini genişləndirmək məqsədini güdürdü. Buna görə də fürsəti əldən vermədi. Türkləri xoşlamayanMir Cəfər Bağırova həsədlə baxan Nikita Xruşşovun qılığına girdi. Maksim müəllim adıçəkilən kitabında (səh.118) göstərir ki, o, 1960-cı ilin başlanğıcında N.Xruşşov İrəvanın mərkəzi stadionunda çıxış edərkən, əlini Türkiyə tərəfə tutaraq "biz hər an Türkiyəyə göstərə bilərik ki, biz kimik!" demişdi. 1958-ci ildə ABŞ-da səfərdə olarkən N.Xruşşov erməni diasporu üzvləri ilə görüşmüşdü. Maksim Musayevin kitabında ABŞ-da Xruşşovun oğlunun 2008-ci ildə jurnalistlərə verdiyi müsahibəsindən də söhbət açılır. Atası haqqında danışarkən oğlu jurnalistlərə demişdir: "Atam heç vaxt bizi döyüb-söyməzdi, hirsi tutanda "tı turok" deyərdi"."

Antitürk Xruşşov və hiyləgər köhnə komissar, daşnak Mikoyan böyük türk oğlu Mir Cəfər Bağırovu, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı Zizikskini, Azərbaycan Milli Ordusunun zabiti Sarıcalinskini və digər Azərbaycan türklərini "xalq düşməni" elan etdikdən sonra Azərbaycanın əzəli torpaqlarına əl uzatdılar. Biz isə daşnakları ərazimizdən qovanları müsavatçı adlandırdıq, xilaskarları düşmənə çevirdik. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1954-cü il aprel ayının 7-də Azərbaycan KP MK-nın birinci katibi İmam Daşdəmirov yoldaşa ünvanlanmış bir məktub saxlanılır. Məktubu 1928-ci ildən Sov. İKP üzvü, Ağdam rayonundakı 3 N-li kənd təsərrüfatı məktəbinin direktoru V.T.Səfərov yazmışdır. Məktubda inqilabdan əvvəl (başqa sözlə desək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - T.Q.) müsavat hökumətinə xidmət etmiş polis pristavı Şamil Mirzəyevin və onun qardaşı Cəmil Mirzəyevin adlarından sonra "Mir Cəfər Bağırovla sıx əlaqədə olan banditlər" sırasında Ağdam rayonunun Sarıcalı kəndindən olan Qiyas bəyin adı hallanır.

Araşdırmalar göstərir ki, ilk dəfə müasirlərimizə onun haqqında dəqiq məlumatı tarix elmləri namizədi, yazıçı-tədqiqatçı İltifat Əliyarlı hazırlamışdır. İ.Əliyarlının 2005-ci ildə "Mübariz keşikdə" qəzetində (bax: adıçəkilən qəzet, 2005-ci il, 17 fevral. səh.3) M.C.Bağırovun 1956-cı ildə qondarma istintaq materiallarına "bandit" kimi düşmüş Qiyas bəy Sarıcalinskinin əsil-nəcabəti oxuculara çatdırılır. Qiyas bəy Sarıcalinski 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Aslan bəy Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəslindən - tarixdə igidlikləri ilə ad çıxarmış məşhur Cavanşirlər elinin Sarıcalı oymağındandı, Aslan bəy Qarabağın məşhur bəylərindən olan Paşa bəyin qızı Abihəyat xanımla evlənmişdi. Aslan bəyin evinə dövrünün tanınmış musiqiçiləri, xanəndələri, sazəndləri, muğampoeziya həvəskarları toplaşarmış. Qiyas bəyin qohumları arasında böyük muğam ustaları Xan ŞuşinskiZülfi Adıgözəlov da olmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən onun milli ordusu da təşkil olunmağa başlamışdı. Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik yaradılmış və Xosrov bəy Sultanov nazir təsdiq edilmişdi. Hökumətin qərarı ilə islam dininə mənsub gənclər milli ordu sıralarına çağırılırdı. Şuşa realnı məktəbini müvəffəqiyyətlə bitirmiş bəy balası iyirmi iki yaşında Qarabağı daşnaklardan xilas etmək uğrunda döyüşlərə atılmışdır. Qiyas bəy ordunun birinci Cavanşir piyada alayında idi. Bir il sonra, 1919-cu ilin iyununda hərbi nazirliyin əmrinə müvafiq olaraq, Qiyas bəy Sarıcalinskinin zabiti olduğu birinci Cavanşir alayı ikinci Zaqatalaüçüncü Gəncə alayları ilə birlikdə birinci piyada diviziyasında birləşdirildi. Orduda dövlət dili Azərbaycan türkcəsi idi. Qiyas bəy də, ondan iki yaş kiçik qardaşı Məmməd bəy də, yaxın qohumları Şamil Mirzəyev qardaşları da dəfələrlə Xosrov bəy, onun qardaşı Sultan bəylə daşnaklarla döyüşlər ərəfəsində görüşmüşdülər. Hər iki qardaş bolşevik-daşnak hakimiyyətindən sonra məhrumiyyətlərə düçar edilmiş, yalnız və yalnız Azərbaycan diviziyasının hərbi komissarı, Azərbaycan Fövqəladə Komissiyasının sədri, Azərbaycan ÇÇR Xalq Komissarları Soveti sədrinin müavini Mir Cəfər Bağırovun köməkliyi ilə mühacirətə getmişdir.

1921-ci ildən 1927-ci ilədək Azərbaycan SSR Xalq Daxili İşlər komissarı olan M.C.Bağırov Azərbaycan Xalq Cümhuriyyəti ordusunun keçmiş zabiti Qiyas bəy Sarıcalinskinin də qayğısına qalmışdır. Qiyas bəy 1922-ci ilədək Ağdaş qəza milis şöbəsində sahə milis rəisi, qəza milis rəisi müavini, 1922-1924-cü illərdə Ağdam qəza milisinin rəisi vəzifələrində işləmişdir. Həmin vaxtlar Azərbaycanın daxili işlər komissarı M.C.Bağırov bir neçə dəfə Ağdamda olmuş, səfərlərinin birində Qiyas bəylə birlikdə Həmidə xanım Cavanşirə baş çəkmişdir. Daxili İşlər komissarı 1923-cü ildə Cəlil Məmmədquluzadənin birinci izdivacından olan qızı Münəvvər xanımın Bakıya gəlməsinə və burada mamalıq kursunu bitirdikdən sonra Ağdam xəstəxanasında işləməsinə qayğı göstərmişdir. Həmidə xanım Cavanşir "Xatirələrim" kitabında (bax: Həmidə xanım Cavanşir, "Xatirələrim", ruscadan çevirəni və nəşrə hazırlayanı Mehriban Vəzir. Bakı, "Apostrof" MMC, 2011, səh.311) belə yazır: "1924-cü ilin yazında Mir Cəfər Bağırov xidməti vəzifəsi ilə bağlı bizim rayona (Ağdama - T.Q.) gəldi. O, mənim də görüşümə gəlmişdi. Bizim toxuculuq emalatxanasına baş çəkmişdi. Emalatxana Bağırovun çox xoşuna gəldi. O söz verdi ki, ən sərfəli şərtlərlə Bakıdan bizə 100 pud iplik göndərmək üçün əlindən gələni edəcək".

Bakıdan Ağdama Həmidə xanımın emalatxanası üçün 100 pud iplik göndərildi. Üstəlik bir şad xəbər də - Ağdam qəza milisinin rəisi Qiyas bəy Aslan bəy oğlu Sarıcalinski Azərbaycan Xalq Daxili komissarı M.C.Bağırovun əmri ilə respublika milisinə məsul vəzifəyə təyin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş zabiti 1927-ci ilin fevralınadək respublika Baş Milis İdarəsinin inspektoru vəzifəsində çalışmışdır. Daşnak Levon Mirzoyan 1926-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə gətirildikdən sonra daşnaklara baş əyməyən M.C.Bağırov Azərbaycan Xalq Daxili İşlər komissarı və Dövlət Siyasi İdarəsinin sədri vəzifəsindən azad edilmiş və Tiflisə, Zaqafqaziya su təsərrüfatı idarəsinə sədr vəzifəsinə göndərilmişdi. Qiyas bəy Sarıcalinski də 1927-ci ildə Xalq Daxili İşlər orqanlarını tərk etməli olmuşdu. O da Mir Cəfər Bağırov kimi su təsərrüfatı sahəsində işləməyə başlamışdı. Leninqrad Hidromeliorasiya İnstitutunu bitirmiş Q.Sarıcalinski öz ixtisası üzrə "Muğan Su-Tikinti" su qovşağında, Lənkəran və Astara Hidromeliorasiya sistemində fəaliyyət göstərmişdir.

 

Teyyub Qurban

 

Ekspress.-2012.- 8-10 dekabr.-S.-15.