Aqrar sahə innovasiyalarsız inkişaf etməyəcək

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

 

Beynəlxalq təşkilatlar tərəfinddən aparılan hesablamaya görə, 2030-cu ilə qədər dünyada 420 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi əhalinin, sənaye müəssisələrinin, infrastruktur sistemlərinin yerləşməsi və deqradasiya prosesi ilə əlaqədar aqrar dövriyyədən çıxarılacaq. Bu müddətdə insanların kənd təsərrüfatı üçün yararlı torpaqlara ehtiyacı isə əksinə artacaq. Dünya əhalisinin sayı 8 milyardı ötəcək və insanların indikindən daha çox kənd təsərrüfatı məhsuluna, xüsusilə də yeyinti məhsullarına ehtiyacı olacaq.

   Oxşar proses Azərbaycanda da gedir. Rəsmi məlumatlara əsasən, ölkəmizdə kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi 4,768 milyon hektar, əkin yeri 1,843 milyon hektardır. 1970-cı ildə 1,128 milyon hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi kifayət edirdisə 2011-ci ildə bu göstərici 1,421 milyon hektara yüksəlib. O cümlədən, birillik əkin yerləri 863,5 min hektardan 1,2 milyon hektara qədər artıb. 1970-ci ildə Azərbaycan əhalisinin sayı 5,227 miyon nəfər idi. O zaman adambaşına düşən yararlı torpaq sahəsi 0,81 hektar təşkil edirdi. 2011-ci ildə ölkə əhalisinin sayı 9,235 milyon nəfər, adambaşına düşən yararlı torpaq sahəsi 0,52 hektar oldu. Əkin yerlərində də 1970-cı ildən bəri ciddi artımın olmasına baxmayaraq adambaşına düşən sahə 0,26 hektardan 2011-ci ildəki 0,2 hektara qədər geriləyib.

   2011-ci ilin məlumatına görə, dünyada adambaşına düşən əkin sahəsi 0,25 hektardır. Yəni, Azərbaycandan daha çoxdur. İllər ötdükcə ölkəmizdə adambaşına düşən əkin yerləri, kənd təsərrüfatında yararlı sahə azalmaqda davam edəcək. Bunun bir səbəbi əhalinin sayının artmasıdırsa, digər səbəbi torpaqlardan kənd təsərrüfatı məqsədi üçün düzgün istifadə edilməməsi ilə əlaqədar torpaqların münbitliyini itirməsidir.

   Bu proses ondan xəbər verir ki, Azərbaycanda gələcəkdə yararlı torpaqların sahəsi bir qədər də azalacaq. Belə vəziyyətdə yeganə çıxış yolu kənd təsərrüfatı sahəsi üzrə çalışan sahibkarlara kiçik sahədə daha çox məhsul əldə etmək qabiliyyətinin aşılanmasıdır. Torpaqdan daha səmərəli, daha peşəkar istifadə olmalıdır. Əks təqdirdə onsuz da az olan torpaqların bir hissəsi də sahibarların səhv münsaibəti nəticəsində yararsız vəziyyətə düşəcək. O zaman ölkəmiz üçün ərzaq təhlükəsizliyi daha ağır problemə çevriləcək.

   Torpaqdan səmərəli istifadə edilmənin isə bir yolu var. Müəxəssislərin fikrincə, yeganə çıxış yolu kənd təsərrüfatında innovasiyaların tədbiqidir. Hesab edilir ki, Azərbaycanda indi innovasiyalara ən çox ehtiyac duyan sahə məhz kənd təsərrüfatıdır. Mütəxəssislər qəti əmindir ki, aqrar sahənin bütün sektorlarında innovasiyaların tətbiqi həm torpaqların yararlılığını qoruyar, həm də aqrar sahədə sahibkarlıq fəaliyyətinin əlverişliliyi artırar ki, bununla da ölkə əhalisinin kənd təsərrüfatı məhsulları ilə yerli istehsal hesabına təminatı tam həllinin tapar.

   İnnovasiya dedikdə nə nəzərdə tutulur? İnnovasiya yenilikdir. Lakin hər yenilik innovasiya sayıla bilməz. İnnovasiya elə bir yenilikdir ki, o tədbiq edildiyi sahədə müsbət dəyişikliklərə səbəb olur, səmərəliliyi artırır. Konkret olaraq aqrar sahədən söhbət gedirsə, innovasiya torpağın şumlanmasından başlayaraq, məhsulun əkilməsindən, ona qulluq edilməsindən, suvarılmasından, becərilməsindən, məhsulun saxlanılmasında qədər bütün mərhələləri əhatə etməsi zəruridir.

   Hazırda dünyada torpağın şumlanmasının elə bir yeni forması var ki, o torpağın hums qatının (bitkinin yetişməsi üçün mineral maddələrlə zəngin olan torpaq təbəqəsi) qorunmasına xidmət edir və sonradan torpağa daha çox gübrənin verilməsinə ehtiyac qalmır. Azərbaycanda tədbiq edilən şumlama üsulu isə köhnə üsuldur və bu üsulla aparılan şumlama torpağın hums qatını ciddi dərəcədə dağıdır. Buna görə də, bitkinin yetişməsi üçün torpağa böyük miqdarda gübrələrin verilməsi şərtdir.

   Əkilən bitkilərin suvarılması məsələsinə də xüsusi diqqət ayrılır. Qabaqcıl təcrübədə əkin sahələrinin damcı və yağış yağdırma üsulu ilə suvarılmasına üstünlük verilir. Ölkəmizdə isə daha geniş yayılan selləmə usuludur. Selləmə üsulu sudan 10 dəfə artır istifadəyə səbəb olmaqla bərabər əkin sahələrinin şoranlaşması ilə də nəticələnir.

 

   Eyni fikri heyvandarlıq haqqında da demək olar. Azərbaycanda 1,6 milyon baş sağılan iri buynuzlu heyvanın olduğu bildirilir. Bu heyvanlardan il ərzində 1,6 milyon ton süd sağılır. Müqayisə üçün deyək ki, İspaniyada 800 min baş sağılan heyvan var və onlardan bir ildə 6 milyon ton süd alınır.

   Bu fakt onu göstərir ki, ölkəmizdə məhsul istehsalının artırılmasının yeganə yolunu sahibkarlar daha çox heyvan saxlamaqda, yaxud kəmiyyəti artırmaqda görür. Halbuki, sahibkarlar yeni innovasiyaları tətbiq etməklə (burada yeni innovasiya daha məhsuldar cinslərin saxlanılması, saxlanma şəraitinin və yemləmənin yüksək standartlara cavab verməsidir) daha az sayda heyvandan daha çox məhsul və həm də daha çox gəlir qazana bilər.

   Azərbaycanda son 21 ilin təcrübəsi göstərir ki, yeni innovasiyaların tətbiqini sahibkarların seçiminə buraxmaq olmaz. Vaxt gedir, ötən müddət daha böyük torpaq sahəsinin yararsız hala düşməsinə, əhalinin ərzaq təminatının çətinləşməsinə səbəb ola bilər. Buna görə də mütəxəssislər kooperativ təsərrüfatların yaradılmasına dövlət dəstəyinin göstərilməsini vacib hesab edir. Onların fikrincə, kənd təsərrüfatı üzrə fəaliyyət göstərən fərdi sahibkarlar da dövlət dəstəyinin olmasını zəruri sayır.

   Eyni zamanda dövlət sahibkarlara verdiyi maliyyə dəstəyinin meyarlarında dəyişiklik etməlidir. Hazırkı şərtlərdə dövlət əkilən hər torpaq sahəsinə görə sahibkara 40 manat subsidiya ayırır. Buğda əkinində bu məbləğ 80 manatdır. Amma təcrübə göstərir ki, bu cür subsidiyalaşma siyasəti sahibkarları innovasiyaların tətbiqinə stimullaşdırmır. Mütəxəssislər subsidiya ayrılan zaman üstün texnologiyalardan istifadəyə xüsusi diqqət ayrılmasını tövsiyə edir. Məsələn, Türkiyədə əkin sahəsini damçı və ya yağış yağdırma üsulu ilə suvarmayan sahibkar subsidiya ala bilmir. Dövlət orada qabaqcıl texnologiyalardan istifadə məqsədilə sahibkara dəstək də verir. Eyni təcrübədən Azərbaycanın da istifadə etməsi tövsiyə edilir.

   "Hesab edirəm ki, Azərbaycanda aqrar sahədə vahid innovasiya siyasəti yürüdülməli, bu məqsədlə Milli Məclisdə "İnnovasiya haqqında" qanun qəbul edilməlidir. Qəbul ediləcək qanun, proqram və qərarlar innovasiya sahibkarlığının inkişafına təkan verməklə yanaşı, eyni zamanda yeni iş yerlərinin açılmasını (biznes inkubatorları, texnoparkların, və s. yaradılması) da təmin edə bilər". Bu fikirlərin müəllifi isə Milli Məclisin keçmiş deputatı Gülhüseyn Əhmədovdur. Aqrar sahədə innovasiya problemləri ilə bağlı məqaləsində G.Əhmədov qeyd edir ki, hər bir ölkədə aqrar sektorda həyata keçirilən innovasiya siyasəti - elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri iqtisadi şəraitin, o cümlədən kənd təsərrüfatına maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir. Onun fikrincə, aqrar sektorda innovasiya sistemi maddi-texniki resursların mövcudluğu və elmi-texniki potensialla müəyyənləşir. İnnovasiya siyasətinin məqsədi məhsulun rentabelli istehsalı, makrosəviyyədə isə innovasiya fəallığının artırılması üçün şəraitin yaradılması, elmi mexanizmlərin formalaşdırılmasından ibarətdir. Məhz həmin mexanizmlərin köməyi ilə istehsalın təşkilati, iqtisadi, texniki və texnoloci yeniləşdirilməsi prosesi həyata keçirilir.

   O bildirir ki, innovasiya fəaliyyətinin səviyyəsi kadrların təhsilindən, texniki-texnoloji hazırlıq səviyyəsindən, baza ixtisasının mövcud olub-olmamasından asılıdır. Bu amil innovasiyanın qavranılmasını və istehsalatda onun istifadəsindən gözlənilən səmərənin əvvəlcədən qiymətləndirilməsini təmin edir. Bazar iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının səmərəliliyi mütəxəssislərin hazırlıq səviyyəsindən və işgüzar keyfiyyətlərindən asılıdır. İstehsalın təkmilləşdirilməsi, sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və maliyyə-kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları, habelə hüquq məsələlərinə dair biliklərin mənimsənilməsi praktik mütəxəssis və rəhbər işçi üçün zəruri keyfiyyətlərdir. Kadr ehtiyatlarının zəruri keyfiyyət dəyişiklikləri aqrar sahə mütəxəssislərinin hazırlanmasını, əmək bazarında vəziyyətin dəyişməsi ilə əlaqədar təkrar hazırlıq və ixtisas səviyyəsinin artırılması sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bu sistem işçinin bazar konyunkturunun dəyişməsi şəraitində peşəkarlıq baxımından səriştəli və mobil, lazım gəldikdə qısa müddətdə başqa peşə öyrənməyə hazır, informasiya axınından baş çıxara bilən, innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini artırmağı bacaran vəziyyətdə olmasına imkan verən biliklər həcmində fundamental baza təhsili almaq konsepsiyasını əsas götürməlidir.

   G.Əhmədovun qənaətincə, araşdırma və təhlillər göstərir ki, kənddə azad sahibkarlığı inkişaf etdirmək, istehsal vasitələri və torpaq üzərində sahibkarlıq hissini yaratmaq, sərbəst mütərəqqi təsərrüfatçılıq üsullarına keçmək, yeni mülkiyyət münasibətlərini formalaşdırmaq, torpaqdan, texnikadan, sudan və sair maddi ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə məhsul istehsalını artırmaq mümkündür. Bütün bu məqsədlərin uğurla gerçəkləşdirilməsində isə, ilk növbədə aqrar elm öz sözünü deməlidir. Eyni zamanda, bu sahənin mütəxəssisləri Azərbaycan vətəndaşlarının gələcəkdə ərzaq məhsullarına tələbatının elmi proqnozlarını irəli sürməli, istehsal prosesinin effektivliyini artırmağa xidmət edən, təcrübədə özünü doğruldan yeni metodlar üzərində işləməlidirlər. Bir sözlə, aqrar sahədə effektiv və əsaslandırılmış elmi proqnozların irəli sürülməsi Azərbaycanın ərzaq təhlükəsizliyinin etibarlı təminatı baxımından son dərəcə vacib və aktual məsələdir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-18 dekabr.- S.-9.