Qarabağla bağlı dövlət komitəsi yaradılmalıdır

Zahid Oruc: "Münaqişənin həllini, tutaq ki, 2030-2050-ci illərin nəslinin öhdəsinə buraxa bilmərik"

 

Azərbaycan parlamentində bəzi deputatlar tərəfindən dəfələrlə Qarabağ komitəsinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Lakin bu təklifə indiyədək müsbət reaksiya verilməyib. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Zahid Oruc isə hesab edir ki, belə bir komitə parlamentdə yox, ayrıca olaraq dövlət qurumu kimi yaradılmalıdır.

   - Sizcə, Milli Məclisdə Qarabağ komitəsinin yaradılmasına ehtiyac varmı və belə bir komitənin yaradılması problemin həllinə hansısa töhfə verə bilərmi?

   - Hesab edirəm ki, məsələni təkcə parlament müstəvisində götürmək buna məhdud yanaşma deməkdir. Digər tərəfdən, hətta Məclisdə belə bir qərar verilsə də, onda 125 nəfər şəxsin hamısı o quruma üzv olmalıdır. Beləliklə də sanki fərqli bir şərait yaranır. Heç kəs özünü həmin təsisatdan kənarda saxlamaq istəməyəcək, hər biri öz töhfəsini verməyə çalışacaq, yaxud da o prosesdə iştirak etməyə cəhd göstərəcək. Nəticə etibarilə bu, parlamentdə ayrıca bir komitənin yaranmadığı vəziyyətinin təkrarı olacaq. Yaxud da 10 nəfəri məhdud şəkildə bu quruma üzv etməklə, prosesi sanki onların üzərinə qoymaqla müəyyən nəticə, hesabatlıq istəmək də nəticə verməyəcək. Yalnız ona görə ki, bu planda işlər digər xaricə gedən nümayəndə heyətlərimizin, dostluq qruplarımızın da başlıca önəmli vəzifəsi sırasındadır. Bu gün kimə demək mümkündür ki, Qarabağ məsələsini sən xarici-iqtisadi, mədəni və digər fəaliyyətindən çıxar və onu beşinci yerə qoy, yalnız ona görə ki, bununla məşğul olan ayrıca təsisat var? Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, mən parlamentdə belə dinləmələrin və müzakirələrin aparılmasının tərəfindəyəm. Çünki təfəkkürlər, yanaşmalar, qiymətləndirmələr tamamilə fərqli ola bilir. Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci fevralın 1-2-də keçirilən dinləmələr nə qədər faydalı oldu, yüzlərlə yeni layihələr meydana çıxdı və zənn edirəm ki, dövlətin beyin mərkəzləri bundan faydalandı. Əlbəttə, bu o demək deyil ki, biz hər hansı qurumya komitə yaratmayaq. Mən çox arzulayıram ki, Qarabağ məsələsini fəaliyyətinin əsas strategiyası və gündəlik işi hesab edən müəyyən bir dövlət qurumu yaradılsın. Ola bilsin ki, o, "Soyqırımı tanıtma və Qarabağ Komitəsi" adlansın. Bunun adını ictimai dinləmələrdən keçirərək müəyyənləşdirmək olar. Amma yalnız bu işə özünü sərf edən, yayğınlığa yol verməyən, əsas etibarilə müxtəlif ölkələrdəki müzakirələrə cavabdehlik daşıyan, bu mənada ixtisaslaşmış, tarixi əsərlərlə də silahlanan, müasir təbliğat resurslarına sahib olan bir quruma ehtiyac var.

   - Qeyd etdiniz ki, 11 il əvvəl parlamentdə Qarabağ dinləmələri keçirilib. Bəs indi belə bir dinləmələrin keçirilməsi mümkündürmü? Hər halda deputatların da prosesin gedişi ilə bağlı bir məlumatı olmalı deyilmi?

   - Birincisi, nəzərə almalıyıq ki, dövlət başçısı müxtəlif dönəmlərdə Qarabağ prosesinin detalları ilə bağlı, onun əsas məqamlarına daiq açıqlamalarda bulunmuş və təkcə parlamentarilər deyil, ölkə insanının hər birinin məlumat almaq, milli məsələnin gedişini izləmək imkanını onlara verib. Başqa tərəfdən, parlament dinləmələri danışıqlarda müzakirə olunan layihələrlə tanışlıq niyyəti deyil, həmçinin də bu prosesə yeni təşəbbüslər, yeni ideyalar qatmaq mümkündür ki, situasiya xeyrimizə inkişaf etsin. Gəlin, unutmayaq ki, öz-özlüyümüzdə biz addımlar atmasaq, regiondakı şərait xeyrimizə hansısa bir təbiət qanunu ilə dəyişməyəcək. Bu ola bilməz.

   - Beynəlxalq prosesləri nəzərə alsaq, Qarabağ problemi yaxın illərdə öz həllini tapa bilərmi?

   - Qarabağ məsələsi üçün dövlətin yürütdüyü siyasət ən optimal bir səviyyədədir və hesab edirəm ki, bundan artığını gerçəklikdə həyata keçirmək mümkün deyil. Regional situasiya çox mürəkkəbdir. Dünyadakı maraqlar uğrunda mübarizə də əvvəlkindən az kəskinləşməyib. Beləliklə də Azərbaycan bu dönəmdə Qarabağ məsələsində həm reallıqlarımızın tanıdılmasına, Ermənistanın daha çox dərəcədə siyasi ifşasına çalışırdı. Bu planda işlər sistemli getdi. Lakin hesab edirəm ki, Qarabağ məsələsini 2030-2050-ci illərin nəslinin öhdəsinə də buraxa bilmərik. Çünki bu halda Qarabağda yaranandoğulan erməni nəsli oranı özünə vətən kimi saymağa başlayacaq. Bu halda onları inandırmaq mümkün olmayacaq ki, həqiqətən demoqrafik əlavədirlər. Bu mənada biz müxtəlif fərqli bir taktikaları, hər hansı siyasi təkliflər, planları meydana gətirməliyik. İndi Rusiyanın Azərbaycanda son hərbi istehkamı olan Qəbələ RLS də götürüldü. Yəin ki, ora bütövlükdə kurort zonaya çevriləcək. Azərbaycanın iqtisadisiyasi meydanı bir az da genişlənib. Bu təqdirdə Qərbin bölgəyə siyasəti necə dəyişəcək? Və yaxud da əksinə, Rusiya-Qərb arasındakı savaş nə qədər dərinləşə bilər? Bu şəraitdə biz Qarabağ üçün hansı addımları ata bilərik? Bu prosesi izləmək bizə müəyən bir üstünlüklər verə bilər və faktiki şəraitdə Qarabağ prosesini öz xeyrimizə yekunlaşdırmaq üçün belə bir zəmin yaranarbiz bunu seyrçi olaraq gözləməli deyilik, hər gün, hər an bunu yetişdirməyə cəhd göstərmləiyik.

   - Deputat həmkarınız Qüdrət Həsənquliyev hesab edir ki, büdcədə müdafiə xərclərini daha çox artırmaq lazımdır ki, Ermənistan bundan ehtiyat edib Qarabağ prosesində geriyə addım atsın, işğaldakı torpaqları geri qaytarsın...

   - Mən həmkarımın mövqeyinə hörmətlə yanaşıram. Əlbəttə, birmənalı təsdiq edirəm ki, zəif Azərbaycan erməni təcavüzkarlığı və iddialarını artırır və yaxud da bəlli işğal gerçəkliyini siyasi danışıqlara və sənədərə daşımağa onlara imkan yaradır. Bu dövr ərzində ölkənin hərbi gücünün artması, bizim texnikatexnoloji şəraitimizin genişlənməsi həqiqətən də Azrbaycanın rəsmiləri tərəfindən verilən bəyanatlar sadəcə, informasiya, mənəvi-psixoloji hücum predmeti kimi qəbul edilmir. O biri yandan səngərdə dayanan erməni Azərbaycanın ciddi hərbi, mənəvi və siyasi üstünlüyünün basqısı altındadı. Düşmən bu təzyiqi nə qədər çox hiss etsə, bu, onun durumuna bir o qədər mənfi təsir göstərəcək və avtomatik fərariliyə, müxtəlif ixtilaflara, ordu birləşmələri arasında konfliktlərə yol açmış olacaq. Ona görə də biz neft dollarlarımızı ordu quruculuğuna yönəltdikcə və Azərbaycanın silahlı qüvvə imkanlarını artırdıqca, bunun Ermənistana zərbəsini qətiyyən inkar etmək olmaz.

 

  

Aqil ASLAN

 

Ekspress.-2012.-20 dekabr.-S.-13.