Məmur-sahibkar münasibətləri

       E-xidmətlər bu təmasları azaldır

 

   Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da azad sahibkarlığın inkişaf etdirilməsi məmur-sahibkar münasibətlərindən xeyli dərəcədə asılıdır. Sahibkarların son illərə qədər ən çox şikayət etdiyi problemlərin başında qeydiyyat, lizenziyalaşdırma, icazə almaq, müxtəlif dövlət qurumlarının və dövlət şirkətlərinin xidmətlərindən istifadə etmək dururdu.

   İş adamları həmişə bu faktı vurğulayırdı ki, məmurlarla birbaşa təmasların çox olması, müxtəlif sənədləşmələr üçün aidiyyatı təşkilatlara tez-tez baş çəkmək həm onların vaxt, enerci itkisinə səbəb olurdu, həm də rüşvət kimi arzuedilməyən xərclərin artmasına gətirib çıxarırdı. Xüsusilə də kiçik sahibkarlıq subyektləri dövlət qurumları ilə təmaslardan xeyli əziyyət çəkirdi. Onların maliyyə imkanları az olduğundan, rüşvət və digər qeyri-rəsmi xərclər kiçik sahibkarları çətin vəziyyətə salırdı.

   Bu kimi məsələlərin aradan qaldırılması məqsədilə son illərdə ölkəmizdə "Elektron Azərbaycan"ın ("Elektron hökumət") yaradılması istiqamətində çox ciddi addımlar atıldı və bu proses hələ də davam etdirilir. Artıq vətəndaşlara və sahibkarlıq subyektlərinə elektron xidmətlərin göstərilməsi sahəsində təkmil sistem yaradılıb və sistemə daxil olan elektron xidmətlərin çeşidi artmaqdadır. Dövlət ölkəmizdə "Elektron Azərbaycan"ı yaratmaqla sadəcə məmur vətəndaş, məmur sahibkar arasında olan təmasları azaltmaq istəmir. "Elektron Azərbaycan" həm də dövlət qulluqçusu, şirkət rəsmisi ilə adi vətəndaş, sahibkar arasında olan "məsafəni" azaltmağa xidmət etməlidir.

   Son məlumatlara görə, Azərbaycanda dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin sayı 400-ə çatıb və bütün dövlət qurumları elektron xidmətin icrasına başlayıb.

   Qeyd edilənlər son illərdə görülən işlərin nəticəsidir. Bu nəticənin əldə edilməsi məqsədilə isə dövlət başçısının 2003-cü ildən bəri bir neçə sərəncam və fərmanları olub.

   Xatırladaq ki, "Elektron Azərbaycan"ın əsasında dövlət başçısı tərəfindən 2003-cü il fevralın 17-də imzalanan "Azərbaycan Respublikasının inkişafı naminə informasiya"kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" dayanır. Bu strategiya 2003-2012-ci illəri əhatə edir. Onun əsasında "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edilib. Adıçəkilən proqram informasiya texnologiyalrı sahəsində innovasiyaların tətbiqi üçün böyük imkanlar açdı. Proqramın məqsədi "Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi üçün xidmət göstərmək, eyni zamanda informasiya"kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, müəyyən edilən məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq və icraetmək"dən ibarətdir.

   Dövlət proqramında üç istiqamətdə fəaliyyət göstərilməsi nəzərdə tutulur. Birincisi, rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatlarının aparılmasıdır. Bu islahatlar liberallaşma və tənzimləmə sahəsindəki fəaliyyəti əhatə edir. İkinci istiqamət rabitə və informasiya texnologiyaları sahəsində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata keçirilməsidir. Bu sahədəki fəaliyyət texnikitexnoloci cəhətdən modernləşmə və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Üçüncüsü, informasiya cəmiyyətinə keçid üzrə layihələrin hazırlanması və həyata keçirilməsidir. Bu layihələr "elektron hökumət"in formalaşdırılması, İnformasiya Texnologiyaları Texnoparkının yaradılması, milli informasiya təhlükəsizlik sisteminin yaradılması və s. kimi əhəmiyyətli layihələri əhatə edir.

   2005-2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etdi. Proqram üzrə görülən işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atıldı. Sahənin normativ hüquqi bazası inkişaf etdirildi, telekommunikasiya infrastrukturu müasirləşdirildi, ən yeni texnologiyaların tətbiqi genişləndirildi, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldildi. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksək ixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görüldü.

   İlk proqramın icrasından sonra ölkəmizdə İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqladı. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanan "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla MDB-nin iştirakçısı olan dövlətlər arasında lider oldu.

   Bu istiqamətdə ikinci proqram "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" idi. İkinci proqram əvvəlki Dövlət Proqramının nəticələrinin qiymətləndirilməsi, dövlət orqanlarının, biznes sektorunun və cəmiyyətin müasir rabitə informasiya texnologiyalarına olan tələbatının təhlil edilməsi, dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya Poçt İttifaqının tövsiyələri, həmçinin respublikanın sosial-iqtisadi inkişaf səviyyəsi nəzərə alınmaqla tərtib edildi. Sonuncu Dövlət Proqramı sahələrarası xarakter daşıyır və cəmiyyətin inkişafına xidmət edəcək tədbirləri və nazirlik, komitə və digər təşkilatların təqdim etdiyi layihələri özündə cəmləşdirir.

   Məhz ikinci proqram sahibkarlıq fəaliyyəti üçün böyük önəm daşıyan elektron xidmətlərin göstərilməsinə geniş imkanlar açdı. Fizikihüquqi şəxslərin qeydiyyatı tam elektronlaşdırıldı, vergi xidmətləri elektron müstəviyə keçirildi, iqtisadi inkişaf nazirliyi və dövlət gömrük komitəsi elektron xidmətlərə başladı. Elektron xidmətlər imkan verir ki, hər bir şəxs aidiyyəti qurumlara getmədən sahibkarlıq subyekti yaratsın, fəaliyyət göstərsin, vergisini ödəsin, hesabatını versin.

   İkinci proqramım qəbulundan bir qədər sonra Azərbaycan prezidenti 2011-ci ildə "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərman verdi. Fərmana əsasən Azərbaycanda dövlət orqanlarının, dövlət şirkətlərinin əhaliyə və sahibkarlara beynəlxalq standartlara uyğun konkret sahələr üzrə elektron xidmətlər göstərməsi qaydalarını və xidmət növləri müəyyən edildi. Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq etməsindən sonra isə müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradıldı. Prezidentin və Nazirlər Kabinetinin konkret addımlarından sonra Elektron Xidmətlər Portalı yaradıldı. Portalda elektron xidmətlər reyestirivar. Reyestirdə hər bir mərkəzi icra hakimiyyəti orqanının göstərdiyi elektron xidmətlər qeydə alınaraq, elektron xidmətlər reyestrinə daxil edilməlidir.

   Bu portalda 29 dövlət qurumu (nazirlik, komitə və s.) və dövlət şirkəti elektron xidmərlərini təklif edir. Burada vətəndaşlar və sahibkarlar üçün iki bölmə var. Sahibkarlar üçün 4 dövlət qurumu - Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu elektron xidmət göstərir.

   Vergilər Nazirliyi hüquqi adın yoxlanilması kommersiya qurumlarinin dövlət reyestri məlumatları, POS-terminal qeydiyyatı, xəzinədarlıq orqanlarında vergi və rüsumlar köçürüləcək hesablarla bağlı xidmət göstərir.

   Dövlət Gömrük Komitəsi gümrük ödənişlərinin ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması, malın adına gürə malların təsvirinin axtarışı, malın koduna görə malların təsvirinin axtarışı, müəyyən dövr üzrə idxal ixrac əməliyyatları haqqında məlumat, nəqliyyat vasitələrinin idxalı üçün gümrük rüsumların hesablanması xidmətlərini təqdim edir.

   Dövlət Sosial Müdafiə Fondu pensiyaçı tərəfindən məlumatların əldə edilməsinə baxış, İqtisadi İnkişaf Nazirliyi isə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu xidmətini göstərir.

   Ümumiyyətlə, sahibkarlar üçün elektron xidmətlərin göstərilməsi sahəsində ən böyük irəliləyişə Vergilər Nazirliyi nail olub. Nazirlik vergiödəyiciləri üçün 57 xidməti elektron formada həyata keçirir. İqtisadi inkişaf Nazirliyi 8, Gömrük Komitəsi 7 istiqamət üzrə elektron xidmət göstərir.

 

   Bundan başqa, bütün dövlət orqanlarında elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılıb. Elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib.

   "Elektron Azərbaycan layihəsi çərçivəsində mühüm tədbirlərdən biri də 2011 sentyabrın 7-dən tətbiq olunan "elektron imza"dır. "Elektron imza, elektron sənəd haqqında" qanun qəbul olunandan sonra "elektron imza"nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırıldı. "Elektron imza" layihəsi də Azərbaycanda informasiya texnologiyalarının inkişafı üzrə ikinci Dövlət Proqramının və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" prezident fərmanının icrası ilə bağlı yaradılıb.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.- 20 dekabr.- S.-9.