Kənd təsərrüfatında sahibkarlıq

 məşğulluğun səmərəliliyindən asılıdır

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatında məşğulluğun səmərəliliyinin artırılması önəmli məsələlərdən sayılır. Bu tip ölkələrdə kənd təsərrüfatında məşğulluğu keyfiyyətcə yaxşılaşdırmaqla həm insanların təminatı yaxşılaşır, həm onların fəaliyyəti hesabına aqrar məhsulların istehsalı artır, həm də sahibkarlıq inkişaf etdirilir. Buna görə də, kənd təsərrüfatı sahəsində məşğulluğun səmərəliliyini yüksəltməklə sadalanan məsələlər də öz həllini tapır.

   Eyni fikirlər Azərbaycan üçün də keçərlidir. Hələ də ölkəmizdə məşğul əhalinin daha çox hissəsi kənd təsərrüfatı sahələrində çalışır və onların əksəriyyəti torpaq sahibləridir.

   Məlumdur ki, kənd təsərrüfatında məşğul olan əhalinin böyük əksəriyyəti fərdi sahibkarlar, ailə təsərrüfatlarıdır. Bir milyondan artıq insanın əkin üçün torpaq payı var. Kənd təsərrüfatı gəlirli sahə olmadığından ailə təsərrüfatlarının, fərdi sahibkarların kənardan əlavə işçi cəlb etmək imkanları məhdud olur. Bu səbəbdən də kənd təsərrüfatı sahəsi üzrə çalışanların çoxu öz təsərrüfatlarında işləyən torpaq sahibləri və onların ailə üzvləridir.

   Beləliklə, kənd təsərrüfatında məşğul əhali dedikdə əslində çoxlu sayda fərdi gəlirə malik olan insanlar nəzərdə tutulur. Bu, həmin insanlar qrupudur ki, onlar məşğul olmasa, ölkədə ciddi ərzaq təminatı, məşğulluq problemləri yaranar, sənayenin bir çox sahəsində istehsal prosesi zəifləyər. Buna görə də kənd təsərrüfatı sahəsində məşğulluq məsələsi iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha böyük əhəmiyyət daşıyır. Kənd təsərrüfatında məşğulluğun səmərəliliyini artırmaqla iqtisadiyyatın digər sahələrində də məşğulluğu artırmaq olar. Təkcə onu qeyd etmək kifayətdir ki, kənd təsərrüfatında çalışan hər bir işçinin fəaliyyəti nəticəsində iqtisadiyyatın başqa sferalarında orta hesabla 6-8 nəfərin məşğulluğu təmin edilir.

   Qeyd edək ki, kənd təsərrüfatında məşğulluq özünəməxsus xüsusiyyətlərə malikdir. Bu, özünü məşğulluğun tamnatamam (yarımçıq) formalarında büruzə verir. Belə ki, tam məşğulluq istehsalın mövsümlüyündən asılı olmayaraq il ərzində işçi qüvvəsinin işlə təminatını xarakterizə edir (sürücülər, mexaniklər, rəhbər işçilər, mütəxəssislər və s.). Natamam məşğulluq isə ilin müxtəlif istehsal dövrlərində işlə təmin olunmanı bildirir. Kənd təsərrüfatında məşğul əhali qrupuna sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, muzdla istehsalata cəlb olunmuş işçilər, mövsümi, müvəqqəti və daimi işçilər, köməkçi istehsalatda çalışanlar, müstəqil işçilər və onların ailələri və s. aid edilir.

   Son illərdə Azərbaycanda kənd təsərrüfatında çalışanların sayında artım davam edib. 2000-ci ildə 1,5 milyon nəfər kənd təsərrüfatında məşğul olubsa 2011-ci ildə onların sayı 1,657 milyon nəfərə yüksəlib.

   Kənd təsərrüfatında məşğulluq səviyyəsinin yüksəldilməsi bütövlükdə aqrar iqtisadiyyatın inkişafından əhəmiyyətli dərəcədə asılıdır. Öz növbəsində aqrar sahədəki müsbət dəyişikliklər işsizliyin aradan qaldırılmasına ciddi təsir göstərir. Bu baxımdan ölkədə aparılan iqtisadi islahatlar aqrar sahə məhsulları istehsalının artımı ilə yanaşı kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olub.

   1995-ci və 1999-cu illər üzrə, 1999 və 2011-ci illər üzrə müqayisə və təhlil göstərir ki, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında çalışanların sayı və nisbətində fərqli dinamika müşahidə edilib. 1995-ci ildə iqtisadiyyatın müxtəlif sferalarında çalışan məşğul əhalinin 30,8% aqrar sahədə çalışırdı. Təxminən eyni göstərici sovet dövründə də mövcud idi. Lakin torpaq islahatlarının başa çatmasından sonra 1999-cu ildə məşğul əhalinin 42,3%-i kənd təsərrüfatında çalışanlar oldu. Ümumi çalışanlar arasında kənd təsərrüfatında çalışanlarının yüksək payı 1999-cu ildən sonra zəif də olsa azalmaya doğru dəyişdi. 2011-ci ildə bu göstərici 1999-cu ildən bəri ən aşağı səviyyə - 37,9% nisbətinə endi.

   Azalmaya baxmayaraq Azərbaycan hələ də dünyada kənd təsərrüfatında məşğul əhalinin ümumi çalışanların nisbətinin yüksək olmasına görə fərqlənən ölkələr qrupundadır. 1995-ci ildən bəri ümumi iqtisadiyyatda çalışanların sayında 21% artım qeydə alındığı halda aqrar sahədə çalışanların sayında 48%-dən çox artım baş verib.

 

   Bunun əsas səbəbi kənd təsərrüfatında istehsalın artması və genişlənməsi ilə izah edilə bilər. Lakin buna baxmayaraq, ölkəmizdə kənd əhalisinin məşğulluğu o qədər də yüksək deyil. Təhlil nəticəsində məlum olur ki, ölkə əhalisinin 45,6%-i məşğul əhalidən ibarət olduğu halda kənd əhalisi üzrə bu göstərici 35% təşkil edir.

   Bu onu göstərir ki, kənddə qüvvəsinin təklifi tələbi daha çox üstələyir. Belə vəziyyətdə kənd təsərrüfatı üzrə çalışanların əmək haqqı aşağı düşür. 2011-ci ilin məlumatına görə, Azərbaycanda orta aylıq nominal əmak haqqı 364 manat təşkil edib. Sahələr üzrə götürdükdə ən aşağı maaş kənd təsərrüfatında olub - 196 manat. Məhz aqrar sahə üzrə muzdla çalışanların əmək haqqının azlığı ölkə üzrə orta əmək haqqının səviyyəsinə ciddi təsir edib. Kənd təsərrüfatında əmək haqqının az olması işsizlik riskini artırır. Bunun qarşısını almaq üçün kənd təsərrüfatının səmərəli fəaliyyətinin təmin edilməsi önəmlidir. Səmərəliliyin artırılması bir tərəfdən bazar qanunlarının fəaliyyəti ilə bağlı olsa da digər tərəfdən dövlətin iqtisadi siyasətindən asılıdır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərə kənd təsərrüfatının investisiyalaşdırılması, kənddə mövsümlüklə bağlı olmayan yerlərinin açılması, sosial proqramların həyata keçirilməsi-infrastruktur obyektlərinin açılması və s., kiçik sahibkarlığın stimullaşdırılması, bazar münasibətlərinin tələblərinə uyğun ixtisaslar üzrə mütəxəssis hazırlığına şərait yaradılması və s. daxildir.

   Ekspertlərin fikrincə, kəndlərdə əmək haqqının azlığının qarşısını almaq və məşğulluğun səmərəliliyini artırmaq üçün daha güclü iqtisadi imkanları olan sahibkarlıq subyektləri yaranmalıdır. Kiçik təsərrüfatlarla məşğulluğu yüksək səviyyədə saxlamaq mümkün olsa da bu cür təsərrüfatlarda yüksək gəlililiyi təmin etmək mümkün deyil. Bunu nəzərə alaraq mütəxəsislər hüquqi şəxs statuslu sahibkarların fəaliyyəti genişlənməsini zəruri sayır.

   Rəsmi məlumatlara əsasən, ölkədə 1 milyon 208 min 737 vahid müxtəlif növ təsərrüfatlar kənd təsərrüfatına yararlı torpaq sahələrinə malik olub və müxtəlif növ kənd təsərrüfatı fəaliyyəti göstərib. Öncə dediyimiz kimi, bu təsərrüfatların əksəriyyəti fiziki şəxs kimi fəaliyyət göstərən ailə təsərrüfatlarıdır. Onların payına ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi düşür. Ailə əməyinə əsaslanan təsərrüfatlardan fərqli olaraq, fərdi sahibkar təsərrüfatlarında məhsul istehsalına təsərrüfatların öz işçiləri ilə yanaşı, kənardan da işçilər cəlb olunur. Bu təsərrüfatçılıq formasında ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının çox da böyük olmayan hissəsi istehsal olunur, lakin buna baxmayaraq, fərdi sahibkar təsərrüfatlarında məhsul istehsalının səmərəliliyi aqrar sahədə fəaliyyət göstərən başqa təsərrüfatlarla müqayisədə xeyli dərəcədə yüksəkdir.

   Kənd təsərrüfatında fərdi sahibkarlar dedikdə hüquqi şəxs yaradaraq fəaliyyət göstərən subyektlər nəzərdə tutulur. Son illərdə onların sayında azalma baş verir. 2000-ci ildə 3248 olan fərdi sahibkarların sayı 2011-ci ildə 2593-ə enib. Fərdi sahibkar təsərrüfatlarının sayında baş verən bu dəyişikliklər tamamilə bazar mexanizminin təsiri altında gedib və rəqabətə davam gətirməyən təsərrüfatlar aqrar bazarı tərk etmək məcburiyyətində qalıb, yaxud başqa təsərrüfatlarla birləşərək birgə fəaliyyət göstərmək qərarına gəlib.

   Məlumdur ki, aqrar sahədə fəaliyyət göstərən sahibkarların gəlirləri iqtisadiyyatın başqa sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların gəlirləri ilə müqayisədə daha kəskin dəyişmələrə məruz qalır, ümumi halda götürüldükdə isə həmişə azalmağa meyilli olur. Bu vəziyyət, demək olar ki, dünyanın əksər ölkələrində müşahidə olunuraqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların maliyyə resurslarının qıtlığı problemlərinin meydana gəlməsinə səbəb olur.

   Bu sahədə fəaliyyət göstərən sahibkarların və kənd təsərrüfatı istehsalçılarının sözügedən problemini həll etməkdən ötrü dünyanın bütün ölkələrində məqsədyönlü şəkildə tədbirlər işlənib hazırlanır və reallaşdırılır. Həmin tədbirlər sistemi içərisində istehsalı strateci əhəmiyyət kəsb edən və zərərlə başa gələn məhsullar üzrə dotasiyaların, subvensiyaların, subsidiyaların ayrılması mühüm yer tutur. Avropa Birliyi ölkələrində və inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən himayə olunma səviyyəsi daha yüksəkdir.

   Ölkəmizdə kənd təsərrüfatı istehsalçılarının subsidiyalaşdırılması həyata keçirilir. Dövlət gələcəkdə də kənd təsərrüfatı istehsalçılarını dəstəkləməkdə davam edəcək. Lakin dövlətin strateci planda əsas məqsədi kənd təsərrüfatı sahəsində yüksək məşğulluğu saxlamaq əvəzinə yüksək səviyyədə mexanikləşən, texnikalarla təchiz edilən aqrar təsərrüfatların sayının artırılmasıdır. Düzdür, kənd təsərrüfatında məşğulluq vacib məsələdir və onun digər sahələrə müsbət təsiri var. Amma aqrar sahədə məşğul əhalinin sayının çox olması onların gəlirini də azaldır. Buna görə də, kənd təsərrüfatında insan sayı az, amma gəlirlilik yüksək olan sahibkarlıq subyektləri yaranmalıdır.

   Məlumatlara əsasən, dünya əhalisinin 1 milyard nəfəri, yəni iqtisadi fəal əhalinin yarıya qədəri kənd təsərrüfatı sahələrində çalışır. Lakin bu göstəriciyə görə ölkələr arasında böyük fərqlər mövcuddur. Məsələn, Qərbi Avropa ölkələrinin kənd təsərrüfatında orta hesabla iqtisadi fəal əhalinin 9%-i, Şimali Amerikada 6%-i, Azərbaycanda isə 38%-i çalışır. İnkişaf etməkdə olan ölkələrin bəzilərində bu göstərici 70-80%-ə çatır. Aydın məsələdir ki, belə fərq kənd təsərrüfatı işlərinin mexanikləşdirilmə səviyyəsində, həmçinin kənd təsərrüfatının ixtisaslaşdırılmasından, təbii şəraitdən, iqtisadi inkişafdan və digər amillərdən asılıdır.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2012.-22-24 dekabr.-S.-10.