Lider, dövr və missiyası

              Prezidentin 51 yaşı tamam olur

 

İlham Əliyev siyasətinin ana xəttini heç şübhəsiz ki, Azərbaycanın milli maraqlarının qorunması, rəhbəri olduğu dövlətin beynəlxalq arenada nüfuzunun artması və Vətənin siyasi-iqtisadi-mədəni planda daha da güclənməsi və çiçəklənməsi təşkil edir.

   XXI əsrin öz çağırışları, yeni, qəfil dəyişən prioritetləri var - müasir dünya sosial-siyasi təlatümlərdən, sarsıntılardan, çəkişmələrdən keçməklə nizam və simasında ciddi dəyişikliklər yolundadır. Belə bir qlobal çaxnaşmada, supergüclərin qaranlıq oyunları fonunda, həmçinin mürəkkəb, risklər və təhlükələrlə dolu coğrafi məkanda milli maraqların keşiyində durmaqla daxili və xarici siyasət yürütmək ikiqat çətin missiyadır. Yeni əsrin çağırışlarına cavab verən, gərgin situasiyalardan çıxış yolu tapa bilən, novasiyalara həssas olan bir rəhbər, dövrün lideri kimi İlham Əliyev yalnız ölkəsinin üzləşdiyi daxili və xarici problemlərə açar tapmaqla yetərlənmir, vətən və xalq naminə olan missiyası ilə qlobal miqyasda Azərbaycanın üfüqlərini daha da genişləndirir. O beynəlxalq məkan ki, risklərlə, təhdidlərlə doludur, lakin bu, Azərbaycan liderini çəkindirmir. Zira regional və qlobal məkanda sözünü eşitdirməsən, söz sahibi olmasan, Azərbaycan gerçəklərini dünyaya çatdırmaq, ölkə hüdudlarında qalmaqla milli maraqları müdafiə etmək mümkün deyil.

   Uğurlu siyasi-iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparır. Prezidentin dediyi kimi, "biz heç kimdən asılı deyilik, öz hesabımıza yaşayırıq, Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq".

   Əslində, hazırda Azərbaycandan dəstək gözləyən, neft-qazından pay uman, investisiya gözləyən ölkələr var.

   Dekabrın 24-ü dövlət başçımızın ad günüdür, cənab prezidentin 51 yaşı tamam olur.

   İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. 1982-ci ildə MDBƏİ-ni bitirən İ.Əliyev həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə tarix elmləri namizədi dərəcəsini alıb. 1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

   1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

   Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

   O, 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib.

   1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev Olimpiya hərəkətanın inkişafındakı xidmətlərə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə YAP sədrinin müavini, 2005-ci ildəsə partiyanın sədri seçilib. 2001-2003-cü illlərdə AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri olan İ.Əliyev 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini seçilib. 2003-cü ilin avqustunda baş nazir olan İ.Əliyev həmin il oktyabrın 15-də keçirilən prezident seçkisində qalib gəlib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib və o, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

   2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

   2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib və 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

   Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

   Evlidir. Üç övladı, iki nəvəsi var.

 

 

   "Mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq baxımından atamın qarşısında cavabdehəm". Bu sözlər cənab prezidentin bir müsahibəsindən götürülüb.

   Ölkənin ötən əsrin 90-cı illərində xaosdan çıxarılması, dövlət müstəqilliyinin bərqərar olması Heydər Əliyevin adı ilə bağlıdırsa, bu təməl üzərində Azərbaycanın bir dövlət kimi təhlükəsizliyinin daha da möhkəmlənməsi, iqtisadi sıçrayışı, beynəlxalq arenadakı nüfuzu və bu istiqamətdəki misilsiz nəhəng layihələrin həyata keçirilməsi İlham Əliyevin adı ilə bağlıdır.

   "Təşəbbüsləri gerçəkliyə çeviririk!" deyən dövlət başçısının

   ideyaları və siyasi iradəsi ilə baş tutacağına həm ölkə daxilində, həm də ölkə xaricində bir çoxlarının şübhə ilə baxdıqları təşəbbüslər, layihələr artıq reallığa çevrilib.

   100 il əvvəl gözəl şairimiz Məhəmməd Hadi "İmzasını qoymuş miləl evrakı həyata, Yox millətimin xətti bu imzalar içində", - deyə kədərlə yazırdı. İndi Azərbaycanın millətlər içində öz imzası var, beynəlxalq aləmdə layiq olduğu yeri tutur.

   Azərbaycan lideri məhz hər uğurdan sonra yeni yüksək hədəf müəyyən edir, Yeni zirvələr fəth etmək - bu, dövlət başçısının fəaliyyət prinsipidir. Və cənab prezident

   hədəfə çatmaqda, milli maraqlar cavab verən layihə və ideyaları gerçəkləşdirmək yolunda heç bir əngəl qarşısında geri çəkilmir, yəni prinsipial siyasət yürüdür.

   Son 9 ildə biz dəfələrlə gerçəkləşməsi inanılmaz görünən layihə və təşəbbüslərin baş tutmasına, siyasət, diplomatiya, iqtisadiyyyat, mədəniyyət və idman sahəsində əldə edilən uğurlara dəfələrlə şahid olmuşuq. Xatırladaq ki, Azərbaycan

   BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla böyük diplomatik zəfərə imza atıb, bu ilin mayında "Eurovision" mahnı yarışına ev sahibliyi etməklə dünyanın diqqətini özünə çəkib. Azərbaycan Türkiyə ilə TransAnadolu qaz kəməri (TANAP) kimi bütün dünyaya səs salan, transmilli neft-qaz şirkətləri üçün qəfil sürpriz olan layihə ilə bağlı saziş imzalayıb. Dekabrın əvvəllərində Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında isə birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.

   "21 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan, dinamik, müasir ölkə kimi təsdiq edə bilmişik", - deyə bu günlərdə Milli Olimpiya Komitəsində keçirilən mərasimdə dövlət başçısı bəyan etmişdi.

   Prezident Azərbaycanın beynəlxalq nüfuzunun həddindən artıq yüksək səviyyədə olduğunu vurğulamışdı: "Bu nüfuzun təzahürüdür ki, biz BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilmişik, yəni, dünyada bundan yuxarı beynəlxalq qurum yoxdur. Bizim bütün ölkələrlə ikitərəfli əlaqələrimiz də çox müsbətdir. Eyni zamanda, əgər təkcə beynəlxalq nüfuzumuz olsaydı, iqtisadi imkanımız olmasaydı çətin ki, bu məsuliyyətli iş (birinci Avropa Olimpiya Oyunları- red.) bizə tapşırılardı. Əlbəttə, ölkəmizin iqtisadi inkişafı böhranlı illərdə də davam etmişdir. İndi Avropanın bir neçə ölkəsində ciddi böhran davam edir. Yəni, bu böhranın sonu görünmür və vaxt keçdikcə daha da çox ölkələr bu böhrandan əziyyət çəkir. Artıq bir neçə ildir ki, bu proseslər gedir və bu böhranlı illərdə Azərbaycan ildən-ilə iqtisadi nailiyyətlərlə bütün Avropanı təəccübləndirir. Nəinki bizim statistik rəqəmlərə görə bu, belədir, eyni zamanda, dünyanın aparıcı reytinq agentlikləri aparıcı Avropa ölkələrinin bir neçəsinin reytinqini aşağı salarkən Azərbaycanın kredit reytinqlərini qaldırırlar".

   Ölkə rəhbəri Azərbaycanın inkişaf templərinin də çox yüksək olmasına diqqəti cəlb etmişdi: "Dünyada ikinci belə ölkə yoxdur ki, bu templərlə inkişaf etsin".

   Gerçəkdən də Azərbaycanın hazırda gəlib çatdığı səviyyə, artan iqtisadi potensialı, düşməndən qat-qat üstün olan hərbi gücü göz önündədir. Zamanın saatı və bölgədə gedən siyasi proseslər Azərbaycanın xeyrinə işləyir.

   İndiyədək nail olunan nəhəng layihələr, siyasi, iqtisadi, eləcə də cəmiyyət həyatındakı misilsiz uğurlar, xarici siyasət kursu, milli təhlükəsizliklə, neft-qazla bağlı strategiya, ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, əhalinin sosial rifahının artması, yoxsulluğun azaldılması, sahibkarlığın inkişafı, milli-mənəvi dəyərlərimizə qayğı və s. sahələrdə atılan addımlar Azərbaycanı regionun liderinə çevirib.

   Ermənistanın qeyri-konstruktiv, vasitəçi superdövlətlərin ikili oyunlarına rəğmən, Azərbaycan Dağlıq Qarabağ danışıqlarında prinsipial mövqeyini davam etdirir. Prezidentin mövqeyi qətidir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

   Regionda Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüsün reallaşması mümkün deyil. İlham Əliyevin düşünülmüş, uzaqgörən və qətiyyətli siyasəti bu gün Ermənistanı bütün regional layihələrdən təcrid edib, bu erməni dövləti özlərinin də etiraf etdiyi kimi, bankrota yuvarlanır.

   Bu faktdır ki, Cənubi Qafqazda heç bir regional layihə Azərbaycan liderinin fikri öyrənilmədən reallaşdırılmır.

   Azərbaycan bütün təzyiqlərə rəğmən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol almaqda qətiyyətlidir. Eyni zamanda, mürəkkəb bir regionda balanslaşdırılmış və uğurlu xarici siyasət yürüdür. Artıq bütün dünya, Qərb liderləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu etiraf edirlər.

   Bu günün Azərbaycanı XXI əsrin çağırışlarına cavab verir və yeni-yeni hədəflərə doğru irəliləyir. "Ekspress" qəzetinin kollektivi cənab prezidenti ad günü münasibətilə təbrik edir, ona cansağlığı, ali dövləti fəaliyyətində və Azərbaycanı daha zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolundakı böyük missiyasında böyük uğurlar arzulayır.

 

Azad XƏLİL

 

Ekspress.-2012.-22-24 dekabr.- S.-3.